Təbrizli şair xalı toxudub, Moskvaya apardı

Təbrizli şair xalı toxudub, Moskvaya apardı

5 Dekabr 2017 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış təbrizli şair və iş adamı Məhəmməd Çalğın Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Mediainfo.az Kult.az-a istinadən həmin müsahibəni təqdim edir

- Qışın oğlan çağı ərəfəsində soyuq Moskvaya səfərin səbəbi nədir?

- Səfərimin əsas səbəbi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı yarışmasına hazırlanan xalının layihə sədri olmağımdır. Hazırladığımız xalı dünyanın muzeylərində olan xalılar qədər qiymətlidir. İnşallah, satılar, puluna ehtiyacımız var, satılmaz, Kremlin, ya da Rusiya Federasiyasının hansısa muzeyinə hədiyyə edərik.

- Rusiya, xüsusilə Moskva cənublu şairin gözünə necə görünür, yaddaşına necə hopur?

- Moskvada hərəkət var, üsyan var, sanki. Həyat çox qaynardır. Əcəb də seviləsi şəhərdir. Moskvanı şeir kimi görürəm. Moskvanı oxuyuram sanki. Bəlkə də Mayakovskinin, ya Nazim Hikmətin ruhu düşünüb ki, cənublu bir şair gəlib, bu şimal şəhərinin soyuğunda qızınsın.

- Sənin bəzi şeirlərində təfəkkürün məhsulu boy verir, yəni yaşantılarından çox düşüncələrin olur şeirlərində. Səncə, Rusiyada qısa müddətdə olmağın obrazlarında hər hansı dəyişikliklər edəcəkmi?

- Moskvada ikinci dəfədir oluram. İlk dəfə burada çox qala bilmədim. İndi şəhəri gəzdikdə hiss etdim ki, mənə müsbət enerji bağışladı, buranı şairlər şəhəri kimi hiss etdim və sevdim. Əminəm ki, içimdə yenə də yeniliklər olacaq. Zira, bir şairi heç bir kitab etdiyi səfər kimi savadlandırmaz. Mən gəzdikcə öyrənirəm.

- Təbrizli şair Moskvada yaşaya bilərmi?

- Anam çox darıxar məndən ötrü. Anam darıxmasaydı, demirəm həmişəlik, amma ən azı 1 il Moskvada yaşayardım. Moskvadan doymaq olmur ki.

- "Qəriblik, qəriblik, aman qəriblik/Çökübdür sinəmə uca dağ kimi", - yazmısan. 3-4 günə qəriblik təsir edirsə, 1 il necə qalacaqsan?

- Heç yer vətən ola bilməz. Vətənin bir qarış yerini dünyaya dəyişmək olmaz. Gəzməyə qürbət ölkə.., - deyiblər. Vətən üçün darıxıram.