"Gedib pulemyotla öldürəsi deyiləm ki Fəzail Miskinlini"

"Gedib pulemyotla öldürəsi deyiləm ki Fəzail Miskinlini"

19 Yanvar 2012 18:56
Bəyəndim (0) Bəyənmədim (0)
"Şınıx təranələri"ni sazda səhv çalırlar"

Həyat bir musiqi təranəsidir. Sevincli melodiyaya hamı qol qaldırır. Əsas odur ki, kədərli musiqi altında oynaya biləsən.

"Şəlalə" rubrikasının bugünkü qonağı qarmon ustası, məşhur "Şınıx təranələri" rəqsinin müəllifi Habil Qurbanovdur.

- Özünüz haqda məlumat verərdiniz...

- Mən Habil Qurbanovam. El arasında mənə Habil Şınıxlı deyirlər. Gədəbəyin Çayrəsullu kəndində anadan olmuşam. Ailəliyəm. Uşaq vaxtından musiqi ilə məşğul olmuşam.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Musiqi ilə məşğul olmaq bizdə irsidir. Babalarım musiqiçi olub. Ana tərəfimdə musiqiçilər çox olub, ata tərəfim də musiqiyə meylli olsa da, çoxları Dövlət işlərində işləyir. Atam çox gözəl bilirdi musiqi sahəsini. Beş yaşımdan məndə qarmon olub. On dörd yaşından toylarda həm ifa etmişəm, həm də qarmon çalmışam.

- Başqa alətlərdən necə, istifadə edə bilirsiniz?

- Demək olar ki, nəfəs alətlərindən başqa hər bir alətdən istifadə edə bilirəm.

- Kişiyə xoşbəxt olmaq üçün nə lazımdır?

- O, kişilər xoşbəxtdir ki, onlarda qürur var, əyilməzlik var. Kişiyə gözəl ailə lazımdır, sənət lazımdır, dost lazımdır.

- Bəs xanım nə deməkdir sizin üçün?

- Xanım müqəddəs varlıqdır. Xanımsız həyat yoxdur.

- Ən çox nəyə məyus olursunuz?

- Haqsızlığa məyus oluram. Haqsız olan insan mənim düşmənimdir. İnsanın haqqını tapdalamaq olmaz.

- Kimsə sizin haqqınızı tapdalayıbmı?

- Hə, tapdalayıb, sənət aləmində. Habil Şınıxlının haqqını tapdalamaq olmaz. Əgər kimsə, mənim bəstələdiyim musiqini ifa edirsə, deməlidir ki, bu musiqi Habilindir.

- Sizi bu məsələdə kim qıcıqlandırıb?

- Mən özümü bəstəkar saymıram, sadəcə, əlimdən gəlib yaratmışam, mən özümə görə yox, xalqıma görə yazmışam "Şınıx təranələri"ni. Saz ifaçısı var ki, həmyerlimdir, adımı çəkmir. Söhbət Fəzail Miskinlidən gedir. O, mənim əvvəlki dostlarımdan olub. Bir dəfə "Space"-də dəvət almışdım, bir musiqi var idi, çox gözəl alınırdı ifası da. Mən bəstəkarın adını unutduğuma görə o mahnını ifa etmədim. Sizin kimi bir müxbir sual versə ki, bəstəkarı kimdir, mən deməsəm, haqsızlıq olar. Mən də düşündüm, ifa etmədim. Sizi yaxın bilirəm deyə, ürəyimi açıram. Artıq səbir kasam dolub. Bütün Azərbaycanın yarısı bilir ki, "Şınıx təranələri"ni mən yaratmışam. Fəzailin olsaydı, bu musiqi olardı "Miskinli təranələri".

- Bəs siz Fəzail Miskinli ilə əlaqə saxlamısınız ki, niyə sizi bir bəstəkar kimi təqdim etmir?

- Zəng eləyib demişəm. Dedi, bir də olmayacaq. Amma görürəm ki, səhər efirə çıxır, yenə həmin haqsızlıq baş verir. O, günlərdə bir "Şinix təranələri"ni musiqi nömrəsi kimi verib efirə, baxıram, görürəm, 50% səs gəlir. Dostlar deyir ki, niyə susursan? Həmin musiqi gedir, axırda şunurtutanın, sürücünün adı gedir, mənim adım niyə getməsin? Əsəbiləşirəm. Gedib pulemyotla öldürəsi deyiləm ki Fəzail Miskinlini. Gərək özünün vicdanı olsun. O şərt deyil ki, mənim musiqimi özəlləşdirir, pul qazanır, cibini doldurur. Klip də çəkdirib, eybi yox. Amma gərək müəllifin haqqını yeməsin. Mənim adım bəyəm pisdir, o, boyda Xalq artisti Habilin adaşıyam. Düşmənəm, nəyəm ki, müəllif kimi adımı çəkmir?

- Çox səmimi deyirəm, məndən inciməyin, indiyə kimi elə bilirdim ki, "Şınıx təranələri"nin müəllifi Fəzail Misginlidir. Özü də çox gözəl ifa edir.

- Haqsızlıqdır da, vaxtında ifa edəndə adımı çəksəydi, bilərdiniz ki, musiqi Habil Şınıxlınındır. Hər hansı musiqi muğam üzərində olur. "Şınıx təranələri"nin musiqisini Şikəsteyi-fars muğamı üzərində yazmışam. Sazda Segah kimi alınır. Fəzail "Şınıx təranələri" rəqsini düzgün ifa etmir. Əsasən "Şınıx təranələ"rini sazda səhv çalırlar". Axı molla yasin oxuyanda da muğam üzərində oxuyur. Fəzail bərbad günə qoyub musiqini. Təkcə aşıq Zülfiyyə ürəyim istəyən kimi ifa edib musiqini. Sağ olsun, hər yerdə deyir, musiqi Habil Şınıxlınındır.Ürəyim açılır ki, qiymət verirlər sənətimə. "Şınıx təranələri"ni Gülbahar Şükürova da, Aftandil İsrafilov da, Rəmiş də ifa ediblər. Sağ olsunlar ki, sənətə qiymət verirlər. Baş əyirəm qarşılarında, adımı çəkirlər. Fəzaildən soruşanda musiqinin bəstəkarı kimdir, deyir, yaxın bir dost var, adımı çəkmir, niyə çəkmir, axı səbəb nədir? Bu qısqanclığın səbəbini bilmirəm. Xeyirdirmi? Fəzail, niyə mənim bostanıma girib at oynadırsan? Məhkəməyə də verə bilərəm, amma gözləyirəm, bütün müəllif hüquqları mənə məxsusdur, musiqinin şəhadətnaməsi də var. Onda neyləyəcəksən? Haqsızlıq insanı yaralayır.

- Bəs necə oldu ki, "Şınıx təranələri"ni yazdınız?

- Bütün Azərbaycan, o cümlədən Gədəbəyin Şınıx zonası müharibə illərində çox bəlalar çəkib, böyük şəhidlər vermişik. Polkovnik Cahangir Rüstəmov kimi, Sahib Rüstəmov, Mehman Məmmədov, Pünhan Əliyev, Aytəkin Məmmədov kimi qəhrəman oğlanlarımız şəhid oldu. Bunların sayəsində bizim torpaqlar alınmadı, əksinə biz əzəli torpaqlarımızdan olan Başkəndi geri qaytardıq. Bu zaman çox yaxın dostlarımız şəhid oldu. Mən o, vaxtı yaxşı mahnı ifa edirdim. Hələ bu dərəcə şərait yox idi. Şınıx şeiri rəhmətlik dayım Aydın Sarı oğlunun şeiridir:

Keçilməzdi bu dağların yolları,

Satılmazdı heç bir zaman elləri.

Dəf elədi düşmənləri nərləri,

Koroğludur, Cavanşirdir Şınıxım,

Özü böyük qəhrəmandır Şınıxım.

O vaxt döyüşdən sonra yazmışdı şeiri, mən də musiqini bəstələdim. Beləcə, "Şınıx təranələri" yarandı.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Doğru danışmaq qalmaqal deyil, haqq, ədalətdir. Efirdən baxırıq, sənət adamları var, görürsən ki, gözünün içinə kimi yalan danışır. Bax, yerlim olduğuna görə demirəm, saz çalan Namiq var, bunun adını qoyublar qalmaqalçı.

- Belə baxanda Namiqi kim idi tanıyan? Qalmaqalla sənətə gəldi axı.

- Tanıyıram, amma münasibətim yoxdur. Heç özü də bilmirdi ki, şou-biznesin içindədir. Birdən-birə tanındı. Şou-biznesdən tamam uzaq bir insan idi. Çünki qalmaqala baş qoşmadan həqiqəti danışırdı.

- Özünüzə rəqib kimi görürsünüz bu sənətdə?

- Hamısına böyük hörmətim var. Özümdən böyükləri ustad bilirəm özümə.

- Sizi tanımayanlar çoxdur?

- Razıyam fikrinizlə. Tanımazlar, çünki qalmaqal eləməmişəm. Qalmaqal eləmək təbiətimdə yoxdur. Sadəcə, düzgünlüyü sevirəm.

- Bəstələdiyiniz mahnıların həyatınızda baş verən hadisələrlə hansısa bir bağlılığı varmı?

- Musiqilərim çoxdur. Yeni bir rəqsim də var. Təbii ki, içimdən gələn hissləri ifadə edir. Nəyəsə narahat olanda yaradıcılığıma da təkan olur. Hər bir musiqini bəstələyəndə daxilimdəki hissləri ifadə edirəm. Təbii ki, bu zaman çoxəsrlik tarixi olan toyları nəzərdə tuturam. Onu da qeyd edim ki, aşıq Zülfiyyə kimi ikinci bir sənətkar bu qədər məni təbliğ etmir.

- Tələbat var sizə, toylara gedirsiniz?

- Əlbəttə. Tələbat çoxdur. Ansamblımın adı "Ozan" instrumental ansamblıdır. Zülfiyyə xanım da bizimlədir. Bütün ansamblda olan musiqiçilər güclüdür. Toylara konkret qiymət demirəm. Kasıbın kasıb qiyməti var, imkanlının imkanlı. Orta hesabla toylara 500-3000 manata gedirəm. Pul verməsələr də olar, dost-tanış toyunda məni ancaq sənətə verilən qiymət maraqlandırır.

- Sizi necə xanım cəlb edə bilər?

- Daxilimi başa düşən xanım desəm, inandırıcı olmaz. Mənim qanımda qeyrət axır, insanpərvərəm, ləyaqətli insanam.

- İlk sevginiz haçan olub?

- 1996-cı ildə Kəklik Quliyevanı sevmişəm, ailə qurmuşam. Həyat yoldaşımdır.

- Həyatda neçə dəfə sevmək olar?

- Bir dəfə.

- Güclü insansınız?

- İstənilən insanı yerində oturda bilərəm, haqq-ədalətlə.

- Sizi istəmədiyiniz nəyəsə vadar ediblər?

- Valideynlərimdən başqa məni heç kim nəyəsə vadar edə bilməz. Təsəvvür edin, cavan oğlanam, toylara gedirdim, evə gələndə valideynlərim düşünmürdülər ki, pul qazanmışam, birinci sualları o olurdu ki, bəyəndilər ifanı? Pul da qalırdı cibimdə. Bizdə əsas pula yox, sənətə önəm verirdilər. Ona görə də evdə məni həm tənqid, həm də tərif edirdilər.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Bu yaxında gözəl musiqi yazmışam, sözləri şairə Zöhrə Xəlilinindir. Onun məndə şeir kitabı var. Zöhrə xanımın yaradıcılıq gecəsində həmin mahnını Rəhilə Bəndəliyeva ifa etdi, çox gözəl də alındı. Ona sürpriz etdik bu mahnını. Bütün mahnıları hədiyyə verirəm, qoy ifa etsinlər, təmənnasız.

- Tək qalanda nə haqda fikirləşirsiniz?

- Cəmiyyətdə bir çox şeylər var ki, biz müdaxilə edə bilmirik, haqsızlıq görürsən, yalan görürsən. Amma əlindən heç nə gəlmir.

- Deyirlər sənətçilər jurnalistlərdən asılıdır. Bu fikirlə razısınız?

- Əlbəttə. Məsələn, siz çağırmısınız, təbliğ edirsiniz məni. Bu nə deməkdir? Sizlərə pis baxmaq olmaz. Pis olaramsa, pis də yazarsınız. Bütün jurnalistlərə hörmətim var.

- Qısqanc insansınız?

- Hə, həddən artıq qısqanc insanam.

- Şəlalə nə deməkdir sizin üçün?

- Çox gözəl adı var rubrikanızın. Mən özüm təbiət vurğunuyam. Çünki suyu şəffafdır, təbiəti oyadır.

- Uşaqlıq illərində başınıza maraqlı bir hadisə gəlibmi?

- Oxuduğum məktəbin direktoru atamın əmisi oğlu idi. Məktəbdə də bütün tədbirlərdə mən ifa edirdim. Demək, direktor bir gün məni otağına çağırtdırdı, müəllimlərim də orada idi. Otaqlarında oturub qarmonla ifa etdim, çox xoşlarına gəldi. Öz-özümə deyirdim ki, daha dərsi bilməsəm də, mənimlə işləri olmaz. Səhər dərsə müəllimim girən kimi dedi: "Habil, dur dərsi danış". Mən də bilmədim. O qədər məni danladı ki. Dedi: "belə gözəl musiqi ifa edirsənsə, dərsini də bilməlisən". Sənət başıma onda bəla oldu.

- Sizi həyatda nə ağladıb?

- Cavan dayımı, atamı itirdim. Onda ürəkdən ağlamışam. Bir dəfə də anam çox pis xəstələnmişdi. Mən anamı hamıdan çox istəyirəm. Hələ də yadımdan çıxmayıb. Ürəkdən onda çox ağlamışam.

- Sənətin ilk sirlərini kim öyrədib sizə?

- Kor Əhəddən tutmuş bütün yaşlı sənətkarları özümə ustad sayıram. Muğamın sirlərini mənə Rauf müəllim öyrədib. Bərdədə yaşayır. İkinci valideynim bilirəm onu.

- Toyda başınıza maraqlı bir hadisə gəlibmi?

- Tovuzun ucqar bir kəndində toyda idim. Toy qurtardı, axşam bir saniyədə dəhşətli külək qalxdı, çadır başımıza uçdu. Onda da Allah qorudu, xatasız ötüşdük.

- Bəs bu sənət aləmində bər-bəzək vuran kişilərə münasibətiniz necədir?

- Gözəl sualdır. Çox pis baxıram. Məni kimsə sevəcəksə, çıxıb özümü gülünc yerinə qoymalıyam? Saçlarını, bığlarını rəngləyənləri qınayıram. Hər yaşın öz yeri var. Saçım ağarır, elə sevinirəm ki, deyirəm, qoy ağarsın. Sırğa ilə, silikon dodaqla, dodağının altında balaca bığ saxlamaqla özlərinə kişi deyirlər. Belələri məhv olmuş insanlardır. Gənclərə, cavanlara bu cür örnək olmaq olmaz. Cavanların zövqlərini də belələri korlayır. O gün toyda Könül Xasıyeva, Feyruz Təbrizli oxuyurdu. Onlar oxuyanda elə bil insan başqa dünyada olur. Gəlir deyirlər ki, can-cana ifa elə, adam onda məyus olur. Biabırçılıqdır.

Rəqslərin ən möhtəşəmi yallıdır. Təəssüf ki, bəzən sənət adamları əl-ələ verib, qol qaldırmaq istəmirlər. Amma fərqi yoxdur, yenə də hamını oynadan solo ifaçı bəllidir...

Şəlalə Nəriman

Mediainfo.az