Nərmin: "Onu otaqdan qovdum, ondan sonra çıxdı"

Nərmin: "Onu otaqdan qovdum, ondan sonra çıxdı"

27 İyun 2011 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
Ana olmaq həyata baxışımı, atdığım addımı, düşüncələrimi, sevgimi, həyatımı dəyişdi

Qadın bir çiçəkdir. Ona qulluq göstərdikdə daha da gözəlləşir, təravətlənir. Qadın bir ağacdır. Ana olduqda, qol-budaq atır, pöhrələnir, əzəmətli olur. Qadın bir sarmaşıqdır. Evin hər tərəfini sararaq, onun ismətini, namusunu yad nəzərlərdən qoruyur. Qadın təbiətin özüdür. Yaradır, yaşadır və insana həyat verən ömür yoldaşına çevrilir.

"Kadr arxası" rubrikasının bugünkü qonağı əsasən kadr arxasında qalmağa üstünlük verir. O, müğənni deyil. Lakin müğənnilərin, digər incəsənət xadimlərinin araya-ərsəyə gəlməsində xidmətləri böyükdür. Bəli, qonağımız rəssam-vizajist Nərmin İbrahimovadır. Onu məşhur tele-jurnalist Turan İbrahimovun həyat yoldaşı kimi də tanıyırsınız.

Nə üçün vizajist olmaq istədiniz?
- Mən rəssam ailəsində böyüdüyüm üçün uşaqlıqdan rəsmə böyük həvəsim olub. Həmişə. Atam nəsə istəmirdi mən də onun kimi rəssam olum. Deyirdi, başqa sahəni seç. Amma həvəs, sevgi və damarlarımdakı axan atamın qanı məni onun kimi rəssam etdi. Məktəbi bitirdim. Əzim Əzimzadə adına rəssamlıq kollecinə daxil oldum, moda fakültəsinə. Modelyer olacağımı düşünürdüm, gözəl eskizlər, geyimlər işləyirdim, ancaq vizajist oldum. Çox şükür, xoşbəxtəm ki, vizajistəm. Vizajist, stilist olmaq üçün rəssam olmaq mütləqdir. Rəssamlıq iç dünyadan gəlir, onu fizika kimi əzbərləmək olmur, onu hiss etmək və görmək lazımdır. Çox şükür, Allahın bir naxışıdır mənə verib. Mən uşaq vaxtı həmişə anamın makiyajlarına baxırdım, mənə çox maraqlı gəlirdi. Mənim içimdə modaya, makiyaja, imicə, rəsm çəkməyə qarşı böyük həvəs yarandı ki, bu sahəyə yönəldim.
- Sizcə zövq nədir?
- Zövq elə bir hissdir ki, onu ancaq ürəkdə hiss etmək olur. Bu hissi Allah hər kəsə nəsib etməyib. Amma indi çox şükür, televiziyalarda, internetdə, jurnallarda moda ilə bağlı hər şey var. Yəni zövqdən başı çıxmayan xanım belə oxuyub, görüb, maraqlanıb, bunu öz geyimində yaşaya bilər.
- Sizcə səhnədəki ulduzların vizajları necədir?
- Röya hər zaman zövqlə geyinir və zövqlə makiyaj edir. Sizə hətta deyə bilərəm ki, Röya zövqlü stilistlərlə çalışsa da, özü özünə çox gözəl saç düzümü və makiyaj edə bilir. Mən şəxsən bunun şahidiyəm.
- Ən yadda qalan gəlin?
- Mən hamilə idim. Bir gəlinim məni o qədər sualları ilə üzmüşdü ki, dəhşətli dərəcədə sıxılırdım. Sualları mənasız və cansıxıcı idi. Onu bəzəyib qurtarmışdım, oturub atasının gəlişini gözləyirdi. Otağımda xeyli sayda gəlin var idi. Amma bu gəlin heç kimə imkan vermirdi. Hər saniyə durub yanıma gəlirdi ki, bəs bu rəngi niyə vurdunuz? Bəlkə dəyişək? Bəlkə qaraldaq? Bəlkə çoxaldaq? O qədər sual verdi ki, ondan otaqdan çıxmağını xahiş etdim. O isə üzümə durdu ki, yox, çıxmıram. Əsəbimdən onu otaqdan qovdum, ondan sonra çıxdı. Bax o gəlini heç vaxt unutmaram, onu hətta görmək istərdim. Artıq mənim ona suallarım var.
- Yayda necə vizaj etmək lazımdır?
- Yayda ümumiyyətlə tonal kremdən az istifadə etmək lazımdır ki, üzə gün şüalarından ləkə düşməsin. Yüngül və təravətli makiyaj etmək lazımdır.
- Toy makiyajı necə olmalıdır?
- Gəlin makiyajı ümumiyyətlə gəlinin iç dünyasına, zərifliyinə, xarakterinə, onun ismətinə, gözəlliyinə daha da gözəllik qatmalıdır. Amma hər şey miqdarında olmalıdır, gəlini vulqar etmək, onu korlamaq olmaz. Ona incə, gözəl və sadə makiyaj etmək lazımdır. Əsas məsələ zərifliyinə zəriflik qatmaqdır.
- Sirr deyilsə, Turanla sevgi hekayəniz necə başladı?
- Turanla o vaxt Atv kanalında bir veriliş aparırdıq. Orada bir-birimizi gördük, bəyəndik və sevib evləndik.

Ana olmaq həyatınızda nəyi dəyişdi?

- Ana olmaq həyata baxışımı, atdığım addımı, düşüncələrimi, sevgimi, həyatımı dəyişdi. Çox şükür, Allahımdan çox razıyam ki, mənə övlad verdi, ana olmağı mənə nəsib etdi. Çox gözəl hissdir. Allah hamıya qismət etsin. Oğlum Öməri çox sevirəm, onunla nəfəs alıram. Allah balamı qorusun!

Gənc vizajistlərə arzunuz?

- Gənc vizajistlərə uğurlar arzu edirəm. Bir yerdə durmasınlar, hər zaman irəliləsinlər. Moda ilə, dünyada baş verən imic dəyişiklikləri ilə maraqlansınlar, zövqlü olsunlar.
"Qadın gül-çiçəkdir, ağacdır, sarmaşıqdır, təbiətin özüdür", dedik. Tanrı bütün rəng çalarlarını onda birləşdirib, onu həyat və gözəllik rəmzi kimi yaradıb. Gəlin həyatın və gözəlliyin qədrini bilək...

Günel Əliqızı

O.M.