Fuad Biləsuvarlı: “Özümü əsl ədəbiyyat adamı, poeziya şairi kimi görürəm”

Fuad Biləsuvarlı: “Özümü əsl ədəbiyyat adamı, poeziya şairi kimi görürəm”

10 Dekabr 2014 15:21
Bəyəndim (0) Bəyənmədim (0)
Nə olsun seçilmir güldən o gözəl, Yaman acı dildi dildən o gözəl

- Özünü oxucularımıza necə təqdim edərdin?

- Mən gənc şair-yazar Fuad Biləsuvarlı 1989-cu ilin 15 martında Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya göz açmışam. Böyüklərimizin dediyinə görə həmin, yəni mən doğulan gün – axır Çərşənbə bayramı imiş. 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində Aydın Həsənov adına orta məktəbin birinci sinfinə daxil olmuşam. Həmin məktəbi 2007-ci ildə bitirmişəm. 2007-ci ildə də "Elm və Təhsil" Mərkəzinin Təfəkkür Universitetinin Filologiya fakültəsinə daxil olmuşam. 2012-ci ildə də o fakültəni bitirmişəm. Ali təhsilli filoloqam. İki qardaşım var, ailənin böyüyü mənəm. Kiçik qardaşım Vüsal Cəfərzadə musiqiçidir, sintezator alətində ifa edir. İranda çalışır, orada toylara gedir.

- Yaradıcılığın barədə nə deyə bilərdin?

- Uşaqlıqdan yazmağa başlamışam. Sırf 2010-cu ildən poeziya aləminə atılmışam. İlk kitabım "Pərvanəm mənim" adlı kitabım idi. Bu il "Bəlkə görüşmədik, bəlkə görüşdük" adlı da ikinci şeirlər kitabım da çapdan çıxdı. Ön sözün müəllifi ustadım Dəmir Gədəbəyli, redaktoru Telli Pənahqızı oldu.

- Bu gün həyatından razısan, istədiyin pillədəsən?

- Həyatımdan elə də razı deyiləm. Çünki bir az sıxıntılarım çoxdur. İstədiyim pillədə deyiləm. Amma sizin kimi əziz dostlarımın sayəsində o pillələrə doğru addımlamaqdayam. Göydə Allahın, yerdə sizlərin izniylə.

- Sizcə yazarlar yalnız tənhalığa qapılanda yazırlar?

- Tək tənhalıqdan yox, şairlər, yazarlar bir insan həyatından, bir mahnıdan da təsirlənib şeir yaza bilərlər. Hər bir şairin öz yolu var.

- Qələminin tükənən vaxtı olubmu?
- Son zamanlar gördüyünüz kimi məhsuldaram şeir yazmaq sarıdan. Amma əlbəttə, yazmadığım anlar olub, onda da bikar qalmıram, müsahibələr, məqalələr yazıram.

- Olubmu hərdən bulud kimi dolursan. O anda nə edirsən?

- Əlbəttə ki, olub, söz yox, həmişə ürəyimizdədir. Atam yadıma düşəndə bulud kimi dolduğum anlar çox olur.

- Öz hisslərinizə qapılanda nə edirsiniz?
- Lirik, kövrək mahnılar dinləyirəm. Son zamanlar Məhəbbət Kazımovun həzin mahnılarını dinləyirəm. Allah ona rəhmət eləsin!

- Şerlərinə mahnılar bəstələnibmi?

- Bəli, şerlərimə mahnılar bəstələnib. İlk iş birliyim Xatirə İslamla olmuşdu. "Sənsən günahkar" mahnısının sözləri mənim, musiqisi Vüsalə Hikmətindir, Ağadadaş Ağayevin "Salam olsun rəhbərimə" mahnısının sözləri mənimdir, musiqisi Vüsalə Hikmətin, Almaz Ələsgərovanın "Azərbaycan" mahnısının sözləri mənimdi, musiqisi Nadir Əzimovun. İnşallah, yeni şerlərimə də mahnılar olacaq. Hətta diskim üzərində də çalışıram. Böyük sənətkarımız, Əməkdar artist dostum Elşən Cəbrayılov şerlərimi qiraət edib, sağ olsun.

- Kimdən bəhrələnmisən?
- Dəmir Gədəbəylidən, Nüsrət Kəsəmənlidən, Afaq Şıxlıdan, Telli Pənahqızından bəhrələnmişəm.

- Neçə kitabın işıq üzü görüb?

- 2 kitabım işıq üzü görüb, 3-cü kitabımı da hazırlayıram. Haradasa 500 şeirim var.

- Qısqanc insansan?

- Əvvəllər qısqanc insan idim, indi elə də yox.

- İlk məhəbbətin olub?
- Məktəb illərində olub.

- Subaylığın daşını atmaq istəmirsən?

- İnşallah, istəyirəm gələn il evlənim. Artıq vaxtıdır, 26 yaşım var. Sadəcə bir az problemlər var, onları həll edim, sonra.

- Kimlərin ifasını dinləyirsən?
- Flora Kərimovanın, Zeynəb Xanlarovanın, Akif İslamzadənin ifalarını dinləyirəm. Emin Sabitoğlunun bəstələdiyi mahnıları dinləyirəm.

- Şou-biznesin şairi kimi özünü görürsən?

- Şou-biznesin şairi kimi yox, özümü əsl ədəbiyyat adamı, poeziya şairi kimi görürəm.

- Ürəkdən haçan ağlamısan?
- Atam dünyasını dəyişəndə.

- Şou-biznesin açarı kimi əlindədir?

- Flora Kərimovanın, Zeynəb Xanlarovanın, Akif İslamzadənin əlindədir.

- Səncə çəkdiyin bu qədər zəhmətin müqabilində layiqincə dəyərləndirildimi?

- Hələ ki, yox. Amma bu zəhmətin bəhrəsini İnşallah, yəqin görərəm. "Xalqın gözü tərəzidir". Xalq görür ki, mən necə zəhmət çəkirəm.

- Ədəbiyyat və musiqi vəhdət təşkil edir. Bəs ədəbiyyata münasibətin necədir?

- Münasibətim əladır, çünki filoloqam.

- Bir yazıçı olaraq Azərbaycan musiqi sahəsindəki gələcəyini necə görürsən?

- Ara müğənniləri, ara mahnıları yığışdırılsa əla görürəm.

- Gənc şairlərdən kimi bəyənirsiniz?
- Nilufər Şıxlını.

- Tanrı həmişə ürəyinizcə verir?
- Deməzdim həmişə, ara-sıra verir.

- Nə zaman təəssüf hissi keçirdiniz?

- Atamı son dəfə gedib görə bilmədim.

- Ümumiyyətlə, bu sənətdə səni nə kövrəldir?
- Bu sənətdə bəzi yaşlı şairlərin mənə haqsızlıq etmələri məni kövrəldir.

- Kövrək insan romantik olur. Romantiklər isə sevməyi bacarandılar. Sizcə ürək neçə dəfə sevə bilər?

- Bir neçə dəfə sevə bilər.

- Tez-tez qalırsan ağlınla və hisslərin arasında?
- Özümə onu qadağan etmişəm, ağıllı hərəkət etmişəm. Ona görə də ağılla hisslərimin arasında qalmıram.

- Özünə nəyi qadağa qoyursan?
- Özümə onu qadağa qoymuşam ki, sadəlövh olub heç kimə inanmayım.

- Bəs taleyin həyatının hansı təsadüfi qatarında ünvanı dəyişdi?
- Hələlik o qatarın sərnişini olmamışam.

- Hansısa şeirlərinizdən özünüzə həsr etmisinizmi?
- Eşqin də başında indi pul durur,

Yolunu keçməyə çətin yol durur.

Nazını çəkməyə neçə il durur,

Daha sevgiyə inanmıram heç.

- Hər insan dünyaya hansısa bir missiyanı gerçəkləşdirmək üçün göndərilir. Sənin missiyan nədir?

- Mənim missiyam Azərbaycanın tanınmış şairi olmağımdır. Çalışıram da, o yolda iri addımlar atmaqdayam.

- Dırnaqarası şairlərin yanında özünü necə hiss edirsən?

- Heç onları öz həndəvərimə qoymuram.

- Nədən qorxursan?
- Həyatdır, Allahdan başqa heç kimdən qorxmuram.

- Bacardığın kimi yaşayırsan?

- Əlli faiz bacardığım kimi, əlli faiz yox.

- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə sizdən gözəl ola bilməz. Şəlalə mənim üçün gözəllik mənbəyidir.

- Sizdə ailədə şeir yazan olubmu?

- Nəsildə Asif babam - ata babam şeir yazmışdı. Amma o, şerlərini elə də geniş tamaşaçı kütləsinə çıxartmayıb. Ailəmiz ziyalıdır. Atam rəhmətlik Texniki Universiteti bitirmişdi. Babam da müəllim olub.

- Sonda ürəkdən gələn şeirindən birini oxucularımıza deyərdin?

- Dəyişməyəcək

Nə olsun seçilmir güldən o gözəl,

Yaman acı dildi dildən o gözəl.

Salıbdı lap məni əldən o gözəl,

Qurbanı olsam da dəyişməyəcək.

Çətin ki, insafa gələs,, vallah,

Mənə lazım deyil beləsi, vallah,

Olmaram eşqinin kölgəsi, vallah

Heyranı olsam da dəyişməyəcək.

- Necə qızla ailə qurmaq istəyirsən?

- Mənə çox şirindil, qayğıkeş olsun,

Allahım, bax o cür qız istəyirəm.
Əxlaqda, ismətdə Həcərlər kimi,
Qar kimi ləkəsiz düz istəyirəm.

Üzünün surətin güllərdən alan,

Qadın gücünü də sellərdən alan.
Bax, dözümlük nədir illərdən alan,
Bəxtimə eləsin yaz, istəyirəm.

Qaranlıq dünyama şəfəq, nur gətir,

Qəlbimə həm vüqar, həm qürur gətir.
Hardasan, hardasan tez ol dur gətir,
Ömrümə çiçəkli yaz istəyirəm.

Gecəni tumarım belində gəzə,

Əlləri hər yerdə əlimdə gəzə.
Adı da düşməyə dilimdə gəzə,
Mənə də çox edə naz istəyirəm...

Şəlalə NƏRİMAN