NOSTALJİ- Sanki o dünyanı görüb qayıtdım

NOSTALJİ- Sanki o dünyanı görüb qayıtdım

23 Sentyabr 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Gülbahar Şükürlü: "Özünü kişi kimi aparan, kişi sözü deyən kişilərimiz azdır"

Mahir qarmon ustası Gülbahar Şükürlü bayramları bir-birinə qovuşduran may ayına gözəl töhfələrlə gəlib. Böyük layihələrə imza atan sənətçi maraqlı klipini artıq ekranlaşdırıb. Qısaca, kliplərini yaz-payız aylarında reallaşdırmağı sevir. "Hər fəslin öz gözəlliyi var" desə də, baharda dünyaya gələn həmsöhbətimin ekran işləri də məhz bu fəsildə dünyaya gəlib.

- Gülbahar xanım, mümkünsə bir qədər yaradıcılığınızdan danışardınız...

- "Azərbaycan" adlı mahnıya klip çəkilişləri artıq başa çatdı. Görkəmli bəstəkar Emin Sabitoğlu və Rauf Hacıyevin yazmış olduğu "Azərbaycan" və "Yaşa, yaşa, Azərbaycan" mahnılarını popurri şəklində qarmonun müşayiəti ilə ifa etmişəm. Adı çəkilən klipə Kənan M.M. ekran həyatı verib. Bu mənim mili geyimlərdə ilk klipimdir. Belə bir klipi reallaşdırmaq çoxdankı arzum idi. Sadəcə, müəyyən səbəblər yaranırdı və klipi çəkdirmək üçün imkan yaranmırdı. Həyat yoldaşım da həmişə mili ornamentlərə söykənəcək ekran işinin olmasını təkid edirdi. Klipdə "Yallı" rəqs qrupu da iştirak edir. Klip üç gün müddətinə Atəşgahda, Karvansarada, "Ziya Art" salonunda və Bakının gözəl məkanlarında lentə alınıb. "Azərbaycan" mərhum prezidentimiz Heydər Əliyevin 85 illiyinə və Respublika gününə bir töhfə olacaq.

- Bayaq əlinizdə tutduğunuz jurnala baxanda "xəcalət çəkdim" - deyib kənara qoydunuz. Həmkarlarınızın biabırçı vəziyyətdə çəkdirdikləri şəkillər sizi utandırdı. Milli geyimlərimizi dəyərləndirən Gülbahar xanımın bütün bunlara münasibətini bilmək maraqlı olardı. Belə həmkarlarınızın arasında özünüzü necə hiss edirsiniz? Axı siz o axının içərisindəsiniz.

- Bu şəkilləri görəndə başım ağrıdı, özümü çox pis hiss etdim. Danışanda deyirik "həmkarlarımız". Yəni burada bizim fikri var, bizimkilər tərənnüm olunur. Bəzən hansısa məclisə gedəndə soruşuruq: "bizimkilər var orada?" Bu sözün məsuliyyətini dərk etmək lazımdır. Bizimkilər budurmu? Onlar belədirlərmi? Bizimkilər azərbaycanlı olduqlarını unutmamalıdırlar. O sözün arxasında milli dəyərlərimiz, mənəviyyatımız, əxlaqımız dayanır. Bu jurnalı evə aparmaq fikrindəydim. "Onları" görüb fikrimdən daşındım. Hər bir ailədə övlad böyüyür. Bunları düşünmək lazımdır.

- İrad tutduğunuz həmkarlarınız olub?

- Bəzi kişi müğənnilər olub ki, mənə deyiblər, mümkünsə filankəsə de, elə geyinməsin və yaxud özünü belə aparmasın. Bilirsiniz, əgər o adam artıq belə geyinirsə və cəmiyyəti nəzərə almırsa, təbii ki, mənim sözüm yerə düşəcək. Mən özüm dəyərli məsləhətlərə qulaq asıram. Heç vaxt özümdən müştəbeh olmamışam. Yaxşı nə varsa, götürmüşəm və övladlarıma da hər zaman yaxşı nümunə olmağı tövsiyə edirəm.

- Eşitmişəm, deyirlər, "Gülbahar kişi kimi qadındır".

- Mən kişi kimi sözünü deyil, mərd sözünü qəbul edirəm.

- Nədən?

- Çünki son vaxtlar özünü sözün əsl mənasında kişi kimi aparan, kişi sözü deyən kişilərimiz azdır. Sanki kişi sözü dəyərini itirib. Yaxşı, mərd kişilərimiz var, amma azdır. Onları qiymətləndirməliyik. Bəzən efirdə hansısa sənət adamı deyir ki, mən çox səmimi insanam. Bu, doğru deyil. Səmimi insan heç özü də bilmir ki, o səmimidir.

- Deməli, bu fikri deyən adam rola girmiş olur?

- Bəli. O adam ki deyir, səmimiyəm, o, səmimiyyətdən uzaqdır. Yəni insan qarşısındakını inandırmaqdan ötrü bu fikri dönə-dönə təkrarlayır. Çox and içən adama da inanmıram.

- Şou-biznes aləmində çirkab olsa da, siz orada varsınız. Özünüzü, ailənizi qoruyaraq varsınız. Həyat yoldaşınızın sənətinizə, şou-biznes aləminə münasibəti necədir?

- Hər bir ailədə söz-söhbət olur. Bizim də ailədə bəzən belə problemlər yaşanır. Amma kiçik bir söhbəti şişirdib ailəni dağıtmaq mənlik deyil. Birimiz od olanda, o birimiz su olmuşuq. Ailəni qorumaq hər iki tərəfdən asılıdır. Heç vaxt hansısa bir kişi mənim balalarımın başına tumar çəkməyəcək. Onlara öz atalarının yerini verməyəcək. Anam həmişə deyib ki, qadının meyiti öz evindən çıxmalıdır. Kimin qismətinə nə düşübsə, onu da yaşayır. Lakin bəzən də elə olur ki, qadın artıq həyat yoldaşının əzablarına dözə bilmir və ayrılır. Mən belə qadınları qınamıram. Bizim ailədə dözülməz hallar olmayıb. Bir-birimizi başa düşmüşük və hörmətlə yanaşmışıq. Bəzən həyat yoldaşım məndən inciyəndə özüm barışmışam. Yəni söhbətin dərinləşməsinə imkan yaratmamışam.

- Təbii ki, sənəti qorumaq nələrinsə bahasına başa gəlib.

- Bir müddət əvvəl məndən müsahibə alarkən müxbir "ana olmaq asandır, yoxsa sənətkar?" - deyə sual verdi. Dedim, ana olmaq asandır, sənətkar olmaq çətin. O vaxtlar uşaqlarım balaca idi. Analıq hissini tamlığı ilə dərk etmirdim. Az sonra övladım bərk xəstələndi. Sanki o dünyanı görüb qayıtdım. Mənə elə gəldi ki, verdiyim cavabın və hardasa anaların ahı tutdu məni.

- Həyat yoldaşınızla aranızda adətən nə üstə narazılıq yaranır?

- Narazılığımız nadir halda olur və əsasən də geyim üstündə yaranır. Həyat yoldaşımın mənim şalvar geyinməyimdən xoşu gəlmir. Yəni şalvar geyinməyi mənə qəti qadağan da etməyib. Sadəcə deyir ki, efirə paltar geyin. Mən onun fikirlərinə hörmətlə yanaşıram. Amma gündəlik həyatda, avtomobil idarə edərkən şalvarda özümü daha rahat hiss edirəm.

- Gülbahar xanım, sizi peşəkar sürücü kimi təqdim etmək olar?

- Ola bilər. Amma mən özüm maşın sürməyimi bəyənmirəm.

- Qaydaları tez-tez pozursunuz?

- /Gülür/ Bəli, hərdən pozuram. Amma sağ olsunlar polis əməkdaşları, hər zaman hörmətlə yanaşırlar. Hətta bəzən yol qaydalarını pozarkən özüm maşını saxlayıram. Elə sənət adamlarımız da var ki, qaydaları pozarkən "mən bilirsiniz, kiməm", - deyə polisə müraciət edir. Hər zaman sadəliyimi qorumuşam. Baxmayaraq ki, bəzən kənardan "özündən çox razıdır" fikirləri ilə də qarşılaşmışam.

- Özünüzlə baş-başa qalanda nə düşünürsünüz, necə adamsınız?

- Çox çətin adamam. Heç vaxt özümdən razı qalmıram. Amma yaxşı xüsusiyyətlərimi də özümə etiraf edib məmnunluq duyuram. Məsələn, kiminsə xətrinə dəyəndə səhvimi anlayıram. Kinim yoxdur, sakitliyi xoşlayıram. Emosional deyiləm.

- Nəyi bağışlamırsınız?

- Oğurluğu, xəbərçiliyi, yalanı. Bunları bağışlamaq mümkün deyil.

- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?

- Tamlığı ilə xoşbəxt olmaq mümkün deyil. Hər anıma şükür edirəm. Həyat yoldaşımla harasa gedib evə dönəndə deyirəm, "şükür Allaha, çatdıq evimizə". Bu, mənim üçün hər şeydir. Uşaqlıqdan nə istəmişəmsə, şükürlər olsun, Tanrım səsimi eşidib. Maşın sürmək arzum deyildi. Heç vaxt da sevməmişəm. Amma sonralar işimlə əlaqədar olaraq avtomobilin rahat vasitə olduğunu görüb sükan arxasına əyləşdim. Əvvəlcə elə bilirdim sürə bilməyəcəm. Özümü sınadım. Amma etiraf edim ki, həyat yoldaşım narahat adam olduğundan mənim sükan arxasına keçməyimə çətinliklə razılıq verdi.

- Həyat yoldaşınız hansı xüsusiyyətinizi dəyişə bilib?

- Həyat yoldaşımın ailəsinə böyük hörmətim var. Çox ciddi, tərbiyəli bir ailənin üzvüdür. Gözəl ailə başçısıdır. Etiraf edim ki, biz yeni ailə quranda əgər həyat yoldaşım sənətimə qadağa qoysaydı, mən sənətimi atardım. Nişanlı olarkən məni məclislərə o aparırdı. Sənət adamları onu yaxşı tanıyır və hörmət edirlər. O, məni heç vaxt ruhdan salmır, əksinə, hər zaman dəstək olur.

Xoşbəxt olmaq üçün onun mümkünlüyünə inanmaq lazımdır. İllərdir ailə ocağının istisinə qızınan və bu ocağı göz bəbəyi kimi qorumağı bacaran həmsöhbətim xoşbəxtliyin astanasında olduğunu zənn etmirdi bəlkə də. Sənətini qiymətləndirən, ailəsinə dəyər verən, xanımlığını qoruyan Gülbahar Şükürlü idi qonağım.

Mətanət Şamilqızı - 09 may 2008-ci il (Nostalji)

O.M.