Baba Vəziroğlu: "İnsan bir ictimai heyvandır"

Baba Vəziroğlu: "İnsan bir ictimai heyvandır"

30 Yanvar 2012 16:20
Bəyəndim (2) Bəyənmədim (0)
"Dünya dəyməz göz yaşına"

Bu qarmaqarışıq dünyada iradəsini və gücünü qoruyub saxlayan, hər zaman musiqi aləti kimi özünü kökləməyi bacaran, cəmiyyətin zir-zibilinin içinə axıb tökülməsinə imkan verməyən, mənəviyyatı olmayan insanın ölümə məhkum olduğu qənaətində bulunan əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bizi çox şeylərdən hali etdi. Amma bir çox şeyləri də içində saxladı. Niyəsini bilmədik...

- Baba müəllim, doğrudanmı dünya göz yaşlarına dəyməz?

- Bəli, doğru buyurdunuz. Kitablarımın biri belə adlanır: "Dünya dəyməz göz yaşına". Bu, artıq dünyanı tanımış və dünyanın tanıdığı bir insanın qənaətidir. İnsan da dünya üçün o qədər əhəmiyyətsiz, mənasız bir zərrəcikdir ki, var olması heç vecinə də deyil. Mənimlə dünyanın arasında olan münasibətlər o kitabımın adında öz bədii təcəssümünü tapıb. Dünya dəyməz göz yaşlarına - bu, həm də mənim bütün insanlara - sevənlərə, dünyadan beşəlli yapışanlara, dünyadan bezənlərə mesajımdır. Yəni fikir verməyin, türklər demişkən, boş verin, bu prosesi çox ağrılı keçirtməyin. Dünya sizə xəyanət elədi, nə bilim, gidi dünyadır. Dünya bizə xəyanət eləməlidir də. Dünyanı biz o qədər söyüb təhqir eləyirik ki! Bütün istənilən şair, hər bir əlinə qələm alan diletant deyir: "bu fani dünya, vəfasız dünya, bekara dünya". Nə qədər dünya haqqında naşükür-naşükür danışmışıq. İndi dünyadan birdən-birə niyə vəfa gözləməliyik? Dünya deyir, siz məni belə vəsf eləmisiniz, buyurun, bu da sizə cavabı. Ona görə də dünyadan ummaq olmaz. İnsan uman yerdən küsər. Ümumiyyətlə, insan, yəni fərd özünü dünya ilə bir tərəziyə qoymamalıdır. Dünya hara, Süleymanı taxtdan salan, nə bilim Nuhu taxtda görən dünya və birdən-birə bir insan - böyük iddialarla yaşayan insan - nə qədər öz iddiaları müqabilində dünyanın fövqündə mənasız, cılız - heç varlıq da deməyə dilim gəlmir - bir qum zərrəsidir. Bu mənada mənim dünya ilə münasibətlərim tam aydındır.

- Sizcə, insanlığa lazım olan əsas xüsusiyyətlər hansılardır?

- Qlobal, böyük mənada baxanda biz ömrü boyu insana lazım olduğundan yüksək dəyər vermişik. Amma sonda məlum olur ki, əslində, belə deyil. İnsan çox da öz bioloji irsindən uzağa getməyən, "Məşədi İbad"da Rza bəy demişkən, bir ictimai heyvandır. Sadəcə, mənəviyyata xidmət edən sənətin, o cümlədən də söz sənətinin xidməti ondadır ki, insanı müəyyən qədər, bacardığı qədər o bioloji əzəlindən ayıra bilsin. Yazıq sənət bəşər boyu çalışır insanı heyvandan uzaqlaşdırsın, buna müvəffəq olmur. İnadkar uşaqlar kimi istəyir qayıtsın ilkinə, əzəlinə. Yəni insan bircə həqiqəti dərk edə bilmir ki, dünya fanidir, insan ömrü bir andır. Özü ədəbiyyatda yazır "dünya bir pəncərədir, hər gələn baxar gedər", amma dərk edə bilmir. Bəlkə də Allah insana yazdıqlarını dərk edə bilmək üçün imkanlar verməyib. İnsan dünyanın faniliyini dərk etsə, bu dərəcədə bədbəxt olmaz. Bunu dərk edə bilməyən insandan nə böyük hikmətlər gözləyəsən? Hələ bir özünü dünya ilə bir müstəviyə qoymağı da, sadəcə, gülüncdür.

- Baba müəllim, ümidlərinizin boşa çıxdığı vaxtlar olurmu?

- Yalnız ümidsizlik məni öldürər. Hər şeyin tükəndiyini dərk etsəm, həyatım elə oradaca bitər. Çox xoşladığım bir rus yazıçısı var, Yuri Trifonov. Onda belə bir ifadə var ki, insan yaşa dolduqca yox, harasa dırmaşmaqdan yorulan zaman qocalır. Yəni artıq heç yerə can atmır. İnsanın təəccüblənməyi, heyrətlənməyi bitib-tükənəndə insan da tükənir. Amma məndə elə işıqlı hisslər var ki, Allah insanı elə yaradıb ki, son nəfəsi çıxana qədər hər şeyin tükənmədiyini dərk edə bilmir. Ona elə gəlir ki, hələ hər şey irəlidədir. Hətta son nəfəsində elə düşünür.

- Haqsızlıqlarla çox mübarizə aparmısınız?

- Ədalətsizliyə dözə bilmirəm. Yazıq insanları görəndə elə bilirəm özüməm. Çünki dünyada ədalətsizlik hissindən alçaq bir hiss tanımıram. Ədalətsizliyi istər qardaşımda, istər valideynlərimdə görsəm, barışa bilmirəm. O zaman kövrəlirəm. Güclünün haqsız yerə gücsüzə qalib gəldiyini görəndə kövrəlirəm və daha çox kövrəlirəm ki, buna müdaxilə etməyə imkanım çatmır. Özüm ədalətsizliyə çox uğramışam ki, bunun nə olduğunu, insanları nə cür faciələrə düçar etdiyini bilirəm. Ədalətsizliklə üzləşən insanlar getdikcə içinə qapanır, sonra sınırlar. Sınmaq isə mənəvi ölümdür.

- Necə adamdır Baba Vəziroğlu?

- Mən yaxşı adamam. Bunu deməyə haqqım var. Bir də, insanı özündən yaxşı kim tanıya bilər? Mən özümə pis adam desəm, bəs millət mənə nə deyər? İnsanı özü qədər tanıyan ikinci şəxs yoxdur. Sadəcə, insanın kişiliyi, qüdrəti çatmalıdır ki, özündə olan naqislikləri görüb etiraf edə bilsin. Bu mənada baxanda görürəm ki, mən yaxşı adamam. Yaxşı adam bilirsiniz nədir? Hər halda özündən başqa bir adama pisliyi keçmirsə, artıq sənə yaxşı adam demək olar. Düzdür, belədə içimdəki yaxşı adamı incitmiş oluram. Amma özümün-özümə ixtiyarım çatır axı. Bəlkə də o mənada özümə pislik edirəm ki, başqalarına pis olmasın. Başqasını incitməmək üçün özümə pislik etməyi özümə rəva görürəm.

... İnsan hər zaman içində nə varsa, onu yazır. Yazarın içində hər şey sınıb-sökülübsə, o xarabadan yazacaq. Əgər o xarabalığın içində yaşayırsa, amma içi gülüstandırsa, xarabalıqdan yaza bilməz. Şair heç nəyə baxıb yazmamalıdır. Şair kimisə, hətta bir gözəli tərənnüm edirsə, o idealdır. Əgər qadından söhbət gedirsə, o nə qab, nə paltar yuyur, nə ona əllə toxunmaq, nə səsini eşitmək olar. O idealdır. Şairin ilham mənbəyi gəlib mətbəxə düşürsə, o, artıq poeziyanın obyekti ola bilməz. Mənim vəsf etdiyim gözəllər göylərdədir, onların ayağı yerə toxunmur. Çünki yer günahkar torpaqdır. Ora onun ayağı toxundu, ilahilikdən çıxır. Onlar mələkdirlər. Mələk də olub qalacaqlar. Torpağa enən kimi qanadlarını qıracaqlar, olacaqlar adi qadın. Onun artıq şairə dəxli yoxdur.

Son sözü mən deməli idim. Lakin şairin ideal qadın haqda fikirlərindən sonra bir qadın olaraq özümü ideallaşdırmaq istəmədim...

Mətanət Şamilqızı

O.M.