"Bu çirkabdan haçansa uzaqlaşacam"

"Bu çirkabdan haçansa uzaqlaşacam"

19 Noyabr 2011 03:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Rəqsanə mənim rəfiqəm deyil ki"

Müğənnilərdən, incəsənət adamlarından çox yazmışam. Lakin bu dəfə şou-biznes prodüserindən yazmaq istədim. Çünki prodüser sözünün mənasını şou xarakterli layihənin istehsalçısı deməkdir. Deməli, istehsalçı olmasa, istehlakçılar, yəni tamaşaçılar və dinləyicilər hazır məhsul yerinə xammal və ya yarımfabrikatla kifayətlənməli olarlar. Əlbəttə ki, söhbət diskdaşıyandan, sürücüdən və ya mühafizəçidən getmirsə...

Bugünkü qonağım prodüser Təranə Səmədovadır.

- Təranə, özün haqda məlumat verərdin oxucularımıza.

- 1984-cü il oktyabr ayının 25-də Bakı şəhərində anadan olmuşam. Əslim Tovuzdandır. Ali təhsilliyəm. Bir qızım var.

- Bəs necə oldu ki, prodüser olmaq fikrinə düşdün?

- Mühit, həyatın gedişatı gətirib çıxartdı məni bu sənətə. Əvvəllər Az.TV, Lider, Spase televiziyalarında müxtəlif tədbirlər təşkil edirdim. Çox yaxşı da alınırdı. Bir də gördüm ki, artıq bu sahədəyəm. İlk işlədiyim müğənni də Pişik Günel olub. "Qısqanıram" mahnısının klipindən sonra hamı onu "Pişik" ləqəbi ilə tanıdı.

- Gözlərində parıldayan işığın səbəbi nədir?

- Çox xoşbəxtəm, çünki sevirəm. Sevdiklərimin əhatəsindəyəm. Sevdiyim insan yanımdadır. Sevgi parıltısıdır.

- Prodüser olmaq üçün hansısa bir məktəbi keçmək lazımdır?

- Əslində, lazımdır. Azərbaycanda bu məktəb yoxdur. Hazırda 10 nəfər prodüser varsa, biri mənəm. Prodüser məktəbi yaratmaq üçün vəsaitin olmalıdır ki, gedib Moskvada təhsil alıb gələsən. Buna da heç kimdə maraq yoxdur. Çünki zəmanə ilə ayaqlaşmaq lazımdır. Hamı öz ailəsini dolandırır. Çalışır ki, işlədiyi müğənninin tədbirlərini, toylarını təşkil etsin ki, gəlir götürsün. Təsəvvür edin ki, kiməsə maliyyə qoyub onu tanıdasan, səhər populyar ola, özünə elə bir kişi tapacaq ki, sonra məni tanımayacaq. Ona görə də faizlə çalışıram. Hazırda Rəqsanə ilə işləyirəm. Qazancım 20 %-dir. Mənə elə sərf edir. Kiməsə pul qoyum, səhər o məni tanımasın. Bu indiki zamanda düz gəlmir.

- Təranə, səmimi cavab ver, Rəqsanə ilə münasibətin necədir hazırda? Qolların gipsdədir, Rəqsanədən nəsə köməklik gəlir?

- Səmimi deyəcəm. Rəqsanə o gün efirdə dedi ki, gedib Təranəyə dəyəcəm. Amma hələ gəlməyib, bir xəbər yoxdur. Gecə el şənliyindən qayıdırdıq. Yol sürüşkən olduğundan qəzaya düşdük. Rəqsanəyə görə mən öz maşınımla getmişdim. Allah heç kəsə göstərməsin, düşmənimə də arzulamıram. Əgər Rəqsanə mənə görə belə olsaydı, onda görərdi ki, Təranə nələr eləyir. Bir dəfə də iyul ayının 2-də maşın çöndü. Allah balama bağışladı məni. Min şükür. Hər bir işdə kəramət var. Düzünü deyim, zəng eləmir, soyuqluq edir, özünə uyğun hərəkət edir. Mənim iki qolumun gipsdə olmağı daimi deyil. İncimirəm, Rəqsanə mənim rəfiqəm deyil ki. Sadəcə, onunla işləyirəm. İnciyərəm rəfiqələrimdən, yaxın dostlarımdan. Onlar hər gün demək olar ki, yanımdadırlar. Rəqsanədən inciyə də bilərəm, haqqım buna var. Amma ona bələdəm.

- Bəs Rəqsanə özü gəlməsə də, maddi cəhətdən köməklik göstərib?

- Yalan deyə bilmərəm, maddi cəhətdən heç bir köməkliyi olmayıb. Niyə mənə eləsin, qoy özü-özünə eləsin köməkliyi. Mənim ruzimi Allah-Təala yetirir. Heç kim sinəsinə döyməsin ki, Təranəni mən dolandırıram. İşim müqabilində pulumu qazanıram. 27 yaşım var, fikirləşirəm ki, gələcəkdə özüm üçün nəsə bir karyera qurum, ayrılım bu sahədən. Bir aydan sonra qollarım gipsdən açılacaq. Ondan sonra biləcəm ki, işlərim necə olacaq.

- Deyirsən, sevdiyin şəxs yanındadır, bundan sonra heç vaxt başqasını belə sevə bilməzsən. Münasibətlərinizi rəsmiləşdirmək fikriniz yoxdur?

- Sevdiyim insan subaydır. Onunla ailə qurmaq fikrim yoxdur, nağıllara da inanmıram. Əgər inansaydım, bir çoxu kimi başqa cür olardı. Məni tanıyanlar bilir, öz ailəmi də özüm dağıtmışam. Mənə hörmət qoyan kiminsə həyatını dağıda bilmərəm. Sevdiyim insanın valideynlərinin arzusudur oğul toyu görmək. Mənim bir körpəm var, istəmirəm bir insanın həyatına müdaxilə edim. Mənim üçün bu gün sevdiyim insan yanımdadır, çox xoşbəxtəm, arxa dayağımdır, vəssalam. Çox qısqanıram, amma bilirəm ki, sevgimiz qarşılıqlıdır. Həyatı da çox sevirəm, bunu hamı bilir.

- Təranə, ailə insana niyə lazımdır? Deyirsən ki, mən istədim ailəmi dağıtdım, peşman deyilsən ki?

- Ailə dayaqdır, hörmətdir, sevgidir. Çox müzakirə oldu vaxtında mənim ailə problemim, çox istədilər mənə zərbə vursunlar, bacarmadılar. Faytonçu Nazimin müsahibəsini oxudum. Çox təşəkkür edirəm ki, düzgün rəyini bildirdi. Heç kim istəməz ki, ailəsi dağılsın. Bu gün ondan qorxmuram, çəkinmirəm, hər şeyi deyirəm. Çox xahiş edirəm, necə deyirəmsə, elə də qeyd edin. Onun oriyentasiyası var idi kişilərə qarşı. Mən ona dedim ki, kişi kimi yaşayırsan yaşa, yaşamırsan yaşama, ayrılaq. Əsas da Kərimin sevgi mesajları məni bezdirmişdi. Axirətin əməlləri idi, baş verirdi.

- Təranə Kərim kimə yazırdı həmin mesajları? Necə oldu ki, sən bildin?

- Kərimə mesajları Rüfət yazırdı: "Kərim, mən səni başa düşürəm, ailəlisən, səni ailənə qısqanıram. Məndən ayrılma, çalışacam bundan sonra səni qısqanmayım". Kərim də ona E-mail göndərirdi - ağlayan şəkil. Kərim bilmirdi ki, onun internet şəbəkəsində profilini mən yaratmışam, kodu dəyişsə də, mən köhnə kodla tapıb onun səhifəsini izləyirdim. Elə bil bunların bir-birinə sevgisi Braziliya serialları kimi idi. Mən onun bu hərəkətini üzünə deyəndə qardaşının qəbrinə and içdi ki, mənim günahım yoxdur. Özünə dedim, and içmə, rəhmətlik sənin bu gününü görsəydi, qeyrəti yol verməzdi, səni öldürərdi. Günahı məndə görürdülər, şükür övladım oldu.

- Sən onu ittiham etdin. Təranə qorxmur ki, Kərimlə yenidən qalmaqala düşər?

- Mən niyə qorxmalıyam? Sadəcə, şou-biznes əhlinə burdan müraciətim var: "onun yanından keçəndə küləklə getməsinlər, yoxsa səhər polis bölməsindən zəng gələ bilər".

- Təranəyə polis bölməsindən zəng gəlib?

- Gəlib, ailə qurmamışdan qabaq mənə zəng gəldi, Təranə siz Kərimin yaşadığı tərəfdən maşınla çox keçirsiniz? Mən dedim ki, bəlkə buralardan çıxım gedim? Kərimi mən atmışam, hamı bilir, dəfələrlə barışmaq üçün gəldi, mən qəbul etmədim.

- Kərim sənə haçan barışmaq elan edib ki?

- Qızım olanda zəng eləyib ağladı. Evlənməmişdən qabaq idi, zəng elədi, dedi, sənin maşınının nömrəsi budur? Dedim, hə. Bəs niyə qarlı havada saxlamısan, - deyə soruşdu. Şoka düşdüm, mənim həyətimdə nə gəzirdi bu? Qızım üç aylıq olanda paltar alıb gətirmişdi. Dəfələrlə barışmaq istədi, mən qəbul etmədim. Toyuna bir həftə qalmış axırıncı dəfə mənə hədə-qorxu gəldi ki, ətrafımda gəzmə.

- Kərim Təranə adlı xanımla ailə qurdu. Bəs Təranə Kərim adlı bəylə ailə qurardımı?

- Bilirəm, adı Təranədir. Hələ adını dəyişib Nigar qoymaq istəyirdi. Kərimin anasına imkanlı xanım lazım idi, alsın. Mənə elə gəlir ki, anası özü üçün alıb gəlini, Kərimə yox. Əgər Kərim adında bəy əsl kişi olarsa, eləsi ilə ailə quraram. Onu da deyim ki, artıq ailə qurmaq fikrim yoxdur. Sevdiyim insan yanımdadır, hazırda övladımı fikirləşirəm. Bildirim ki, Kərim ailə quranda gülə-gülə qarşıladım. Çünki ona bələdəm, sadəcə, Pişik Günelin orda iştirak etməsi mənə bir az təsir etdi. Günel gərək getməzdi. Məni heç nə qıcıqlandıra bilməz.

- Təranə təhlükəli qadındır?

- Döymə taxta qapımı, döyməyim dəmir qapını. Təhlükəli ola bilərəm. İnsan hərdən hər şeyi ölçür-biçir. Haradasa haqsızlığa rast gələndə istər-istəməz özünü cilovlaya bilmir. Belə baxanda çox təhlükəliyəm. Yerində ölçürəm, biçirəm, sonra elə hərəkət edirəm ki, bir də görür ki, quyudadır.

- Bu yaxınlarda müsahibim Əli Mirəliyev bildirdi ki, Azərbaycanda prodüser yoxdur. Prodüser sözünün mənası nədir, bilmirlər, yerindən duran deyir prodüserəm.

- Əli Mirəliyevlə münasibətim çox gözəldir. Əgər Əli müəllim məni şəxsən prodüser saymırsa, mən də onu müğənni saymıram. Məni nəzərdə tutubsa, mən də ona belə cavab verərəm: "Səməd Səmədova Cavanşirə, Ruhəngiz Musəviyə söz atdı, hamı onu əldə oyuncaq saydı. Həmişə maşınımda onun "Yaraşaydıq" mahnısına qulaq asıb fikirləşirdim: "axı bunun necə səsi var ki, hamının bostanına daş atır?" Efirlərə reytinq lazım idi. Əgər Əli Mirəliyev mənə söz atıbsa, mən də onu müğənni saymıram.

- Ürəkdən haçan ağlamısan?

- Övladım dünyaya gələndə. Düz bir həftə ağlamışam. Elə bil sevinc depressiyasında idim. Analıq yüksək zirvədir. Sevinirdim, yatanda baxırdım, elə bil balaca məsum mələk idi. Mən qızımın həm atası, həm anasıyam. Onun məndən başqa dayaq yeri yoxdur.

- Sevdiyin insana sevgini necə isbat edərdin?

- Qeyri-adi isbat edərdim. Bilirəm, məndən qabaq da çox qızlarla tanış olub, artıq tam əminəm ki, həyatında tək mənəm. İnandırıb məni, bu gün onun yanındayamsa, mənim üçün xoşdur. Bundan sonra 10 il ömrüm olsa da, heç kimi istəməyəcəm, sonuncu sevgimdir. Bütün həyatımla onu istəyirəm, mənə qarşı diqqətlidir, bu gün yanımdadır, bundan artıq nə istəyə bilərəm? Beş aydır bir yerdəyik, mənə dəyər verir. Əsl kişidir.

- Şəlalə sənin üçün nə deməkdir?

- İnanın, çox müsbət enerji aldım, gecə saat 3 00-də bu cür enerji... Mənə çox zövq verdi. Görün neçə müddətdir danışırıq, müsahibə bu günə qismət imiş.

- Ürəyində hansı sualın qaldı?

- Sadəcə, bildirirəm Kərim haqda nə danışdım, düz dedim, peşman deyiləm, ondan qorxmuram. İstəyir məni getsin versin məhkəməyə, polisə, qorxmuram. Üz-üzə gəlmək istəmirəm. Zibil yeşiyinin qarşısında qara siçana hörmətim var, ona yox.

- Fala münasibətin necədir?

- Maraq üçün baxdırırdım, rəfiqələrim də həmişə deyirdi, filankəs bu sözü demişdi, yadımdan çıxırdı falçıların dedikləri.

- Həyatdan nə istəyirsən?

- Normal bir işə sahib olub şou-biznesdən uzaq olum. Qızım var, istəyirəm onu böyüdüm, onun xoşbəxtliyini görüm. Nə yaxşı ki, anam yanımdadır, ailəm yanımdadır. Naşükür insan deyiləm, gözəl övladım var. Qadına həyatda nə lazımdır? Xoşbəxtçilik, o da ki, məndə var. İstəyirəm övladımın adına ləkə gəlməsin, şou-biznes çirkablıqdır. İnşaAllah bu çirkabdan haçansa uzaqlaşacam.

- Səncə, gözlər qəlbin aynasıdır?

- Baxır kimin gözləri, saf insanların gözləri qəlbinin aynasıdır.

Bu gün mən də qısa bir müddətə prodüser oldum. Yəni səmimi bir söhbətdən geniş bir müsahibə yaratdım.

Şəlalə kənarında görüşənədək...

Şəlalə NƏRİMAN