"Toylara 400 manata getməkdənsə havayı oxuyaram"

"Toylara 400 manata getməkdənsə havayı oxuyaram"

30 Noyabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
""Ay Zaur" verilişindən sonra atam stuldan yıxıldı, kəndimizdəki evi su basdı"

Tam səmimiyyətimlə deyə bilərəm ki, o, xanımlığı ilə səhnəyə yaraşır. Çünki səhnədə olarkən də həyatdakı kimidir, azərbaycanlılığını, xanımlığını qoruyub saxlaya bilir.

"Şəlalə" rubrikasının bugünkü qonağı əməkdar artist, prezident təqaüdçüsü Gülyaz Məmmədovadır.

- Özünüz haqda məlumat verərdiniz?

- 1970-ci il mayın 1-də Şəki şəhərinin Böyük Dəhnə kəndində anadan olmuşam. Musiqi kollecini və İncəsənət Universitetini bitirmişəm. Professional sənətə 1989-cu ildən gəlmişəm. Əməkdar artistəm, prezident təqaüdü alıram. Asəf Zeynallı adına musiqi məktəbində 18 ildir muğamdan dərs deyirəm. Opera və Balet Teatrının solistiyəm. Bir oğlum var 17 yaşında.

- Gülyaz, Gülyanaq bacılarının arasında söz-söhbət olurmu? Çox istərdim səmimi cavab verəsiniz.

- Səmimi olacam, söz verirəm. Söz-söhbətsiz ev olmur. Olur söz-söhbətlər, əsasən də nəyisə mən unudanda, nəyisə Gülyanaq unudanda. Bir də görürsən Gülyanaq uşaqların üstünə qışqıranda, mən də xalayam, istər-istəməz qoymuram, qışqırıram. Hansısa mahnını ifa etmişəm, bir də görürəm ki, Gülyanaq deyir, yaxşı oxumamısan, bir də oxu. Mən də fikirləşirəm, bacım düz deyir. Gedib təzədən oxuyuram. Təbiidir, olur söz-söhbət.

- Bəs niyə bəzi söz-söhbətlər yayıldı ki, Gülyazla Gülyanaq danışmırlar, məclislərdə ayrı-ayrı mahnıları ifa edirlər?

- Bax belə fikirləri mən qəbul edə bilmərəm. Eşidirəm, deyirlər, toylara gəlirik, ayrı-ayrı oxuyub gedirik. Belə söz-söhbətləri yayanlar bizi istəməyənlərdir. Mən demək istəyirəm ki, bacı-bacısı haqda qeybət etməz, ayağını basmaz. Ətlə dırnağın arasına girən iylənib çıxar. Biz çox mehribanıq, bir-birimizə, bütün bacı-qardaşımıza dayağıq. Məsələn, Gülyanaq özünə ayaqqabı, paltar alarsa, mənə də alar, mən ətir alaramsa, bacıma da alaram. Fikirləşmərik ki, pul alaq aldığımız əşyalara görə bir-birimizdən. Qardaşımın mənə ehtiyacı olsa, yaxud bacımın, heç vaxt bir-birimizə borc söhbəti eləyib pul vermərik, hər birimiz digərimizə dayağıq. "Quran"a əl basaram ki, yeznələrimizi çox istəyirik. Bizdə mehribançılıqdır. Heç kimdən də qorxmuram, sadəcə, biz uşaqlıq illərindən valideynlərimizdən elə tərbiyə görmüşük. Həmişə ailəmə can sağlığı arzu edirəm. Hərdən elə olur ki, tək oxumalıyıq.

- Bəs həyatda nəyə çox kədərlənirsiniz?

- Ad günümdə çox kədərlənirəm. Ailədə hamı sevinir, mənə deyirlər ki, niyə kədərlisən, deyirəm yaş üstünə yaş gəlir, qocalıq dövrünə gedirəm. Mənim yaşım qalxdıqca anamın yaşı artır. Həmişə ad günümdə ağlayıram.

- Gülyaz üçün estrada oxumaq çətindir, yoxsa muğam?

- Əlbəttə, muğam çətindir, estrada oxumağa nə var ki? Estradanı kim gəldi oxuya bilər. Bilirsiniz, təsadüfi estradaya düşənlər də var. Özünü reklam etmək üçün bir də görürsən estradadan keçib muğam oxuyur. Hər oxuyandan Molla Pənah çıxmaz.

- Bəs sizcə bu sənətə təsadüfi düşənlər kimdir?

- Mən istəmirəm ad çəkəm. Bir də görürsən ki, kimsə gəlir yanıma, deyir, müğənni olmaq istəyirəm, qulaq asıram, deyirəm, səsin yoxdur. İnciyir, gedir başqa müğənninin yanına, səhər bir də görürsən ki, efirdədir. Klip çəkdirib, səsi olmasa da, gündəmdə olur. Adlarını çəkmək istəmirəm, ehtiyac yoxdur, göz qabağındadır.

- Siz qalmaqaldan qaçırsınız, yoxsa qalmaqal sizdən? Ümumiyyətlə, qalmaqal nə deməkdir sizin üçün?

- Qalmaqal eləmək insanın səviyyəsini aşağı salır. Qalmaqal qeybət deməkdir. Gülyanaq da, mən də qalmaqaldan qaçırıq. Efirdə baxanda iyrənclikdir qalmaqal. Ustadımız Kamil müəllim bizə həmişə deyir, oxumaq lazımdır, qeybət eləmək lazım deyil. Belə baxanda, biz də qalmaqaldan qaçırıq, qalmaqal da bizdən. Bu sənətdə bizə qarşı nə qədər qısqanclıq olsa da, büruzə vermirik. Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır.

- Nə əcəb muğam ifaçıları arasında qalmaqala daha az rast gəlinir?

- Bilirsiniz, estrada janrında oxuyanlar aralarında olan qalmaqalı həmin an efirdə büruzə verirlər. Muğam oxuyanlar arasında qalmaqal olsa da, heç vaxt ağartmırlar. Muğamın çəkisi ağırdır. Muğamı oxumaq üçün gözəl səsin, geyim üslubun olmalıdır. Muğamda söz-söhbət qısqanclıq ucbatından olur, o da keçir.

- Bəs yeniyetmələrin muğama münasibətini, marağını necə qiymətləndirirsiniz?

- Çox əla baxıram. O qədər yaxşı oxuyanlar var ki. Dövlət tərəfindən yüksək qiymətləndirilir muğam. Məsələn, "Xalq ulduzu"nda muğam oxuyanlarımız seçilir. Ehtiramın, İlkinin, Könül Xasıyevanın, Kamilənin, bacım Gülyanağın ifalarını çox bəyənirəm. Bir çox sənətkarlarımız var ki, xüsusi olaraq onların ifalarından zövq alıram.

- Sirr deyilsə, Gülyaz toylara neçəyə gedir?

- Mən deyməyəcəm, istəmirəm deyəm.

- Məndə olan məlumata görə, 300-400 manata gedirsiniz...

- (Hirslənir) Nə danışırsınız? Heç vaxt o qiymətə getməmişəm. Toylara 300-400 manata getməkdənsə havayı oxuyaram, o qiymətə getmərəm. Məndən söz almaq istəyirsənsə, sənə deyə bilərəm. Öz səviyyəmi qoruyub saxlayıram. Məsələn, olur ki, 2 000 - 3 000 manat gəlir. Qiymət 15 000 manata kimi qalxır.

- Özünüzü xoşbəxt sanırsınızmı? Xoşbəxtlik insana verilir, yoxsa hər kəs özü qazanır?

- Xoşbəxtlik ikibaşlı olur. Xoşbəxtliyi Tanrı yazır insana. İnsanda şans da yaxşı şeydir. Sənətdə də xoşbəxtlik anlarla olur. Həyatda heç kim deyə bilməz ki, mən tam xoşbəxtəm.

- Bəs sənətə nələri qurban vermisiniz?

- Ömrümü, həyatımı qurban vermişəm. İstədiyim kimi dost-tanışımla yeyib içməmişəm. Bütün günü konsertlərdə, yollarda, tədbirlərdə olmuşam. Sənət insanı alır ağuşuna, vermir səni heç kimə. Sənətimi o qədər sevirəm ki, doymuram sənətimdən. Övladımı tar sinfinə qoymuşam, oxuyur. Amma o istəmir, başqa ixtisas istəyir.

- Bəs şəxsi həyatı qurban verdimi bu sənətə Gülyaz xanım?

- Şəlalə, çox xahiş edirəm, istəmirəm bu barədə danışam.

- Gülyaz xanım, səmimi olmağınızı istərdim, sevib ailə qurdunuz?

- Sözün düzü, istəmirəm bu barədə danışım. Razı saldınız, çox xahiş edirəm, nə deyəcəm, elə də yazın. Sevib ailə qurdum. Öz yerlimiz idi. 23 yaşında ailə qurdum. Bir sinifdə oxuyurduq, bir partada otururduq. "Leyli - Məcnun" olmuşuq, çox istəyirdik bir-birimizi. Allahın qismətidir. Allah bilən məsləhətdir, nə deyim. Sevgidən sevgi yaratmaq lazımdır. Həyatda dərdsiz insan yoxdur. Səbir də Allahdandır. Heç bir insanın həyatda tale yazısını bilmək olmaz. Keçmiş həyat yoldaşım istər-istəməz zəng eləyəndə yenə də sevgisini bildirir hərəkətləri ilə. Nə bilim həyatdır da.

- Demək, keçmiş həyat yoldaşınız sizinlə əlaqə saxlayır...

- Əlbəttə, tez-tez danışırıq telefonla, oğlumla əlaqə saxlayır. Atası da mənə həmişə minnətdarlıq bildirir ki, sən oğlumuzu əzab-əziyyətlə böyütdün. Danışırıq, həmişə də deyirəm, get, ailə qur. Uşağımın atası Moskvada yaşayır. İkimiz də Buğa bürcündənik. Sevsək də, dolana bilmədik. Gəlir, övladını görür. Amma evlənmir.

- Deyirsiniz, "Leyli-Məcnun" kimi sevmisiniz. Bəlkə yenidən barışasınız övladınızın xətrinə?

- Bilirsən (kövrəlir). 1996-cı ildən təkəm. Təkliyə artıq öyrənmişəm, istəmirəm bundan sonra bir yerdə olaq. Oğluma qaldıqda, artıq 17 yaşı var. Atası ilə danışır, görüşür lazım olanda. Sözün düzü, ayrılmağımızın səbəbi onunla Moskvaya getməməyim oldu. O, gedəndə müharibə dövrü idi. Heç bir işi düz gətirmədi, birdəfəlik çıxıb getdi. Dəfələrlə deyirəm, evlən, ailən olsun, yaşlı anan var, xeyri yoxdur, evlənmir. Bir araya çətin gələk. Çox qısqanc insandır. İstəyirəm xoşbəxt olsun, heç vaxt təhqiredici söz işlətmərəm, çünki o da bir evin övladı, uşağımın atasıdır.

- Bəs sizcə keçmiş həyat yoldaşınız razı olar Gülyaz yenidən ailə qursun?

- İnanıram razı ola. İnanın mənə, o qədər evlənmək təklif ediblər ki, heç biri də mənə qarşı pis fikirdə olmayıb, sadəcə istəmirəm. Artıq tək yaşamağa öyrənmişəm. Sənətim, ailəm yanımdadır.

- Bir müddət hamı danışdı ki, Gülyazın əri həbsxanadan çıxıb, gəlib Gülyazı döyüb gedib. Bəs niyə məhz bu söz-söhbət çıxdı?

- İlk dəfə bu söhbət Respublikanski xəstəxanadan çıxdı. Orada bir qohumum işləyir, liftə yuxarı qalxanda xəstə yanına gedənlərdən kimsə danışıb: "xəbəriniz var, Gülyazı əri döyüb, gözünün altı qaralıb". Bunu da qohumum mənə zəng edib gülə-gülə dedi. Sözün düzü, pis oldum. Səhəri "Xəzər" televiziyasında məni canlı efirə dəvət etmişdilər, çıxmaq istəmirdim. Amma bu söz-söhbətə son qoymaq üçün çıxdım. Çıxmasaydım, deyəcəkdilər, gözünün altı qaradır, döyülüb. Çıxdım, gördülər ki, yalandır.

- Həyatda səhviniz nədə olub?

- Həyatda olur səhv. Elə böyük səhvlərim olmayıb. Allah keçsin günahlarımızdan.

- Qorxaq həyatı sevmir, onu itirməkdən qorxur. Siz necə?

- Ölüm haqdır, qorxmuram. Amma zəlzələdən çox qorxuram. Bakıda zəlzələ olanda dörd-beş gün ağladım. Çox qorxuludur, durduğun yerdə başına ev uçur, bu nə deməkdir?! O, zəlzələdən sonra iki-üç il bədənim əsirdi, yatanda çox qorxurdum. Cansağlığı istəyirəm. Bu sənətə də canımı qurban vermişəm, belim ağrıyır hündür daban ayaqqabıda durmaqdan, qrip olursan. Can ağrıyanda heç nəyə həvəs olmur.

- Qısqanc insansınız?

- Baxır nəyə? Deməzdim qısqancam. Heç kimin nə geyiminə, nə maşınına, nə səsinə məndə qısqanclıq yoxdur. Çox əsəbi insanam. Romantik insanam, xəyallarda olmağı çox sevirəm. Bir gün qonaq gəlin, sizə çay süzüm. Baxın görün hansı xəyallara gedəcəm, danışacam.

- Cüt səbrə, yoxsa tək səbrə inanırsınız?

- Əvvəllər tək səbrə inanmırdım. Deyirdim, mənə cüt düşür. Sonralar fikir vermədim, tək səbir də düşür. Bir sözlə, Allahın adıdır tək səbir. İnanclardan da göz dəyməyə inanıram. "Ay Zaur" verilişi Şəkidə evimizdə çəkiləndən sonra başımıza gəlməyən oyun qalmadı. Atam stuldan yıxıldı, kəndimizdəki evi su basdı, qardaşım yıxıldı. Daha nələr oldu. Allah qorusun, hamısı göz, nəfəs idi.

- Bəzi müğənnilərə zəng edəndə telefonuna prodüseri cavab verir. Bəs sizin niyə prodüseriniz yoxdur?

- Mənə lazım deyil prodüser. O adama lazımdır ki, gündə toylara getsin, şouda qalmaqal etsin. Xanəndələrin heç birinin prodüseri yoxdur. Məsələn, mənim müdirim, qohum-əqrəbam zəng edir, toya görə zəng edirlər. Mən bunlara hörmətsizlik edə bilmərəm. Düzdür, prodüser bütün sənin işini bilir. Məni başıaşağı edəcək, gizli işim yoxdur ki, narahat olum. Sadəcə, mənə yad olan şeydir prodüser.

- Bəs niyə solo-konsert vermək istəmirsiniz? Bəlkə sizə tələbat yoxdur?

- İnanın, istəyirik solo-konsert verək, bir problem çıxır. Hazırda Gülyanaq yenidən ana olacaq. İnşaAllah oğlu yanvar aylarında dünyaya gələcək. Ondan sonra solo-konsert verəcəyik. Bir çox qastrollarda oluruq. Canlı konsertlər veririk, efirlərdə oluruq. Bir də kimsə çıxıb efirdə "20 illik hesabat" sözünü işlədəndə əsəbiləşirəm. Elə müğənnilər "20 illik", "25 illik" hesabat sözünü deyəndə bir fikirləşib danışsalar, yaxşı olar.

- Əsl xanəndə necə olmalıdır?

- Oturuşu, duruşu, səhnə geyimi olmalıdır. Xanəndənin geyimi daha fərqli olur. Muğam irsi simvoldur. Səhnəni əsas ələ ala bilməlisən. Xanəndə hər cür oxumalıdır. Mən Moldovan, İngilis, Türkmən dilində də oxumuşam. Hər bir musiqidən xəbəri olmalıdır xanəndənin.

- Gülyaz xanım hazırda kimlərə qulaq asır estrada ifaçılarından?

- Azərinə, Samirəyə, Mananaya qulaq asıram, çox xoşuma gəlirlər.

- Bəs bəzi kişi müğənnilərinin sir-sifətlərinə əl gəzdirməsinə necə baxırsınız?

- Keçmişdə sənətkarlar sürmədən istifadə edirdilər. Rəhmətlik Rəşid Behbudov həmişə qrim edirdi gözlərinə. Kamil müəllim deyir ki, Rəşid Behbudov elə sürmə çəkirdi ki, heç kim hiss eləmirdi. Qanundur, səhnəyə qrim eləyib çıxmalısan ki, sifətin solğun olmasın. Yalnız kişilərin silikon etdirməyinə pis baxıram.

- Hazırda oğlunuzla tək yaşayırsınız?

- Qardaşımın ailəsi də mənimlə birgə yaşayır. Ev problemi olduğu üçün hələlik mənimlədir.

- Ürəkdən haçan ağlamısınız?

- Şər-böhtana, haqsızlığa uğrayanda çox ağlayıram. Cavabını verəndə özlüyümdə deyirəm, niyə belə elədim? Sonra da Allaha tapşırıram mənə pislik edəni. "Qoy Allah cəzasını versin həmin insanın", deyirəm.

- Hazırda yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yeni 86 mahnıdan ibarət diskimiz çıxdı. Adını Gülyanaq-Gülyaz qoyduq. Hər cür ifa var orada.

- Maraqlıdır, efirlərdəki müsabiqələrə münasibətiniz necədir?

- Bu yaxınlarda İlhamə xanım bir söz dedi: "Azərbaycan müğənni istehsal edir, dalbadal ulduzlar çıxır". Məncə müsabiqələrin xeyri çoxdur. Seçilən iştirakçılar da Azərbaycanı başqa ölkələrdə təmsil edirlər.

- Şəlalə nə deməkdir sizin üçün?

- İnsani tərəfdən Şəlalənin vurğunuyam. Heç bir yerdə demədiyim fikirləri söylədim. Gözəl xanımsınız. Çox ürəyimcə oldu. Bir az sizi çox yordum, müsahibəni məndən götürənə qədər əl çəkmədiniz, doqquz il var ki, sizi tanıyıram. Bundan sonra da dostluğumuzu qoruyub saxlayarıq.

Jurnalist obyektiv olmalıdır. Düşündüyünü deyil, gördüyünü, eşitdiyini qələmə almalıdır. Bəzən elə müsahiblərim olur ki, qələm onu ifşa etmək üçün ağlayır. Bəzənsə qələmim həmsöhbətimin müsbət aurasına təslim olur. Etiraf edim ki, bu dəfə də həmin anı yaşadım. Qələmim səviyyəli bir xanımın tərcüməçisinə çevrildi. Bəlkə də kimin üçünsə subyektiv göründüm? Bəlkə də kimlərinsə ürəyindən tikanı çıxara bilmədim? Bəlkə belə lazım idi? Bəlkələr çoxdur. Amma bir şey həqiqətdir ki, bu dəfə də "Şəlalə" rubrikası obyektivliyini qorumağı bacardı. Çünki düşüncələrim gördüklərim və eşitdiklərimlə üst-üstə düşürdü.

"Şəlalə" kənarında yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.