VİDEO-Mənim üçün səhnə elə toydur

VİDEO-Mənim üçün səhnə elə toydur

1 İyul 2011 18:33
1 405
Bəyəndim (0) Bəyənmədim (0)
Təsəvvür etməzdim ki, antireklamla bu qədər irəli gedə bilərəm

Nədənsə bizim müğənnilər kadrda olarkən əzilib büzülə-büzülə sənətdən danışırlar. Ancaq kadr arxasına keçən kimi 180 dərəcə dəyişərək bazar qanunları ilə toy bölgüsünü müzakirə edirlər. Bəlkə səbəb elə bu ikili yanaşma tərzi, qeyri səmimilikdir ki, şou biznesimiz yalnız bayağı repertuarlardan və qalmaqallardan ibarətdir.

"Kadr arxası" rubrikasının bugünkü qonağı isə hər zaman toy biznesində olduğunu vurğulayır. Hətta şou biznesin toy biznesi olduğunu deməkdən belə çəkinmir.

Bəli, bugünkü qonağımız Manaf Ağayevdir.

- Toylar kralı olduqdan sonra kimlərin sizə qarşı münasibəti dəyişdi?

Bir çox insanların münasibəti dəyişdi. Çox sözlər danışırdılar. Deyirdilər, guya 1 milyon səsi özüm-özümə göndərmişəm. Görün nə qədər pul eləyir? Ağılsız insan belə düşünə bilər. Əgər klassik, retro mahnılarının müsabiqəsi olsaydı, mən qatılmazdım. Ancaq toy mənə aiddir, 1980-ci ildən mən toylara gedirəm. Həmişə mənim üçün yaşıl işıq yanıb. Xalqımın sevgisinə, hörmətinə dostlarımın dəstəyinə arxalanıb verilişə qatıldım, qazandım. Həyatımda çox şeylər dəyişmədi, amma prinsiplə oynadım və qazandım. Hər gülün öz ətri var, məni sevən də var, sevməyən də. Hərənin öz zövqü var.

- "Toylar kralı" verilişindən sonra Tacirlə münasibətiniz yoxdur?

- Tacir də mənim kimi iştirakçı idi. Qalib gəlmək istədiyini açıq-aşkar deyirdi. Sonra verilişi tərk elədi. Münasibətimiz normaldır.

- Sizin üçün gündəmdə olan ideal müğənnilər kimlərdir?

- Mənim üçün səhnə elə toydur. Nəyə görə çalışırıq? Çörək puluna görə. Toyda oxumağı bacarmayanlardır toya getməyənlər. Başqa gəlir mənbəyimiz yoxdur. Mənim üçün bütün həmkarlarım gündəmdədir. Hər kəsin öz dinləyicisi, izləyicisi var. Əsas oxumağı toyda görürəm. Şəxsən mən fəxr edirəm ki, toylara gedirəm. Toy aparmaq hər kişinin işi deyil.

- Neçəyə gedirsiniz?

- 4000-5000 manata şəhər toylarına gedirəm, rayon toylarında isə qiymət başqadır. Rayonda toy günortadan başlayır.

- "Toylar kralı" öz övladının toyuna "İmperatoru" dəvət edərdimi?

- Müğənni həmkarlarımı qoyub etmərəm, özü gələ bilər. O qədər pulu vermərəm. Təki sağlıq, salamatlıq olsun!

- "Ay canı yanmış" mahnısını bəyənməyənlər çoxdur, yoxsa bəyənənlər?

- O mahnı dəcəl uşaq üçün yazılıb. Onu pislədilər, ancaq mən təsəvvür etməzdim ki, antireklamla bu qədər irəli gedə bilərəm.

- Həmin mahnının musiqisi qardaşınız oğluna məxsusdur. Çox müzakirə olunan bu mahnı üçün qonorar ödədiniz ona?

- Qardaşım oğlu mənim kiçiyimdir. Ona sərf eləməz qonorar almaq. Əmi payı daha yaxşı və bərəkətlidir. O mahnı çox müzakirə olunsa da, məni çox tanıtdı və sevdirdi. İndi elə bir mahnı ifa etmək istəyirəm ki, bütün kütlələr bəyənsin. Bəlkə mənim qədər heç bir müğənni kaset və disklərində Vətən haqqında mahnı, muğam ifa etməyib. Bəlkə kimsə elə bilir mən özümdən razıyam. Bu belə deyil. Çağırsınlar efirlərə, canlı yer versinlər, öz sənətimi göstərim. Həvəslənim, kliplər çəkdirim. Mənə də lazımdır səhnə və oxumaq.

- Niyə indi eləmirsiniz ki?

- Mən həyata tamam başqa bir gözlə baxıram, kənd uşağıyam. Ac qalanda da, tox olanda da eyni adamam. Dəyişmirəm, olduğum kimiyəm. Sadəcə bunları etməyə vaxtım yoxdur. Ən xırda işimi belə özüm görürəm. Klip çək, təqdimat elə, mən bunlardan uzaq biriyəm. Sizə müsahibə verdiyimə baxmayın, son vaxtlar müsahibə belə vermirəm.

- Əli Mirəliyev sizi bəyənmirdi, indi isə dəstəkləyir. Nə baş verdi ki, o sizin haqqınızda fikrini dəyişdi?

- Çox danışırdı, düzdür. Mən onda kaset verdim, oxuduğum toya, muğamlara qulaq asdı, fikrini dəyişdi.

- Dostluq sizin üçün nədir?

- Mən yaxşı müğənni olmaya bilərəm kimin üçünsə, ancaq yaxı dost olduğuma əminəm. Həmişə dost yolunda kiməsə ağız açmışam, dost yolunda candan da keçərəm. Bəzən saymadığım, varlığının fərqinə varmadığım bir insandan o qədər hörmət görmüşəm, soyuqluğumdan özüm peşman olmuşam. Dostluq mənim üçün fəth olunmayan zirvədir. Yaxşı dosta canım qurbandır, insanın dostlarına güvənməsi yaxşıdır. Dostluqda inanmıram kimsə məndən yaxşı ola bilər.

- Rubrikamızın ənənəvi sualı var. Kadr arxasında, yoxsa göz önündə olmaq yaxşıdır?

- Kadr arxasında daha az əsəbiləşirəm. Hər ikisinin öz yeri var. Əsas odur ki kadr arxasında önündə olduğun kimi olasan.

Bugünkü qonağımız istər kadr arxasında, istərsə də önündə eyni dərəcədə utancaq, çəkingən, təmkinli biridir. Onu "bozbaş" müğənni də adlandıranlar olub, istehza ilə toy müğənnisi kimi təqdim edənlər də. Lakin həmin o müğənnilərdir ki, kadrda sənətdən danışarkən toylarda Manafın mahnıları ilə populyar olub, pul qazanıblar. O isə ünvanına söylənilən bütün tənqidlərə, hətta təhqirlərə səhnədəki çılğınlığı ilə cavab verib. Çünki kadr arxası onun üçün elə kadrın özüdür.

"Kadr arxası"nda yenidən görüşənədək.

Günel Əliqızı

O.M.