İrəvanda “dönmə ermənilər” vuruldu: Qərbin yeni sifarişi…

İrəvanda “dönmə ermənilər” vuruldu: Qərbin yeni sifarişi…

12 Dekabr 2018 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az Ermənistandakı son seçkilərlə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun axar.az-a verdiyi müsahibəsini oxucularına təqdim edir:

- Ermənistanda 9 dekabr seçkilərinin nəticəsi barədə fikirləriniz maraqlı olardı.

- Seçkidə diqqəti çəkən məqam seçici fəallığının 48 faiz olması idi. Buradan isə iki nəticə çıxır. Birincisi, əvvəllər seçici sayını çox göstərmək üçün saxta, Ermənistanda yaşamayan insanları da siyahıya alırdılar. Ancaq son seçkidən sonra bəlli olur ki, Ermənistanda hətta real yaşayan insanların sayı belə çox aşağıdır. Bu da ölkədə seçici aktivliyinin həqiqətən də zəif olmasına dəlalət edir. İkinci nəticə odur ki, artıq Ermənistanda Paşinyana dəstək yüksək deyil və Nikol nüfuzunun bir hissəsini itirməkdədir. Siyasi nəticə isə ondan ibarətdir ki, Ermənistanda müxalifəti olmayan bir parlament yaranıb. Onların qanunlarına görə, parlamentdə müxalifətin sayı 30 faizdən aşağı olmamalıdır. Bu fonda Paşinyanın tərəfdarları olmasına baxmayaraq, Çarukyan bloku və digərlərinin özlərini müxalifət elan edəcəklərini istisna etmirəm.

- Sizcə, Rusiya Qarabağ klanının məğlubiyyətinə niyə belə asanlıqla göz yumdu?

- Qarabağ klanı iqtisadi və siyasi baxımdan Rusiyaya sıx bağlıdır. Qərbin Ermənistanda aktivləşməsi isə onların siyasətdən təcrid olunmasına gətirib çıxardı. Bundan sonra Ermənistanın siyasətində daha çox qərbyönümlülər üzə çıxacaq. Digər tərəfdən Rusiyanın gündəmində bir sıra məsələlər var: Ukrayna mövzusu, Qərblə problemlərin artması, sanksiyalar və s. Artıq Rusiyanın siyasi və digər imkanları başqa məqsədlərə yönəlib. Buna görə də Ermənistan Rusiya üçün əhəmiyyətini tamamilə itirib.

- Bununla da Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdığını söyləyə bilərikmi?

- İndiki mərhələdə bu barədə fikir yürütmək çətin olsa da, bu proseslərin güclənəcəyini düşünürəm. Çünki növbədənkənar seçkilər məhz Qərbin tələbi idi və Paşinyan bunu qısa müddətdə həyata keçirdi. Təbii ki, bu seçkilər həm də bir vasitə idi. Birinci məqsəd Paşinyan hakimiyyətini gücləndirmək, ikinci məqsəd isə tələb olunan məsələləri həyata keçirməkdir. Qərbin tələbləri isə təbii ki, Rusiyanın nüfuzunu azaltmaqdan ibarətdir. Hesab edirəm ki, Paşinyan bu istiqamətdə hansısa addımlar atacaq.

- Paşinyan hökumətinin 7 ay öncə verdiyi vədləri yerinə yetirmək üçün hələ də iqtisadi proqramı yoxdur...

- Vədlər çoxdur, ancaq Ermənistanın onları həyata keçirmək üçün iqtisadi imkanlar yox səviyyəsindədir. Yeganə yol Ermənistanın Azərbaycan ərazilərinin işğalını dayandırmasıdır. Əgər bu baş verməsə, Ermənistanın iqtisadi durumunda hansısa ciddi dəyişiklik olmayacaq. Belə olan halda Ermənistan cəmiyyəti Paşinyandan verdiyi vədlərə əməl olunmasını çox ciddi şəkildə tələb edəcək.

- Ermənistan parlamentində müxalifətin təmsil olunmaması Paşinyana qarşı əks-hücumlara səbəb bilərmi?

- Ermənistanda Paşinyanın kursuna müxalif qüvvələr çoxdur. Yəni parlament birmənalı olaraq Paşinyanın tərəfdarlarından ibarətdir. Deməli, qarşıdurma qeyri-parlament üsulları ilə həyata keçiriləcək, yəni ənənəvi olaraq Ermənistanın siyasi mühitinə uyğun hərəkətlər olacaq. Ermənilər isə daha çox terrora üstünlük verirlər və bu fonda ölkədə daxili siyasi vəziyyətin gərginləşəcəyini istisna etmirəm. Köçəryanın həbsi və onun tərəfdarlarının təhlükə altında qoyulması da bu amili gücləndirir. Ancaq son nəticədə Qarabağ klanı Ermənistandan daha da uzaqlaşacaq. Ümumiyyətlə, Ermənistanda Qarabağ ermənilərinə hər zaman "dönmə ermənilər" kimi baxırlar və onları qəbul etmirlər. Bu qarşıdurma isə özlüyündə regional bir bölünməyə gətirib çıxaracaq.

- Bəs, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi necə olacaq?

- Hesab edirəm ki, Ermənistanda bu seçkinin xidmət etdiyi əsas məqsəd daxili siyasi məsələləri həll etmək, Paşinyana öz imkanlarını gücləndirməyə imkan yaratmaq idi. Paşinyan Qərbin Ermənistanda fövqəladə və vaxtından tez seçkilərin keçirilməsi ilə bağlı tələbini yerinə yetirdi. Təbii ki, Rusiya bunu yaxşı başa düşür. Bu mənada Rusiya-Ermənistan əlaqələrində ciddi problemlər qaçılmaz olacaq. Çünki Qərb Paşinyanın "inqilabdan" öncə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində israrlı olacaq. Bir sözlə, çox maraqlı dövr başlayır. Baş verən hadisələr heç də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktinin həllinə dair danışıqları əhatə etməyəcək. Çünki Ermənistan siyasi elitası ciddi danışıqlara başlamağa meyilli deyil və daha çox daxili məsələlərlə məşğul olacaq.

- Paşinyan Qərbin KTMT və seçki ilə bağlı tələblərindən sonra daha hansı addımları ata bilər?

- Paşinyanın ABŞ göstərişi ilə Ermənistanın KTMT-dəki baş katibini həbs etməsi süni bir məsələ idi. Ümumiyyətlə, bunun arxasında birbaşa Ermənistanda qərbyönümlü siyasətin meydana gəlməsi dururdu. Rusiya da sözügedən məsələni sərt tənqid etdiyindən Xaçaturov məsələsi ortaya atıldı. Əsas məsələ bunların üzə çıxması ilə bağlı səbəblərin mövcud olmasıdır. Bu da Ermənistanın geosiyasi istiqamətinin dəyişməsi ilə bağlıdır. Bunu həm Rusiyada, həm də Ermənistanda çox yaxşı başa düşürlər.

- Bu gün Ermənistanda ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə kütləvi aksiyaların keçirilməsi planlaşdırılır. Nələr gözlənilir?

- Köçəryan tərəfdarları, ümumiyyətlə Qarabağ klanı seçkilərə xarici münasibətləri gözləyir. Məhz bundan sonra onların taktikası daha da dərinləşəcək. Bu mənada onlara xaricdən, ən azından Rusiyadan ciddi dəstək gələcək.