"Müsbət cəhətim yoxdur!"

"Müsbət cəhətim yoxdur!"

5 Avqust 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Elşən Xəzər: «Arvad rolunu taparıq, Vüqar da bizimlə oynayar»

Gözəl saytdır Oxumeni.az

Müsahibəyə heç kim etməz etiraz.

Bu sözlərin müəllifi meyxanaçı Elşən Xəzərdir. Deməli, o, həm də "Şəlalə" rubrikasının bugünkü qonağıdır. Odur ki, fərqli olsun deyə, bu dəfə məqaləyə onun açdığı qafiyə ilə giriş verirəm.

Elşən Xəzər şəlalə görməmişdi,

Görmüşdüsə, suyuna girməmişdi,

Suallar sel olacaq, bilməmişdi.

Gözəl saytdır Oxumeni.az,

Müsahibəyə heç kim etməz etiraz.

- Özünüz haqda məlumat verərdiniz.

- Elşən Xəzər. 1973-cü ildə martın 29-da Bakıda anadan olmuşam. Əslim Cəlilabaddandır. İncəsənət Universitetinin "Kütləvi rejissorluq" fakültəsini bitirmişəm.

- Necə oldu ki, məhz meyxana sənətini seçdiniz?

- Uşaqlıq vaxtından marağım olub. 1995-1996-cı ildən bu sənətdəyəm.

- Mənfi cəhətiniz nədir?

- Çoxdur.

- Müsbət cəhətiniz də çoxdur?

- Müsbət cəhətim yoxdur.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- Şəhər toylarına 500-600 manata, rayon toylarına 1500-2000 manata.

- Meyxana sənətində sizə kömək edən var?

- Yox, özüm-özümə dəstəyəm. Allah verib bu istedadı. Allahdan başqa kömək yerim yoxdur.

- Verilişlərin birində Ağamirzə ilə sizin sözünüz çəp gəlmişdi. Bu, bir qara piyar idi, yoxsa, yenidən gündəmə gəlmək istəyirdiniz?

- Mən gündəmdən qaçıram. Məni özləri gündəmə salırlar. Ağamirzə kimdir axı mənə nəsə desin? Ağamirzə də meyxana deyir, mən də. Ağamirzəyə bir böyük kimi hörmətim var. Sadəcə, "verilişə niyə gəlmisən?" sözü mənə çox təsir etdi. Məni ora "Spase"in rəhbəri çağırmışdı. Sən kimsən axı, mənə o sözü deyirsən? Veriliş qurtarandan sonra bu söhbəti həll etdik.

- Əvvəllər sizi tez-tez duet oxuyan görürdük, bəs indi niyə xanımlarla duet oxumursunuz?

- Əvvəllər cavan idim, indi 40 yaşım var. Həccə getdim. Alınmır. Artıq hər şeyə sərhəd qoymuşam. Allah Təalaya xidmət edirəm. Duet oxumuşam vaxtında, artıq bəsdir, bundan sonra mənə yaraşmaz.

- Bəs onda qadın pərəstişkarlarınızla münasibətiniz necədir?

- Yaxşıdır münasibətim, qadın pərəstişkarlarım çoxdur.

- Pərəstişkar xanımlar üzündən evinizdə heç söz-söhbət düşübmü?

- Yox, heç vaxt problem olmayıb.

- Ən böyük arzunuz nədir?

- Həyatda tək arzum öləndə Cənnətə düşməkdir.

- Aqşin Fatehlə münasibətiniz necədir?

- Çox yaxşı.

- Aqşin Fateh Hacılara qarşı bir meyxana demişdi. Bir çox Hacılar bunu yaxşı qarşılamadılar, səbəb nə idi?

- Mən də çox pis qarşıladım. Düzdür, Aqşin Fateh albomu dini mövzuda çıxartdı. Çox qabarıq şəkildə dedi: "Peyğəmbərimizin bir kəlamı var. Bir insanın səhvi olarsa, ona təklikdə başa salmaq lazımdır. Kütlə içində ona heç nə deməyəsən gərək". Bəzi kupletlər var idi, düz demişdi Hacılara, bəziləri lazım deyil idi. Mən də onu başa saldım ki, düz eləməmisən, bir də səhv eləmə, başqalarında da səhv axtarma.

- Sizin musiqi savadınız var?

- Yox, musiqi savadım yoxdur.

- Meyxanada özünüzə rəqib kimi görürsünüz?

- Heç kimi.

- Əsəbi insansınız?

- Çoxları deyir ki, əsəbiyəm. Doğrudan da kiminsə haqqı tapdalananda özümdən asılı olmur, əsəbiləşirəm.

- Namiq Məna ilə münasibətiniz niyə soyuqlaşıb?

- Namiq Məna meyxananın adını dəyişirdi. Tək mən yox, çox adam qalxdı ayağa, başa saldıq ki, sən səhvsən. Bədiyyə qoymaq istəyirdi adını. Başa saldıq bədiyyə nədir. Mən bilirəm ki, qatığın rəngi ağdır, o qatığa qara deyə bilmərəm. Əvvəllər toylarda bir yerə düşürdük, indi yox. Düzdür, aramız soyuyub, elə də münasibət yoxdur.

- Bəs Vüqar Maştağalı ilə aranız niyə dəyib?

- Tələbəm meyxana üslubunda şeir yazmışdı, mən də dedim ki, gələcəkdə kino çəkərik. Sonra Vüqardan müsahibə götürəndə demişdi: "teatr səhnəsi yaratmaq olar". Ona da demişdilər ki, Elşən Xəzər kino çəkmək istəyir gələcəkdə. O da demişdi ki, məndən oğurlaya-oğurlaya gedir, Elşənə elə orada Məşədi İbad rolu yaraşır. Vüqarın sözü mənə çox pis təsir etdi.

- Demək Vüqar Maştağalı sizi oğru və Məşədi İbad adlandırmışdı?

- Hə, oğru, Məşədi İbad demişdi. Yəni kinoda mənə Məşədi İbad obrazı yaraşır. Mən fəxr edərəm ki, elə kinoda Məşədi İbad rolunu oynayım.

- Bəs siz Vüqara nə cavab verdiniz?

- Niyə ki, mənə ilişmək istəyəni yerində otuzdura bilirəm, dilimlə. Allah Təala bizə dil verib. Məni oğru adlandırdı ki, guya bunun ideyasını oğurlamışam. Əsla belə olmayıb. Məndən də müsahibə götürəndə qarşı tərəfə cavab olaraq demişdim ki, məndən Məşədi İbad olarsa, problem yoxdur. Vüqar üçün də kinoda Sənəmdən, Gülnazdan taparıq, oynayar.

- Demək, Elşən Xəzər Vüqara arvad rolunu məsləhət görüb?

- Onun cavabı olaraq dedim: "arvad rolunu taparıq, Vüqar da bizimlə oynayar". Bu sözüm ona toxunmuşdu. Bir də niyə toxunmalıdır, dediyi sözün əsasında demişdim. Keçmişdə arvad rolu oynayan o qədər sənətkar var idi ki. Burada qeyri-adi heç nə yoxdur. Axı Məşədi İbada Sənəm, Gülnaz lazım idi. Mən də Vüqara məsləhət gördüm, ya Sənəmi, ya da Gülnazı oynasın.

- Özünüzü müdafiə üçün ancaq dilinizə güvənirsiniz?

- Hər insan Dövlət hüququnu bilməlidir. Yumruqla vurub qan çıxarmaq lazım deyil. Mübahisələr dillə həll olmalıdır. İnsanı başa düşmək lazımdır. Yumruğa ehtiyac yoxdur.

- Sizin üçün sevgi nə deməkdir?

- İnsanın həyatında əsl sevgi məktəb illərində, cavanlıqda olur. Çox insanlara sevgi hissi nəfsdən gəlir. Mənim üçün sevgi böyük mərtəbə məqamıdır. Sevgi insanın qəlbində Allaha, övlada, evdəki xanıma qarşı olmalıdır.

- Ailə münasibətində ən çox nəyə önəm verirsiniz?

- Mən həyatda əxlaqa önəm verirəm.

- Meyxanada özünüzə rəqib kimi görürsünüz?

- Heç kimi, hamının öz dəsti-xətti var. İlk dəfə Namiq Qaraçuxurlu, biz meyxananı sintez edib musiqi ilə ifa etdik. Bacardığımız qədər xalqımıza sevdirdik. Hamı çalışmalıdır ki, meyxana sənətini yaşatsın. Onu da bacardıq. İndi çəkilib durmuşam qıraqda. 40 yaşım var, artıq qocalıram. Qoy indi cavanlar çalışsın ki, meyxana sənəti gündəmdə qalsın. Görsək ki, meyxananı gündəmdə saxlaya bilmirlər, gərək qoca vaxtımızda biz məsələyə qoşulaq. Başqa xalqlarda meyxana yoxdur. Yer üzündə 6 milyard insan yaşayır, 6 milyarddan da cəmi 15-20 nəfər bilir bu sənəti. Meyxananı 15 nəfər mükəmməl bilirsə, onlardan biri də mənəm.

- Sənət sizi seçdi, yoxsa siz sənəti?

- Nə sənət bizi, nə biz sənəti seçdik. Bu, insana verilən vergidir. Allah Təalanın buyruğu ilə bu sənətdəyik.

- Bu sənətdə istədiyinizi əldə edə bilmisiniz?

- Bu günə də min şükür. Allahımdan çox razıyam. Ürəyim istəyən şeyləri əldə etmişəm.

- Kədəri dəf etmək üçün nə etmək lazımdır?

- Sevincə qovuşmaq lazımdır.

- Bəs sizi meyxana sənətində ən çox nə narahat edir?

- Ən çox o narahat edir ki, xalqımız istedadlını qəbul etmir, istedadsızı qəbul edir. İstedadsız zəif olsa da, deyillər, ondan yoxdur. Amma istedadlı qalır qıraqda. Belə nankor insanları, belə şeyləri görəndə əsəbiləşirəm.

- Özünüzü çox tərif etdiniz, bəs tənqid edə bilərsiniz?

- Pis insanlar görəndə, onları tənqid edirəm. İnsanlar bizi sevdikləri kimi səhvlərimizi də göstərə bilir. Yəqin ki, istəyib deyirlər. Xalq bizim pisimizi də, yaxşımızı da bizdən yaxşı görür.

- Bu sənətdə ən çox kimdən bəhrələnmisiniz?

- Ustad Mehman Əhmədlidən.

- Nə vaxtsa meyxana sənətindən getmək fikriniz var?

- Fikrim var. İnşallah, dini mövzularda bir disk buraxdırım, bir-iki ilə uzaqlaşacam bu sənətdən. Tələbələrim var. Artıq mən qocalarım. Bəsdir bu qədər elədiyim. Meydan cavan nəslindir.

Şəlalədə çox şeylər aydın oldu,

Qonağın ürəyi boşaldı-doldu,

Narahat olmayın, qonağım boldu,

Gözəl saytdır Oxumeni.az,

Müsahibəyə heç kim etməz etiraz.

Maraqlı qonağım var, gözlə bir az.

Şəlalə NƏRİMAN

O.M.