RÖVŞƏN CİVİŞOV:  “İndi küçəyə çıxanda oğlanlar, qızlar elə geyinirlər ki, müğənni heç risk edib o qələti eləməz”

RÖVŞƏN CİVİŞOV: “İndi küçəyə çıxanda oğlanlar, qızlar elə geyinirlər ki, müğənni heç risk edib o qələti eləməz”

24 Dekabr 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)
Haqsızlıq hər zaman var, dünya yaranandan və olacaq da

- Özünü oxuculara təqdim edərdin?

- Mən Civişov Rövşən Qazax rayonunda dünyaya gəlmişəm. Ailədə 5 uşağıq. Musiqiyə həvəsim uşaqlıqdan olub. 11 yaşımdan oxuyuram. İlk ifa etdiyim mahnı "Azərbaycan maralı" olub. Uzun müddət ərzində Qazaxda keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmişəm. 3 dəfə rayonlar üzrə gənc və yeniyetmələr arasında keçirilən müsabiqələrin qalibi olmuşam. Mənim bu nailiyyətlərimi görən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə 1995-ci ildə Respublika İncəsənət Gimnaziyasına daxil oldum. 20 ildir bu sənətdəyəm.

- Necə oldu ki, bu sənəti seçdin və kimlər dəstək olub bu sənətdə sənə?

- Günlərin birində xalq artisti, bizim əfsanəvi sənətkarımız Zeynəb Xanlarova tədbirlərin birində mənim istedadıma çox böyük qiymət verdi. Zeynəb xanım, həyat yoldaşı mərhum Səlim Babayevlə birgə 1999-cu ildən 2002-ci ilə qədər mənə maddi və mənəvi dəstək oldular. Mən buna görə Zeynəb xanımın ailəsinə və özünə ömür boyu minnətdaram. Çünki məni sənətə ilk dəfə Zeynəb Xanlarova gətirib. İncəsənət Gimnaziyasında da müəllimlərim Əlibaba Məmmədov, Mələkxanım Əyyubova idi. Buranı bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Həm muğamı, həm də vokal estradanı bitirdim. Burada da müəllimim mərhum sənətkarımız İslam Rzayev olub. Vaqif Gərayzadədən də dərs almışam. Sonralar isə anam qədər istədiyim Flora Kərimova vokalın sirlərini mənə daha dərindən öyrətdi və mən fərqli tembrimlə, mahnılarımla, ifamla Flora xanımın ürəyində yer tutdum. Sonra məni böyük səhnəyə çıxartdı.

- İlk duetin kimlə olub?

- İlk duetim 2009-cu ildə Flora xanımla oldu. Sonralar 2 duet də yazdırdıq. 2011-ci ildə də Türkiyənin İzmir şəhərində Flora xanımla mənim gözəl bir konsertimiz keçdi. Həmin ildən də mən Bolqarıstanın Varna şəhərində 21 Avropa ölkəsinin iştirakı ilə 19 il keçirilən beynəlxalq müsabiqənin ən yüksək ödülünü aldım.

- Titulun nədir?
- Mən Beynəlxalq Avropa Festivalının prezidenti tərəfindən "Ən talantlı orijinal müğənni" mükafatına layiq görüldüm. Mənə orada "Azərbaycanın Tom Consu" adını verdilər.

- Ailənizdə musiqiçi olubmu?
- Bizim nəsildə ulu babalarımızın səsi olub, məclislərdə oxuyublar, azan deyiblər. Atamın əmisi qızının da gözəl səsi olub və Sovet dövründə onun Moskvada qrammofon valını çıxartmaq istəyiblər. Sonra babası icazə verməyib. Çox xoşbəxtəm ki, ailəm həmişə mənə dəstək olub. Məktəbdə əlaçı olmuşam.

- Şou-biznesin açarı kimin əlindədir?
- Şou-biznesin açarı heç kimi əlində deyil. Hərə özünə bir ağadır. Amma ilanlar, anakondalar, zəhərli kobralar da çoxdur bu şou-biznesdə. Eləsi var istedadlı görəndə onu məhv etmək istəyir, görmək belə istəmir. Eləsi də var qıraqdan gücü çatmır, elə zəhərli ilan kimi ancaq sancır. Bunlar dünya qurulandan var. "İt hürər, karvan keçər". Allahdan böyük heç nə yoxdur və Allahın adını tutub, yalnız irəli gedirəm, gedəcəyəm də, İnşallah.

- Bizdə şou-biznes var?
- Şou-biznes bizdə paxıllıq biznesidir. Aləm qarışıb bir-birinə. Mən azad insanam bu şou-biznesdə. Heç vaxt heç kimə tabe olmaram. Çünki mən Rövşənəm, öz sözünü deyəcək bir müğənniyəm. Lazım gəlsə, dikbaşları da sənətlə yıxaram. Mən harada oxumuşam, məni tamaşaçı çox istəyib. Vay o, müğənninin halına ki, milyonlar tökülər xalqın gözündə nə müğənni kimi, nə də insan kimi qala bilirlər. Mən sadə, dost canlı insanam və mənim bu şou-biznesdə heç kimlə işim yoxdur. Sadəcə mən yaltaq, minsifətlilərdən qaçıram. O yerlərdə məni görə bilməzsiniz. Kim ki bu sənət yolunda yollarımı bağlayır, onu da unutmuram. Mənim nifrətim çox pisdir. Nifrət etdiyim insanları ömür boyu uzaqdan şir kimi izləyirəm.

- Toylara gedirsənmi?

- Toylara gedirəm. Mənim iştirak etdiyim toylar çox maraqlı və əyləncəli olur. Normal qiymətə gedirəm. Dəvətlər də çox olur. Toydan toy tuturam. Şəxsən dəvətli toylarda mənim öz tələbələrim var, onu öncədən toy yiyəsi ilə danışıram.

- Efirlərdə niyə az görünürsən?

- Əlli faiz maddi, əlli faiz paxıllıq, yol kəsmələrdi. Çünki bəzi kanallar kommersiya tiplidir və mənim o, qədər maddi imkanım yoxdur deyə çıxmıram. Kim dəvət edirsə, sağ olsunlar. Bir manat belə vermək fikrim yoxdur. Mən azərbaycanlıyam, istedadlıyam. İstedadlılarımıza dəstək olmalıyıq. Gərək mən gedim başqa ölkədə ad qazanım, sonra məni qiymətləndirsinlər. Elə gözünüzün qabağındayam da, gözlərini açsınlar, yaxşı-yaxşı baxsınlar. Allahını unudub yaxşı istedadlıları danmasınlar.

- Sevdiyin insan varmı, nə vaxt ailə qurmaq fikrindəsən?

- Sevdiyim xanımı axır ki, tapmışam və düşünürəm ki, yaxın vaxtlarda ailə quracağam. Hələ söhbət edirik ki, bir-birimizi daha dərindən tanıyaq. Çünki ailə müqəddəs ocaqdır, yaxşı düşünmək lazımdır. Bəziləri kimi ailəni oyuncaq hesab etmirəm.

- Ulduzluq sindromu var səndə.

- Mən ailə tərbiyəsi görmüşəm və görmüş, götürmüş bir ailənin övladıyam. Nə pul, nə şöhrət məni yolumdan azdıra bilməz. Mən necə varamsa, eləyəm. Yenə də baxır kimlər üçün. Elə sadə insanın yanında sadə və səmimi, yekəbaş insanın yanında isə çox özündən razı oluram ki, onun göstərdiyi həddi aşım və ona göstərim ki, belə hərəkətin yeri yoxdur. Mən həmişə Allahdan arzulamışam ki, Allah mənə çoxlu imkan versin, məscidlər tikdirim, kimsəsiz uşaqlara sığınacaq verim. Ancaq amalım odur ki, xalqımıza xeyirli bir övlad olum.

- Ürəkdən haçan ağlamısan?

- Ürəkdən ağladığım anlar olub. Allah yaxşı insanlara ancaq gülmək qismət eləsin, pislərə isə gecə-gündüz ağlamaq. Mən yaşlı, çarəsiz insan görəndə ürəyimdə də ağlayıram. Çox hörmət etdiyim Xoşqədəm xanımın və xətrini dünyalar qədər istədiyim Zaur Baxşəliyevin verilişlərinə baxanda ürəkdən ağlayıram.

- Özünə yetərincə qulluq edən insansan. Ətrafındakılar sənin geyiminə, saç düzümünə irad tutanda səni narahat edirmi?

- Ümumiyyətlə, hər zaman sənətçi özünə diqqət etməlidir, təmizliyinə və geyiminə fikir verməlidir. Hər bir ifaçının da özünəməxsus geyim tərzi olmalıdır. Sənət adamı gərək hər zaman seçilsin adi insanlardan. Belə də, indi küçəyə çıxanda oğlanlar, qızlar elə geyinirlər ki, müğənni heç risk edib o qələti eləməz. Dünya görüşlü ziyalı və ağıllı insanlar bilir ki, sənətçi necə geyinməlidir.

- Səni özündən nə çıxarda bilər?

- Mən elə ağıllı və təmkinli, səbirliyəm ki, düşünürəm ki, heç nə məni özümdən çıxara bilməz. Mən dəmir kimi insanam.

- Prodüserin varmı?

- Prodüserim olub, hazırda köməkçim var. Hər əlinə çanta alana prodüser deyə bilmərəm, o böyük məktəbdir. Prodüserlərdən yalnız Toliki bəyənirəm. Daha çox o, yaxşı prodüserdir.

- Özünü şou-biznesdə görürsənmi?

- Əlbəttə, görürəm, mən də şou-biznesdəyəm, hamıyla münasibətim normaldır, çalışıram bir az kənarda olum. Mənim yaxşı dostlarım var. Bizim sənətdən kənardakılar, yəni bu sənətə aidiyyəti yoxdur. Və dostlarımla fəxr duyuram. Onlar da mənimlə fəxr edir.

- Haqsızlıqlarla rastlaşırsanmı?

- Haqsızlıq hər zaman var, dünya yaranandan və olacaq da. Məni belə şeylər qorxutmur, haqsızlıq mənə yox, mən haqsızlığa qalib gəlirəm və gələcəyəm də. Çünki mən şir bürcü altında doğulmuşam.

- İlk məhəbbətin neçə yaşında olub?

- Uşaqlıq dövründə olub. Üçün-dördün birdən sevirdim.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- Yeniliklər çoxdur. Yeni mahnılarım var. Hər zaman da repertuarımda çox diqqətliyəm. Bəziləri kimi mənasız mahnılar yazıb atmıram kənara. Hər mahnıya uyğun fotosessiyalar etdirirəm. Sənətimi özüm kimi sevirəm. Bu sənət mənə hava, su kimi lazımdır. Hazırda iki yeni xanım duet ortağım var. Dəniz kənarında istirahət mərkəzlərinin birində konsertimiz oldu, çox uğurlu keçdi. Əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclər arasında hələ belə şoulu konsert birinci yerdə dayanır. Tezliklə hamı görəcək.

Şəlalə NƏRİMAN