"Ayrılmağımın səbəbi onun içkiyə meylli olması idi"

"Ayrılmağımın səbəbi onun içkiyə meylli olması idi"

11 Yanvar 2012 18:00
Bəyəndim (0) Bəyənmədim (0)
Sözbaz olduğunu deyən aparıcı İlahə Naillə aralarında olan münasibətə aydınlıq gətirdi

Klip həyatın müəyyən anlarının lentə köçürülmüş təsviridir. O, musiqinin leytmotivini bədii boyalarla əks etdirir. Əgər musiqi minordursa, demək, klipi də dramaturji olacaq. Majordursa, nikbin anları görüntüləyəcək. Demək, həyatın ən çətin anlarında belə pozitiv duyğularla dolu musiqini zümzümə etmək lazımdır. Əks təqdirdə, səbəb nəticəni yaradacaq.

Bugünkü qonağım həyatının ən ağır anlarında kədəri yenməyə, nikbin olmağa çalışıb. Bunu bacarsa da, kövrəkliyi ona çətin günlərindən miras qalıb.

"Şəlalə" rubrikasının həmsöhbəti Lider televiziya kanalında yayımlanan "Klip parad" verilişinin aparıcısı İlahə Vəliyevadır.

- Özünüzü necə təqdim edərdiniz?

- Vəliyeva İlahə Nizami qızı, 1978-ci ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhər 11 saylı orta məktəbi bitirib və elə orda da APİ-də təhsilimi davam etdirmişəm. İki övladım var, qızım Nərmin və oğlum Hüseyn. On ildir boşanmışam, övladlarımı tək böyüdürəm.

- Necə oldu ki, aparıcı oldunuz?

- Anam deyir ki, dörd yaşım olanda mikrofona bənzər nə varsa, əlimə alıb evdəkilərdən müsahibə alırdım. Maraqlı hadisə budur ki, müğənni yox, aparıcı oldum. Məktəbdə oxuyanda müəllimlərim mənim nitqimi bəyənib, məktəb tədbirlərinin əksəriyyətində aparıcı təyin edirdilər. Bundan başqa, dəfələrlə məktəbdə şeir qiraəti üzrə birinci olmuşam və ali məktəbdə oxuya-oxuya Gəncə şəhər telekanalına dəvət almışam. Sonra ailəm Bakı şəhərinə köçəsi oldu, işimi də Bakıda davam etdirdim.

- Bir çoxları sizi tanımır. Bu nədən irəli gəlir?

- Bilirsiniz niyə tanımırlar? Həmişə kadr arxası və ya şou aparıcısı kimi işləmişəm. Efirə iki ildir aparıcı kimi gəlmişəm. Bir də ki, mənə bir o qədər tanınmaq yox, öz işimdə professional olmaq maraqlıdır.

- İki övlad anasının ailəsi niyə dağıldı?

- Heç bir qadın istəməz ki, isti ocağını soyuq etsin. Ayrılmağımın səbəbi onun içkiyə meylli olması idi. İstəmədim ki, oğlum atasına bənzəsin. Ən əsası, məndə keçmiş həyat yoldaşıma qarşı sevgi hissi olmayıb və onunla evləndikdə belə ürəksiz idim.

- Bir çoxları sizin açıq-saçıq geyiminizə irad tutur. Bu, sizi narahat etmir ki?

- Heç narahat etmir, əksinə, mənə stimul verir. Mən hər zaman dəblə geyinməyə üstünlük verirəm. Sadə və özümə yaraşan nə varsa, komplekssiz geyinə bilərəm. Əgər haqqımda danışırlarsa, deməli, varam. Əslində, mən də sözbazam.

- Ən böyük arzunuz?

- Xoşbəxt olmaq istəyirəm. Övladlarımı xoşbəxt görmək istəyirəm. çünki onlar üçün yaşayıram.

- Aparıcılar arasında özünüzə rəqib kimi görürsünüz?

- Heç kimi rəqib görmürəm sənətdə. Çünki özüm üçün yaşayıram. Tam səmimi insanam. Rəqibim yalnız bədxah qonşularımız ola bilər. Bütün həmkarlarıma uğurlar. Biz azərbaycanlıyıq və həmrəy olmalıyıq.

- Klip rejissoru Naillə həddən artıq səmimisiniz. Çoxları sizin sevgili olduğunuzu deyir. Buna əsas varmı?

- Nail gözəl dost, mükəmməl ailə başçısı və çox istedadlı rejissordur. Mən onun rəhbərlik etdiyi layihənin, Lider TV-də yayımlanan "Klip parad" verilişinin aparıcısıyam və inanın ki, Nail mənim üçün həm də böyük məktəbdir.

- İlahə təhlükəli qadındır?

- Hədsiz dərəcədə kövrək qadınam. Hətta buna görə evdə anam məni çox danlayır. Ürəyim çox kövrəkdir. Qonşudan gəlin aparırlar, mən evdən pəncərədən baxıb tanıdığım bir gəlin üçün kövrəlib ağlayıram. Əqrəb bürcünə məxsusam. Məni kimsə sancmasa, mən onu sancmaram. O zaman təhlükəli olaram ki, kimsə mənim ailəmə və uşaqlarıma toxunsun.

- İlk məhəbbətinizi xatırlayırsınız?

- İlk məhəbbətim iyirmi bir yaşımda olub (Kövrəlir). O, mənim ilk və son məhəbbətim olaraq ürəyimdə qalacaq.

- Gənc qadınların ailəli kişilərlə münasibətinə necə baxırsınız?

- Əslində, bu suala cavab vermək istəməzdim. Çünki bu mənim yaralı yerimdir. Sənə söz verdiyim üçün tam səmimi olacam. Çox pis baxıram. Sevdiyim insan mənimlə altı il görüşsə də, ailə qurdu. O gündən də hər şey bitdi aramızda. Ona görə də qızlarımızın ailəli kişilərlə görüşməyinə haqq qazandıra bilmirəm.

- Hazırda sevdiyiniz insan varmı?

- Sevdiyim var. Biz onunla ayrılmışıq, amma bu mənim ürəyimdəki sevgiyə son qoya bilməz. Mən sevgimi hələ də ona xəyanət etməməyimlə isbat etdim.

- Qısqanc xanımsınız?

- Hə, hədsiz qısqancam. Bu da çox güman ki, bürcümdən irəli gəlir. Ümumiyyətlə, qısqanclıq yoxdursa, sevgi də yoxdur. Mən belə düşünürəm.

- Kişi qadını necə xoşbəxt edə bilər?

- Hər zaman yanında olaraq sübut edə bilər.

- Şəlalə nə deməkdir?

- İlk öncə büllur bir suyun gurultu ilə yüksəklikdən axması. Sonra isə sən.

- Dediniz ki, kövrəyəm. Sizi daha çox nə ağlada bilər?

- Hər şey. İnan ki, hər gün ağlayıram.

- Sizcə, pul əl çirkidir?

- Pul bu zamanda çox şey deməkdir.

- Şou-biznesdə dostlarınız kimlərdir?

- Dostlar çoxdur. Onların adını yazmaqla bitməz. Çox şükür, düşmənim yoxdur.

- Hansı müğənniləri dinləyirsiniz?

- İlqar Muradov, Elnur, Natəvan, Röya, Əkbər, Səidə Sultan.

- Qorxduğunuz insan varmı?

- Heç kimdən qorxmuram. Ancaq Allahın qəzəbindən qorxuram. Allah mənim üçün doğmalarımın doğmasıdır. Hər zaman köməyimdir.

- Romantiksiniz?

- Hədsiz dərəcədə romantikəm.

- Bir aparıcı kimi toylara, gecələrə dəvət alırsınız?

- Baxır kim tərəfindən. Ümumi götürəndə 500-1000 manata toylarda aparıcılıq edirəm.

- Sizcə, sevgi cəzadır, yoxsa mükafat?

- Artıq cəzadır.

- İlahəyə "Klip-parad" nə verdi?

- Çox şey. İlk öncə Nail, Pərviz və Elnurun simasında yaxın dostlar qazandım.

- Uşaqlıq illərini necə xatırlayırsınız?

- Bir çox şeyi unutmuşam. Aldığım çox böyük travmanı da xatırlamamağa çalışıram. On iki yaşımda ikən otuz səkkiz yaşlı atamı itirməyimi heç vaxt xatirəmdən silə bilmirəm (kövrəlir).

- Kimə bənzəmək istəyərdiniz?

- Deyirlər, atamın anasına oxşayıram (kövrəlir).

- Kişilərdə sizi nə cəlb edir?

- Artıq heç nə. Amma ümumi götürəndə düzgünlük, ağır xasiyyət və səxavət.

- İnsan nə vaxt deyə bilər ki, həyatdan doymuşam?

- Uşaqlarımın uşaqlarını gördükdən sonra deyə bilərəm ki, həyatdan doydum.

- Bəzi aparıcılar səsi oldu, olmadı, mahnı oxumağa başlayıblar. Sizdə necə, belə bir həvəs var?

- Guya oxuyanların çoxunun səsi var? Yox, əsla istəmirəm oxuyum.

- Gözə-nəfsə inanırsınız?

- Yox, inanmıram. Hər şey Allahın əlindədir.

- Depressiyaya düşdüyünüz vaxt olub?

- Olub. Sevdiyim insandan ayrılandan sonra.

- Özünüzü nəyə görəsə qınayırsınız?

- Olub. İnsanın başına nə gəlirsə, öz günahı ucbatındandır.

- Şanslı xanımsınız?

- Əgər həm özümün, həm də mənə əziz olan insanların sağlamlıq durumu yaxşıdırsa, ac qalmırıqsa və əhatəmdə məni sevən insanlar varsa, demək, çox şükür Allahıma ki, şanslıyam.

- Xəyanətin qurbanı olmusunuz?

- Bəli, özü də dəhşət dərəcədə.

- Sizcə, sual ünvanlamaq asandır, yoxsa cavab vermək?

- İnanın ki, cavab vermək.

- Özünə verəcəyiniz sual varmı?

- Hə, var. Kimi gözləyirsən, neyçün hələ də təksən? Öz həyatını qur da.

Bugünkü qonağımın həyatı klip ssenarisinin mövzusudur. Onu oxumaq kifayətdir ki, həmsöhbətimin həyat musiqisini dinləyəsən.

"Şəlalə" kənarında yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.