"Şou-biznesdə mavilər çoxalıb"

"Şou-biznesdə mavilər çoxalıb"

25 Avqust 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzi populyar müğənnilər «Yeni ulduz» ifaçılarına yuxarıdan aşağı baxırlar

Deyirlər, musiqi sözdən əvvəl yaranıb. Küləyin, suyun, ildırımın, körpə qığıltısının və digər təbiət hadisələrinin səsini musiqi kimi qəbul etsək, fikrimizdə yanılmadığımızı görərik. Deməli, şəlalə şırıltısı da sözdən qədim və hikmətlidir. Heç təsadüfi deyil ki, şəlalə axdıqca qəlbləri riqqətə gətirir, təbiətin musiqi harmoniyasına yeni melodiyalar bəxş edir, əsrarəngiz palitrasına füsunkar çalarlar qatır. Ən əsası isə canlılara həyat verir, bəzi mətləbləri su aydınlığına çıxarır.

Şəlalə rubrikasının bugünkü qonağı "Yeni Ulduz" müsabiqəsinin qalibi Vüqar Muradovdur.

- Özün haqda məlumat verərdin.

- 1983-cü il oktyabrın 3-də Qax rayonunda anadan olmuşam. On yaşımdan oxuyuram.

- Necə oldu ki, bu sənəti seçdin?

- Uşaqlıq illərindən oxumağa başlamışam, toylara gedirdim. Sonra "Yeni Ulduz" yarışmasına qatıldım. Birinciliyi əldə elədim. "Yeni Ulduz" həyatımı 364 dərəcədə dəyişdirdi.

- 364 rəqəmini başa düşmədim. Yeni Ulduz seçiləndən sonra ən çox kimdən dəstək gördün ki?

- ATV kanalından böyük dəstək gördüm. SOY prodakşına öz minnətdarlığımı bildirirəm. O insanlar mənə çox dəstək oldular. Bəlkə də SOY olmasaydı, mən indi toylara 15-20 manata gedərdim.

- Bəs indi toylara neçəyə gedirsən?

- Bütün toyu ansamblla 4 000 manata, yarım saatı 1 000 manata.

- Heç inandırıcı rəqəm olmadı?

- Niyə ki...

- Mən bilən yarım saata 200, 500 arası gedirsən, bütün toyu 1 000 manata.

- Yox Şəlalə, yalan söhbətdir. Olub ki, yaxın adam toyu olanda yarım saatı 500 manata getmişəm. 200 manata heç vaxt getməmişəm.

- Vüqar "Yeni Ulduz"da birinci olanda SMS baxımından ona kimlər dəstək oldu?

- Mən çox kasıb ailədənəm. Əvvəllər atamın yaxşı imkanı olub. Mən xalqımın SMS-ləri ilə seçildim.

- Bəs deyirlər, sənə bir imkanlı xanım kömək olub?

- Yalan söhbətdir, dəstək xalqımdan gəldi mənə. Bizim nəslimizdə arvad çörəyi yeyən olmayıb. Biz arvad şotuna gəzməmişik. Mən heç vaxt alfons olmaram. Mənim saf adım var. Xalq hər şeyi yaxşı görür. Mən Şou-biznesdə yoxam. Dədə - babadan əziyyətlə çörək qazanmışıq.

- Bəs niyə Vüqar şou-biznesdə özünü görmür?

- Ona görə ki, mənəviyyatsızlıq çoxdur. Kişi qırıntıları çoxdur. Ürəyimə yaxın heç kimi buraxmıram. Sözümü atıram, tutan tutsun.

- Olar ki, həmin kişi qırıntılarından birinin adını çəkəsən, yoxsa qorxursan?

- Mən Allahdan başqa heç kimdən qorxmuram. Sözümü də deyirəm, sözümün ağasıyam. Sözümü də kiminsə tutmağını məclislərdə olanda görürəm ki, mənə nifrətlə necə baxırlar. Həmin insanlar risk eləyib mənə heç nə deyə bilməzlər, gərək cürətləri ola.

- Belə çıxır ki, şou əhli səndən qorxmalıdır?

- Yox, mən kiməm ki. Lazım olanda, elə bir məclisə düşəndə beş adamın içində mən həmin insanın üzünə deyirəm. Amma ad çəkməyəcəm. Çox xahiş edirəm, necə var, elə yaz, mən çox şeylər bilirəm bu şou əhlidən.

- Bu yaxınlarda Ədalət Şükürov müsahibəsində bildirmişi ki, şou-əhli məndən qorxur. Demək, Vüqardan da qorxmalıdırlar. Siz ikiniz çox şeylər bilirsiniz. Bəlkə sizə müğənnilər haqda yeni titul vermək lazımdır. "Qorxudanlar" titulu.

- Mən Ədalət Şükürovla razıyam. Şou-biznes çirkablıqdır. Səhnədə elə kişi müğənniləri var ki, qadın paltarı geyinib oxuyurlar. İndiki gənc qızlar da belələrini bəyənirlər, zövqlərini korlayırlar. Bəziləri səhnədə cici-bacıdır. Çoxları sponsorun, day-dayın hesabına çıxıb fonoqrama oxuyur. Elə kişi qırıqları mənim yanımda danışa bilməzlər. Mən də çox şeylər bilirəm. Ədalətlə razıyam və dəstəyəm fikrinə.

- Bəs Vüqar haqqında şou əhlinin biri çıxıb danışsa, necə qarşılayar?

- Mənim sənətim göz qabağında, kimliyim göz qabağında, iki metrliyində boyum, əxlaqım yerində. "VM" poradakşının prezidentiyəm, Mikayıl direktorudur. Mənim yaradıcılığım göz qabağındadır, sponsorum da yoxdur. Nə danışa bilərlər. Məndən yuxarını özümdən başqa heç kim görə bilməz. Toylarda fonoqrama ifa etmirəm. "Yeni Ulduz"da 16 həftə canlı oxumuşam, tamaşaçı məni gətirib birinci eləyib. Həmin insanı sındıraram, sındırmışam da. Lazım olan adamlara olmayan yerdən mənim haqqımda heç vaxt, heç kim danışa bilməz. Təbii ki, mən də bildiyim şeyləri açsam, o ulduzlar səhnədə sönər.

- Arzuladığın şey nədir həyatda?

- Gözəl ailəm olsun. Artıq evlənmək istəyirəm. 1,75 boyu olmalıdır qızın. Gözəl, tərbiyəli, savadlı, müasir bir xanımla ailə qurmaq istəyirəm. Özüm tərəzi bürcündənəm, Gərək yüz ölçüb, bir biçəm. Artıq evdən də məni tələsdirirlər. İnşaAllah bu ilə qismət olar, ailə quraram.

- Bəs sənin üçün sevgi nədir?

- İlahi bir hisdir.

- Səncə qadın sevəndə təhlükəli ola bilər?

- Qadının varlığı ümumiyyətlə təhlükədir. Ən gözəl də qadının hiyləsidir. Ölüm təhlükəsindən də təhlükəlidir. Ən xoş günləri yaşayanda zövqlə yaşamaq lazımdır ki, sonra da həmin xanım səndən qisas çıxmasın.

- Bəs qadın kişidən nə istəyir?

- Sevgi, məhəbbət, diqqətli olmasını istəyir. Ən əsası hörmətdir.

- Kişi qadınla münasibət qurmaq üçün nə axtarır, dostluq, sevgi, yoxsa ehtiras?

- Birinci dostluq, sonra da ehtirasını öldürməyi. Ehtirası öldürməkdən qabaq hörmət, sevgi axtarır. Birinci dostluq olmasa, saxtakarlıq olar.

- Bəs xəyanətə münasibətin necədir?

- Acı bir gerçək kimi baxıram.

- Öz-özünə hansı sualı verirsən hər gün?

- Ay Vüqar, nə vaxt subaylığın daşını atacaqsan?

- Elə isə nə vaxt atacaqsan subaylığın daşını?

- Qısa zamanda.

- Vüqar paxıl insandır?

- Mən heç vaxt heç kimə qarşı paxıl olmamışam. Sadəcə, bəzi populyar müğənnilər var ki, "Yeni ulduz" ifaçılarına yuxarıdan aşağı baxırlar. Onlar mənə yuxarıdan aşağı baxa bilməzlər. Çünki iki metr boyum var. Gərək beş başları olsun. Sadəcə fikir bildirəndə deyirlər, Vüqar paxıldır. Bugünkü gün Vüqarın heç kimə ehtiyacı yoxdur. Mən Vüqara paxıllıq edirlər, çoxlarının yerini dar edirəm.

- Bəlkə burnunu əməliyyat etdirmisən, ona görə paxıllıq edirlər?

- Mən 1996-cı ildən professional boksçuyam. Gürcüstan nümayəndəsi ilə rinqə çıxanda burnum sındı. Sonra sümükləri götüzdürdüm. Burnum ətdir, çoxları kimi yaraşığa görə etməmişəm ki, burnumun paxıllığını çəksinlər.

- Bəs nə vaxt ürəkdən ağlamısan?

- Çox gözəl, ağır sualdır. Anamın itkisi ilə hələ də barışa bilmirəm. O, vəfat edənə çox ağlamışam.

- Vüqar hansı müğənnilərə qulaq asır?

- Azər Zeynalovun, rəhmətlik Hacıbaba Hüseynovun mahnılarını dinləyirəm.

- Qadın müğənnilərdən kimi dinləyirsən?

- Hörmət etdiyim, ən çox sevdiyim nömrə bir Aygün Kazımovanı dinləyirəm. Həm zövqü, səviyyəsi, sənəti ilə estradada yeniliklər edən xanım-xatın müğənnimizdir. Aygün Kazımova estrada janrında birincilərin birincisidir.

- Bəs niyə bəzi gənc müğənnilər səni bəyənmir?

- Məni səhnədə bəyənməyənlər üzdəniraqlar - bacılardır. Efirə çıxıb oxumaq üçün yüz dəfə üzünə tüpürürlər, xeyri yoxdur, təki nə olur-olsun, efirdə görsənsinlər. Oxuyanda da arvad səsi ilə oxuyurlar. Onlar populyar olsalar da, mənəviyyatsızdırlar. Elələri məni bəyənməsələr, yaxşıdır.

- Vüqar, deyirlər, heç bir toyda təmənnasız oxumursan, bəs xeyriyyə konsertlərinə necə, təmənnasız gedirsən?

- Yox, baxır kimlərin toylarına. Bütün xeyriyyə konsertlərində təmənnasız oxuyuram. Kimsə desə ki, hansısa xeyriyyə konsertinə getməmişəm, özümü kəndirlə boğaram. Elə jurnalistlər var ki, qələminə hörmət edirəm. Onların yaxın bir adamının toyunda bir dəfə təmənnasız oxuyaram.

- Bəs, mən necə, dəvət eləsəm, oğlumun toyuna gələrsən?

- Əlbəttə, canla-başla.

- Deyirlər, müğənnilər jurnalistlərdən asılıdır. Bu fikrə münasibətin?..

- Mən heç bir jurnalistdən asılı deyiləm. Ona görə ki, kiminsə qələminə, özünə hörmətim varsa, mən onun məclisində iştirak edərəm. Düzdür, bəzi məqamlarda bizə dəstək olurlar, eyni sahədəyik. Amma elə jurnalist də var ki, toyuna dəvət edir, mən getmirəm. Səhər qorxmuram ki, məndən nəsə yazar, pisləyər. Sadəcə qələminə, savadına hörmət etdiyim jurnalistin məclisində iştirak edirəm. Hamısına da hörmətim var. Qarşılıqlı hörmət də görürəm.

- Hazırda hansı işlərlə məşğul olursan?

- Bu yaxınlarda yeni albomum işıq üzü görəcək. Hər janra müraciət etməyim bir partlayış olacaq.

- Vüqar qorxmadın ki, bu cür aqressiv danışıqlarından sonra növbəti qalmaqala səbəb olacaqsan?

- Mən Allahdan başqa heç kimdən qorxmuram. Mənə heç bir bəndənin sözü maraqlı deyil, əsas Allahdır. Alnım açıq, üzüm ağdır, qorxmuram, çəkinmirəm. Mən şou-biznesdə olan bəzi adamlara dəyər vermirəm, çünki çoxunun homoseksuallığı var. Kiminsə sözü varsa, qadirəm yerində oturtmağa. Şou-biznesdə mavilər çoxalıb. Adlarını çəkmirəm, bilirlər kimi deyirəm.

- Bəs sənin üçün şəlalə nədir?

- Mən şəlaləyə çox dəyər verdim. İndiyə kimi heç bir jurnalistin sualları məni tərpədə bilmədi. Sən məni həm əsəbiləşdirdin, həm güldürdün, heç vaxt demək istəmədiyim sözləri məndən aldın. İstədim deməyəm, istəmədən sözləri Şəlalə aldı məndən...

Söz şəlalə suyu kimidir. Mənbəyindən çıxdısa, bir yerdə dayanmayacaq, dağlardan-qayalardan keçərək, daşdan-daşa çırpılaraq ünvanına çatacaq. Axı su aydınlıqdır.

Şəlalə kənarında yenidən görüşənədək...

Şəlalə NƏRİMAN