Pul mənim üçün hər şeydir

Pul mənim üçün hər şeydir

8 İyul 2011 13:10
6 677
Bəyəndim (0) Bəyənmədim (0)
Heç kim deyə bilməz ki, mən xoşbəxtəm

Həyat bir qatardır. Nədənsə hər kəs son mənzilə biletini əvvəlcədən alır. Sonra ona ayrılmış vaqona daxil olaraq kupedəki yerini tutur. Birinin yeri yuxarıdan düşür, birinin aşağıdan. Bu uzun səyahətdə kiminin bələdçisi dəli şeytan olur, kimininki isə ağıl. Beləcə, qatar kövrək addımlarla ilk stansiyadan hərəkətə başlayır. Bir-birinə qoşulmuş vaqonlarda milyonlarla insan öz dayanacağına doğru istiqamət alır. Ana laylasına bənzəyən sehrli səsin, beşik yırğalanmasının müşayiətilə maraqlı bir səyahət başlayır.

Qatarın dəmir təkərləri relslərə sürtündükcə, o, get-gedə sürətini artırır. Yolundan çıxmadan elə hey irəliləyir. Stansiyalar növbə ilə əvəzlənir. Hər stansiyanın öz təkrarsız gözəlliyi, əsrarəngiz duyğuları, fərqli sakinləri olur. Beləcə, zaman-zaman düşünməyə imkan tapdığın stansiyalar keçmişdən gələcəyə doğru keçid rolunu oynayır. Bir də görürsən ki, ötüb keçdiyin dayanacaqların uzaqda qalanını unutmağa başlamısan. Bununla belə, düşəcəyin dayanacağı yaxşı bilirsən, çünki biletində əvvəlcədən yazılıb. Yeganə təsəllin isə o olur ki, qatarın ünvan başına nə zaman yetişəcəyi yalnız onu idarə edən maşinistdən asılıdır.

- Zemfira Əlişqızı kimdir?

- Zərbəliyeva Zemfira Əliş qızı 1959-cu ildə mayın 4-də Kürdəmir rayonunda anadan olub. Yazıçılar və jurnalistlər birliyinin üzvüdür. Qaban ili Buğa bürcündəndir. Bir çox şeirləri Türkiyədə, İranda nəşr olunan qəzetlərdə dərc edilib. Respublika Qadınlar və Əz-Zəhra Qadın Cəmiyyətinin üzvüdür. Bir çox fəxri diplomlara layiq görülüb. Üç övladı, iki nəvəsi var. 700-dən çox şeirlərinə mahnı bəstələnib. On bir diski var. Ali təhsillidir.

- Necə oldu ki, şairə olmaq istədiniz?

- Əvvəllər şairə olmaq istəmirdim. İxtisasım jurnalistikadır. 2-ci təhsilim politologiyadır. Orta məktəbdə şeirlər yazırdım, dövrü mətbuatda da şeirlərim işıq üzü görürdü. 1989-cu ildən Aşıqlar Birliyində metodist kimi çalışmışam. Hüseyn Arifin məsləhəti ilə gəldim bu sənətə, ilk şeirim də Şəhidlərlə bağlı oldu. Tahir Əkbər mahnı bəstələdi. Sonralar bir çox bəstəkarlar - Faiq Sücəddinov, Nadir Əzimov, Cabbar Musayev, Sədaqət Arifqızı, Mətanət Dadaşova, Niyaməddin Musayev mənim şeirlərimə mahnı bəstələdilər.

- Şeirlərinizi pula satırsınız?

- Mən heç kimə pulsuz şeir vermirəm. Minimum qiymət 300 $-dır. 500 - 1000 $-a satıram. Heç vaxt sifarişlə də şeir yazmıram, ətrafımdakı dostlara yazıram.

- Mümkünsə, şeirinizdən bir bənd deyərdiniz.

- Dünya əzəldən belə,

Tikan yazılıb gülə.

Evimi yıxdın, zalım,

Üzümə gülə-gülə.

- Ötən günlərə dönmək istərdiniz?

- Yox, istəməzdim, mənası yoxdur. Ötüb-keçib, qaytarmağın nə faydası.

- Sizi qələm dostlarınız bəyənirmi?

- Bəyənərlər, məndə paxıllıq deyilən şey yoxdur. Hamı bilir ki, mənim ürəyim açıqdır. Kimsə mənə paxıllıq da edə bilər. Hiss etmişəm kimsə paxıllıq edir, ona qarşı mehriban olmuşam. Dərs götürsünlər, paxıllıq olmaz, insanın ruhunu öldürür.

- Zemfira Əlişqızı bu sənətdə kiməsə mane olurmu?

- Deyə bilmərəm, hər kəsin qələmi, karandaşı, dəftəri ayrıdır.

- Bir şairə olaraq hansı müğənninin ifasını bəyənirsiniz?

- Sənətdə oxuya bilən hər bir insana böyük hörmətim var. Musiqi demək olar ki, mənim həyatımdır. Mahnıda əsas sözlər dinləyicinin ürəyinə yatmalıdır.

- Bir çox gənc şairlər çıxıb, onların yazdığı şeirlərin durumu necə, ürəyinizcədir?

- Çox gənclər mənə müraciət edir, tanınmayanlardır. Onlara yol göstərirəm, yazdıqları şeirləri yoxlayıram. Mən qələmi güclü olan, bəxti gətirən şairəyəm. Gözəl insanlar çıxıb vaxtında qarşıma. Düzdür, Allah əlini çevirə də bilər, devirə də bilər. Mənə vaxtında kömək olub, mən də çalışıram bacardığımdan da artıq kömək olum hamıya.

- Zemfira Əlişqızı sevgi şeirlərini kimə ünvanlayır?

- İnsan sevgisiz yaşaya bilməz. Yazılanların hərəsinin öz ünvanı var. Məktub ünvansız olmaz, mən həmişə demişəm.

- Sevdiyiniz kimsə varmı?

- Əlbəttə, dəli kimi sevdiyim var. Qətiyyən sənət aləmindən deyil.

- Övladlarınız, qohum-əqrəbanız bilirmi sevdiyiniz var, yoxsa bəzi sənət aləmində olanlar kimi gizli saxlayırsınız?

- Yox, mənim ailəmdə hamı bilir. Üç ildir mən istədiyim insanla bir yerdəyəm, molladan kəbinimiz var. Məni tanıyanlar, sənət aləmində hamı bilir, kürəkənlərim, qardaşlarım, bacılarım, anam, hamısı ilə münasibəti var.

- Bəs necə oldu ki, həyat yoldaşınızla münasibətinizə son qoydunuz, yoxsa..?

- Yox, Şəlalə, həyat yoldaşım rəhmətə gedib. Mən həmişə ailəmi dəyərləndirmişəm. Uşaqlarım balaca idi o, rəhmətə gedəndə. Çox əziyyətlər çəkdim. Mən ailəsini dağıdanlara çox pis baxıram.

- Son zamanlar bir çox şairlər uğur qazanmaq üçün üz tuturlar Türkiyəyə. Bəs sizin necə, sərhədləri aşmaq imkanınız var?

- Mən ilk şairəyəm ki, Türkiyədə şeirlərimə bir çoxları mahnı bəstələdib, oxuyub. Gülben Ergen "Bu gecə" mahnımı ifa edib, klip də çəkdirib. "Yalan dünya" şeirinə Nadir Əzimov mahnı bəstələyib, Brilyant Dadaşova ifa edib. Çox da bəyənirlər. Demək olar ki, Türkiyədə bütün kanallarda səslənir bu mahnı. Deyirlər ki, şanslı şairəyəm.

- Ən çox özünüzdə nəyi qiymətləndirirsiniz?

- Çox inadcıl insanam.

- Sizcə sevgi nədir?

- Sevgi yaşamaqdır, dilə gəlməyən bir hissdir. İnsana qadağa olunmayan bir duyğudur. İnsan sevəndə həbsxanada da sevə bilər.

- Qısqancsınızmı?

- Dəli kimi sevməyən insan qısqana bilməz.

- Xəyanəti bağışlaya bilərsinizmi?

- Qətiyyən, bağışlamaram.

- Efirlərdə çoxdandır görünmürsünüz. Niyə?

- İki aydır çıxmıram, amma dəvət edirlər. Bilirsiniz ki, avtomobil qəzası keçirmişdim. Burun çəpərimdə böyük problem yaranmışdı. Bəzi fəsadlar mənə əziyyət verirdi. Yenidən əməliyyat oldum, dörd saat çəkdi. Bu günə də şükür. Sentyabrda reallaşması nəzərdə tutulan böyük bir proyekt üzərində işləyirəm, imzası güclü olan bəstəkarla. Yaradıcılıq gecəsi keçiriləcək.

- Hazırda hansı yeni şeirlər üzərində çalışırsınız?

- Nazpəri Dostəliyevaya yeni bir şeir verdim. Baxmalıdır. Fikrini bildirəcək, yəqin mahnı bəstələdib ifa edər. Bir şeirim Namiq Qaraçuxurlunun xoşuna gəlmişdi. Məhz Aygün Kazımovaya hədiyyə elədi, artıq mahnı bəstələnib, oxuyublar da. Klip çəkilir. İstedadlı müğənni var, Mənsumə. Mənim sözlərimə yazılmış aşıq üslubunda bir mahnı oxuyub, çox gözəl mahnıdır. Mənim şeirlərim çox yadda qalır deyə mənə çox müraciət edirlər.

- Bu gün sizə tələbat var?

- Əlbəttə, var. Tələbat olmasa, bugünkü gün populyar müğənnilər məni axtarmazdılar. Demək, seirlərimə qulaq asırlar, məndən yeni şeirlər istəyirlər.

- Özünüzü romantik insan hesab edirsiniz?

- Həddindən çox romantikəm, bəzən xəyallar qururam özümə. Ayaqlarım yerdən üzülür, o dünyada oluram.

- Üzünüzə gülüb, arxanızca danışan olub?

- Üzümə kimsə heç nə deməyib, bilmirəm ki, danışırlar, yoxsa yox. Elə olub ki, iki bəstəkar bir-birinin arxasınca mənim yanımda danışıb. Amma mən ikisini də görəndə onları bir-birinə tərifləmişəm. İstəmirəm kiminsə qəlbi qırılsın. Ona görə sənət dostlarım bilir ürəyimlə dilim birdir.

- Nədən narahatsınız?

- Gənclərin şeirə marağı yoxdur, ədəbiyyata maraq göstərmirlər.

- Tək səbir düşür sizə, yoxsa cüt səbir?

- Hərtərəfli sınamışam, mənə tək səbir düşmür. Dəfələrlə olub tək səbir, həmin gün işim düzəlməyib. Tək səbir gələndə çölə çıxmıram. Cüt səbir gələndə bütün işlərim yağ kimi gedir.

- Fala inanırsınızmı?

- Heç vaxt inanmamışam. Bu sözü eşidəndə gülməyim gəlir. Həyatda hər nə istəsəm, Tanrıdan istəyirəm.

- Pul sizin üçün nədir?

- Hər şeydir, insanı həyatda tutur.

- Çəkə biləcəyiniz yükü daşıyırsınız?

- Həyatda çəkə biləcəyimdən də artıq yük daşımışam.

- Boş vaxtlarınızda əsas məşğuliyyətiniz nədir?

- Nəvələrimlə oynayıram, anamla olub-keçənlərdən danışıram, dostlarımla görüşürəm.

- Ən böyük arzunuz nədir?

- Ən çox istəyirəm ki, Allah anama ömür versin, onun yoxluğuna dözə bilmərəm. Allah hamının balasını xoşbəxt etsin, mənim də.

- Yeni albom hazırlamaq fikriniz varmı?

- Hazırda "Melodiya" studiyası tərəfindən iki albomum hazırlanır, məni sevənlərin ixtiyarına veriləcək.

- Kumiriniz varmı?

- Anam.

- Bəzi gənc qızlarımız ailəli kişilərlə münasibət qururlar. Sizcə bu nə qədər düzdür?

- Sevgi elə hissdir ki, yaşa baxmır, subaysan, ailəlisən. İnsan hər yaşda sevə bilər, öz xəyalında kimisə sevə bilər. Sevgi zərurətdən doğur. Olur ki, kimdənsə xoşun gəlir, onu əldə edirsən. Sonra görürsən sevirmişsən, onsuz özünü təsəvvür etmirsən. Həmin insanın gecələr xəyalı ilə yaşayırsan ki, səhər açılan kimi onu görəsən. Mən pis baxmıram. Ailəli kişini sevmək olar, sevgi azaddır.

- Necə kişilər sizin diqqətinizi cəlb edə bilər?

- Mədəni, əsl kişi kimi xüsusiyyəti olan, hörmət qoyan, 70 % sevgini gözlərdən oxuya bilən kişilər mənim üçün maraqlıdır.

- Sevdiyiniz kişi sizi atsa, nə edərsiniz?

- Heç vaxt qayıtmaram ona. Mən kitabı bir dəfə oxuyuram, ikinci dəfə o kitabı açmıram.

- Bəs sevdiyiniz kişi sizə qarşı diqqətsiz olanda nə edirsiniz?

- Görürəm ki, diqqətsizdir, zarafatca sözlərimi deyirəm, o da başa düşür. Bir də "diqqətsizlik etmərəm" deyir.

- İstirahətinizi harada keçirəcəksiniz?

- Çox istərdim on gün dincəlim. Mümkün deyil. İyul ayında çox işlərim var. Sentyabr ayında məni sevənlərin qarşısına yeniliklərlə çıxacam, ona görə xeyli çalışmalıyam. İnşallah, balaca qızım ana olmağa hazırlaşır, yenidən nənə olacam.

- Bu sənətdə hansı müğənnilər sizi dəstəkləyib?

- Mən hamıya minnətdarlığımı bildirirəm. Həmişə demişəm: "Oxuyan rabitəçidir, şeiri dinləyicilərə çatdırır". 1995-ci ildə ilk yaradıcılıq gecəmdə bəstəkar Nadir Əzimov, həyat yoldaşı Lalə xanım, rejissor Lamiyə xanım həm maddi, həm də mənəvi dəstək oldular mənə.

- Çərçivə nədir sizin üçün?

- İnsan gərək çərçivəsinin sərhədini bilsin. Mən çərçivəmin yerini bilənlərdənəm. Arzu edirəm, gənclər də o çərçivədən çıxmasınlar.

- Özünüzdən razısınızmı?

- Elə görünürəm ki? Qətiyyən yox. Bir dəfə bir rəfiqəm məni ad gününə dəvət etmişdi. Ona demişdilər ki, inanmıram Zemfira gələr. Durub getdim, danışıb-güldüm. Olmuş hadisələrdən yumor da danışdım. Həmin insan mənə yaxınlaşıb bildirdi ki, siz zahirən özündənrazı görünürsünüz, amma əsla belə deyilmiş. Sədaqət Arifqızı hərdən məni danlayır, "hamı ilə mehribansan, bir az sərhəd qoy", deyir. Mən elə olmağı bacarmıram.

- Sizcə zaman hər şeyin açarıdır?

- Artıq zaman dünya oxundan çıxıb. Gün necə gəlir keçir, adam bilmir.

- Xoşbəxtsinizmi həyatda?

- Heç kim deyə bilməz ki, mən xoşbəxtəm. 50 il yaşamışam, hər gün xoşbəxt olduğumu deyə bilmərəm. İsanın kədərli günləri də olur.

- Hansı günləri həyatınızdan silmək istərdiniz?

- Sənət aləmində dünyasını dəyişmiş dostlarımın vəfatını yaddaşımdan silmək istərdim. Sənətdən qıraqda olan dostlarımın vəfatını silmək istərdim. Onların yoxluğuna inanmıram hələ də.

Zemfira Əlişqızı da həyat qatarının bir sakinidir. O, bir çox dayanacaqlardan keçib gəlib. Artıq Şəlalə adlı yeni bir dayanacaqda dayanıb, fikrə dalıb. Deyəsən, müxtəlif ünvanlarda düşən kupe yoldaşlarını unuda bilmir...

Yenidən şəlalədə görüşənədək.

Şəlalə Nəriman

O.M.