"Adlarını "Ulduz" qoyublar, ancaq göbələkdirlər"

"Adlarını "Ulduz" qoyublar, ancaq göbələkdirlər"

3 Oktyabr 2011 16:08
3 555
Bəyəndim (0) Bəyənmədim (0)
Yoldaşıma deyirəm ki, qulaqların kar, gözün kor olsun, heç nəyə fikir vermə

İndiki toylar dəbdəbəli şadlıq saraylarında təşkil olunur. Saray varsa, deməli, kral və kraliça da olmalıdır. Heç kim məndən inciməsin, məncə, toyun yeganə kralı və kraliçası bəylə gəlindir. Yerdə qalanlar isə taxt-tac sahiblərinin şərəfinə toplaşırlar. Onların arasında gözəl istedada malik müğənnilər və sənətkarlar da olur. Köhnə kişilər onlara xanəndə deyərdilər.

Şəlalə rubrikasının bugünkü qonağı "Toylar kraliçası" televiziya yarışmasının qalibi Zəminə Məmmədlidir.

- Zəminə xanım, özünüz haqda qısa məlumat verərdiniz?

- 1966-cı ildə Lənkəranda anadan olmuşam. Bir oğlum, bir qızım, iki nəvəm var. Mədəni Maarif Texnikumunun Vokal Fakültəsini bitirmişəm. İyirmi üç ildir toylardayam.

- İlk dəfə efirə nə vaxt çıxmısınız?

- 1992-ci ildən AzTV 1-in bütün verilişlərində iştirak edirəm.

- Sizi "Toylar kraliçası" proyektindən tanıyırlar. Zəminə kraliça olandan sonra həyatında nələr dəyişdi?

- "Toylar kraliçası" proyektində II Kraliça oldum. I kraliça Samirə xanım idi. Layihədən sonra toylarım çoxaldı. Toylarımın qiyməti də qalxdı. Kraliça kimi təsdiq etdilər məni, titulum artdı.

- Sirr deyilsə, əvvəl toylara neçəyə gedirdiniz, kraliça olandan sonra neçəyə gedirsiniz?

- Əvvəl 800-1000 dollara gedirdim. İndi 1500-2000 manata gedirəm, amma ansamblsız. Ansamblla gedəndə qiymət ikiqat artır.

- Bu yaxınlarda müsahibim Samirə Yusif qızı "Toylar Kraliçası" proyektinə öz etirazını bildirdi: "Kral da, kraliça da bir dənə olsa yaxşıdır", dedi. Bəs Zəminə xanım bu fikrə necə baxır?

- Samirənin öz fikridir. Mən istəyirəm çox olsun krallar, kraliçalar. Sağ olsun ANS televiziyası, bütün istedadları üzə çıxardılar. Səhnədə özlərinə "Ulduz" adını qoyanlar da gəlib 5 saat canlı oxusunlar, mən də. Heç vaxt fonoqrama ilə oxumuram. Bir də ki, kral, kraliça çox olsa da, axırda bir-birimizlə duelə çıxacağıq. Nadirə xanım bu barədə mənə deyib: "Haçansa həmin proyektdə seçilən krallar, kraliçalar bir-birləri ilə yarışacaqlar".

- Sizcə "Toylar kraliçası" proyektində haqsızlığa yol verildimi? Ümumiyyətlə, Zəminə xanım bu yarışmada iştirak etmək üçün kiməsə pul verdimi?

- Əvvəllər mən elə düşünürdüm ki, pul verim, qabağa düşüm. Proyektdə iştirak etdim, gördüm ki, pul söhbəti yoxdur. Qorxurdum kimsə pul verib qabağa düşər. Kraliça olandan sonra bütün səs faizlərini yoxladım, hamısı üst-üstə düşdü. 19 min səslə qalib gəldim. Rəqibimin 18 min səsi var idi. Özümün SMS-ə 2000-3000 dollar pulum çıxdı. ANS-də düzgün, qərəzsiz veriliş gedirdi. Saxtakarlıq olmadı.

- Bəs sizə kim dəstək oldu kraliça olmaq üçün?

- Qayınlarım mənə çox dəstək oldular. Kimlərin ki toylarında oxumuşam, onlar mənə dəstək oldular. Fürsətdən istifadə edib Oxumeni.az saytı vasitəsi ilə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz müəllimə, onun atası Qurban kişiyə, anası Zümrüd xanıma, "Xəzər Lənkəran"ın prezidenti Mais müəllimə öz minnətdarlığımı bildirirəm. Kraliça seçilim deyə mənə çox dəstək oldular.

- "Toylar Kraliçası"nda çox şit hərəkətlərə yol verildi. Əsas da bir çox xanımların geyimi, ortalığa düşüb oynamağı tamaşaçılar tərəfindən pis qarşılandı. Bəs Zəminə xanım özünü necə aparırdı?

- Mən bu sualla çox razıyam. Bəzən mənə də toylarda yaxınlaşıb iradlar bildirirlər. Bəziləri var idi, özünü çox şit aparırdı. Çox qısa geyinib gəlirdilər. Mən özümə cavabdehəm. Yoldaşımla, qızımla gəlirdim verilişə. Fikrimi bildirirdim, narazılıq yaranırdı. Bir də görürdüm, yerdən mənə deyirdilər, sən mahnı oxu, durub oynayaq. Çingiz müəllimlə Nadirə xanım onların oynamağına narazı idilər. Mən Allahdan başqa heç kimdən qorxmuram. Özüm də çox pis baxırdım. Mən şit hərəkətlərə heç vaxt yol verə bilmərəm, qayınanayam axı.

- Məndə olan məlumata görə, Zəminə xanımın Səbirə xanımla sözləri çəp gəlib, bir-birlərini çox pis təhqir ediblər. Səbəb nə idi?

- Olduğu kimi danışacam. Yenə deyirəm, mənim həmin xanımla indi də münasibətim yoxdur, mən ondan qorxmuram. Həmin Səbirə xanımla mən duelə çıxdım. Mənə demişdilər ki, çox güclü oxuyandır, ehtiyatlı ol. Birinci mən oxumağa başladım. Münsiflər məni təriflədilər. Ona isə dedilər ki, sən zəif oxudun. Nə isə, bu uduzdu, inciklik ondan oldu. Axırıncı gün verilişdə oturmuşdum, yoldaşım yanımda idi. Reklam fasiləsində gəlib mənə dedi ki, dur yerimdən, mən burada oturacam. Başladı ağzına gələni deməyə. Dava başladı, ağzımıza gələni bir-birimizə dedik. Münsiflər də mənim sözümü deyirdilər. Bu da elə bilirdi ki, onlara pul vermişəm. Allaha and olsun, bir dəfə də pul söhbəti olmayıb, mənə şər atmaq istəyirdi. Kraliça seçiləndə verilişə bağlandı. "Zəminə pis oxuyurdu məndən", - dedi. Münsiflərdən də Ceyran xanım onun zəif olduğunu bildirdi. Mən də dedim, Səbirə, əgər sənə uduzsaydım, burada mikrofonu qoyub, çıxıb gedərdim. 26-cı Polis bölməsindən də davamız haqda maraqlandılar, mənə də çox dəstək oldular. Pislik özünə qaldı.

- Hansı müğənnilərlə işləmisiniz?

- Baloğlan Əşrəfovla, Ağadadaş Ağayevlə, Cavad Rəcəbovla, Yusif Mustafayevlə.

- İndi "Kraliça" titulunuz var. Sizə 200-300 dollar versələr, həmin müğənnilərlə toylarda oxuyarsınız?

- Niyə oxumuram, onlar mənim böyüyümdü. Oxuyaram, mən heç vaxt onlara qiymət deməmişəm. Həmişə halallıqla olub. Hamısından razıyam.

- Hansı müğənnilərə qulaq asırsınız?

- Ən çox Flora Kərimovaya, bir də Röyaya.

- Bəs niyə bir çox müğənni xanımlar Zəminəni bəyənmir?

- Məni bəyənməyənləri mən də bəyənmirəm.

- Qəhqəhə deyilən bir maska var. Siz "Toylar Kraliçası" olanda sizin üzünüzə gülüb, paxıllığınızı çəkən olubmu?

- O qədər. Elə səhnədə qızların içində paxıllığımı çəkən çox oldu. Yalandan üzümə gülürdülər. Qohum-əqrəbalarda da oldu paxıllıq çəkənlər. Bir çoxlarının maskası cırıldı.

- Həyat yoldaşınız qısqancdır? Toylardan evə gec gəlməyiniz söz-söhbətə səbəb olmur ki?

- Yox, yoldaşım mənə çox dəstək oldu. "Toylar Kraliçası" proyektinə də yoldaşım gətirdi məni. Demək olar ki, bütün günü bir yerdəyik, toylara onunla gedirəm. Oğlum sintezator çalır, yoldaşımın özü nağara çalan olub. Mən heç vaxt heç yerə tək getmirəm. Onun özünə həmişə deyirəm, toydu, sənətimdi, işləyirəm ki, ailəmi saxlayım. Qulaqların kar, gözün kor olsun, heç nəyə fikir vermə. Məni tanıyanlar bilir, mən onsuz heç bir addım atmıram.

- Bəs həyat yoldaşınız işləmir?

- Elə mənimlə bütün günü bir yerdə toydadır. Mən tək bacara bilmərəm. Bu da işdir də, maşın sürür, işlərimizi görürük.

- Şanslı xanımsınız?

- Çox şükür Allaha! İyirmi iki yaşında oğlum, iyirmi üç yaşında qızım, iki nəvəm, həyat yoldaşım yanımdadır. Sənətim, evim, maşınım, hər şeyim var.

- Bəs özünüzdə nəyi bəyənmirsiniz?

- Çox ürəyiaçıq insanam.

- Heç özünüzü tənqid etmisiniz?

- Hə, olur ki, çox yoruluram. Deyirəm ki, kaş evdə oturardım, toylara getməzdim, hazır yeməyim gələrdi qabağıma. Müğənnilik çox ağır sənətdir.

- Heç özünüz haqda şayiə eşitmisiniz?

- Məni toya dəvət eləyiblər. Deyiblər, Zəminə ölüb, mən də toya getməmişəm.

- Qadına xoşbəxt olmaq üçün nə lazımdır?

- Ailə.

- Sizcə toyda oxumaqla möhtəşəm malikanələr, binalar, bahalı avtomaşınlar əldə etmək olar?

- Heç vaxt toy oxumaqla həmin dəqiqə villa, maşın almaq olmaz. Gərək iyirmi il keçə, deyəsən ki, əziyyət çəkdim, aldım həmin villaları, maşınları. Bəzi ulduzlar var, onları "day-daylar" arvad kimi saxlayırlar. Səhnədə bir çoxları var, qızı uşağıyam deyə-deyə 30-40 minlik maşın sürürlər, villada oturublar. Mən tanıyıram elələrini, onlara yaxşı baxmıram. Həmin adamlar adlarını "Ulduz" qoyublar, ancaq göbələkdirlər. Kiminsə şotuna maşın, villa yox, səs göstərmək lazımdır. Toyla heç vaxt bahalı villa, maşın almaq olmaz. Müəyyən vaxt lazımdır.

- Zəminə xanım, səhnədəki ulduzlara söz atıb onları "göbələk" adlandırdınız. Bəs qorxmursunuz ki, adınız qalmaqalda çıxar, sizin haqqınızda yoldaşınıza nə isə deyərlər?

- Bəzi "ulduzlar" var ki, hərdən mənə deyirlər: "Yoldaşınla bütün günü bir yerdə toylara gəlirsən, neynirsən onu?" Deyirəm, mənə belə xoşdur. Həyətə çıxanda da yoldaşımla çıxıram. Bütün günü gözünün qabağındayam. Nə deyə bilərlər axı? Mən elə qızam ki, Allahdan başqa heç kimdən qorxmuram. Düz deyirəm, sonradan çıxanlar göbələkdirlər. İyirmi üç ildir sənətdəyəm, Masallı, Lənkəran toylarının hamısını mən aparıram. Bakı toylarına bir saatlıq gedirəm. Fonoqrama ilə 3 mahnı oxuyub, adlarını ulduz qoyurlar. Kim tutur-tutsun sözümü. Mənə söz deyəni parçalayaram. Qarşımda heç kim dura bilməz. İnanmıram kimsə mənə söz çatdıra.

- Deməli, sizdən qorxmaq lazımdır?

- Yox, deyirəm, kimsə çaşsa, başa salmağa qüvvəm var. Mən heç vaxt istəməmişəm tanınım, sadəlik mənim üçün ən böyük var-dövlətdir.

Əvvəllər toylar mağarlarda təşkil olunurdu. Qonaqlar, qonşular şənliyi təmənnasız izləyirdilər. Böyükdən kiçiyə kimi 40 gün - 40 gecə hər kəs şənlənirdi. Hər şey və hamı təbii, olduğu kimi görünürdü.

İndiki toylar bir neçə saatlığına təşkil olunur. Həddən artıq israfçılığa yol verilməklə yanaşı insanlar da bayağı bəzənirlər. Toya pul salmaq isə onun əsas amalına çevrilir. Toylar bir növ yarışmaya oxşayır.

Həyatımız da başdan ayağa yarışmadır. Bu yarışmada hər şeyi pul həll edir. Bəlkə elə ona görədir ki, köhnə kişilərin ailələri uzunömürlü olurdu?..

Şəlalə Nəriman

O.M.