"İlk sevgim Kəmalə Rəhimli olub"

"İlk sevgim Kəmalə Rəhimli olub"

4 Noyabr 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Qadınla bir-birini dəlicəsinə sevirsən və ağlagəlməz addımlar atırsan"

Həyat bir tamaşadır. Ssenarisi göylərdə yazılan, rəssamı təbiət olan, mələklər tərəfindən quruluş verilən bir tamaşa. Biz insanlar sadəcə qismətimizə düşən rolu oynayırıq. Bu zaman kimiləri baş rol ifaçısı olur, kimiləri epizod. Əsas odur ki, həyatın tragikomediyaya dönməsin.

"Şəlalə" rubrikasının bugünkü qonağı həmkarları arasında sayılıb-seçilən, insani keyfiyyətlərinə görə çoxlarının tərəf müqabili olmağı bacaran klip rejissoru Nail Naiboğludur.

- Özünüz haqda məlumat verərdiniz?

- 1975-ci il 20 dekabrda anadan olmuşam. Xarici dillər institutunu bitirmişəm. O vaxt atam razı olmadı ki, İncəsənət Universitetinə daxil olum. Ona görə də sənədlərimi Xarici dillərə verdim. Axşam fakültəsində oxuduğum üçün gündüzlər işləməli idim. O illərdə Bakıda radio "Sara" fəaliyyət göstərirdi. Orada işə girdim. Beləcə başladı mənim fəaliyyətim. Müxtəlif yerlərdə prodüser, təşkilatçı, müxbir işlədim. Amma ən böyük arzum klip rejissoru olmaq idi. 2005-ci ildə arzuma çatdım. Ailəliyəm 2 övladım var.

- Sizi şou - biznesdə nə cəlb edir?

- Uşaqlıq arzum idi klip rejissoru olmaq. Məktəbdə hamı bilirdi ki, incəsənətdən ötrü dəliyəm. Mən Xarici dillərə daxil olanda çoxları məktəbdə inanmırdılar ki, mən incəsənəti qoyub başqa instituta daxil olmuşam.

- Bəs niyə bəzi həmkarlarınız sizi rejissor kimi bəyənmir?

- Bu sualı onlara verin. Mənə lazım olan insanlar məni rejissor kimi dəyərləndirirlər. Həmişə deyirəm, hər aşiqin bir dövranı var. İndi də mənim dövranımdır. Əgər bir ay ərzində 5-6 klip çəkirəmsə, bu mənim günahım deyil ki. Məni İlhamə xanım kimi sənətkarlar dəyərləndirir. Düzünü deyim, hansısa həmkarımın məni rejissor sayıb saymamağı məni qətiyyən maraqlandırmır.

- Məşhurluq sizin üçün nədir?

- Heç vaxt məşhurluq dalınca qaçmamışam. Rejissorluğa sırf işim kimi yanaşıram. Bu işdən də pul qazanıram. Qoy heç kimin xətrinə dəyməsin, amma bu gün ən çox klip çəkən rejissoram. Təbii ki, işlədiyim müğənnidən mənəvi zövq də almalıyam.

- Həyatınızda yeri boş qalan şey nədir?

- Anamı tez itirmişəm. Ən böyük arzusu idi ki, mən məşhur olum. Əminəm ki, onun Tanrı dərgahında mənim üçün etdiyi dualar mənə uğur bəxş edir. Şükür olsun ki, Tanrı mənə hər şey verib. İlk növbədə öz sevgisindən əsirgəməyib.

- Sizcə əsl sevgi nədir?

- Uşaq idim ilk dəfə sevəndə. Gülməli olsa da, ilk sevgim Kəmalə Rəhimli olub. Onu TV-də görəndə az qalırdı girim televizorun içinə. Təbii ki, sonralar anladım ki, bu sevgi fanat sevgisidir. Amma məktəbdə 2-ci sinifdə oxuyanda öz parta yoldaşıma vuruldum. Hətta yadımdadır ki, ona 8 martda kukla da hədiyyə almışdım. 11 ildir əsl sevgimi ailəmdə tapdım.

- Sirr deyilsə klipi neçəyə çəkirsiniz?

- Standart qiymət yoxdur. Elə klip olub ki, hədiyyə çəkmişəm. Eləsi olub ki, imkansız gənc müğənni məndən dəstək istəyib, çox ucuz çəkmişəm. Elə müğənni də olub ki, ondan yetərincə pul almışam. Ən bahalı klipimi 10000 manata çəkmişəm.

- Aygün Kazımova 70000 manata klip çəkdirdi. Sizcə bu nə qədər inandırıcıdır?

- Ola bilər, inanıram. Çünki, səhv etmirəmsə, böyük bir qrup gəlmişdi. Elə onların nəqliyyat xərci, yemək-içməyi bir xeyli pul tutur. Məsələn, Ruhi üçün Hindistanda klip çəkdirdim. Elə yol və hotel pulu 20000 avro tutmuşdu. Ruhinin Hindistandakı klipinin ümumi xərci 60000 manatdan yuxarı idi. İndi bu o demək deyildi ki, o, pulun hamısı mənə çatıb.

- Bəzi sənətkarlar sizi diplom satmaqda ittiham edirlər. Doğrudan da "Zirvədəkilər" mükafatını 300 dollara satırsınız?

- Kimsə çıxıb deməyib ki, mən Nailin keçirdiyi tədbirdə diplom almaq üçün pul vermişəm. Təbii ki, kimsə mükafata layiq olmayıbsa və ya kiməsə mükafat verilməndən imtina etmişəmsə, həmin adamlar mənə şər atacaqlar. Onların danışdıqları elə havada qaldı. Çünki "Zirvədəkilər" mükafatının təqdimatı çox yüksək səviyyədə keçdi və böyük rəğbətlə qarşılandı. Unudulmuş müğənnilər mənim adımla özlərini reklam edirlər.

- Həmkarınız Zorik niyə sizi falçı adlandırmışdı?

- Kim nə qədər istəyir haqqımda danışsın, mən öz işimlə, yaradıcılığımla məşğulam. Mən efirlərə çıxıb ancaq yeni işlərimdən, çəkdiyim kliplərdən danışıram. Kiminsə adını çəkmirəm. Çünki buna ehtiyacım yoxdur. Kimsə mənim adımı çəkirsə, deməli, mənim adıma ehtiyac duyur reklam üçün qoy çəksinlər də.

- Sizcə həmkarınızın reklama ehtiyacı var?

- Xahiş edirəm, bu sualdan kənar keçək, mən elə adam tanımıram və heç vaxt da tanımayacağam. Nə onun özü, nə də işləri mənim üçün maraqlı deyil.

- Nail qorxduğu üçünmü suallardan yan keçir?

- Nail Allahdan başqa heç kimdən qorxmur. Sadəcə, Nailin kimisə reklam etmək fikri yoxdur. Bir də ki, Nailə kiminsə adını hallandırıb özünə reklam qazanmağa ehtiyac yoxdur, çünki Nailin yetərincə reklamı və işləri var.

- Əsl dost nə deməkdir sizin üçün?

- Şükürlər olsun ki, Allah mənə əsl dost nəsib edib. Pərviz Oqtay oğlu mənim həm qardaşım, həm də əsl dostumdur. Mən həmişə deyirəm, Pərvizlə mən birlikdə şou-biznesəm. Mən şouya, o da biznes işinə baxır. Mənə dəstək duran hər kəsdən hər zaman halalıq istəyirəm. Çünki mən haramdan çox qorxuram.

- Dar ayaqda sizə kömək edən olubmu?

- O qədər kömək edən olub. Mən də az kömək etməmişəm. Allahın xoşbəxt bəndəsiyəm ki, hər vaxt yaxşı insanlar qabağıma çıxır. Həm də özümün naxışım var.

- Həyat insanı çətinləşdirir, yoxsa insan həyatı?

- İnsanın həyatda nə başına gəlirsə, dilinin ucbatından gəlir. Məncə, insan həyatı çətinləşdirir.

- Vaxt Nailə qalib gəlir, yoxsa Nail vaxta?

- Nail və vaxt bir-birilərini tamamlayır. Çox səbirli adamam. Bir iş olana kimi gözləyəcək qədər səbrim var. Yəni hər şeyi vaxtında edirəm.

- Özünüzə rəqib kimi görürsünüz?

- Özümə heç kimi rəqib görmürəm. Çünki hər kəsin öz yolu var. Ancaq başı boşlar kimisə özü ilə müqayisə edib, "mən ondan yaxşıyam" deyə bilər.

- Əksər müğənnilərin toydan əlavə başqa gəlir mənbələri var. Bəs sizin necə?

- Xırda biznesim var.

- Göz nəfisdən qorxurmu?

- İnanıram elə şeyə, hətta səbrə də inanıram, düşmür mənə.

- Sizcə qadın sevəndə təhlükəli ola bilərmi?

- Mənim üçün elə ən təhlükəli insan xanımdır. Çünki qadınla bir-birini dəlicəsinə sevirsən və ağlagəlməz addımlar atırsan.

- Bəs xəyanət nədir sizin üçün?

- O söz mənə yaddır.

- Hazırda hansı işlə məşğulsunuz?

- Yeni 4 klip çəkmişəm, bu yaxınlarda görəcəksiniz. Bir çox yeniliklərim olacaq.

- Qısqanc insansınız?

- Bəli, qısqancam. Mənfi cəhətim odur ki, insanları sevirəm, onlara etibar edirəm, sadəyəm, səmimiyəm. Eyni zamanda mənfi cəhətlərimi özümə müsbət cəhət hesab edirəm.

- Şəlalə sizin üçün nə deməkdir?

- Kadrlara gözəllik verən mənzərə.

Bir çox musiqi parçalarına çəkilən klipləri onun obyektivindən izləmişdiniz. Bu gün isə o, sizin obyektivinizdə oldu. Necə var idisə, elə də göründü...

Şəlalə Nəriman

O.M.