Ayrılıq həyatımı alt-üst etdi

Ayrılıq həyatımı alt-üst etdi

10 Avqust 2011 16:14
Bəyəndim (0) Bəyənmədim (0)
Nostalji rubrikasının unudulmuş qonağı - İranə İlkin

Onu çoxdan tanıyırdım. Yaşadığı acı günlərdən də xəbərdar idim. Səmimi insan olduğu üçün tez-tez zəngləşir, dərdləşirdik. Bəlkə də çoxları bilmir ki, həyatın ən çətin sınaqlarından keçən, mahnılarında "yazan belə yazdı", "çəkil, çəkil göz önündən" deyən İranə sadəcə oxumurdu, fəryad edib "nədən belə oldu" sualına cavab tapmaq istəyirdi. "İnsanlara inamım yoxdur" desə də, onları xəyanətdən uzaq olmağa çağırırdı. Sevgisini səsləyirdi bəlkə də. Ona acı günlər yaşadan, onu bu gün xoşbəxtliyin astanasında tək-tənha qoyan sevgisinə ünvanlanırdı bu mahnılar. Kim bilir?!

Nostalji rubrikasının bugünkü qonağı İranə İlkindir.

- İranə, necəsən? Nə var, nə yox?

- Çox əla.

- Həmişəkindən fərqlisən. Təxminən iki il öncə səndən müsahibə alanda bir az dalğın, bir az fikirli görünürdün. Sanki depressiyadaydın. Hər şeyi açıqlamaq istəmirdin. Amma hiss olunurdu ki, için doludur. Bir söz deyib kövrəlirdin. İllər həyatında nəyi dəyişdirdi belə?

- İstədiyimə nail oldum.

- Nə idi istədiyin?

- ... Qoy ürəyimdə qalsın.

- Ürəyində çox sirrin var?

- O qədər sirr var ki. Onları bircə mən və Allahım bilir.

- Hardandır bu qədər güc səndə? Adətən ürəyi dolu olan insan kiminləsə bölüşməyə ehtiyac duyur.

- Mən rahatlığımı yalnız getdiyim ziyarətgahlarda tapıram. Bəndəyə sirr verəndə sonradan başqa adamlardan eşidirəm. İnamım yoxdur insanlara. Demirəm ki, bütün insanlar belədir. Yox. Məsələn, kiçik bacımla dostuq. Lakin ona da hər sözü demirəm ki, mənə görə fikir eləyər.

- Deməli, nə rəfiqən, nə də sirdaşın var?!

- Mən rəfiqələrimdən yalnız xəyanət gördüm. Doqquz il bacılıq etdiyim insan mənə böyük zərbə vurdu, xəyanət etdi. İkinci rəfiqəm də incəsənət aləminin adamıydı. Telekanalların birində diktor idi. O da mənim həyatımı puç etdi. Üç ay idi ki, onunla tanış idim. Naxələf çıxdı. Və bu hadisələr başıma gələndən sonra özümə söz verdim ki, qəlbimə heç kimi yaxın buraxmayacağam. Həyatda gördüyüm xəyanətlər məni bunu deməyə məcbur etdi.

- Səncə, insanlar etibarsızdır, yoxsa dünya fanidir?

- Dünya həmin dünyadır, insanlar cılızlaşıb.

- Belə cılız, naxələf, xəyanətkar insanlar arasında yaşayıb-yaratmaq çətin deyil ki? Ürəkdən gülüb "mən çox əlayam" deyirsən. Amma bilirsən ki, düşmənlərin yaşayır və sənə qarşı xəyanətlər də bitməyib...

- ... Mən ən ağır günlərimdə tək qaldım. Və bütün insanların iç üzünü gördüm. Həyatda yaxşı dostlarım var. Qadınlardansa kişi dostun olsa yaxşıdır. Tanrı bunu mənə qismət etdi. Qardaş dediyim insan var ki, ona etibar edirəm.

- İranə, sən mənə həm də maraqlı bir insan kimi təsir bağışlayırsan. Özünü necə xarakterizə edərdin?

- Məni tanımayan insanlar üçün çox maraqlıyam.

- Qəribəsi budur ki, mən səni illərdir tanıyıram. Hər dəfə də söhbətimizdə sanki kitab kimi vərəqləyir və yeni bir səhifə açıram özüm üçün.

- Həyatım çox qəliz olub. Çox ağır günlər yaşamışam. Tək olmuşam. Bəlkə elə ona görə düşünürsən.

- Səncə, qəliz insan deyilsən?

- Bəli, qəliz insanam. Sevdiyim insanı bəzən incidirəm.

- Bəlkə kişilərin xəyanətini bildiyin üçün onlardan intiqamını bu yolla alırsan?

- Ola bilər. Xəyanət görmüşəm.

- Xoşbəxt olmağın üçün nə çatmır?

- ...

- İranə, on-on beş il öncəyə qayıtsan və yenidən həyata başlamalı olsan, nədən başlayarsan? Hansı səhvini düzlətmək istərdin?

- Ailə qurardım, amma bilərdim kiminlə.

- Sənə elə gəlmir ki, hərdən səhnədə var olub, hərdən yox olmağın bugünkü axınının içərisində itir? Axı yeni səslər, yeni istedadlar və istedadsızlar gəlməkdədir.

- İstədiyim zaman gəldim səhnəyə və istədiyim zaman da getdim. İndi yenə gəlmişəm. Bilirəm ki, yadda qalmışam.

- Bu sənə kifayət edir?

- Hərdən istəyirəm tanısınlar məni, hərdən də yox. Əvvəllər indiki kimi düşünsəydim, bəlkə də heç sənətə gəlməzdim.

- Bunu deməyə səni nə vadar edir?

- Bəzən haqqında olmayan söhbətlər danışırlar. Əgər sən varsansa, söhbət də olacaq. Haqqında danışmırlarsa, deməli, yoxsan. Qoy düz danışsınlar, olmayan şeyi niyə hallandırırlar?

- Səncə, niyə sənət adamları bir-biri ilə dostluq edə bilmir?

- Niyə ki, İradə İbrahimova mənim rəfiqəm olub. Sadəcə, sənətdən tez-tez uzaq düşdüyüm üçün alınmırdı bu münasibət.

- İranə, qayğıkeş anasan, gözəl övladların var. Lakin vaxt gələcək, qızın da, oğlun da ailə quracaq. Bəs sonra?

- ...Təklikdən qorxuram.

- Sənin qəlbinə hakim kəsilən insan necə olmalıdır?

- Düzgün, təmiz. Yalançı insanları sevmirəm. Amma çox vaxt qarşıma məhz belələri çıxır.

- Həyatın nəbzini tuta bilirsən?

- O qədər yalan, saxtakarlıq görmüşəm ki, artıq hər şey adiləşib mənimçün.

- Zənnim məni aldatmırsa, yorulmusan...

- Bəli, etiraf edim ki, yorulmuşam.

- Taleyinə nə yazıldı?

- İlk növbədə xəyanət. Amma xoşbəxtəm ki, iki övladım var.

- Bəs xoşbəxt qadın?

- ...Xoşbəxtliyimi hələ tapmamışam.

- Axtarmağa dəyər?

- Bəlkə də. O da alın yazısıdır.

- Bəs niyə mübarizəyə qalxmırsan? Axı sən xoşbəxt olmaq istəyirsən...

- Bəlkə də haradasa mübariz deyiləm, amma güclü qadınam. İki övladımı da tək böyüdürəm.

- Tənhalıq həyatında nəyi dəyişdirdi?

- Sərbəstəm.

- Dəli bir ağlamaq keçmir ki, ürəyindən?

- Çox olur.

- Nə zaman?

- Özümü tək hiss edəndə. Dərdimi heç kəsə demədiyim hallarda bütün həyatım gözlərim önündə canlanır və kövrəlirəm.

- Tənhalıq nədir, ayrılıq nə? İndi tənhasan. Vaxt var idi ayrılıq yaşamışdın.

- Vaxt var idi sevdiyim insandan ayrıldım, indi isə tək-tənhayam. Bu təkliyi hansısa məclisə gedəndə daha çox hiss edirəm. Ayrılıqdan, tənhalıqdan ağır şey yoxdur həyatda. Məni bərkitdi bu ayrılıq. Yox, daha doğrusu, alt-üst etdi həyatımı...

"Bu dünyanın özü yalan üstə qurulub", - deyən həmsöhbətim doğru, dürüst, saf sevgi yolu gözləyir. Məhəbbət umur yalançı dünyadan. Taleyinə xəyanət yazılsa da... Şirin sevginin acı dadını daddı və bu gün "ayrılıq mənə sərbəst olmağı öyrətdi", - deyir. Sanki sərbəstliyini də itirəcəyindən qorxurdu. Təzadlı bir fikirdir, elə deyilmi? Kövrək xatirələrini dilə gətirdikcə qəhərlənən müsahibim "mən çox iradəliyəm", - deyir. "Övladlarımı tək böyüdürəm". Qayğıkeş ana olsa da, bir qadın kimi qayğıya möhtacdır. Ürəyində tənhalıq və sənsizlik yükü daşıyır İranə. "Xoşbəxt qadınam" deyə bilmir. Amma giley-güzar deyildi danışıqları. Bir qadının yaşadıqları və səmimi etirafları idi. Ona əzab verən tənhalığı, sevgisizliyi daşımaq nə qədər ağır olsa da, bu onun həyatı idi. Acılı-şirinli, bir az qayğılı, bir az kədərli həyatı...

Mətanət Şamilqızı - 04 may 2007-ci il (Nostalji)