F.Mütəllimova bəzi filmlərə çəkildiyinə peşmandır

F.Mütəllimova bəzi filmlərə çəkildiyinə peşmandır

1 Fevral 2012 15:26
Bəyəndim (0) Bəyənmədim (0)
"Dərdlərin hamısı mənim ürəyimin içindədir"

Əvvəllər onu hamı Gülnar kimi tanıyardı. Belə ki, oynadığı ilk böyük rol ona bu uğuru nəsib edib. Xanım sənətçi bu uğuru qoruyub saxlamağı da bacarıb. Belə ki, teatrdan bir gün də ayrı qalmır. Beləliklə, müsahibimiz xalq artisti Firəngiz Mütəllimovadır.

- Firəngiz xanım, hansı yeni tamaşalarda rol almısınız?

- Mən son vaxtlar komediyalarda oynayırdım. Amma mənim həyat təcrübəm və həyatda çəkdiyim acılar var. Bir övlad, bir xanım kimi problemlərim çoxdur. Bu dərdlərin hamısı mənim ürəyimin içindədir. Yaxşı mənada fikirləşmişəm ki, gəlib "Varlı qadın"a tamaşaçı baxıb gülə-gülə gedirsə, "Yad qadının məktubu" pyesinə baxanda göz yaşları içində gedəcək. Mən əvvəl teatra gələndə hansı tamaşa gəldi oynayırdım. İndi isə ələkdən keçirirəm. Ürəyimə yatan, böyük-kiçikliyinə baxmayaraq rol təklif olunsa, oynayıram. Az olsun, yaxşı olsun. İki ildən bir rol oynayım. Amma bilim ki, tamaşaçılar tərəfindən sevilən obraz olacaq. Hal-hazırda teatrda olan repertuar tamaşaların beşində rol alıram. Demək olar ki, ayda 5-6 dəfə tamaşaçılarla görüşürəm.

- Sənətdə kifayət qədər uğur əldə etdiyiniz üçün özünüzü xoşbəxt hiss edirsinizmi?

- Əlbəttə. Xoşbəxt hiss edirəm. Birinci ona görə ki, Gülnar obrazı ilə yadda qaldım. Tamaşaçılar indiyə qədər mənə Gülnar deyir. Ən böyük xoşbəxtliyim isə odur ki, bu tamaşaçı sevgisini itirmədim. İndi də hiss edirəm ki, uşaqlı-böyüklü hamı məni çox istəyir. Xoşbəxtəm ki, dövlət tərəfindən layiqincə qiymətləndirilmişəm. Mərhum prezidentimiz Heydər Əliyev tərəfindən prezident mükafatına layiq görülmüşəm, indiyə kimi onun daşıyıcısıyam və dövlət tərəfindən mənə ev hədiyyə olunub. Bunlar çəkdiyim böyük əziyyətlərin qazancı, uğurlarımın nəticəsidir.

- Teatrdakı indiki vəziyyəti necə xarakterizə edərdiniz? Bəzi aktyorlar var ki, tamaşaların azlığından şikayətlənir, bəs siz?

- Qeyd edim ki, istedadlı aktyora bütün pyeslərdə yer var. Yəni rejissor əlinə götürəndə səni nəzərdə tutursa, deməli, sən yaşayırsan, istedadın var. Yox, yaddan çıxmısansa, bu sənin öz günahındır. Mənim oynadığım bütün tamaşalar böyük anşlaqla qarşılanır.

- Çoxsaylı rollar arasında olubmu ki, hansınısa oynamamısınız?

- Olub, ya səhhətimlə əlaqədar olub, ya da rol məni tutmayıb. Özümü rolda görmədiyimdən roldan imtina etmişəm.

- Səhnəyə gələn cavan aktyorların bir çoxu kliplərə, ucuz reklamlara müraciət edirlər. Buna münasibətiniz necədir?

- Mən özüm də bir-iki kommersiya məqsədi ilə çəkilən filmlərə çəkildim. Baxandan sonra fikirləşdim ki, mən bir də bu filmlərdə çəkilmərəm. Azərbaycan kinostudiyası işə düşəndən sonra oradan dəvət alsam, ciddi ssenari olsa, həmin filmlərdə çəkiləcəyəm. Gənclərə tövsiyəm budur ki, səbirli olsunlar. Biz demokratik ölkəyik, keçid dövrü yaşamışıq, hər şey yaxşılığa doğrudur. Əgər onlar sənətə gəliblərsə, deməli, bu aktyorluq sənətini seviblər. Mən indi reklama çəkilsəm, heç kim mənim üçün heç nə deməz. Çünki artıq iyirmi beş ildir səhnədəyəm. Mənə elə gəlir ki, akademik səviyyədə maaş alsalar, hamı ancaq teatrda çalışar, heç yerə getməzlər.

- Son vaxtlar Azərbaycanda filmlərin az-az çəkilməsi gələcəkdə özünün mənfi izlərini qoya bilərmi?

- Yox, bu, dünyanın hər yerində olub. Dövlətlər keçid dövrü yaşayanda belə olur. Bu, bir durğunluqdur, keçib gedəcək. Film bizim tariximiz, yaddaşımız, gələcəyimiz deməkdir. Mənim fikrimcə, tezliklə Azərbaycan kinostudiyası işə başlayacaq.

- Uzun illər teatrda görkəmli aktyorlarla çalışmısınız. Onlardan hansının yeri sizin üçün görünür?

- Hamısının. Sofia Bəsirzadənin, Nəcibə Məlikovanın, Məlik Dadaşovun, Hökümə Qurbanovanın, Hamlet Xanzadənin, Ağasadıq Gəraybəylinin və saymaqla qurtarmayan bir çox görkəmli aktyorların səhnədə yeri görünür.

- Əvvəlki tamaşaçı sevgisi, alqışı varmı?

- Bəli, var. Son dörd-beş aydır elə bilirəm ki, teatra gəldiyim ilk illərdir. Tamaşaçı baxımından mənə elə gəlir ki, onların sayı çoxalıb. Özü də çox qəribədir ki, tamaşaçı sonda getmək istəmir. Biz üç dəfə baş əyməliyiksə, gərək yeddi-səkkiz dəfə baş əyək. O da bizim sənətimizə olan dəyər və hörmətin əlamətidir.

Aktyorun ən böyük mükafatı tamaşaçı alqışıdır. Biz də xalq artisti Firəngiz Mütəllimovanı ürəkdən alqışlayırıq...

Mətanət Şamilqızı

O.M.