Ayağım, qolum olmasın, amma Musa yanımda olsun

Ayağım, qolum olmasın, amma Musa yanımda olsun

13 Sentyabr 2011 13:16
Bəyəndim (0) Bəyənmədim (0)
Musiqi savadım yoxdur, Arif Babayevin tələbəsi olmuşam, amma yarımçıq buraxdım muğamı

Bu dünyada hər şey cüt yaranıb: ağ-qara, isti-soyuq, mənfi-müsbət, qadın-kişi. Bütün həyat məhz bu təzadlı qütblərin vəhdətindən yaranıb. Heç təsadüfi deyil ki, insan da ömrü boyu öz yarını axtarır və yalnız ona qovuşduqdan sonra ailə şəklində bütövləşir.

"Şəlalə" rubrikasının bugünkü qonağı Təranə-Musa cütlüyünün zərif nümayəndəsi Təranə Qumraldır.

- Özünüzü bir neçə cümlə ilə necə ifadə edərdiniz?

- 1970-ci ildə Zəngilan rayonunun Mincevan qəsəbəsində anadan olmuşam. Üç övladım, bir nəvəm var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Musiqi savadım yoxdur. Bilirsiniz, Musa həm bəstələyir, həm oxuyur. Bir gün bir mahnı bəstələmişdi mənə. Dedi: "gəl duet halında bunu oxuyaq." Elə oldu ki, oxudum. Xoşuna gəldi. Sonralar bir çox mahnıları duet halında oxuduq. Bir də gördüm ki, bu sənətdəyəm.

- Musa sizi qısqanır, yoxsa siz onu?

- Mən şəxsən Musanı qısqanmıram. Bir də görürəm ki, el şənliklərində qızlar Musaya yaxınlaşıb şəkil çəkdirmək istəyirlər, öpürlər. Mənim üçün adi haldır. Bilirəm, Musa məni dəlicəsinə sevir. Bu sənətimizdir, fanatlarımız çoxdur. Mənə kimsə yaxınlaşıb şəkil çəkdirmək istəyəndə görürəm Musa deyir: "keç bu tərəfə dur". Qısqanclığı o dəqiqə bilinir. Demək olar ki, bütün günü bir yerdəyik. Mən tək heç yerə getmirəm.

- Təranə üçün sevgi nə deməkdir?

- Sevgi mənim üçün hər şey deməkdir. Var anaya, ataya, övlada, bacıya, qardaşa qarşı sevgi. Amma həyat yoldaşına qarşı sevgi başqa cürdür. Qız ailə qurur, ana-atanın yanından köçür həyat yoldaşının yanına. Oğul kimisə alır, öz həyat yoldaşına bağlanır. Həyat sevgi üzərində qurulub, mən Musanı dəlicəsinə sevirəm.

- Demək istəyirsiniz Musanı dəlicəsinə sevirsiniz?

- Əlbəttə, ölürəm ondan ötrü. Allahdan arzum budur ki, mənim ayağım, qolum olmasın, amma Musa yanımda olsun. Onsuz nəfəs ala bilmərəm.

- Övladlarınızdan bu sənəti seçən olmadı?

- Böyük qızım Qumral Universitetin Beynəlxalq Əlaqələrini bitirib. İkinci qızım Fidan Tibb Universitetinin ikinci kursunda oxuyur. Üçüncü qızım Sevgimin dörd yaşı var. Qumralımın da bir övladı var.

- Təranə xanım nənədir. Övlad şirindir, yoxsa nəvə?

- Deyirlər, nəvə şirindir. Amma mənim üçün birinci övladımdır. Düzdür, balamın balasıdır, mənim ürəyimdir, nəvəmdir. Amma balalarıma daha çox bağlı insanam.

- Təranə xanım. Musa sizi evdə necə çağırır?

- Musa evdə çox mehribandır. Ən çox mənə canım, ürəyim, gözüm, sevgim deyir.

- Bəs siz onu necə çağırırsınız?

- Mən də canım Musik çağırıram.

- Sizin mənfi, müsbət cəhətiniz nədir?

- Mənfi cəhətim - Musa görür ki, çox əsəbiyəm, danışmır, mən də onu qıcıqlandırıram. Baxma, bir-birimizə cavab verəndə maraqlı olur. Müsbət cəhətim - kasıb, imkansız görəndə əlimdən gələni edirəm. Ürəyim pis olur imkansız insan görəndə.

- Bəs Musanın mənfi, müsbət cəhəti nədir?

- Mənfi cəhəti - çox qaraqabaqdır. Müsbət cəhəti - namaz qılır, ailəcanlıdır, kolbasa, sosiska yemir, kasıbı da sevindirəndir.

- Sizin üçün şou-biznes nədir?

- Şou-biznes pul mənbəyidir.

- Təranə xanım, bir çox müğənnilər toy müğənnilərinə yuxarıdan aşağı baxırlar. Belə insanlara münasibətiniz necədir?

- "Toy müğənnisi" sözünə əsəbiləşirəm. Titullu müğənnilər də məclislərə gedir. Onda həmin toy müğənnisinə lağ edən insanlar övladlarına toy eləməsin. Axı müğənni gəlib oxuyur toyu. Adamın əti tökülür belə sözlərə. Yəqin həmin insan toy apara bilmir. Özünü reklam edir. Neyləsin, əlindən başqa şey gəlmir. Sevda Ələkbərzadəni çox istəyirəm, toya getmir. Axı toy mahnıları onluq deyil. Sevda Ələkbərzadə toyda nə oxusun axı? Bilməyəcək mahnıları.

- Təranə xanım, solo konsert vermək fikriniz var?

- Şəlalə, problem çoxdur. Bilirəm, biz konsert təşkil etsək, çox adam gələcək. Uşaqlar böyükdür. Efirlər pulludur. Elə solo konsert verənlər var, biletləri əldə satılır. Bizim sponsorumuz yoxdur. Konsert vermək üçün 30-40 min manat lazımdır. İnşallah, fikirləşirik. Yeni albomumuz bu yaxınlarda işıq üzü görəcək.

- Musa müəllim bəstələdiyi mahnıları pulla satır?

- Yox, heç vaxt pulla mahnı satmır. Musanın çox gözəl bəstələri var. İki mahnı yazıb, Zeynəb Xanlarovaya hədiyyə elədi. Mahnının adı "Yalan dünya", bir də "Nazlım"dır. Zeynəb Xanlarovanın evinə getdik, Musa mahnıları verdi. Onu da deyim ki, çox mehriban, xanımların xanımıdır. Zeynəb Xanlarova bizi çox gözəl qarşıladı. Həmin Zeynəb xanıma hədiyyə olunan "Yalan dünya" mahnısını Xumar Qədimova icazəsiz oxuyub. Əgər hansısa kişi müğənnisi olsaydı, Musa onu yerində oturdardı. Hələ gözləyirik görək Xumar haçana qədər icazəsiz götürdüyü mahnını ifa edəcək. Nəsə bir tədbir görəcəyik.

- Bu il harada dincəldiniz?

- Keçən il Misirdə, Antalyada olduq. Bu il orucluğa görə gedə bilmədik. Həm də mahnıları yazırdıq, işlərimiz çox oldu. Allah qoysa, gələn il istirahətə harasa gedərik.

- Musa ilə sizin geyimlərinizi kim məsləhət görür?

- Geyimlərimizi özüm seçirəm. İstəyirəm hamıdan seçilək. Əvvəllər mənim getdiyim salona Nazpəri, Afət Fərmanqızı, Arzu Mələk, Gülüstan gedirdi. Həmin usta eyni saç, makiyaj edib, bizi bir-birimizə oxşadırdı. Sonra mən getmədim onun yanına. İndi saçımı ortadan ayırıram, istəmirəm kimsə mənə oxşasın.

- Plastik əməliyyatlara münasibətiniz necədir?

- Münasibətim yaxşıdır. Mənim ehtiyacım yoxdur. Bir silikon eləmək olar, ondan da Musa iyrənir. Ona görə maraqlanmıram.

- Hansı müğənnilərə qulaq asırsınız?

- Gənclərdən Çingiz Mustafayevə qulaq asıram. Ona görə ki, Musaya oxşayır. Musa cavan vaxtlarında saçı uzun idi, gitara çalırdı. Çingiz ona çox oxşayır. Mən də Musanın o görkəminə vurulmuşdum. Sadəcə, qızım Fidana uşaqlar məktəbdə lağ edib "saçı uzun kişinin qızı" deyirdilər. Fidan narazı idi, Musa saçlarını kəsdirdi. Çingizin bütün mahnılarına qulaq asıram.

- Həyatda nədən qorxursunuz?

- Gözdən, nəzərdən çox qorxuram. Bir dəfə Vüsaləgil evimizi çəkmək istəyirdilər. Musa qoymadı. Mənə dedilər, bu cür gözəl evin-eşiyin, bahalı mebellərin var, qoy yataq otağını çəkək. Musa qoymadı, dedi, divanda çək, niyə mənim yataq otağımı kimsə görməlidir? Bu, mənə aiddir. Tamaşaçıya mebel göstərmək istəyirsən, mebel evləri var, get göstər. Qoymadı. Fikirləşirəm ki, düz elədi. Səhər min göz baxır, nəfs var, sonra əziyyətini mən çəkəcəm.

- Sizcə sizə tələbat var?

- Əlbəttə, tələbat olmasa, toylara çağırmazlar. Şənliklərdəyik, görürük ki, indi ən çox hansı müğənniyə tələbat var. Bir dəfə toydaydıq, gənc müğənni var, Üzeyir. İnanın o, gəlib toyda oxuyanda hamı elə sevinirdi. Yerdə beş-altı müğənni oturub paxıllıqla: "bunu bura kim çağırıb, bu nə oxuyur?" deyirdi. Hər nə oxuyursa, sevilir. Paxıllıq çəkmək olmaz. Mən hamıya əl çalıram. Qoy Tanrı hamının ruzisinin içində bizim də ruzimizi versin.

- Bəs Təranə xanımda paxıllıq hissi var?

- Əsla məndə paxıllıq hissi ola bilməz. Şükür, gözəl ailəm, övladım, nəvəm, imkanım, məni dəlicəsinə sevən həyat yoldaşım var. Nəyin paxıllığını çəkəcəm? Bir də görürsən, qəşəng qız görəndə Musaya deyirəm, gör nə gözəldir, fiqurasına bax. Gözəl xanımlara baxanda zövq alıram, çox xoşuma gəlir. Hərdən Musaya deyirəm, gözələ baxmaq savabdır. Musa əsəbiləşir.

- Xəyanətə münasibətiniz necədir?

- Çox pis. Təsəvvür edə bilmərəm, fikirləşmək də istəmirəm. Allah qorusun, dəli olaram Musa məni aldatsa.

- Hansı günləri həyatdan silmək istərdiniz?

- Anamı beş yaşımda itirmişəm. Atam da rəhmətə getdi, qardaşım şəhid oldu. O günləri yaşamaq istəməzdim. İstəyərdim atam, anam, qardaşım bu günü görsünlər. Dörd bacı, bir qardaş idik. Qardaşım Şuşanın Kərkicahan kəndində şəhid oldu. Bir oğlu, bir qızı qalıb. Onlara mən baxıram. (Kövrəldi).

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Ansamblla 5 000 manata, ikimiz ansamblsız 2 000 manata gedirik.

- Olurmu toylara təmənnasız gedəsiniz?

- Bu yaxınlarda Salyanda bir kasıb ailənin toyuna getdik. İnanın, o qədər imkansız idilər ki, toyu həyətdə eləyirdilər. Kirpiklərimə qədər toz içindəydim. Canla-başla gedib oxuduq, arzusu var imiş balasının toyunu biz aparaq. Toya pul saldıq. Həmin xanımın ağlamağı mənə çox pis təsir etmişdi.

- Ən çox özünüzdə nəyi qiymətləndirirsiniz?

- Ürəyim çox yumşaqdır. Allah-Təala ürəyimcə verib. Qızım Sevgimi dünyaya gətirəndə çox qorxurdum, evdən çıxıb gedəndə ağlayırdım. Həmin an anamı düşündüm. Axı bu anda adam istəyir anası yanında olsun. Təzyiqim çox yuxarı idi. Qonşum başımı sığallayıb dedi: "sən haqsızlıq eləmə, sevin ki, sənin gözəl həyat yoldaşın var. Niyə deyirsən ki, yanımda kim gedəcək mənimlə?" İnanın, Musa Mərkəzi Klinik Xəstəxanada doğum yerinə də girdi. Dörd gün mənimlə palatada qaldı. Həkimlər deyirdi: "biz bilirdik bir-birinizi çox sevirsiniz, amma bu qədərini bilmirdik". Çox xoşbəxtəm. Qiymətli həyat yoldaşım var.

- Qadın sevəndə təhlükəli ola bilər?

- Sevgi ovdur. Təsəvvür elə, vəhşi heyvanın əlindən ovunu alırsan.

- Cüt səbrə inanırsınız, yoxsa tək səbrə?

- Cüt səbrə.

- Falçıya gedirsiniz?

- Hə, gedirəm, çox marağım var.

- Təranə xanımın əlinin duzu var?

- Hə, çox gözəl yeməklər bişirirəm. Bir gün sizi qonaq çağıraram, baxarsınız əl qabiliyyətimə. Qızlarım deyir: "mama yaxşı yemək bişirir, bəlkə bu gün sən bişirəsən?" Onda onlara yemək bişirirəm. On bir ildir bizim evdə yeməkləri ağdamlı bir xanım bişirir. Çox gözəl əl qabiliyyəti var.

- Öz-özünüzə hansı sualı verərdiniz?

- Niyə sadəlövhəm?

- Sizcə müğənnilərə təhsil vacibdir?

- Əlbəttə vacibdir. Mən Arif Babayevin tələbəsi olmuşam. Amma yarımçıq buraxdım muğamı. Musa da Niyaməddinin tələbəsi olub.

- İdealınız kimdir?

Sevgidir, ətirlidir sənin hər çağın,

Arzular üzünə açıb qucağın.

Ülfəti səndədir doğma ocağın,

Yurdumun, elimin sevinci xanım,

Xoş məramlı səfir birinci xanım.

- Sizin üçün Şəlalə nədir?

- Çox səbirli xanımdır. Gözəl suallara görə təşəkkürümü bildirirəm sizə. Ən böyük təbiətdir Şəlalə. Bütün oxumeni.az saytına minnətdarlığımı bildirirəm. "Oxu Məni" hər zaman diqqət mərkəzində olub və olacaq. Həmişə sükanı belə saxlayın.

Şəlalə suları bu gün "məhəbbətlə sənət" adlı bağçanı suvardı. Bu bağçada bir böyük çinar ağacının iki budağı diqqəti cəlb edirdi. Ətrafda yenicə pöhrələnən gül-çiçəklər bu ağacın budaqlarının kölgəsində böyüyürdülər.

Şəlalə hələ çox yerlərdən axıb gedəcək. Daşdan-daşa, qayadan-qayaya çırpılaraq bir çox mətləblərə aydınlıq gətirəcək. Yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.