VİDEO-Bacımla aramı vuranlara Allah lənət eləsin!

VİDEO-Bacımla aramı vuranlara Allah lənət eləsin!

9 Sentyabr 2011 12:27
Bəyəndim (0) Bəyənmədim (0)
Faiq Ağayev oxuya bilmir, onun ancaq iki sifəti var

Həyat bir ağacdır. Zaman keçdikcə böyüyür, qol-budaq atır, çiçəklənir, meyvə verir. Ağacın kökləri nə qədər dərinə gedirsə, o, bir o qədər inkişaf edir. Lakin nə yazıq ki, bəzən həşəratlar, böcəklər ağacı qurutmağa çalışır və ya budaqlarını bir-birindən ayıraraq, onu tənhalığa qərq edir. Bütün bunlara baxmayaraq, ağacı Yaradan yaşadır da. Təbiətin fəsilləri dəyişdikcə onun yarpaqları saralır, tökülür, lakin baharın gəlişi ilə yenidən çiçəklənir.

Bugünkü həmsöhbətimin də həyatında çovğun qışlar, sərt payızlar çox olub. Ancaq müdrik təbiət sonda ona da həyatının ikinci baharını yaşadıb. "Şəlalə" rubrikasının növbəti qonağı müğənni Zeynəb Dostəliyevadır.

- Özünüz haqda məlumat verərdiniz.

- Əslimiz Şamaxıdandır. Bakıda dünyaya gəlmişəm. İncəsənət Universitetinin Musiqili Komediya Aktyorluğu fakültəsini bitirmişəm. Üç övladım, səkkiz nəvəm var. Yaşımı sirr saxlayıram.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Mən aşıq Əhməd Əlinin qızıyam, bizim ailədə hamısı musiqiçidir. Qardaşlarım gözəl tar, gitara çalırlar, bacım Nazpəri də sevilən sənətkardır. Musiqi bizim həyatımızdır.

- Zeynəb xanımın qalmaqala münasibəti necədir?

- Qalmaqalla işim yoxdur. Heç kimlə ədavətli işim yoxdur. Sadəcə, kimsə mənə qarşı haqsızlığa yol verəndə, bax onda dözə bilmirəm.

- Zeynəb xanım, Nazpəri xanımla münasibətiniz necədir? Məndə olan məlumata görə, artıq yaxşıdır.

- Mən bacımı çox istəyirəm. O, mənim nəfəsimdir. Sadəcə, arada söz gəzdirənlər mənə başqa cür çatdırırdılar, Nazpəriyə başqa cür. Nazpəri ürəyində saxlayır, amma mən yox, dalaşqanam, hər şeyin axırına gedirəm. "Ay Zaur" verilişində aydınlıq gətirdim, həmin adamın adını çəkdim. Qorxmurdusa, telefon bağlantısı yaradardı. Bacım gördü ki, bizim aramızı vururlar. Axı bu düşüncəsiz insanlar bilmir ki, bacı arasına necə girmək olar? Ət ilə dırnağın arasına girmək olmaz. Bizim xeyrimiz də, şərimiz də birdir. Biz bacımla oturduq, məsələyə aydınlıq gətirdim. Mənim solo konsertimdə bacım yuxarıda, yanımdaydı. Həmişə mənə dəstəkdir, mən də ona. Nazpəri ürəyimin parasıdır. Mən onun haqda necə pis danışa bilərəm? Mənim bacımla arama heç kim girə bilməz. Demək olar ki, bütün günü bir yerdəyik məclislərdə. Boş vaxtlarımızda bağda oluruq. Bacım hara gedirsə, məni axtarır. Bacımla aramı vuranlara Allah lənət eləsin! Artıq elə şey ola bilməz!

- Zeynəblə Nazpərinin arasına hansı sənətçi xanım girmişdi?

- İstəməzdim bu haqda danışım. "Ay Zaur" verilişində hamı bildi.

- Bəlkə Zeynəb xanım qorxur, ad çəkmir?

- Yox, Şəlalə, nədən qorxuram, sadəcə, istəmirəm. Görürəm əl çəkmirsən, deyəcəm. Nağara çalan Sadıq Zərbəliyevin bacısı falçıdır. Bir gün bacım Nazpəriyə deyiblər ki, evində cadu var. Bu Sadığın bacısı gəlib Nazpərigilə. Evə girən kimi deyib: "ay, ürəyim sıxıldı". Öz-özünə ürəyi gedib, yıxılıb. Deyib: "buralara baxın". Bacım da deyib ki, buralar hər gün silinib təmizlənir. Necə olub, fırladıb duanı, əlindən küncə atıb, deyib: "bax çıxartdım". Bacım deyib: "Bunu kim edib?". "Bacın, öz qanın, öz canın bacın eləyib sənin pisliyinə görə. Vay, halım pisləşdi". İnan, onu parçalayaram. Ay ölüm olsun sənə, mən bacıma pislik eləyərəm? Mən də "Ay Zaur" verilişində "Sadıq Zərbəliyevin bacısı" haqda məsələyə aydınlıq gətirdim. Dedim ki, zəng eləyib qoşulsun efirə. Axı bilir fırıldaqçıdır, necə qoşula bilər?

- Zeynəb xanım, "Şişman" şou-da sizin bir xanım müğənnini döydüyünüz deyildi. Səbəb nə idi?

- Bu haqda danışmaq istəmirəm. Kimisə reklam eləmək istəmirəm.

- Mən əsil səbəbi bilirəm. Mümkünsə, siz aydınlıq gətirərdiniz...

- Həmin xanım deyib ki, çimirmiş, guya qapını döymüşəm, o da gec açıb. Əsla belə olmayıb. Niyə yalan danışır? Necə var, elə də deyəcəm. Bu insan səhərə qədər kotteclərdə o başa gedir, bu başa gəlirdi. Mən də səhər durdum yuxudan, səhər yeməyinə gedirəm. Gördüm, bu yatıb. Mən bilmirəm o, bura niyə gəlmişdi, bir gün qalmadı, səs verilmədi, çıxıb getdi. Heç kim də istəmədi ki, Yaqut Babayeva onunla bir otaqda qalsın. Fırladıb atdılar mənim üstümə. Mən durub səhər yeməyinə gedirəm, bütün günü idmanda olacam. Birdən qışqırdı: "Qoy yataq da, səhərə qədər qızların, oğlanların səsindən yata bilməmişəm". Demək bu, kimisə güdürmüş. Gecə oyaq qalır, səhər yatır. Mənim üstümə qışqırdı. Dedim: "Mədəniyyətsiz, qışqırma, adamını tanı, mən sənin üçün uşaq deyiləm". O, bura niyə gəlmişdi, bilmirəm, bütün gününü yeyib yatırdı, gecələr də səhərə qədər ortalıqda gəzirdi. Mən ona dedim ki, sənin üçün Nüşabə deyiləm, çıxıb ayağını göstərib deyirsən, Nüşabənin gözəlliyi ayağımda yoxdur. Sən heç Nüşabənin dırnağı olmazsan. Aldım saçından, Yaqut Babayevanı o ki var çırpdım. Qabiliyyətin olsun, sən özünü nə sayırsan. O vasvası heç nəyi bəyənmir. Mən də onun belə mədəniyyətsiz hərəkətinə əsəbiləşdim, o ki var döydüm, saçlarını yoldum, qaçıb Gövhərin otağında gizləndi. Reklam eləmək istəmirəm onu, qabiliyyətsiz insandır, özü də çox.

- Ola bilər ki, Zeynəb xanımın həmkarlarına qarşı paxıllıq hissi çoxdur? Bu səbəbdən heç kimlə yola getmir?

- Yox, nə danışırsınız. Məndən yüksək kiminsə sənəti varsa, mən həmin insana qibtə edə bilərəm, paxıllıq yox. Mən kin saxlayan insan deyiləm, sadəcə, haqsızlıq görəndə dözə bilmirəm.

- Sizcə həmkarlarınız sizi bəyənirlər?

- Mən heç kimə maneçilik törətmirəm. Məni bəyəniblər Şövkət Ələkbərova, Qulu Əsgərov, Vaqif Ağayev, Rübabə Muradova. Allah ömür versin: Arif Babayev, Canəli Əkbərov. Başqa kimsələr bəyənirsə, mənə maraqlı deyil. Sənətim göz qabağındadır. İkiüzlü adamlara nifrət edirəm, adamın bir sifəti olar.

- Zeynəb xanım kimi ikiüzlü adam hesab edir şou-biznesdə?

- Faiq Ağayevi. Necə deyirəm, çox xahiş edirəm, elə də yaz.

- Faiq Ağayevi Zeynəb Dostəliyeva bəyənmir?

- Nə özünü, nə mahnılarını bəyənmirəm. Bəyəm o oxuya bilir, onun səsi var? Kim deyir onun səsi var? Onun ancaq iki sifəti var. Faiq Ağayev oxuya bilmir, özü bu sənətdə niyədir, nəyə görədir, yaxşı bilir. Qaldı qızımın toyunda iştirak edib, video lentdə var. Deyib, mən bacımın balasının toyuna gəlmişəm, məni çağırmayıblar, mən özüm gəlmişəm. "Xalq parad"da da deyib ki, mən Zeynəbi tanımıram. Sən məni tanımırsansa, qızımın toyunda nə gəzirdin? Sənin kimilər məni tanımasalar yaxşıdır. Sən mənim yanımda, sənətimin qarşısında heç kimsən.

- Sizin mənfi və müsbət cəhətləriniz nədir?

- Heç kimə xələl gətirmirəm. Rəhmətlik atam mənə elə tərbiyə verib. Deyirdi: "Qızım, heç vaxt pislik eləmə, yaxşılıq elə. Gördün o, sənə pislik eləyir, sən yaxşı ol. Pisliyə də yaxşılıqla cavab ver. O, uduzduğunu görəcək. Müsbət cəhətim - haqsızlığa dözə bilmirəm. Nahaqdan böhtan görəndə dəli oluram. Həyat qısadır, gərək elə yaşayasan ki, hörmət-izzət qoyub gedəsən.

- Kimin üçün yaşayırsınız?

- Övladlarım, ailəm, bacım, qardaşım üçün.

- Həyatda necə insansınız?

- Çox səbirsiz, əsəbi insanam.

- Sizcə neçə dəfə sevmək olar?

- Çox maraqlı sualdır. Gərək bir dəfə sevəsən, sonra da sevdiyin insana hörmət qoyasan. Əsl sevgi bir dəfə olur.

- Bəs sevgi nədir sizin üçün?

- Ən böyük varlıqdır. Sevginin növü çoxdur: ailəyə, vətənə, övlada. Sevgi şirin olur, hər insana nəsib olmur ilk məhəbbət.

- Zeynəb xanıma tələbat varmı?

- Əlbəttə var. El şənliklərində iştirak edirəm. Məni çox yerdə əməkdar, xalq artisti kimi təqdim edirlər. Düzdür, dövlət ad verməyib, amma elə təqdim edirlər.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Yarım saatı 500 manat, bütün toyu 2 000 manata.

- Hərdən olurmu insanlardan yorulasınız?

- Elə insanlar olur ki, onların hərəkətindən iyrənirəm. Rəfiqə dediyim insan mənə qarşı alçaqlıq elədi. Təsəvvür edin, eşidirdi xəstəyəm, tez yağış başına döyə-döyə gəlirdi məni bankalayırdı. Mənə biri pul borclu idi. Rəfiqə dediyim insan gedib onu "Quran"a and içdirib ki, mənim pulumu həmin insan versin. Özünə zəng edib dedim: "Nə ilan insanmışsan". Ağzımdan çıxanı dedim. Hara getsəm, neyləsəm, bacımla gedirəm. Onunla məsləhətləşirəm. Adamın doğmasından başqa qıraq yalandır.

- Həyat bir məktəbdir. Sizə nə öyrətdi?

- Çox şeyi öyrəndim. Yaşa dolduqca adam hər şeyi görür. Atamın dediyi sözləri tez-tez fikirləşirəm. Baxırsan nəsə səhv edirsən, elədiyin səhvi fikirləşirsən, deyirsən, mən niyə elə etdim? Tanrının yazdığıdır. Gərək bu sənin qarşına çıxa, sonra biləsən ki, həmin sözü sənə ata-anan vaxtında demişdi. Gənc olub səhvlər edirsən. Həyatın hər bir sınağını mən gördüm. Acılı-şirinli xatirələrim də olub.

- Həyatınızda boş qalan yeriniz nədir?

- Atam, anam, qardaşımın yoxluğu.

- Zeynəb xanım, hansı kişilərdən xoşunuz gəlir?

- Mən istəyən kişi yoxdur.

- Kişilər Zeynəbin hansı xüsusiyyətinə görə ona biganə qala bilməzlər?

- Namərd deyiləm, qısqanclığa yol vermərəm, kişini ondan da çox sevərəm.

- Müğənnilik sənəti olmasa, Zeynəb hansı işlə məşğul olardı?

- Gözəl vizajist olaram, xalça toxuyaram, rəssam ola bilərəm.

- Zeynəb təhlükəli qadındır?

- Yox, heç vaxt. Pislik eləyəni də Allaha tapşırıram. Haqsızlıq görəndə təhlükəli oluram.

- Sənətə nəyi qurban vermisiniz?

- Ailəyə sənətimi qurban vermişəm.

- Sizə yüksək məbləğdə pul təklif olunsa, açıq-saçıq fotosessiya edərsiniz?

- Heç vaxt etmərəm.

- Niyə, bədəniniz yaxşı deyil?

- Yox, Şəlalə yaxşı bədənim, fiquram var, sadəcə, heç vaxt fotosessiya eləmərəm.

- Sadə insansınız?

- Sadəliyə çox üstünlük verirəm. Mənim müəllimim Ələkbər Tağıyev olub. Həmişə deyirdi, səhnəyə çıxanda qızıl-brilyant taxma, səndə çoxdur, ola bilər ki, efirdə kimisə qıcıqlandıra bilərsən. Ola bilər, elə adamların brilyantı, qızılı var, səninkilər onun yanında toz ola bilməz. O vaxtdan müəllimimin sözünə qulaq asdım, sadə bijuteriya taxıram. Çox açıq-saçıq geyinmirəm. Əsas ifama üstünlük verirəm. Nə oxuyacağamsa, mövzuya uyğun geyinirəm.

- Sevdiyiniz şəxs var?

- Hazırda bütün sevgimi övladlarıma, ailəmə bağışlamışam. Artıq yaş o yaş deyil, kimsə mənim üstümə qışqırsın, hegemonluq etsin. İstəmirəm kiməsə baş qoşum, maraqlanmıram. Mənə risk edib kimsə nəsə deyə bilməz. Əsas övladlarım, nəvələrimdir.

- Zeynəbi ən çox nə kədərləndirir?

- Hüzr yerlərinə gedə bilmirəm. Bu yaxınlarda bir hüzr yerində idim. İyirmi altı yaşlı oğlan evə gələndə telefonunu, pulunu əlindən almaq üçün başından vurub öldürüblər. Yaxın adamdır anası. Yaxın rəfiqəmin oğlu idi. İnanın, hər hüzr yerinə gedəndə övladlarım gözümün qarşısına gəlir, havalanıram. Özümdən asılı olmadı, necə ah-nalə çəkdim, pis oldum... Çox vaxt getmirəm. Gedəndə xəstə kimi oluram, çox pis təsir edir mənə. Övladlarımın yoxluğu, min fikrə düşürəm...

- Həyatda xoşbəxtsinizmi?

- Çox çətin sualdır. Heç kim deyə bilməz ki, mən xoşbəxtəm. Amma mənim həyat yoldaşım bütün varlığı ilə məni sevib, bütün xoşbəxtlikləri mənə yaşadıb. Övladlarım, nəvələrim var, sənətim var, bacım, qardaşım yanımdadır. Əlbəttə xoşbəxtəm.

- Olurmu depressiyaya düşəsiniz?

- Çox olur. Depressiyanı qəbul etmirəm. Yaqub peyğəmbər Yusifi itirir. Onun gözləri tutulur. İlahi Pərvərdigar baxır, nəhayət, gözlərini açır. İnsanın hər şeyi Allahın əlindədir. İnsan ölüb gedəndən sonra elə iz qoymalıdır ki, rəhmət desinlər. Çalışıram ki, həmişə depressiyadan uzaq olum.

- Zeynəb xanım, ən çox hansı müğənnilərin mahnılarına qulaq asırsınız?

- Korifeylərə qulaq asıram. Bacım Nazpəriyə, Elnura, Eltona, Röyaya, Aygün bəylərə, Samirəyə qulaq asıram.

- Özünüz haqda hansı şayiəni eşitmisiniz?

- Mən evimi satmamışdım. Sadəcə, qızımın yanına, başqa ölkəyə getmişdim. Bir yaxın adama etibarnamə vermişdim. Mən Bakıya qayıdanda gördüm qadın evimi özü satıb, ərini türmədən çıxardıb. Qaçmışdılar. İnterpolla tapdırdım, hər ay mənim pulumu xırda-xırda verirlər. Sadəcə, efirdə elə çıxdı, guya evsizəm. Xeyr, evim var. Yanlış xəbər olmuşdu.

- Özünüzü şou-biznesdə görürsünüz?

- Əsla yox. Şou-biznes çirkablıqdır. Kimi sırğa taxır, kimi dodağını şişirdir, mavilər çoxdur. Bəzi müğənnilər var, insanları qıcıqlandırır. Bu sənətin içindəyəm, çox şeylər görürəm, kim kimlə oturub-durur, göz qabağındadır.

- Həyatda nədən qorxursunuz?

- Ayağımın altını qazandan qorxuram. Sevda adında bir xanım var, qab-qacaq satır. Mən dünyada onun kimi mənfur insan görmədim. Üzdə qorxur, ancaq ayaq altını qazır. Allah Sevda kimilərdən uzaq eləsin, nifrət edirəm o insana.

- Vergi ödəyirsiniz?

- Əlbəttə ödəyirəm.

- Nəyi şeytanın ayağına yazardınız?

- Yuxuma nazil olan bir imam mənə namaz qılmağı əmr etdi. Mən də namazı qılmamağı şeytanın ayağına yazıram.

- Yaşamaq üçün, sevmək üçün nə lazımdır?

- Ədəb-ərkan lazımdır.

- Ürəyinizdə hansı sual qaldı?

- Çox xahiş edirəm, mənim təbrikimi qeyd edin, ayın 3-də bibim nəvəsi Aynurun toyudur. Xoşbəxt olsun! Oxumeni.az saytı vasitəsi ilə təbrik edirəm onu. Qoy həyatda bütün xoşbəxtliklər onun olsun!

- Sizin üçün Şəlalə nədir?

- Bu gün "Şəlalə" rubrikasına çox yerdə demədiklərimi dedim. Peşman deyiləm, yeni bir dost qazandım. Sizinlə səmimi söhbətdən peşman deyiləm.

Zirvələrdən yerlərə doğru axan şəlalə bu gün Zeynəb Dostəliyevanın həyat ağacı ilə qarşılaşdı. Gövdəsi dik, kökləri dərinlikdə idi. Şəlalənin narın sulara bənzəyən sualları ağacı suvardı, ona yeni nəfəs verdi. Nəticədə, həmsöhbətimin cavabları ağacın barıtər süfrələrinizin qonağı oldu.

Şəlalə kənarında yenidən görüşənədək...

Şəlalə Nəriman

O.M.