SEVDA RZAYEVA: “İlk müəllimim Rübabə Muradova olub, ondan da 36 il əvvəl halallıq almışam”

SEVDA RZAYEVA: “İlk müəllimim Rübabə Muradova olub, ondan da 36 il əvvəl halallıq almışam”

16 Dekabr 2014 15:42
Bəyəndim (0) Bəyənmədim (0)
Mən bütün sirlərimi ailəmlə bölüşürəm

- Özünüz haqqında məlumat verərdiniz?

- Mən Sevda Rzayeva. Əslimiz İçərişəhərdəndir. Ailədə 2 bacı olmuşuq. 150 nömrəli orta məktəbi rus dilində bitirmişəm. Sonra İncəsənət Universitetinə qəbul ola bilmədim, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirdim. 35 ildir bu sənətdəyəm. Baba Salahov adına ansamblla ilk fəaliyyətimə başlamışam. O ansambla məni ilk dəfə müəllimim Rübabə Muradova aparmışdı.

- Uşaqlıqda necə qız olmusunuz?
- Uşaqlıqda o qədər də sakit qız olmamışam. Müğənniliyə də körpə vaxtından - bağça illərindən başlamışam. Hamı eyni şeyi deyir. Həqiqət belə olub: Mən bağçaya gedəndə bütün bayram şənliklərində solo kimi məni oxudurdular, həm də rəqs edirdim.

- Bəs bu sənətin sirlərini kimdən öyrənmisiniz?

- İlk dəfə sənətin sirlərini öz müəllimim Rübabə Muradovadan öyrənmişəm. Sizə deyim ki, onun ilk və son tələbəsi mən olmuşam.

- Bəs öz tələbələriniz varmı?

- Yoxdur tələbələrim. Çünki mənim hövsələm çatmır, əsəblərim yerində deyil, həm də ürəyim xəstədir. Olub tələbəm, bilirsən necə, ona yol göstərmişəm ki, bax toylarda belə oxuyurlar. Mətanət adında qız idi, çox gözəl də oxuyurdu. Yalnız konsertlərdə, tədbirlərdə iştirak edirdi. Mən o, kasıb qıza dəstək oldum. Hər bir sirri ona öyrətdim ki, bir parça çörəyini qazansın. Məsələn, toylarda hansı mahnını oxumaq lazımdır ardıcıllıqla başa saldım. Onu da deyim ki, birinci dəfə el şənliklərinə mən apardım onu, yol göstərdim. Ona tələbə deyə də bilərəm, deməyə də. Çünki artıq püxtələşmişdi, gözəl səsi var idi. Birinci dəfə toya Lənkərana getdi. Sonra da qismət oldu, orada ailə həyatı qurdu və hazırda orada yaşayır, müğənni kimi fəaliyyət göstərir.

- Neçə övladınız var?
- 1 övladım 2 nəvəm var - 1 qız, 1 oğlan. Bir nəvəmin 11, birinin 4 yaşı var.

- Qısqanc xanımsınız?
- Çox qısqancam. Bürcüm xərçəngdir, həm emosionalam, həm qısqancam, çox da həssasam, diqqətciləm, özümə qarşı da diqqət istəyirəm. Ailəmə qarşı həddindən artıq diqqətciləm, həm də dostluğa çox sadiqəm. Sevgiyə çox önəm verirdim, əfsuslar olsun ki, sevgi də, ailə də məndə gətirmədi.

- Niyə sevgidə bəxtiniz gətirmədi?

- Bu bir sirr deyil. Hamı bilir ki, mən iki dəfə ailə qurmuşam. Birinci dəfə 17 yaşımda atam məni verdi, öz bibim oğlu idi. Sevməyib ailə qurmuşdum, az müddət ailə həyatımız oldu. Müəyyən səbəblərə görə ayrıldıq. Bəlkə də elə böyük səbəb olmadı. Onun da 21 yaşı var idi. 21 yaşında oğlan ailəni necə idarə etsin ki?!. Bizim başımızın üstündə biri olmalıydı. Uşaqlıq elədik, dedik ayrılmalıyıq, qurtardı getdi. Heç övladım dünyaya gəlməmişdi ki, mən ondan ayrıldım.

- Bəs ikinci baharınızı necə, sevib ailə qurdunuz?
- İkinci dəfə ailə quranda sevib ailə qurdum. Çox gözəl də ailəm var idi. Bu dəfə də qısqanclığın ucbatından oldu. Eşitdim ki, həyat yoldaşım mənə xəyanət edib. Mən heç cürə qəbul edə bilmədim. Özünə də deyirdim. Hər şeydən keçərəm, bir dənə xəyanət olmasın. Xəyanəti bağışlaya bilmərəm. Kiminləsə də dostluq edim, rəfiqəlik edim, əgər mənə qarşı xəyanət görsəm, həmin insandan uzaqlaşacağam. O, insanı silirəm dostluqdan.

- İlk məhəbbətiniz neçə yaşınızda olub?

- Hamı kimi məktəbdə olub. Amma mən ona məhəbbət deməzdim. Çünki dostluq etmişəm, əks tərəf məni məhəbbət kimi qəbul edib. Mən sonralar bilmişəm.

- Şou-biznesin qanunlarını kim yazır?
- Şou-biznesin qanunlarını heç kim yazmır, sadəcə qanun çıxartmaq istəyirlər. Ümumiyyətlə, mən şou-biznes tədbirlərinin heç birində olmuram. Mənə aidiyyəti yoxdur. Şou-biznesin qanunlarına tabe olmuram. Mən sırf ailəmlə məşğulam, vaxtımı balalarımla, nəvələrimlə keçirirəm. Əvvəllər yoldaşımla olan vaxtlarda tədbirlərə də, konsertlərə də, toylara da, cəbhə bölgələrinə də - hər yerə onunla gedirdim. Amma ayrılandan sonra peşmançılıq hissi keçirdim. Elə bil soyudum hər şeydən. Elə adam var ki, ailəsi dağılanda təsir etmir. Amma mənə çox pis təsir etdi ailəmin dağılmağı.

- Neçə ildir ailəniz dağılıb?
- 2003-də ailəm dağıldı, səbəb də xəyanət oldu.

- Bəs yenidən barışmaq istədimi keçmiş həyat yoldaşınız sizinlə?

- Yox, mən istəməmişəm barışmaq. Çünki qəbul edə bilməzdim. O, mənimlə nikahda ola-ola başqası ilə eşq macərası yaşayırdı. Onu bağışlaya bilmədim. İndiyə kimi də bağışlaya bilmirəm. Həmin dəqiqə də boşanmaq üçün müraciət etdim. O da yəqin mənim hövsələsizliyimdən irəli gəldi. Qətiyyən də peşman deyiləm. Çünki gözümün nuru olsa belə xəyanəti bağışlamaram. O, kəbinlə ailə qurub.

- Ürəkdən nə vaxt ağlamısınız?
- Ürəkdən tez-tez ağlayıram, kövrək insanam. Hətta yanımda biri ağlasa, mən ağlayacağam. Axır vaxtlar belə olmuşam, çox kövrəyəm.

- Bu kədəri dəf etmək üçün ən edirsiniz?
- Yalnız musiqi ilə ağlamağımla ovuduram özümü. Ququşun mahnılarına qulaq asıram. Onun mahnılarına qulaq asdıqca rahatlıq tapıram. Hər gecə qulaq asmalıyam, sonra yatmalıyam. Qıraqdan hamı görür gülərüz xanımam. Heç vaxt da heç kimə büruzə vermirəm ki, qəlbimdə nə çəkirəm, heç vaxt problemimi ailəmdən başqa heç kimlə bölüşmürəm. Qıraqdan da baxan deyir nə bəxtəvər, xoşbəxtəm, mənim kimi pullu qadın yoxdur. Amma bu belə deyil. Əsas zənginəm ki, mənim 2 gözəl nəvəm var, 1 balam var. Bütün analara Allah cansağlığı versin, başımın tacı anam, Allahım var, nədən narazı ola bilərəm ki, bu cəhətdən çox xoşbəxtəm, qadınam, sənətdə hansısa uğuru əldə edə bilməmişəmsə, bu mənim üçün qlobal məsələ deyil. Bu həyatda önəmli olan əsas ailədir, sənət deyil. 7 il ailəmə görə sənətdən uzaqlaşdım. İkinci dəfə ailə quranda bilirsiniz ki, onun da birinci yoldaşı müğənni olub, o, istəmədi mən oxuyum. Qayınanam da razı deyildi, bu yaxınlarda rəhmətə getdi. İli də çıxmayıb hələ. Baldızlarım deyir ki, kaş onun son arzusunu yerinə yetirəydin. Son nəfəsində deyib ki, mən Sevdanı görmək istəyirəm, mənim var-yox bir gəlinim var, o, da Sevdadır.

- Televiziyada ilk çıxışınız nə vaxt olub?
- Kamança ustası rəhmətlik Ədalət Vəzirov bir ansambl düzəltmişdi. Xarici Dillər Universitetində bir müsabiqə təşkil etdilər. Mən də "Leylican" mahnısını oxuyurdum. Qalib gəldim, həmin çəkilişi televiziyada göstərdilər. Sonra isə oğlumun 2 yaşı var idi. 1980-ci il idi. Buzovnada Nisə Qasımova ilə mahnı oxudum.

- İdealın kimdir?
- Ququşdur.

- Həyatınızın hansı illərini yenidən yaşamaq istərdiniz?
- Gənclik illərimdə çox gözəl günlərim olub. İnsan pis günlərini də unutmur. Hər ilin öz gözəlliyi var. Hər yaşın öz gözəlliyi var. Əlbəttə ki, gənclik illərinə qayıtmaq, o illəri yaşamaq istərdim. Ondan sonrakı illərimi istəmərəm, arxaya baxmaq istəmərəm.

- Sizcə əsil kişi necə olmalıdır?

- Əvvəla mənim həmişə istəyim o olub ki, yalan danışmasın, nə olur olsun, qoy düzgünlüyü olsun. Acı həqiqət olsun, yalan deyib ikiüzlü olmasın, mərd olsun, əsl kişi sözündə bütöv olmalıdır.

- "Dost-dosta tən gərək, tən olmasa gen gərək". Əsl dost sizin üçün ən deməkdir?
- Əsl dost sadiq, düzgün olmalı, yalan danışmamalıdır. Mən elə bir insanam ki, Allahın sevdiyi bəndəyəm, çünki istər övladım olsun, istər ən yaxşı dostum, mənə yalan danışarsa 10 gün keçməmiş agah olur. Kim mənə zərbə vurmaq istəyir, həmin an agah olur mənə. Bax, indi səninlə danışmamışdan qabaq bir xanım var idi. Demək dostluğu saxta imiş, mənim haqqımda nə gəldi danışırmış, onu da üzünə vurdum indi. Düzdü, bir müddətdir onu uzaqlaşdırmışdım özümdən, facebookda da hətta dostluğumdan da çıxartdım. Özü məni məcbur elədi ki, mən açıqlayım deyim ki, nə etmişəm, nə etməmişəm. Həmin insanla da münasibətimi birdəfəlik bitirdim.

- Həyatda nədən qorxursunuz?

- Təklikdən qorxuram yalnız.

- Geyim üslubunuzda nəyə üstünlük verirsiniz?

- Adi günlərdə idman üslubunu çox sevirəm. Harasa gedəndə klassik geyimlərə üstünlük verirəm. Çox açıq-saçıqlığı sevmirəm.

- Stilistiniz varmı?
- Stilistim özüməm. Geyimimi, saç düzümümü, makiyajımı - hamısını özüm edirəm. Öz zövqümə çox güvənirəm.

- İndiki gənclərin şou-biznesdə tez bir zamanda parlamasına necə baxırsınız?
- Bilirsiniz, səsi olan da var, olmayan da. Şou-biznesdə varsansa, ora-bura qaçmalısan, iş görməlisən, üzlü, güclü olmalısan. Özünə qapalı insan olmayasan gərək. Şou-biznes qapalılığı sevmir. Mən özümə qapalı insanam, ona görə bu vaxta qədər kiminsə adı ilə adım səslənib gedib, özüm sözümü desəydim, üzlü olsaydım, utancaq olmasaydım, bu sənətdə çox şeylər edərdim.

- 35 ildir bu sənətdəsiniz. Ad almağa çoxdan haqqınız var. Müraciət etmisinizmi bununla bağlı?

- Yox, eləməmişəm. Heç eləmək də fikrim yoxdur. Bundan sonra etməyəcəm də.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Yenilik çoxdur. Yeni duet yazdırmışam, həmin duet ortağım hazırda bizə qonaq gəlib. Artıq mən qocalarla oxumuram, mən də gənclərlə oxuyacağam. Mən həmişə özümü gənc görmüşəm, hələ o yaşa çatmamışam. O, insanda böyük səhvə yol verdi ki, o, sözü işlətdi. Mən də sözümü dedim. Oldu, keçdi. Gənc, istedadlı Samir Vidayla bir mahnıya duet yazdırdıq. İnşallah, bizi sevərlərin ixtiyarına veriləcək.

- Prodüseriniz varmı?

- Mənim prodüserim yoxdur, istəmirəm də olsun. Çünki harasa gedirəmsə, oğlumla gedirəm, bütün tədbirlərdə yanımda olur.

- Olubmu bu sənətdə ruhdan düşmüsən?

- Yox, vaxtında olub ki, ruhdan düşmüşəm. Axır vaxtlar, bu məsələdən sonra mən daha da həvəslənmişəm. 15 ilim hədər keçdi. Yeni mahnılar, kliplər fikirləşirəm, qabağa getmək istəyirəm. Mən Səmədlə oxuyanda da mənə imkan vermədi ki, qabağa gedim. Heç nəyə icazə vermirdi. Ona görə ruhdan düşmüşdüm. Samir çoxdan mənimlə duet oxumaq istəyirdi, həmişə də deyirdi, alınmırdı. Axır ki, şeytanın ayağını qırdıq, bundan sonra da yeni mahnılarım olacaq.

- Ən dəyərli hədiyyə nədir sizin üçün?
- Ən dəyərli hədiyyə güldü mənim üçün.

- Elə xalq artisti var ki, çıxıb səhnədə oxumaq istəyir, oxuya bilmir.

- O qədər var ki, birdir, ikidir, hansını deyim?..

- İndiki gənclər niyə qalmaqal edib sənətə gəlmək istəyirlər?

- Çünki sənəti yoxdur, qalmaqalla gündəmə gəlmək istəyir. Sənətdən başqa bəzilərinin əlindən çox şeylər gəlir. Mən şəxsən heç vaxt istəməmişəm qalmaqal olsun sənətimdə.

- Kimlərin ifasını dinləyirsiniz?
- Brilyantı, Röyanı çox istəyirəm. Röya çox gözəl qızdır, sadə bir insandır. Elnuru, Elvini çox bəyənirəm.

- Bəs zəhləniz gedən müğənniyə qulaq asırsınız?

- Yox. Elə bir insan ola bilməz, xoşum gəlmirsə heç vaxt da qulaq asa bilmərəm. Mən çox güclü qadınam, həddindən çox.

- Kimdən halallıq almaq istərdiniz?
- 36 il bundan qabaq halallığı Rübabə Muradova rəhmətlik verib mənə. Ondan başqa heç kimdən halallıq istəmirəm.

- Şəlalə nə deməkdir sizin üçün?
- Çox gözəl jurnalist xanımdı. Sualların çox xoşuma gəldi, səmimiyyət var idi suallarda. Təşəkkür edirəm, "Oxu Məni"yə də uğurlar arzulayıram.

- Məndə olan məlumata görə ürəyinizdən əməliyyat olunmusunuz?
- Bəli, əməliyyat olundum ürəyimdən. İllərlə əsəb yığıldı-yığıldı, ürəyim birdən partladı. Ayrılandan sonra çox əsəb keçirdim. Ailə daxilində olurdu bəzi problemlər, yəqin səbəb o oldu ki, ürəyimdə problem yarandı.

Şəlalə NƏRİMAN