Kamran Həsənli Samir Piriyevlə olan qalmaqalına tam ciddi hazırlaşıb

Kamran Həsənli Samir Piriyevlə olan qalmaqalına tam ciddi hazırlaşıb

1 Aprel 2016 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Şoumen Kamran Həsənli və onun vəkili Türkel Süleymanlı Lent.az-a müsahibə verib.

-Müğənni Samir Piriyev sizin barənizdə hüquq-mühafizə orqanlarına şikayət edib.

- 2008-ci ildə Türkiyədə Ərhan Yılmazın "BeyPet" şirkətinə şərik olmuşam. Ortaq olandan sonra 2009-cu ildə Samir Piriyevlə danışdıq, o da ortaq olmaq istədi. Mən də həmin şirkətin şəkillərini ona göstərdim, baxdı, xoşuna gəldi və ortaq olmaq istədi. Daha sonra Samir Türkiyəyə getdi, şirkətə baxandan sonra oranın 10% hissədarı olmaq istədi. Həmin 10%-ə də Ərhan Yılmaz ona 250 min dollar qiymət dedi. Samir Piriyevsə şirkətin hissədarı olmaq üçün 115 min dollar çatdırdı. Qalan məbləği isə gecikdirirdi. O, gecikdirdiyinə görə, Türkiyədən Ərhan Yılmaz zəng edirdi ki, dostun Samir pulu niyə gətirmir? Bir sözlə 2010-cu ildə Samirin özü Ərhanın yanına getdi və onlara pulu ödəyə bilmədiyini söylədi. Şirkətsə ona təklif etdi ki, bəlkə şirkətin 5% səhmlərini alasan? Samirsə buna razı olmadı, dedi ki, pulumu tam istəyirəm. O, da təbii ki, gecikmişdi. Samirə dedim ki, şirkət satışa çıxarılıb, satılsa, pulun veriləcək. Sonra şirkət böyüdü, Samir də pulun qalan hissəsini ödəmədiyinə görə, bizim işimiz çətinə düşdü. Həmin vaxtdan sonra bir tərəfdən Ərhan Türkiyədən mənə zəng edirdi ki, Samirə de, pulu göndərsin, digər tərəfdən də Samir mənə zəng edirdi ki, pulumu geri almaq istəyirəm. Yəni iki tərəf də mənim üstümə gəldi. Mənim özümün 300 min pulum var. Yəni Samirin 80 minindən dəfələrlə artıq pul ödəmişəm o şirkətə. Sadəcə Samiri mən tanış etdiyimə görə özümdə məsuliyyət hiss edirdim. Elə ona görə də Samirə dedim ki, Türkiyədə şirkət satılsa, birinci sənin pulunu verəcəyik. Satılmasa, mənim "Port Baku"nun yanında olan evim plana düşür, pulu alan kimi, sənə verəcəm. Daha sonra Türkiyədə olan pulu mən götürərəm. İstəyirdim ki, ev satılan kimi, birinci onun pulunu verim, çünki Samir gəlib ağlayırdı ki, boşanmışam, alimenti verə bilmirəm, evim yoxdur, borcun içindəyəm. Mənim də ona yazığım gəldi. Bilirsiniz ki, onu ilk dəfə efirə mən çıxartmışam, yanımda toylara mən aparmışam. Düşünürdüm ki, cavan uşaqdır, pul məndən çox ona lazımdır.

- Bəs Samir nə zamandan bəri sizinlə bu pul məsələsində qarş-qarşıya gəldi?

- Plana düşməkdə olan evimin satılması gecikəndən sonra. Daha sonra Türkiyədə Ərhanla danışdı, getdi 15 min aldı. Pulun qalan hissəsini almaq üçün isə dəfələrlə mənim yanıma gəlib getdi. Mən də dedim ki, qardaş, mənim "Nissan" "Armada" markalı bir maşınım var. Ondan başqa heç nəyim yoxdur. O da maşını götürüb, getdi. Daha sonra dedi ki, o avtomobili 20 minə satmışam. Ondan sonra da şantajlar davam etdi. Dedi ki, mən polisin yanına gedəcəm. Mən də söylədim ki, "Ay Samir, bu ortaqlıq işdir, polisə nə deyəcəksən? Yaxşı olmaz, ikimizin arasında olan bir işdir". Sən demə bu da mənim dediyim sözləri diktofona yazırmış.

- Həmin səs yazısı artıq mətbuata yayılıb...

- Samir artıq həmin səs yazıları ilə məni şantaj etməyə başlayıb. Məndən icazəsiz səsim yazılıb. Bu cinayət işidir. Bununla bağlı artıq polisə müraciət etmişik. İstintaqda da heç bir suala cavab verə bilməyib, çaşıb. Prokurorluğu aldadıb, iş qalxsın deyə, deyib ki, Kamran Həsənliyə pulu verdim, o, mənə dedi ki, orada tikilən obyekt var. Gedib baxdım ki, elə bir obyekt yoxdur. Prokurorluqda da inanıblar ki, doğurdan da bu adamı aldadıblar. Fakt üzrə istintaq qaldırılıb, istintaqda da mənim vəkilim Türkel Süleymanlının "Sən Türkiyəyə gedəndə o şirkəti gördün?" sualına, "Hə" cavabını verib.

Söhbətə Kamran Həsənlinin vəkili Türkel Süleymanlı qoşulur.

- Bu işin bir neçə hüquqi məsələsi var. Birincisi odur ki, hər hansı bir kommersiya ortaqlığında dələduzluqdan söhbət gedə bilməz. Dələduzluqdan o vaxt söhbət gedə bilər ki, Samir deyir, guya pulu Kamrana Bakıda verib. Kamran da deyir ki, pulu Antalyada Ərhana vermisən. Ərhan da özü istintaq gedişində izahat verib.

- Sabah Samir Piriyev mətbuat konfransı keçirir. Bildiyimiz qədəri ilə siz də sabah eyni addımı atmaq niyyətindəsiniz?

- Bəli, fikrimiz var. Əslində Kamran bəy istəmirdi. Bəlkə də onlara bu səs-küy və şou lazımdır. Amma bizə yox. Ona görə yox ki, kimdənsə qorxuruq. Yox, əksinə. Bu barədə iş qaldırılıb, araşdırılsın. Sən daha nə istəyirsən?! Dəfələrlə Kamran Samirə deyib ki, mən evimi sənə görə satışa çıxarmışam.

- Samir Piriyevlə bağlı haralara müraciət etmisiniz?

- Artıq üç gün bundan qabaq Bakı şəhər prokuroruna, Nəriman rayon prokuroruna, daxili işlər naziri cənab Ramil Usubova, Baş prokuror cənab Zakir Qaralova müraciət etmişik. Çünki Samirin Kamrana etdiklərində iki cinayət tərkibi var. Heç kim başqasının səsini icazəsiz yaza bilməz. Yalnız vətəndaşın razılığı olmalıdır. Kamranın icazəsi və xəbəri olmadan səsini yalnız hüquq mühafizə orqanları yaza bilər. Onlar da xüsusi icazə olmadan bu işi edə bilməzlər. Samir Kamranın səsini yazandan sonra deyir ki, bunu mətbuata yayacam. Burada isə Cinayət Məcəlləsinin 182-ci maddəsinin tərkibi meydana çıxır. Yəni hədə-qorxu ilə tələb etmə. İndi isə Samir Kamrana xəbər göndərib ki, yaşadığın evi adıma keçir. Həmin ev 1993-ci ildə alınıb, onda isə Samir əmək fəaliyyətinə ümumiyyətlə başlamamışdı.

- İddia edirsiniz ki, Samir sizin evinizi öz adına keçirmək istəyir

- (Vəkil) Əvvəllər pul istəyirdi, indi də Kamranın tanışları vasitəsi ilə xəbər göndərib ki, yaşadığı evdə qala-qala evi Samirin adına keçirtsin.

- (Kamran Həsənli) O evi sənə niyə verməliyəm? Evi sənə verim, küçədə qalım?

O başa düşür ki, istintaqda səs yazısı heç nəyi həll etmir, ona görə də bu cür yollara əl atır. Nə demişəm sənə? Demişəm ki, pulu verməyəcəm? Demişəm ki, şirkət və ya evim satılanda pulun veriləcək.

- (Vəkil) Kamran da ona deməyib ki, evimi sənə görə satıram. Sadəcə plana düşəndə bütün evlər sökülür, müqabilində də pul verilir.

- (Kamran Həsənli) O, mənə o qədər yalvarırdı ki, Kamran, qurban olum borcun içində batıram... O vaxtı hədə-qorxu gəlsəydi, başqa cür cavab verəcəkdim. O qədər yalvarırdı ki, yazığım gəlirdi. Almenti ödəyə bilməməyindən şikayətlənirdi. Hətta övladına aliment verməmək üçün vəkilə müraciət etmişdi. Bütün günü mənim yanımda idi. Toylara aparırdım...

- (Vəkil) Samirin tanınmasında Kamranın böyük əməyi olub. Düz 3 il Kamranın dəstəsində toylara gedib.

- (Kamran Həsənli) Tək onu yox, Abbas Bağırovu da ilk dəfə efirə mən çıxartmışam. Abbası da iki il toya mən aparmışam. Amma Samir...

- Mətbuat konfransında nələr açıqlanacaq?

- (Vəkil) Mətbuat konfransında açıqlayacağıq, bizim əlimizdə Nərimanov rayonu prokurorun qərarı var. Biz vəsatət vermişdik ki, cinayət işinə xitam verilsin, verilmədi. Həmin qərarda nə yazılıb? Orada biz görürük ki, Samirin müraciəti necə olub. Kamran Həsənli Samir Piriyevi tikilməkdə olan obyektə dəvət edib, pulu alıb və sonra Samir gedib görüb ki, heç bir obyekt yoxdur, səhralıqdır. Sən niyə hüquq mühafizə orqanını aldatmısan? Adama deyərlər ki, pul qoymusan, pulunu tələb etməyə də haqqın var. Axı sən özün boynuna aldın ki, obyekt var, yerindədir.

- Kamran bəy, bu məsələdə bacınız Gülər Həsənlinin adı da hallanır.

- Samir özü yalandan şahid tutur ki, pulu mənə verib. Bacımın bu məsələyə nə aidiyyəti var? Samirin keçmiş həyat yoldaşı da bu işdə var idi. Amma istəmədim ki, o, şahid kimi bu işdə iştirak etsin. Ancaq Samir bu cür şeyləri düşünmədi. Bilsəydim ki, belə edəcək, onun Türkiyədə aldığı 15 mini gedib özüm götürərdim, heç ona verməzdim.

- Samirə söylədiyiniz "kişi kişi ilə söhbət edər", sözü cavabsız qalmadı...

- Hə, mən ona dedim ki, kişi kişiylə söhbət edər. Mənlə problemin var, mənim adımı çək. Bacımın adın niyə çəkirsən? Özün də bilirsən ki, bacım Türkiyə yaşayır. Özündə onu gedib Türkiyədə görmüsən. Yəni bu işə razılıq verəndə Gülər Bakıda olmayıb. O bildi ki, mən istəməyəcəyəm, bacım polisə gəlsin, ona görə də belə etdi. Xasiyyətimi bilir. Tikandır.

- Kamran bəy, məsələ ictimailəşəndən sonra Samir Piriyevlə görüşünüz və ya telefon danışığınız olubmu?

- Yox, danışmamışam.

Mediainfo.az