Çox qəddar, dalaşqan insanam

Çox qəddar, dalaşqan insanam

30 İyun 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)
İnşallah, deputat olacam

Şeir ucu-bucağı olmayan sirli, sehrli dünyadır. Eynən təbiət möcüzəsi olan şəlalə kimi. Bu əsrarəngiz dünyaya baş vurdunsa, azıb-qalırsan və istər-istəməz onun sakininə çevrilirsən. Çünki şeirdə vətənpərvərlik də var, məhəbbət də, xəyanət də, arzular da, bir sözlə, həyatın özü var poeziyada. Şeirin şah əsəri isə qadındır, naz ilə gələn qadın.

"Şəlalə" rubrikasının bugünkü qonağı şair, aparıcı Nazilə Səfərlidir.

- Nazilə kimdir?

- Nazilə Səfərli 1979-cu ildə Borçalıda doğulub boya-başa çatıb. 13 yaşından şeir yazır. Hüquqşünasdır. Ailəlidir, iki övladı var. Həm aparıcı, həm də şairədir.

- Özünüz seçdiniz bu sənəti?

- Uşaq vaxtından şeir yazmağa başlamışam. Allah Təalanın verdiyi fitri istedaddır. Atam-anam razı deyildilər. İstəyirdilər tez ailə qurum, övladlarım olsun. Vaxt olub yazdığım şeirləri atam-anam yandırıb. İstəmirdilər mən şeir yazım. Şükürlər olsun, ailə qurdum, yoldaşım, qayınatam mənə dəstək oldular öz istedadımı xalqıma göstərim.

- Həyatda səhviniz nədədir?

- Səhvsiz insan olmur. Daxilən çox kövrək insanam, uşaq kimiyəm. Haqsızlıqla barışmıram, çox təəssüf ki, Azərbaycanda barışmaq lazımdır. Kiminsə mənə qarşı səhv hərəkəti olsa, mənzilinə qədər qovuram, əl çəkmirəm ondan.

- Güclü insansınız?

- Çox güclüyəm. Həyatımda çox problemlər var. Çox adam mənə bəxtəvər deyir, mən ağlayanın dostuyam həyatda.

- Hazırda hansı işlərlə məşğulsunuz?

- Şeir yazıram, el şənliklərinə gedirəm, xınayaxdıya çox gedirəm. Əvvəllər kişi məclislərində çox olurdum, indi isə qadınların məclisində çox oluram, aparıcı kimi.

- Sirr deyilsə, məclislərdə iştirak etmək üçün neçəyə gedirsiniz?

- Qiyməti deməyəcəyəm. Çünki elə insanlar var ki, məclislərində məni görmək istəyir, amma imkanı yoxdur. Bəzən təmənnasız gedib iştirak edirəm, üstəlik pul da salıram. Bütün ürəyimi qoyuram bu məclisə, maraqlı olsun. Qaldı ki, imkanlı toylar da olur. İmkanlı toyun yaxşı pulu da olur, çox baha qiymətə gedirəm.

- Bu yaxınlarda bir çox yerlərdə söz-söhbət gəzdi ki, Nazilə boşanıb.

- Mən də eşitmişəm bu sözü. Belə də deyənlər var ki, bir çoxları ərlərini yanlarında aparırlar "sumka" daşısın. Toydan çıxanda da pulu götürən kimi ərləri alıb ciblərinə qoyurlar. Mən elənçilərə kişi demirəm. Sizə bir sualım olacaq, Şəlalə.

- Buyurun.

- Siz də jurnalistsiniz, ailəlisiniz, bir məclisə, işə yoldaşınız sizinlə gedir?

- Yox, Nazilə xanım, mənim fikrimcə ailənin öz yeri olmalıdır. Yoldaşımla lazım olan yerlərə gedirəm. Çox vaxt xoşlamır ki, jurnalistlərin yığıncaqlarına getsin, xasiyyətinə ziddir. Bir də o mənə inanır, ehtiyac olmur ki, mənimlə harasa getsin. Bəlkə siz məndən müsahibə alasınız?

- (Gülür) Bax, Şəlalə, mən də ona görə sualı verdim sizə, mənə çox maraqlı idi. Mən məclislərə, hər tədbirə ərimlə getməliyəm ki, desinlər əri var? Yoldaşımın xasiyyəti ağır olsa da, mənə inanır. Bu söz-söhbətlər çıxandan sonra yoldaşımla 1 həftəlik Gürcüstana nənəmgilə getdik ki, qohum-əqrəba görsün boşanmamışam. Yoldaşımla xarici ölkələrə, dənizə çimməyə gedərəm. Yoxsa toylara gedim, o da gözləsin, bilməyim onun halına qalım, yoxsa toyu idarə edim. Mən həyat yoldaşlarını məclislərə özləri ilə aparanlara pis baxıram. Bu mənim fikrimdir.

- Siz ailəni sənətə qurban verərsiniz?

- Heç vaxt. Niyə qurban verməliyəm? Həyat yoldaşım, qayınatam, qayınanam məni dəstəkləyir. Bu sənətdə yoldaşım mənə dəstək olur. İlk dəfə Aşıq Pəri məclisinin üzvü idimi, yoldaşımın dəstəyi ilə tanındım. Deyir: "Dəvəçi ilə dost olanın darvazası gen olar". O səbəbdən də çox gözəl ailəm var, iki övladım var, pulum var, hər şəraitim var. Niyə də qurban verməliyəm ailəmi sənətə? Keçmişini unudanlar var. Mən heç vaxt keçmişimi unutmamışam.

- Hamı deyir Nazilə özündən razıdır. Sizi heç tənqid edən olubmu?

- Bəli, özümdən razıyam, özü də çox. Niyə də olmasın? Tənqidə qalanda, ilk kitabım tənqid olundu. "Mən günəşəm, sən mənə bax" 2003-cü ildə çap olundu. O vaxt dəbdən xəbəri olmayan, hamıdan qorxan idim. Televiziyaların hamısı çağırılmışdı. Kameradan çəkinən, qabaq dişləri qızıl olan, sadə bir qızın kitabı yöndəmsiz oldu. Səhər "Lider"ə baxıram ki, məni göstərəcəklər, nə danışmışam yadımdan çıxmışdı. Gördüm aparıcı deyir: "Həsən də qəlyan çəkir, Hüseyn də, hamı şeir yazan olub". Sarsılmadım, öz-özümə söz verdim ki, mübarizə aparacağam, ilk dəfə onda tənqid olundum (Gülür).

- Sizin üçün məhəbbət nə deməkdir?

- Qapısı, bağçası, dini, dili, imanı, mənşəyi, irqi, hasarı olmayan, hər kəsi baş əydirənə məhəbbət deyilir.

- Nazilənin nazını kim çəkir ən çox?

- Əlbəttə, həyat yoldaşım. Bir də görürsən ki, məclisdən gəlmişəm, çox yorğunam, mənə sevgisini, istəyini göstərir, onun şirin söhbəti ilə bütün yorğunluğumu unuduram.

- Birdən həyat yoldaşınız sizin qarşınızda şərt qoysa ki, bütün iş-gücünü mənə görə atmalısan, qərarınız necə olar?

- Desə at, sənəti ataram. Qaldı şeir yazmağa, qadağa qoya bilməz. Vaxt olub atam-anam mənim şerlərimi yandırıblar. Xəyalpərəst olmuşam. Elə olub yuxulu-yuxulu durub vərəqə nə isə yazmışam. Səhər baxmışam, üst-üstə yazılıb. Amma ailəni hər şeydən üstün tuturam. İnsan yaşlandıqca görür ki, ona ailəsi qalır.

- Hər gözəlin bir eybi var, sizin eybiniz nə olub?

- Burnum yekə idi, plastik əməliyyat elətdirdim. Qaldı ki, boy-buxun məndə, gözəllik məndə.

- Bir qadın olaraq həyatda nə istəyirsiniz?

- Şükür Allaha, hər şeyim var. Ürəyimdən gəlir ki, tez-tez efirlərdə olum, çox sevilim, diqqət mərkəzində olum.

- Qazandığınız uğurlara paxıllıq edib, sizin haqqınızda söz-söhbət danışanlara nə cavab verərdiniz?

- Cavabım belə olardı: "Hərə öz işi ilə məşğul olsun, bəziləri siqaret çəkir, içki içir, ailəsi yox, uşağının dədəsi yox, özü bilər. Mənə paxıllıq edib haqqımda danışmaqdansa gedib öz həyatlarını düzəltsinlər. Heç kimin adı Nazilə deyil, mənim adım Nazilədir. Heç bir tərbiyəmə də şübhə yoxdur".

- Özünüzü hansı gülə bənzədirsiniz?

- Laləyə.

- Bəs o gülün hansı xüsusiyyətlərini özünüzdə görürsünüz?

- Lalənin bağrında qara xal var. Mənim də həyatımda o xaldan var.

- Nəyə görə şeir deyəndə aşıb-daşırsınız?

- Çünki bütün şerə ürəyimi qoyuram, özüm də o şerdə özümü görürəm. Elə olur ki, şeir deyəndə ağlayıram.

- Sizin üçün şəlalə nədir?

- Şəlalə özüməm, aşıb-daşıram, sığmıram bu cahana, safam, pakam.

- Xəyanətə münasibətiniz? Həyat yoldaşınız sizə xəyanət edib?

- Xəyanətə pis baxıram. Hərdən rəfiqələrim yoldaşıma zəng eləyib: "tanış olmaq olar?" deyirlər. Tez "otboy" verir. Mən evə girən kimi hər şeyi mənə danışır. Allaha and olsun! Həyat yoldaşım məni sevir, heç vaxt mənə xəyanət etməz.

- Ürəyinizdən bu an hansı şeir keçdi?


- Bir ömürlük azadlıqdan məhrumam,

Sənin qollarının məhbusuyam mən.

Müttəhim kürsüsü günahkarım,

Bir istəkli yarın oğrusuyam.

Cəza məskənimdir təbiət, çəmən,

Mənə hökm oxuyan hakimə əhsən.

Eşqinin yolunda köləyəm mən,

Könlü məhbusda varmı görəsən.

Deyin, köməyimə gəlməsin vəkil,

Mənim müdafiəm saf vicdanımdır.

Əgər azad olsam yar ürəyindən,

Elə ölümüm də həmin anımdır.

- Sizi həyatda kim incidib?

- Adını çəkə bilmərəm. Dost arasında söz-söhbət olur. Təsəvvür edin, həmin insanın bütün dərdini özünə dərd bil, problemlərində kömək ol, axırda da sənə quyu qazsın.

- Mənim üçün maraqlı oldu, barəsində danışdığınız sənət aləmində olan xanımdır?

- Dodağıma heyfim gəlir ki, onun adını çəkim. Demək, qoynumda ilan saxlamışam. Bəli, sənət aləmində olandır. Bacı demişdim ona, amma o mənim sirlərimi ellə bir elədi. Artıq heç kimi yaxınıma buraxmıram, mənə dərs oldu. Bundan sonra kiməsə sirr verə bilmərəm. Təsəvvür edin ki, qarşı tərəfə silah verirsən, mən səni qıcıqlandırsam, məni vurarsan. Artıq heç kəsə sirr verməyəcəyəm.

- Bəs gücü nədən alırsınız?

- Həyat yoldaşımdan. Bir də mən həmişə güzgü qarşısına keçib öz-özümə danışıram ki, Nazilə, sən bunu eləməlisən, sən bacarırsan. Allahımdan güc alıram.

- İdeal kişi necə olmalıdır?

- Sərt olmalıdır, səliqəli, təmiz, dürüst xanımı incitməməlidir, ünvanı olmalıdır.

- Prinsipial insansınız həyatda?

- Çox, həddindən artıq. Məni tanıyanlar bilir ki, mən öz haqqımda kimdənsə bir söz eşitsəm, onun axırınadək gedəcəm ki, düz dedi, yoxsa yalan. Yalançını mənzilinə qədər qovuram. Hamı da xasiyyətimi bilir. Çox qəddaram, sözün axırına çıxmalıyam. İnanıram ki, kimsə mənimlə baş-başa gələ bilməz, çox dalaşqan insanam.

- Yüz ölçüb, bir biçirsiniz?

- Əvvəllər yox, amma indi hər şeyi yüz ölçüb, bir biçirəm. 5 il əvvəl səhv buraxmışam, indi çalışıram ki, hər şeyə qarşı diqqətli olum.

- Gələcəkdə özünüzü haralarda görürsünüz?

- İnşallah, deputat olacam.

- Nədənsə hansı müğənniyə sual verirsən, deyir: "deputat olmaq istəyirəm". Təzə imicdir bu da?

- Yox, mən savadıma, intellektual səviyyəmə güvənən insanam. Hüquq təhsilim var. Əlbəttə, öz üzərimdə işləyirəm, işləyəcəm də. Bu mənim arzumdur, arzular da sonsuzdu. Arzudan yeni arzu doğur.

Həyatın yolları enişli-yoxuşludur. Naz ilə addımlayan xanım belə hərdən büdrəyir, karıxır, müdrik bələdçiyə ehtiyac duyur. Bu zaman şeir ən düzgün bələdçiyə çevrilir. Çünki pak hisslərin, incə duyğuların və qəlb çırpıntılarının dərinliklərindən süzülüb gəlir. Necə ki, mənbəyini bulaqlardan alan şəlalə zirvələrdə yaranaraq ucsuz-bucaqsız dənizlərə doğru axır...

Şəlalə NƏRİMAN

O.M.