Aslan Hüseynov bütün sirlərini həyat yoldaşı ilə bölüşür

Aslan Hüseynov bütün sirlərini həyat yoldaşı ilə bölüşür

31 Yanvar 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (1)
"Qadının azadlığına o qədər yaxşı baxmıram"

Olumdan ölümə doğru gedən yolun yolçularıyıq hamımız. Həyat eşqi o qədər yüksəkdir ki, bu yolların çətinlikləri də, əzabları da qorxutmur bizi. Çünki həyat cəsarətli insanları sevir. Elə bugünkü qonağımız da olduqca cəsarətli insandır. Qısa müddətdə şirin nəğmələri ilə qəlbimizə yol tapdı Aslan. Tanındı, sevildi. Gəlin onun qəlb dünyasına baş vuraq. Aslan Hüseynovun tale yoluna seyrə çıxaq.

- Aslan, gəlin əvvəlcə yaradıcılığınızla bağlı yeniliklərdən danışaq. Bakıya ilk gəlişinizdə nə kimi çətinlikləriniz oldu?

- Şübhəsiz, səhnəyə yeni gələndə müəyyən çətinliklər olur. Sənətdə çoxdan fəaliyyət göstərsəm də, Azərbaycan səhnəsində əziyyətlərim, çətinliklərim çox oldu. Lakin nəticə etibarı ilə ətrafıma geniş tamaşaçı auditoriyası toplaya bildim. Hər bir sənətçinin arzusu öz vətənində işləməkdir. Mən də torpağına bağlı bir vətəndaş kimi Azərbaycandan ayrı qala bilməzdim. Hətta mənə sual verirdilər ki, Qırğızıstanda imkanlarınız, maşınınız, eviniz olduğu halda nə əcəb bura gəldiniz? Vətənimi nə maşına, nə də evə dəyişmərəm. Mənim üçün ən önəmlisi xalqın sevgisidir. Mən də bu sevgidən irəli gələrək vətənə döndüm. Mənim Azərbaycana gəlməyimdə dostum Bərxudarov Rövşənin böyük köməyi oldu. Buna görə ona minnətdaram. Burda da mənə dəstək olanlar var. Zərifə xanım Əliyevaya həsr olunmuş "Ana" mahnısına çəkilmiş klipimi tamaşaçılarıma ərməğan etdim. Bunun təşəbbüskarı Gültəkin xanım Məmmədbəyliyə çox sağ ol deyirəm. Qarşıma hər zaman yaxşı insanlar çıxıb.

- Aslan, bu gün əsasən müğənnilər populyar olmağın yolunu bəstəkar mahnıları ifa etməkdə görürlər. Amma sizin repertuarınızda vətənpərvərlik mövzuları geniş yer alıb. Əgər bu nöqteyi-nəzərdən götürsək, populyarlığınızı itirməkdən qorxmursunuz ki?

- Bəli, bu gün əsasən müğənnilərimiz lirik, sevgi mahnıları ifa edirlər ki, gənclərin ruhunu oxşasınlar. Amma mənim zənnimcə, ifa etdiyim "İgidlər" mahnısı gənclərin çox xoşuna gəlir. Azərbaycana ilk gəlişimdə mən də türk mahnıları ifa edə bilərdim ki, gənclər tərəfindən sevilim. Belə düşünmədim. Vətənini sevən hər bir gənc üçün "İgidlər" torpağa bağlılığı bir daha təsdiq edə bilər. Mən vətəndən uzaqda da daha çox Azərbaycan mahnıları ifa edirdim. Qırğızıstan televiziyası ilə oxuduğum Azərbaycan mahnısı onluğa da düşmüşdü. Hətta buna hərdən qısqanclıqla yanaşanlar da tapılırdı. Qırğızıstanın sabiq prezidenti Askar Akayevin bütün məclislərinin aparıcı müğənnisi mən olmuşam. Azərbaycanda kaset və diskim işıq üzü görüb. Müğənninin hər il yeni kasetinin çıxmasının əleyhinəyəm. Amma yeni mahnılar üzərində işləyirəm. Daim axtarışdayam. Bir də ki, müğənni tanınandan sonra onun efirdə tez-tez görünməyini də gərək bilmirəm. Tamaşaçını bezdirmək lazım deyil. O, hər zaman səni hansısa bir yeniliklə gözləməlidir. Əks təqdirdə, o yorulacaq və sənə olan sevgi də itəcək. Düşünürəm ki, ildə bir solo-konsert vermək daha məqsədəuyğundur. Tezliklə belə bir konsert verməyi planlaşdırıram.

Haşiyə:

Həyat yoldaşı Samirə xanımla bir-birini çox sevirlər. Aslan övladı Poladın adını özünə yaxın dost bildiyi Polad Bülbüloğlunun şərəfinə qoyub. Hətta Aslanın səsində Polad müəllimin səsi ilə bir uyğunluq görənlər də var. Sovet dövründə vətəndən uzaqda yaşasa da, Polad Bülbüloğlu, Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Elmira Rəhimova, Nisə Qasımova, Flora Kərimova kimi sənətkarların ifalarını dönə-dönə dinləyən Aslan bu ecazkar səslərin sehrinə düşürmüş. Elə onun sənətə məhəbbəti də burdan yaranıb.

- Samirə xanım, Aslanın hansı xarakterini bəyənirsiniz?

- Aslan çox qonaqpərvər, ailəcanlıdır. Hətta yeni köçdüyümüz bu mənzilin dizaynını o öz zövqü ilə verib.

- Bəs onun xasiyyətində nə xoşunuza gəlmir?

- /Gülür/ Hərdən tez özündən çıxır. Amma bu o demək deyil ki, mənim xoşuma gəlmir. Mən onu belə qəbul etmişəm.

- Ailə qurandan sonra Aslanın xarakterində dəyişiklik edə bildinizmi?

- Xeyr, necə var idisə, elə də qalıb. O, mənə hər zaman diqqət göstərib.

- Nədə güzəştə gedə bilmirsiniz?

- Mən hər şeydə güzəştə gedirəm.

- Bəs o?

- /Gülür/ Son nəticədə dil tapırıq.

- Aslan qısqancdırmı?

- Bəli.

- Bəs siz?

- Yəqin ki.

- Sənətçinin həyat yoldaşı olmaq çox çətindir. Buna necə nail olursunuz?

- Yeni ailə qurduğumuz vaxtda bütün bunlara öyrəşmək bir qədər çətin idi. Lakin sonralar mən başa düşdüm ki, bu onun sənətidir, qəbul etmək lazımdır. İndi hər şey qaydasındadır.

- Aslan, sənətçi olaraq ailədə əmin-amanlığı qorumaq üçün nə edirsiniz?

- Ailədə əmin-amanlığı qorumaq üçün bir-birimizi başa düşməyə çalışırıq. Nəzərə alırıq ki, artıq evdə bir körpə böyüyür. Valideyn olaraq onun xoşbəxtliyi üçün əlimizdən gələni etməliyik.

- Necə düşünürsünüz, həyat yoldaşınız sizi qısqanır?

- Zənnimcə, Samirə xanım məni qısqanmır. O, yaxşı bilir ki, mənim üçün ailə ilk növbədədir. Polad balam üçün əlimdən gələni edirəm.

- Sizə ziyan gətirən bir hərəkətdən sonradan peşmançılıq çəkmisinizmi?

- Bəli, olub. Mən xaraktercə çox emosionalam. Maskalana bilmirəm.

- Düşməniniz çoxdur?

- Düşmənlərim varsa da, mənə heç nə edə bilmədilər. Mənə hər yerdə maneçilik törətməyə çalışırdılar.

- Sizcə nə üçün düşmən qazandınız? Onlar hardan peyda oldular?

- Məni özlərinə rəqib bildilər. Gözləri götürmədi. Əsl sənətkarlar dostlarımdır. Düşmənlərim sənətçi olmaq istəyənlərdir. Onlara heç əhəmiyyət də vermirəm.

Haşiyə:

Öküz ili, buğa bürcündəndir. Xaraktercə çox qısqancdır. Yalnız səhv addım atarkən etiraf edir və üzr istəyir. Yersiz zarafatları sevmir. Bəy nəslindəndir. Olduqca sadədir. Yaxşı dostları olsa da, dost itkisi ilə qarşılaşıb. Sevgiyə inanır və onun bir dəfə yaşandığını söyləyir. Qadının azadlığına o qədər yaxşı baxmır. "Hər şey çərçivə daxilində olmalıdır" deyir. Valideynlərini həyatından çox sevən və onlara bağlı olan oğul, ailəsinin qayğısını çəkən həyat yoldaşı, övladını dünyalar qədər istəyən atadır.

- Aslan, bazara özünüz gedirsiniz?

- Bilirsiniz, əvvəllər məni tanımadıqları üçün bazarlıq etmək asan idi. İndi isə tanıdıqlarından qiyməti lazım olduğundan baha söyləyirlər. Mən isə alver etməyə utanıram. Lakin bütün bunlara baxmayaraq, bazarlığı özüm edirəm.

- Həyat yoldaşınız etdiyiniz bazarlıqdan razı qalırmı?

- Zövqlə bağlı problem yoxdur. Evdəki mebellərə qədər məsləhətləşsəm də, özüm seçmişəm.

- Samirə xanım Aslanın həyat yoldaşıdır, sirdaşı, yoxsa dostu?

- Həm həyat yoldaşım, həm sirdaşım, həm də dostumdur. Bütün sirlərimi onunla bölüşürəm. O, məni çox gözəl başa düşür.

- Nə zaman bir-birinizə güzəştə gedə bilmirsiniz?

- O, mənə hər zaman güzəştə gedir. Sənət baxımında isə mənə həmişə kömək edib, dəstək olub.

- Ona çoxmu qadağalar qoyursunuz?

- /Gülür/ Olur. Məni başa düşdüyü üçün ona hörmət edir və sevirəm.

- Aslan, kiminsə gözünü yolda qoymamısınız ki?

- Bəli, valideynlərim məndən uzaqdadırlar. Bu, mənim üçün çətin məqamdır. Onlarla demək olar ki, hər gün zəngləşirəm. Səslərini eşitməsəm, rahat ola bilmirəm.

Həyat sınaq məktəbi, döyüş meydanıdır. İnsan ömrü boyu külüng çalır bu meydanda. Qəlbində min bir niyyətlə cücərtdiyi arzularına qovuşmaq üçün çarpışır. Müsahibim də həyatın çətin sınaq məktəbində dərs alıb. Dəyanəti ilə dəf edib maneələri. Və bu gün uğuruna sevinən dostlar qazanıb.

Mətanət Şamilqızı

O.M.