"Mən fikirləşirdim ki, bizim heç vaxt evimiz olmayacaq"

"Mən fikirləşirdim ki, bizim heç vaxt evimiz olmayacaq"

21 Sentyabr 2011 13:50
Bəyəndim (0) Bəyənmədim (0)
Şou-biznesi səviyyəsizxana, alçaqlıq, bataqlıq adlandıran aparıcı həyatın ona çoxlu yalan danışmağı öyrətdiyini deyir

Bəzi insanlar var ki, bəlli saatlarda evlərimizin qonağı olur. Biz onları tanısaq da, tanımasaq da, vaxtımızı birlikdə keçiririk. Bununla belə, hər zaman aramızda keçilməsi mümkün olmayan sədd dayanır - televiziyanın soyuq şüşəsi. Şəlalə bu gün həmin səddi aradan qaldırmağa çalışacaq.

Rubrikamızın qonağı Mikayıl Güləddinoğludur...

- Özünüz haqda məlumat verərdiniz?

- 1979-cu il dekabrın 5-də anadan olmuşam. Əslim Qubadlıdandır. İncəsənət Universitetini bitirmişəm. Ailəliyəm.

- Necə oldu ki, televiziya ekranlarında göründünüz?

- 2002-ci ildən "SOY" prodakşında işləməyə başlamışam. O vaxt Dilarənin verilişi üçün bütün ssenariləri mən tərtib edirdim. Rəhmətlik Ramiz üçün ssenariləri yazırdım, necə danışmalıdır, hərəkət etməlidir ki, tamaşaçıların xoşuna gəlsin. "Bravo" studiyası tərəfindən mənə təklif gəldi ki, onlarla çalışım, "SOY" prodakşından dost kimi halallıq alıb onlardan ayrıldım. Aparıcı olduğum müddətdə "Davam və tamam", "Olduğu kimi", "Virtuoz", "Bermud üçbucağı"nı apardım. Aparıcılıq etdiyim "Davam və tamam" verilişindən zərbə gördüm. Əsas mənə ona görə təsir etdi ki, gecə-gündüz yatmayıb bu verilişi ərsəyə gətirmişdim. Təsəvvür eləyirsiniz, səhər verilişə hazırlaşıram, deyirlər, sən efirə çıxmayacaqsan.

- Sizin sözünüzdən elə çıxdı ki, "efirə çıxmayacaqsan" sözləri "Davam və tamam" layihəsinə aiddir?

- Tamamilə düzdür. "Davam və tamam" "Bravo" studiyası tərəfindən hazırlanmışdı. Hələ də bilmirəm kimlərsə rəhbərliyin yaxın adamı olub. Gedib deyiblər ki, Mikayıl verilişi yaxşı aparmır, uzaqlaşdırın onu. Mənim də heç nədən xəbərim yox idi. Səhər gəlmişəm ki, hazırlaşım canlı efirə, mənə deyiblər, sən efirə çıxmayacaqsan. Arxadan vurulan zərbə kimi mənə təsir etdi.

- Bu layihədən uzaqlaşandan sonra başqa bir kanalda göründünüz. Özünüz kanaldan dəvət aldınız, yoxsa hansısa bir layihə ilə üz tutdunuz?

- Yox, günlərin birində mənə zəng gəldi, gözlənilmədən - Lider kanalından, Cəsarət müəllimdən. Həmin kanalda "Qol güləşi" layihəsi var idi, məni həmin verilişə aparıcı kimi dəvət etdilər. Sonralar bir çox layihələr oldu. "İnstrumental musiqiçilərin" yarışmasını ilk dəfə mən təşkil etmişəm. Belə bir yarışma bizdə yox idi. "Space" kanalından mənə bildirdilər ki, nəsə yeni bir layihən varsa, gəl, bizimlə çalış. İndi də çalışıram yeniliklər edim. Sənətimi çox sevirəm.

- Həyatda hansı hərəkətləriniz səhv olub?

- İnsanlara inanmağım. Mən artıq heç kimə inanmıram. "Davam və tamam"da iki ay gecə-gündüz yatmadım. Hər gün fikirləşirdim, görən, necə olacaq. Sözün düzü, o verilişi heç mən aparmaq istəmirdim. Sadəcə verilişin redaktoru olmaq istəyirdim. İlk dəfə canlı yayıma çıxanda necə həyəcan keçirmişəm. Axırda günün bir günü məni heç bir səbəb olmadan "Bravo" studiyası layihədən uzaqlaşdırdı.

- Qalmaqala münasibətiniz necədir?

- Qalmaqal uydurmadı, gündəmdə qalmaq üçün edirsən ki, səni tanısınlar, desinlər ki, bu peşəkardır.

- Mikayıla kimsə hədə-qorxu gələndə necə reaksiya verir?

- Olub, mənə çox hədə gəliblər. Veriliş qurtarandan sonra deyiblər, həmin süjeti verməyəcəksən. Mən də acığa vermişəm. Hətta məni döydürmək istəyiblər. Görüblər ki, sözümdən dönməmişəm, mənə pul təklif ediblər.

- Hansı "Şou-biznes" əhlindən sizə pul təklif olunub?

- Bilirsiniz, elə jurnalistlər var ki, sənətinə bir ətirlə qiymət qoyur. Günün bu günü hansısa bir müğənni 50 manata bir jurnalistə yazı yazdırırsa, buna nə ad vermək olar? Tanınmış müğənnidir. Veriliş qurtarandan sonra mənə hədiyyə verdi. Hamının gözü qarşısında həmin hədiyyəni geri çəkdim. Həmin insan özü şokda idi. Çalışdığım müddətdə heç bir müğənni deyə bilməz ki, Mikayıl kimdənsə pul alıb. Hər hansı təzyiqi mənə edə bilməzlər.

- Müğənni jurnalistə yalandan böhtan yazdırmaq üçün hədə-qorxu gəlirsə, buna münasibətiniz necə olar?

- Jurnalist seçilməlidir, obyektiv olmalıdır. Əsl obyektiv jurnalistə can qurban. Bildiyimə görə, Yaqut Babayeva sizə şər-böhtan, təhqir dolu SMS-lər yazıb. Sizin bu barədə yazınızı oxudum, çox bəyəndim. Peşəkar jurnalistə, öz peşəsini sevən insana Yaqut Babayeva hədə-qorxu gəlirsə, mən Mikayıl elələrini hər saniyə susdurmağa qadirəm. Mən həqiqi əqidəyə, dostluğa qiymət qoyanam. Yaqut Babayeva kimdir axı, lazım olsa, ona efir vasitəsilə sözümü deyə bilərəm. Bir həmkar kimi sizi dəstəkləyirəm. Yaqut Babayeva kimilər bərbad gündədir. Şou-biznesdə elə müğənnilər var ki, onların gizli çəkilən klipləri var. Mən onları göstərsəm, bəsdir. Çox xahiş edirəm, qeyd eləyin, mən Yaqut Babayevanı bərbad günə qoyaram. Hər an sizin yanınızdayam. Kimdir axı o, hansı məzhəbə qulluq edir, onu bilir?

- Bəs Mikayıl kimə arxayındır belə?

- Göydə Allaha, yerdə dövlətimin qanunlarına arxayınam. Kimisə susdurmağa gücüm var. Amma elə də dava-dalaşla işim yoxdur. Veriliş qurtarıb. Mənə zəng edib deyiblər, bizi tənqid etmisən, maşınını saxladıb, səni döydürəcəyik. Mən elələrinə fikir vermirəm. Peşəkar jurnalistlərə çox böyük hörmətim var. Peşəkar olmayanlar isə mənə heç maraqlı deyil.

- Bu sənətdən nə qazanmısınız?

- Atamın, anamın sevincini.

- Efirə çıxdınız, tanındınız. Televiziyanın sizin həyatınızda hansı rolu oldu?

- On iki yaşından çalışmışam. Olduğu kimi sizə deyəcəm. Mənim atamın heç kimi olmayıb, yetim evində böyüyüb, evsiz-eşiksiz olub. Sonra qismət elə gətirib, anamla ailə qurub. Mən fikirləşirdim ki, bizim heç vaxt evimiz olmayacaq. Orda-burda yaşayacağıq. Sonralar müəyyən işlərlə məşğul olduq. Şükür Allaha, imkanımız düzəldi. Ucqar bir yerdə, şəhərdə ev tikdik. Artıq min şükür, sevdiyim insanların əhatəsindəyəm.

- İlk dəfə nə vaxt ağlamısınız?

- Övladımı itirəndə.

- Qısqanc insansınız?

- Həddindən çox qısqancam. Mənə aid olan xanım mənim yanımda olmalıdır. Əgər qısqanclıq olmasa, demək, istək də ola bilməz.

- Həyatınızda nəyi şeytanın ayağına yazardınız?

- Şeytana yazığım gəlir. Mənim adım Mikayıl, qardaşım Əzrail, Cəbrayıl, İsrail - bunlar hamısı mələkdir. Şeytandan bizim xəbərimiz yoxdur.

- Bəs bu sənətdə olmasaydınız, hansı işlə məşğul olardınız?

- Hər işlə məşğul olaram. Təki mənim ailəm başqasında nəyisə görüb heyfsilənməsin ki, məndə yoxdur.

- Həyat sizə nə öyrətdi?

- Həyat mənə çoxlu yalan danışmağı öyrətdi.

- Həyatda neçə dəfə sevmək olar?

- Ürəyinə haçan yatdı, o qədər də sevə bilərsən.

- Bəs Mikayılın necə qızlardan xoşu gəlir?

- Qarasaç, qaragöz qızlardan çox xoşum gəlir.

- Sizin üçün sevgi nədir?

- Sevgi həyatdır, ehtirasdır, sevgisiz həyat boşdur.

- Siz necə, ehtiraslısınız?

- Məni tanıyanlar təsdiq edə bilər, əlbəttə.

- Olurmu həyatda insanlardan yorulasınız?

- Heç vaxt yorulmuram.

- Televiziyada ən çox hansı aparıcını bəyənirsiniz?

- Məndə bu sənətə marağı Dövlət televiziyasında çalışan Rafiq Haşımov yaradıb.

- Şou-biznesdə özünüzü görürsünüz?

- Heç vaxt görmürəm. Şou-biznes səviyyəsizxana, alçaqlıq, bataqlıqdır.

- Şou əhlindən kiminlə dostluq edirsiniz?

- Yox, əsla yaxınıma buraxmıram. Heç kimlə dostluq eləmirəm.

- Həyatda nə arzulayırsınız özünüzə?

- Zülm çəkəcəyəmsə yatım, durmayım.

- Nə əcəb bəzi aparıcılar kimi dar şalvarda, uzun bakenbardla, dodaqaltı saqqalla, sırğa ilə, jeleli çıxmırsınız efirə?

- Mən kişi xasiyyətliyəm. Dəblə ayaqlaşmıram. Mənim simam bəsdir. Hər an mənə söz demək olmaz. Orta məktəbdə həmişə məndən qorxurdular. Halbuki qolumda elə də güc yoxdur.

- Sizcə qadın sevəndə təhlükəli ola bilər?

- Olub, elə qadınlar həmişə məni təhlükəsiylə, hərəkətiylə qıcıqlandırıb.

- Bəs sizi nə təəccübləndirə bilər?

- Şeyx Nəsrullah dirilib gəlsə, görsəm kimisə dirildir, onda təəccüblənərəm.

- Mənfi və müsbət cəhətiniz nədir?

- Stabil olmağı bacarıram,

- Kişini nə xoşbəxt edər?

- Xanım.

- Xəyanət nədir sizin üçün?

- Ölümdən başqa hər şey xəyanətdir mənim üçün. "Davam və tamam" verilişindən çıxarılmağım mənə xəyanət oldu.

- Sizin üçün Şəlalə nə deməkdir?

- Şəlalə daşlardan axan sudur. Bir qonşumuz var idi, həyət bağçası qıp-qırmızı idi, həmin an nədənsə o gəlir gözümün qabağına.

Şəlalə bu gün bütün sədləri aradan qaldırdı. Bəzi mətləblərə aydınlıq gətirdi. Daşdan-daşa, qayadan-qayaya çırpılan şəlalə birbaş qəlblərə doğru axırdı...

Şəlalə Nəriman

O.M.