"Qeyri-rəsmi yaşadığım xanım olub"

"Qeyri-rəsmi yaşadığım xanım olub"

5 Sentyabr 2011 15:19
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənim üçün Kərim heç kimdir"

Köhnə kişilər yolları faytonla qət edərdilər. Faytonçu at qoşqusunun üzərində oturub insanları arxasınca aparardı. Beləcə, sərnişinlərin taleyi faytonçudan, onunsa taleyi atlardan asılı olardı.

Həyat da olumla ölüm arasında enişli-yoxuşlu bir yoldur. Təki faytonu düzgün istiqamətə sürəsən. Göründüyü kimi, Şəlalə rubrikasının bugünkü qonağı Faytonçu Nazimdir.

- Özünüzü təqdim edin.

- Nazim Pişyari. 1968-ci il avqustun 26 Lənkəran şəhərində anadan olmuşam. İyirmi iki ildir peşəkar sənətdəyəm. Ailəliyəm, bir oğlum, bir qızım var. Politexnik İnstitutunu bitirmişəm. Firudin Mehdiyevdən fərdi vokal dərsləri almışam.

- Qalmaqala münasibətiniz necədir?

- Əslində, normal baxıram. Var qarşılıqlı quraşdırma qalmaqal. Bir də var gözlənilməz qalmaqal.

- Əsas kimlərlə qalmaqalınız olub?

- Ədalətlə, Kərimlə, Elarizlə olub qalmaqalım. Səyyad Əlizadə ilə anlaşılmazlıq olmuşdu.

- Mən bilən, Səyyad Əlizadənin "Bəyaz gecələr" mahnısına görə olmuşdu söz-söhbət.

- Hə, "Bəyaz gecələr" mahnısına görə sözümüz düşdü. Səyyadın şəxsiyyətinə böyük hörmətim var. Sadəcə, Səyyadın repertuarına müraciət eləmirəm. Onun mahnıları mənim ruhuma yaxın deyil. Mənim öz oxumaq tərzim var, Səyyadın da öz dinləyiciləri var. Mən onun üslubunda olan mahnıları heç vaxt toylarda ifa etmirəm. Əvvəlki korifeylərimiz Rəşid Behbudovun, Şövkət Ələkbərovanın mahnılarını elə sənətkar var oxumurdu, hərənin öz dəst-xətti, yolu var. Rəhmətlik Məmmədbağırın elə mahnıları var idi ki, çox adam onu ifa etmirdi. Amma o sənətkardır.

- Ola bilər ki, Səyyad Əlizadə Nazimin mahnılarını bəyənməsin, oxumasın?

- Olar, çox gözəl qarşılayıram. Mənim mahnılarım da Səyyadın üslubunda deyil.

- Qalmaqaldan söz düşmüşkən, Kərimlə münasibət necədir?

- Çox pis, mənə o insan maraqlı deyil.

- Olar ki, Nazim Şəlaləyə ürəyini açıb tökə? Qalmaqala səbəb nə oldu?

- Deyim, amma çox xahiş edirəm, düzgün yazın, nə desəm. Toyların birində Kərim mənə yaxınlaşıb mikrofonumu istədi ki, oxusun, mən vermədim. Dedim, üç-dörd mikrofon var, get götür, oxu. Dedi, yox, mən bu mikrofonla oxuyacağam. Mən də vermədim. Ona görə incidi. Səhər verilişlərin birində çıxıb dedi ki, yaşlı nəsil toyda buna mikrofon vermir. Bu yaxınlarda verilişlərin birində qonaq olub mənim şəklimi göstəriblər, deyib, tanımıram.

- Nazim Kərimi bəyənmədiyinə görə mikrofonu ona verməyib?

- Bilirsiniz, Şəlalə, hər müğənninin öz mikrofonu olmalıdır. Ağzında saqqız çeynəyirsən, onu kiməsə versən, çeynəyər? Yox. Diş fırçasını başqasına versən, dişini yumaz. Xəstəlikdir. Mikrofonumu vermirəm ki, min dənə xəstəlik var, oxuyursan tüpürcək yapışır, nəfəs dəyir, mikrob olur. Mən elə şeylərdən iyrənən insanam. Oxuyursan, bala, şəxsi mikrofon al, oxu. Mən səhər xəstələnmək istəmirəm. Qaldı Kərimin məni tanımamağına, mikrofon davası niyə eləyirdi mənimlə? Məni xalqım tanısın, onun tanımağına ehtiyac yoxdur. Mikrofondan min dənə xəstəlik keçər mənə, qorxuram, problem olmasın deyə, heç kimə mikrofon vermərəm, qoy bilsinlər.

- Nazim, şou-biznesdə vəziyyət necədir?

- Axır vaxtlar baxıram yazılara, bəzi həmkarlarımın fikirləri ilə razıyam, şou-biznesdə mavilər çoxalıb. Şou-biznesdə heç kimdən qorxmuram. Tanıyanlar bilir necə insanam, heç vaxt istəmərəm şəxsiyyətimə bir söz gəlsin. Mənim gözəl ailəm, övladlarım var. Kimsə nəsə deyə bilməz, onu susdurmağa qadirəm. Əsl kişi simasında olan kişilər azalıb, mavilər hər yeri tutub, Allah bu gündən qorusun.

- Bəs bəzi həmkarların əməliyyat etdirir, sırğa taxır, qaşını alır, dodağını şişirdir, xına qoyur. Buna münasibətin necədir? Kişiyə yaraşan hərəkətdir?

- Sırğa taxmağa, saça həna qoymağa pis baxmıram. Məhəmməd Peyğəmbər də istifadə edirdi. Qaldı ki, qaş alasan, dodağı silikon etdirəsən, bu kişiyə yaraşmaz. Bir də yəqin cavan qalmaq istəyirlər, ona görə eləyirlər. Nifrət eləyirəm ilin bu başında ailə qurub, sonra boşanıb, təzədən evlənən kişilərə.

- Nazim, hansı həmkarınızı nəzərdə tutdunuz?

- Özünüz bildiniz də...

- Olar ki, açıqlama verəsiniz? Evlənib boşanan Samir, Zamiq olub, Kərim də ikinci dəfə ailə qurub.

- Elə söhbət Kərimdən gedir, qorxmuram, sözümü də ona deyirəm. Kişi bir dəfə ailə qurar, hər kəsin qızını boşamaq olmaz. İyirmi iki ildir ailəliyəm, çox xoşbəxtəm. Kərimin eks yoldaşı Təranəni tanıyıram. Çox gözəl xanımdır. Kərim Təranənin başına nə oyun açdı, hamısı göz qabağındadır, xalqımız gördü. Təranə sübutla danışdı. Hansı kişi ki ailəni dağıdır, problem qadında yox, kişidə olur. Kərimin problemi var idi yəqin, Təranədən boşandı. Bunu dəfələrlə Təranə dedi. Allahın qəzəbindən qorxmaq lazımdır. Məndə olan məlumata görə, Təranə gözəl evdar xanım idi. Efirə çıxartdı, kişi qızı axıra qədər düzünə getdi. Qadın elə şeydir ki, kişini başının tacı da edə bilər, evinin pol əskisi də. Mən Təranənin açıqlamalarını eşidəndə şoka düşdüm. Şou-biznesdə çoxları dəhşətə gəlmişdi.

- Bəs qorxmursunuz Kərim tərəfdən qalmaqala düşəsiniz? Bir də hərənin öz həyatı var, mənim fikrimcə, kim necə istəyir yaşamalıdır, həmçinin Kərim də.

- Mən heç kimdən qorxmuram! Kərim birinci çıxıb efirdə danışıb, mənim üçün o, heç kimdir! Nəsə çıxıb desə, onun acizliyidir. Şou-biznesdə nə varsa, mən də çox şey bilirəm. Əlbəttə, ailə məsələləri hərənin öz şəxsi işidir. Mən Təranənin dediklərini dedim, yenə sözümün ağasıyam. Kərim mənim şəklimi tanımırsa, mən onu dünəndən tanımıram. Qalmaqala özləri məni salır, mən kimsəni salmıram.

- Özünüzdən çox razısınız...

- Mən özümdən çox razı deyiləm. İfa edirəm, bəyənməsələr, el şənliklərinə çağırmazlar. Çox gözəl sənətim, ailəm var. Bəyənən bəyənsin, bəyənməyən bəyənməsin, bir adamı çox adam istəyə bilməz.

- Sizə tək səbir düşür, yoxsa cüt səbir?

- Mənə cüt düşür. Amma pişik keçdi, qonşu çıxdı qarşıma, belə şeylərə inanmıram.

- Həyatda nədən qorxursunuz?

- Allahın qəzəbindən.

- Nazim şou-biznesdə hansı müğənnilərin mahnılarını dinləyir?

- Korifey sənətkarların mahnılarına qulaq asıram. İlqar Muradova, Ayaza, Zamiqə, Eltona, Lalə Məmmədovaya, Nisə Qasımovaya, Flora Kərimovaya, İlhamə Quliyevaya. Çox bəyənirəm bütün ifalarını.

- Bəs sizin toydan başqa gəlir yeriniz var?

- Toylardan qazanıram. "Kainat" instrumental ansamblının rəhbəriyəm, şəxsi studiyam var, aranjeman edirəm. gəlir yerim ən çox demək olar aranjemandandır.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Ansamblla birgə 4000 manata. Heç vaxt tək getmirəm.

- Ən çox həyatda nəyi qiymətləndirirsiniz?

- Sözünə dürüst, kişi kimi hərəkət edən insanları qiymətləndirirəm.

- Olubmu şou-əhlindən sizin haqqınızda pisliyə danışalar?

- Çox olub. Mən elə insanları zəif bilirəm. Dalımca danışıblar, əhəmiyyət verməmişəm. Elə insanlar məndən qorxur, üzümə qarşı elə hərəkət edə bilməz axı. Elə dostlarım var ki, səhv hərəkətim olanda deyirlər, mən də nəticə çıxarıram. Güclü insan adamın üzünə deyir sözünü, zəif həmişə dalda öz-özünə danışır.

- Mənfi və müsbət cəhətləriniz nədir?

- Hər yerə gecikə bilərəm, toya da. Bir də görürsən toya getmirəm, yatıb qalıram. Çox insanpərvərəm, ailəmə bağlıyam.

- Bəs sizi nə əsəbiləşdirə bilər?

- Haqsızlıq. Özüm qız bürcündənəm. Əsəbiləşəndə də çox vaxt dənizə gedirəm, oturub fikirləşirəm.

- Sizi çox vaxt cavan qızlarla görürəm. Sevdiyiniz insanlardır?

- Düz deyirsiniz. Olur, dostlarımdır. Nəsə bir proyektlə, işlə əlaqədar olur.

- Amma qıraqdan elə görünmür...
- Doğrudan? (gülür)

- Bəs qeyri-rəsmi yaşadığınız xanım olub?

- Qeyri-rəsmi yaşadığım xanım olub. Bu haqda danışmaq istəməzdim.

- Həyatınızdan nəyi silmək istərdiniz?

- Səhv etdiyim günləri.

- Sevgi nədir sizin üçün?

- Nəfəs, yaşayış. Xoş münasibət ruhu isidir.

- Bəs xəyanət nədir?

- Ağlasığmaz pis gündür. Depressiyaya insanı salandı xəyanət.

- İlk sevginiz nə vaxt olub?

- On altı yaşında, məktəbdə. 1990-cı ildə sevib ailə qurmuşam.

- Ən yaxın həmdəminiz kimdir?

- Ailəm, anam.

- Sizin üçün Şəlalə nə deməkdir?

- Şəlalədə ürəyimi açdım, özümdən asılı olmadı. Sadəcə qıcıqlandırdı Şəlalə məni. Bu yazıdan sonra qalmaqal olsa, cavab verməyəcəyəm. Çünki mən qalibəm. Sözümü deyirəm, kim istəyir tutsun. Hiss olunur ki, çox peşəkar xanımsınız. Arzum budur, Oxumeni.az. saytı həmişə yüksəklikdə olsun. Necə ki, hamı sevir. Çox sağ olun məni yada saldınız, demək, mən varam ki, məni arayıb-axtarırsınız.

Bu gün Nazim faytonunu şəlalə kənarında saxlayıb, düşüncələrini saf su dənəcikləri ilə bölüşdü. Bir azdan o, faytonuna əyləşib həyat yoluna davam edəcək. Şəlalə isə sahilində növbəti sakinini gözləyəcək.

Görüşənədək...

Şəlalə Nəriman

O.M.