Mənə hamı paxıllıq edir

Mənə hamı paxıllıq edir

4 İyul 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)
Əli Mirəliyev "yaraşaydıq" sözünü "yalataydıq" deyir

Hər kəs dünyaya fərdi olaraq gəlir. Sonra ortaq maraqlar və sevgi insanları birləşdirir. Dostlar, qohumlar, ailələr şəklində yeni qruplar yaranır. Bu qrupların ən möhtəşəmi isə ailədir. Çünki ailə müəyyən bir qrup şəklində yaransa da, dünyaya yeni-yeni övladlar gətirir, yəni artımla müşayiət olunur. Övladlar böyüyərək, valideynlərin xeyir-duası ilə həyatda müstəqil addımlamağa başlayırlar.

O da qrup yaradıcısıdır, yəni qrupunun valideynidir. Eyni zamanda özünü qrup üzvlərinin qardaşı hesab edir. Onun da qrupunda zaman-zaman artımlar olur və yeni üzvlər həyata, sənətə vəsiqə alaraq müstəqil fəaliyyət göstərməyə başlayırlar.

"Şəlalə" rubrikasının bugünkü qonağı Namiq Qafarovdur. Onu hər kəs Namiq qardaş kimi tanıyır.

- Namiq Qafarov kimdir?

- Bakı şəhərində anadan olmuşam. 40 yaşım var. Politexnik İnstitutun Avtomobil nəqliyyatı fakültəsini bitirmişəm. 22 №li musiqi məktəbinin zərb alətləri fakültəsinİ bitirmişəm. 5 il rəqsə getmişəm.

- Məndə olan məlumata görə, uzun müddət Daxili İşlər Nazirliyində çalışmısınız. Necə oldu ki, bu sahədən ayrıldınız, məhz prodüser işləmək istədiniz?

- Valideynlərimin təkidi ilə orada çalışdım. Daxili İşlər Nazirliyində 12 il zabit, sonra da axtarış şöbəsində işləmişəm. QAİ-də də iş verdilər, işləmədim. Özümün şəxsi EN şirkətim var, adımla bağlı idi. Fikirləşdim ki, bir dənə də qrupum olsun. O vaxtlar 4 nəfərdən ibarət qrup yox idi, ilk dəfə mən yaratdım. Musiqi həyatımda böyük rol oynadı bu qrup. Fikirləşdim ki, bu sahələrin heç birində çalışa bilmirəm, qoy ürəyim istəyən sənətlə məşğul olum.

- Namiq qardaş, indiki dövrdə qrup saxlamaq asandır?

- Qrup saxlamaq çox çətindir. Mən N Brothers qrupunu yaratmaq üçün 50-60 min dollar pul qoymuşam. Geyimlər, fotosessiyalar, kliplər, mahnılar, aranjemanlar, efirlərin gündəmində qalmaq və sair üçün pul xərcləmək lazımdır ki, qrup qrupluğunda qalsın. Prodüser olmaq çox çətindir. İlk növbədə ali savadın, musiqi duyumun olmalıdır. Əsl prodüser özü ideya seçməlidir. Prodüser qrupun direktoru deməkdir. İndi yerindən duran prodüser olmaq istəyir. Prodüser sözü yaxşı səslənir, amma onu oyuncaq eləmək olmaz.

- Olubmu ki, sizi istəməyənlər qrupunuzun üzünə gülüb, sonra məclislərdə arxanızca danışsınlar?

- Bu yaxınlarda olub. Beş dostum var, üç düşmənim. Namiqə hamı paxıllıq edir. Bir məclisdə bizim yaxınlardan biri iştirak edirmiş, başlayıb məni həmin oğlanın gözündən salmağa. Sağ olsun, həmin oğlan da durub məclisdə deyib: "Namiq müəllim əsl kişidir, heç kimə icazə vermirəm ki, onun adını çəksin, onun sağlığına da içirəm". Söhbət olub ki, Namiq uşaqların pulunu əllərindən alır, uşaqları yola vermir. Fakt axı elə şey olmayıb, gör nə qədər düşüncəsiz insanlardırlar. Mən 50 % 50 işləyirəm. Məclislərdə də 1 000 manata gedirik, bütün xərclər çıxandan sonra uşaqların pulunu verirəm. Öz payımdan uşaqlara xərcləyirəm. Mən onlar üçün qrupun prodüseri yox, Namiq qardaşam, amma artıq Namiq dayıyam, artıq qocalıram.

- Dediniz, qrupa rəhbər yox, qardaşam, hansısa problemləri olanda Namiq qardaş təmənnasız olaraq onlara nə kimi kömək edir?

- Başqa qrup rəhbəri var ki, uşaqları incidir, adını çəkmək istəmirəm, hətta uşağı döyüb də. Qoymur işləməyə, inanın birinci prodüserəm ki, uşaqlarla müqaviləsiz işləyirəm. İş işdir, işdən sonra dostlarımla - əvvəl qrupdan ayrılanlar var ki, onlarla da danışıb, görüşürük, məsləhət verirəm. Bir də görmüşəm ki, uşaqlar gecə saat 3-də zəng eləyiblər. Deyiblər ki, dalaşmışıq, polisdəyik. Mən böyük qardaş kimi gedib problemi həll eləmişəm, heç valideynləri də bilməyib.

- Bu gün bir çox qrupların səhnədəki hərəkətləri heç də uğurla qarşılanmır, sizcə buna səbəb nədir?

- Qrupdan bir dənə olar, üç dənə yox. Bir dənə Şeron tanıyırdıq, indi isə üç dənə Şeron var, nəyə lazımdır? O vaxt "Qaya" qrupu var idi, SSRİ zamanında yaranmışdı, onlara prodüserliyi, rəhbərliyi Az.TV eləyirdi. Dövlətdən pul alırdılar. İndi pul olmasa, "Qaya" qrupu qalxa bilməzdi. Bütün müğənnilər toydan qazanır. Albomdan, klipdən afişa vurdurub pul qazanmaq olmur. Bu yaxınlarda mənə zəng gəldi, dedilər ki, sizin qrup Zabratda restoranda toydadır. Mən dedim ki, ola bilməz, qrupumdakı uşaqlar yanımdadır. Dedilər, nə danışırsınız, mən yalan deyəcəm? Mən şəhərdən durub gedənə kimi həmin qrup çıxıb getmişdi. Bəzi qruplar 30-40 manata gedir, özlərini bizə oxşadır. Bizim qrup 1000 manata gedir toya, 30-40 manata yox. Özlərini belə gözdən salırlar. Mənim heç nəyə həyatda ehtiyacım olmayıb, atam imkanlı olub, pulu sonradan görənlərdən deyiləm.

- Hazırda hansı işlərlə məşğulsunuz?

- Yeni mahnılar üzərində çalışırıq. Qrupda olan Anarın toyuna hazırlaşırıq, bizim üçün ikiqat bayram olacaq. Anar toyu sentyabrın 18-nə saldı ki, həmin gün EN-in 11 yaşı tamam olur. İki tort birdən kəsiləcək, Anarın ideyasıdır. "Duyğular" mahnısını yazdırmışıq, mahnı radiolarda gedir. Yeni şux xalq mahnıları yazdırırıq.

- Sizcə pul insanların çirkinliyini üzə çıxarda bilirmi?

- Əlbəttə, çıxarda bilir. Əsas da pulu sonradan görənlər, pulu görən kimi hər cür çirkinliyə əl atırlar.

- Kimin üçün yaşayırsınız həyatda?

- Ailəm üçün, məni sevənlər üçün yaşayıram, istəyirəm ki, əlimdən nə gəlirsə hamıya köməklik edim.

- N brothers qrupu niyə efirlərdə görünmür?

- Çox dəvət edirlər dostlarım. Lazım olanda efirlərdə görsənirəm. Ancaq çox inciyirəm, efirdə danışmadığım sözü kəsib başqa cür verirlər. Dediyim söz olanda deyirəm: "kəsməyin, xahiş edirəm". Üzdə deyirlər ki, yaxşı. Səhər görürəm sözlərimi kəsiblər ki, nə isə qalmaqal olsun. Sonra mən əsəbiləşirəm, kimsə çıxıb nəsə deyir. Yeni mahnılar, proyektlər olanda efirə çıxmağa tərəddüd edirəm, qalmaqaldan qaçıram. Amma kimsə haqqımda nə isə danışsa, cavabını verməyə hazıram.

- Solo konsert verməyi fikirləşirsiniz? Yoxsa sizə tələbat yoxdur?

- "Əl oyunları" sarayında konsert təşkil olunmuşdu. 13 müğənni iştirak edirdi. Lakin tamaşaçılar bizim qrupa və Hüseyn Dəryaya görə gəlmişdilər.Bunu təşkilatçılar demişdilər. Adil müəllim var idi, "Əl oyunları" sarayında işləyirdi. Yaxınlaşdı, bildirdi ki, sarayda 2 000 bileti çoxları sizə görə alıb, bir də Hüseyn Dəryaya görə. Şəhriyar mədəniyyət evində də solo konsertimiz olub. Bizə tələbat olmasa, toylara çağırmazlar.

- Başqa kimlərlə işləyirsiniz?

- "Təzə Can" qrupum var. Onlarla çalışıram. Bir müddət İzzət Bağırovla çalışdım, prodüser kimi yox, dost kimi müəyyən köməklərim oldu ona. Prodüser o adama deyərəm ki, sıfırdan başlasın. Yoxsa gedirlər üzdə olan tanınmışlarla işləyirlər ki, mən də prodüserəm. Məsələn, Röyaya, Aygünə prodüser lazım deyil, onların öz-dəsti xətti var.

- Bu yaxınlarda Əli Mirəliyev müsahibəsində bildirdi ki, indi qruplardan, müğənnilərdən heç kimi bəyənmirəm. Bəzi müğənniləri bəyənmədiyini bildirdi.

- Mən razıyam, mənim qrupumda olan uşaqlardan da biri oxusun, Əli Mirəliyev də. Əli Mirəliyev "ki-ki"-dən başqa nə bilir? Gedib nitqini düzəltsin, sonra danışsın. Hamı ondan çəkinir, mənim qorxacaq yerim yoxdur. Yerində otuzdurmağa qadirəm. Əgər mən pisəmsə, niyə Əli dəfələrlə mənə deyib ki, mənə də kömək elə? Gedib əyri-əskik nitqini, səsini düzəltsin. Pəltəkdir, mahnıda "yaraşaydıq" sözünü "yalataydıq" deyir. Bu insan hamıya naz edincə "ş" hərfini öyrənsin. Sonra qruplara ilişər.

- Namiq qardaş, eşitdiyimə görə boşanmısınız, səbəb nədir?

- Şəlalə Allaha and olsun yalandır. Yoldaşım dayım qızıdır. 21 ildir ailəliyəm, 19 yaşında Həci adında oğlum var. Bu məni gözü götürməyənlərin şayiəsidir. Hazırda anam da bizimlə yaşayır. Yoldaşım məni qısqanmır, məni azad buraxıb ki, rahat sənətimlə məşğul olum.

- Bəs sizin dəli sevginiz olubmu - kimisə ürəkdən sevəsiniz, gecələr onun xəyalı ilə yaşayasınız, hər saniyə darıxasınız onun üçün? Amma çox xahiş edirəm, səmimi olun bu sualım qarşısında.

- Düz deyim, olub məktəb illərində. Amma indi də dəli kimi sevirəm.

- Kimi sevirsiniz? Həmin xanım sənət aləmindədir?

- Yox, deməyəcəm. Soruşdunuz, mən də düzünü dedim.

- Sizcə qadın sevəndə təhlükəli ola bilər?

- Sevgi öyrəşməkdir, sevgi həyatdır, sevgi dostluqdur, bir-birini başa düşməkdir. Əlbəttə, qadın sevəndə təhlükəli olur. Sevgisini qorumaq üçün hər riskə gedir, qadınla incə rəftar etməlisən ki, ondan sənə zərər dəyməsin.

- Həyatın sınaqları sizə nələri öyrədib?

- Çox şey, keçmişimi unutmamağı öyrədib. Şükür Allaha, şəxsi biznesim var. Bu həyat yolunda heç kimə əyilməmişəm.

- Sizcə zaman dəyişir, yoxsa insanlar?

- Birinci zaman dəyişir, sonra insanlar. Alimlər də düz deyir, artıq zaman dəyişir, dünyanın axırıdır.

- Dünyanın axırını nədə görürsünüz ki?

- Əlbəttə, dünya dağılır da. Hər yeri su-sel aparır. Kişilərimiz yubka geyinir. Axşamlar yollarda oğlanlar qadın paltarlarındadır. Dünyanın axırıdır.

- Belə baxanda səhnədə də bir çoxları özlərini qadınlara oxşadır. Bəs sizin qrupunuzda o geyimdə çıxmaq istəyənlər olub?

- İnanın, mənim qrupumda olan oğlanlar kişi kimi hərəkət edirlər, xasiyyətləri çox ağırdır. Həmişə ciddi geyinirlər, kostyumda, sadə priçoskada olurlar. Geyimlərinə də fikir verirlər. Ağlasığmaz paltarları da geyinməzlər. Əsl kişi kimi hərəkət edirlər.

- Qrupunuzun gələcəyini necə görürsünüz?

- İnşallah, qrupumuz ömür boyu yaşayacaq. Mənim oğlum İncəsənət Universitetinin Aktyorluq fakültəsində oxuyur. Gözəl rəqs edir, vokala gedir. Yeni səsyazma studiyam var. Oğlum işlədir. 2-3 ildən sonra oğlum bu qrupun prodüseri olacaq. Ona da Həci qardaş deyəcəklər.

- Prodüser restoranda konsert təşkil edir. Səhər də çıxıb deyir ki, həmin müğənni səhnəni doldurub. Sizcə bu realdır?

- Restoranda konsert edim, mən də səhnəni dolduraram. Öz tanışlarıma satım biletləri, buna nə var ki. Real səhnəni Röyadan, bir də Rəfael və Coşqundan başqa heç kim doldura bilməz. Hamı bilir ki, bu yaxınlarda biri konsert verdi və cəmi 22 bileti satıldı. Görüb biabır olacaq, dost-tanışlara satdırdı, səhəri çıxıb dedi ki, 500 nəfər gəlmişdi. Mən belə şeylərə inanmıram. Bir də artıq o vəziyyətə gəlib ki, müğənniləri toya çağıranda fonoqrama ilə oxuyurlar. Millət ayılıb, pul vermir. Deyir, yarım saata 1500 manat verirəm. Canın çıxsın, canlı oxu. Bir gün yanıma bir oğlan gəldi. Oxumaq istədiyini bildirdi. 1-ci sualı da o oldu ki, mən nə qədər qazanacam? Dəhşətə gəldim. Demir, nə mahnısı oxumalıyam, geyimim nə olacaq? Fikrində yalnız pul tutub. Mən də uşaq deyiləm, istəyirlər gəlib 1-2 ay oxuyub, populyar olub, sonra da çıxsınlar, ziyan mənə dəysin. Mən də dedim ki, pul qazanmaq istəyirsənsə, çıx get, oxu, qazan. Mən də əziyyət çəkirəm, bəhrəsini görməliyəm, yoxsa yox?

- Həmişə özünüzdən razı görünürsünüz, özünüzü dartırsınız?

- İnanın, çox sadəyəm. Sadəcə, efirlərdə, bəzi yerlərdə ciddi görsənirəm. Qaldı ki, başqaları kimi özümü dartmıram, bazara, tolkuçkaya gedirəm. Mən həmişə arxa cəbhədəyəm.

- Hansı səhvinizi düzəldərdiniz həyatda?

- Məktəb illərində sevdiyim qıza sevgimi bildirərdim.

- Axşam yatanda nəyin fikrini çəkirsiniz?

- Çox şeyi ürəyimə salıram. Mamam deyir ki, mən arsızlığı bacarmıram. Bir hadisə olsa, 2-3 gün fikrimdən çıxmır. Öz-özümə ölçüb biçirəm, necə olacaq, hər şeyi ürəyimə salıram. Sonra da görürəm yuxu tutub məni.

- Sizə davamçı hansı qrupu görürsünüz?

- Heç kimi görmürəm. N brothers bir dənədir.

- Həyatda kimdən qorxursunuz?

- Allahdan başqa heç kimdən. Bir qəza, qorxulu hadisə olmasın. Cansağlığı arzu edirəm özümə.

- Namiq qardaş üçün Şəlalə nədir?

- Gözəl mənzərə və göz yaşı.

İnsan ürəyinin gözü ilə görür. Şəlaləni gözəl mənzərəyə və göz yaşına bənzədən Namiq qardaş hər şeyi gözəl gördüyü kimi, kövrəlməyi də bacarır. Təki göz yaşları sevinc hissindən irəli gəlsin. Şəlalədə görüşənədək...

Şəlalə NƏRİMAN

O.M.