İNTİQAM  KƏRİMOV:  “Əgər kiminsə xətrinə dəymişəmsə bilmədən olub, onlardan halallıq almaq istərdim”

İNTİQAM KƏRİMOV: “Əgər kiminsə xətrinə dəymişəmsə bilmədən olub, onlardan halallıq almaq istərdim”

2 Dekabr 2014 18:37
Bəyəndim (0) Bəyənmədim (0)
Evimizdə İtalyan rok-disklərinə qulaq asa-asa böyümüşəm

- Özünüzü oxucularımıza təqdim edərdiniz?

- Mən İntiqam Kərimov 1959-cu il 17 oktyabrda Qax rayonunda anadan olmuşam. 1 nömrəli şəhər orta məktəbini bitirmişəm. Hərbi xidmətdə olanda "Gümüş qanadlar" ansamblının solisti olmuşam. Ailədə 2 bacı, 2 qardaşıq. Evin böyüyü mən olmuşam. Atamın gözəl səsi olub. Özü arxitektor olub, amma gözəl romanslar, İtalyan mahnılarını ifa edirdi. Ailəliyəm. 10 yaşında bir qızım var. 1980-ci ildən bu sənətdəyəm. Musiqi Akademiyasının vokal şöbəsini bitirmişəm. 1987-ci ildən Musiqi Akademiyasında işləməyə başlamışam. Sonra çıxıb getdim Türkiyəyə. 4 dəfə Beynəlxalq müsabiqən laureatıyam. AzTV-də, Xəzər TV-də və digər televiziyalarda layihələrdə çalışmışam və həmin musiqili proqramların rəhbəri olmuşam. 20 yaşında estrada sinfinin, orkestrin solisti olmuşam.

- Bəs uzun müddət səhnədən niyə uzaq düşdünüz?

- Bilirsiniz, mənə zəng ediblər ki, gəl toylarda oxu, mən də toy oxuyanı deyiləm axı. 15 ildir efiri də çeviriblər toy bazarına. Zəng edəndə elə bilirlər ki, hamı toy müğənnisidir. Əsas sənət göstərmək lazımdır. Efirə məni ayda 3 dəfə çağırırlar. Hamı baxa bilmir axı. Elə adamlar var ki, başqa kanala baxır, görmür, mütəmadi çıxmıram axı efirə. Nə də kiminsə gedib qapısını döyə bilmərəm ki, məni efirə çağırın. Qaldı, çağıranda gedirəm, çağırmayanda da getmirəm. Heç kimə də heç vaxt ağız açmaram ki, məni verilişə çağır. Bu mənim xasiyyətimə ziddir.

- Uşaqlıq xatirələrindən danışardınız?
- Onu mənim anamdan soruşsanız yaxşı olar (gülür). Mən yaxşı güləşçi və həm də futbolçu olmuşam. Rəqsə də getmişəm. Dərslərimi də əla oxumuşam. Bir az da nadinc uşaq olmuşam.

- Bəs necə oldu ki, bu sənəti seçdiniz?
- 4 yaşından oxumuşam. Atam evdə həmişə oxuyardı, mən də qulaq asardım. İtalyan mahnılarını çox sevirəm, mən Avropasayağı müğənniyəm. Evimizdə İtalyan rok-disklərinə qulaq asa-asa böyümüşəm. Mənim atam da belə insan olub. Mən də elə böyümüşəm. Dinlədiyim müğənnilər də xarici estrada müğənniləri olub.

- Kimdən çox bəhrələnmisiniz bu sənətdə?
- Atamdan həmişə pul alıb gedib 2 ay Moskvada təhsil almışam, tanınmış bir çox müğənnilərdən dərs almışam. Amma çox sevdiyim sənətkar Müslüm Maqomayev olub. Azərbaycan musiqisində də Müslüm Maqomayevdən başqa heç bir müğənnini bəyənmirəm.

- Arzunuz nə olub uşaqlıqda?
- Mən o vaxtdan güləşirdim. Gedirdim məşqə, atam gətirirdi evə. Qoysaydılar çoxdan tanınmış güləşçi olardım, ya da tanınmış futbolçu idim indi.

- Bəs valideynləriniz sizi ən çox hansı hərəkətinizə görə danlayırdılar?
- O qədər danlanırdım ki, 6 yaşından çıxıb uşaqlara qoşulub dağa-dərəyə gedirdim. Özümdən böyüklərlə ova gedirdim, çimməyə gedirdim. Evdən də həmişə qaçırdım oynamağa.

- Özünüzdə nəyi bəyənmirsiniz?
- Tez əsəbiləşirəm. Elə şeylər var ki, bəziləri göz yumur. Mən ancaq göz yuma bilmirəm. 55 yaşım var, kimsə deyəndə ki sən elə karyeranı belə qur, mən uda bilmirəm o sözü. Çünki cavabını verməliyəm həmin insanın. 1 milyon itirsəm belə, cavabı verilməlidir. Deməliyəm ki, mən istəsəm 1 saatın içində populyar olaram, belə sözlərə də göz yuma bilmərəm.

- Kiminsə xətrinə dəyəndə könlünü necə alırsan?
- Mən heç kimin xətrinə dəymirəm. Əgər kimsə də söz deyəndə cavabın verib çıxıb getmişəm. Bir sözlə, mənə dəyməsinlər. Kim də necə ilişirsə, elə də cavabını alır.

- Bizim gənclərdən kimin ifasını dinləyirsən?
- Dinləyirsiniz deyəndə, mən kimisə dinləmək üçün oturub dinləmirəm. Ola bilər ki, kimsə efirdə oxuyarsa, xoşuma gələrsə, deyərəm yaxşı oxuyur. Amma mən Azərbaycan estradasını dinləmirəm. Azərbaycanda estrada yoxdur, toy biznesi var, toyxana musiqisi var, həqiqi musiqimizə isə yer yoxdur.

- Dediniz ki, toya getmirsiniz, bəs gəlir yeriniz haradandı?

- Tələbələrim var, dərs deyirəm. Səsi olmayanların səsini açıram. Səs tembrini düzəldirəm. İcra hakimiyyətləri bir çox tədbirlərə dəvət edirlər gedib oxuyub qonorarımı alıram. Mən bilirsiniz niyə sevilirəm? Azərbaycanda özüməməxsus repertuarım var: italyan, ispan, rus, xalq mahnıları. Musiqilərim çoxdur. Toydan danışmıram o, səfirlərin, xarici şirkətlərin məclislərində ifa edirəm, oxuyuram, qonorarımı alıram.

- Tanrıdan nə istədiniz, Sizə vermədi?

- Vallah, heç nə istəməmişəm. Demişəm ki, Allahım var, şikayətim də yoxdur. Min şükür edirəm.

- Pul insanları dəyişə bilər?
- Mənə qarşı hiss edəndə ki, kimsə pullanandan sonra dəyişir, çalışıram o insandan özüm uzaq gəzim ki, görüşməyim.

- Bəs bu sənət aləmində sizə paxıllıq edən olubmu?
- Bilirsiniz necədir, rəqabət həmişə var bu sənətdə, çünki heç kim istəmir ki, kimsə ondan qabağa getsin. Mən uşaq deyiləm. 20 il Musiqi Akademiyasında işləmişəm. Həmişə də bunu hiss etmişəm ki, həqiqi səsi olanlara həmişə qısqanclıq, paxıllıq olur. Bunları da çox gözəl bilirəm. Həm də bəziləri çalışır ki, özləri olduğu möhtəşəm yerlərdə sən olmayasan. Çünki oxuyan kimi seçiləcəksən. Heç kimlə də işim yoxdur. Hər kəs özünə görədir, Allah canlarını sağ eləsin. Kimlər də oxuyur, Allah canlarına dəyməsin. Çünki ürək eləyib, əlinə mikrofon alıb insanların qabağına çıxır.

- Şou-biznesin açarı kimin əlindədir?
- Mən maraqlanmıram şou-bizneslə. Şəxsən açarımı heç kimə vermərəm. Heç kimin də sözü ilə oturub-durmaram, istədiyimi də eləyənəm. Bizdə şou-biznes yoxdur. Şəxsən yarım ay ərzində istəsəm bir nömrə olaram şou-biznesdə. Axı bizdə şou-biznes yoxdur. Sadəcə bir-iki müğənni var, kanallar da onları çağırır. O, onun dalıyca danışır, bu onun dalıyca, bir-birlərini biabır edirlər. Özləri bilərlər. Bizim millətdə tamahkarlıq, pula hərislik çoxdur. Pula xəstə millətik, hərisik, puldan ötəri ölən millətik.

- Olubmu kənardan sizi kimsə əsəbiləşdirib, hirsinizi evdəkilərdən çıxmısınız?
- Onu yoldaşımdan soruşun (gülür). 30 ildir ailəliyəm. Məni yoldaşım balaca uşaq kimi sevir, mən də onu elə sevirəm. Həyatımız necədir hamı görür ki, bir-birimizə çox bağlıyıq.

- İlk məhəbbətiniz neçə yaşınızda olub?
- IV sinifdə olub.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşıma Zaqatala rayonunda vurulmuşam. Günlərlə yağışda pəncərəsinin qabağında durmuşam, almışam, indi də xoşbəxtəm.

- Kimdən halallıq almaq istərdiniz?
- Atam rəhmətə gedib, anam gözümün işığıdır. Mən özüm bilmədən kimlərinsə xətrinə dəymişəmsə, bayaq da dedim, elə sözlər var ki, uda bilməmişəm. Əgər kiminsə xətrinə dəymişəmsə bilmədən olub, onlardan halallıq almaq istərdim.

- Bir vaxtlar müğənni Ziyafətlə böyük bir xoşagəlməz qalmaqalınız oldu və siz heç yerdə açıqlama vermədiniz. Səbəb nə idi?

- Qalmaqal haqqında indi deyəcəyəm ki, əsas məsələ nə idi. Bu xanım mənə dedi ki, konsertə gedirsənsə məni də özünlə apar. 500 $ mənə pul verdi ki, aparım onu özümlə. Bir qızım var, onun canına and içirəm, necə var elə deyəcəyəm. Siz də elə yazın. Allaha and olsun, ona dedim ki, sənin pulun mənə lazım deyil, apararam səni. Amma çox gözəl səsi var, mən də apardım. Türklərə demişəm ki, o, yaxın adamdır, işiniz olmasın. Mənimlə gedib axı. O, gəlib 1000 manat verib efirlərə çıxıb dedi ki, o, məni nahaq qoruyur, orda mən özümə sponsor tapacaqdım. Mən də gəldim cavabını verdim ki, mən "papa Roza" deyiləm ki, qadın aparım, ondan orada istifadə etsinlər. Lap belə yanımda elə xanım getsin, belə axırıncı adamdı, yenə də imkan vermərəm ki, kimsə nəcə desin onun haqqında, yaxud danışsınlar. Məndən də Ziyafəti soruşdular. Dedim yaxın adamdı. Nə deməliydim ki... Həmin konsertdə pul söhbəti yox idi. Deyir ki, pul yığılıb həmin konsertdə. Yol pulu, bir də musiqiçilərin pulu verilməliydi. Başqa pul söhbəti yoxdur. Mən gedəndə demişdim ki, pul olmayacaq. İzmirə getmişdik, İstanbuldan bir az aralıdır. Hətta bizi də, uşaqları da təyyarəyə gecikdirdi. Uşaqlar birtəhər avtobusla getdi, biletlər qaldı əlimizdə. Girdi bazara, özünə çamadan alsın, 1 saat yarım axtardıq, güclə tapdıq. Təyyarəyə də çata bilmədik. Başımıza bu oyunu açdı. Efirə çıxıb qalmaqal etdi, mən də cavabını verdim. Bacısı sonra mənə zəng eləyib dedi ki, İntiqam, sən niyə elə elədin, atamın ürəyi ağrıyır. Mən də çölə çıxa bilmirəm. Mən də dedim ki, özü elədi, cavabını da aldı. O zaman 200 dəfə zənglər oldu, efirlər çağırdı, cavab vermədim. Amma mən ona pul verdim, ürəyi istəyəni özünə aldı. Öz-özünü biabır etdi.

- Ürəkdən nə vaxt ağlamısınız?
- Mən özüm kövrək insanam. Kinoya baxıram, ağlayıram. Atam dünyasını dəyişəndə ürəkdən ağlamışam.

Şəlalə NƏRİMAN