Gülayın idman etməyə ehtiyacı yoxdur

Gülayın idman etməyə ehtiyacı yoxdur

22 İyun 2011 14:55
Bəyəndim (0) Bəyənmədim (0)
"Sevgi olan yerdə təbii ki, qısqanc olmalıdır insan"

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır.

Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Bugünkü həmsöhbətim ekranlarda çox görünmür. Ancaq ən az onlar qədər tanınmışdır. Doğrudur, bu, idmançı Kamil Zeynalovdur. Onu həm də sevimli müğənni Gülayın həyat yoldaşı kimi tanıyırsınız...

- Yeni ailə qurmusan, həyatında nələr dəyişdi?

- Ailə qurmaq insanı daha da məsuliyyətli edir, həyata ikiəlli sarılırsan ki, artıq ailən var. Ailə qurandan sonra ancaq yaxşılığa doğru həyatımda dəyişikliklər baş verdi. Peşiman deyiləm.

- Evdə kimin sözü keçir?

- Xanımımın fikirlərinə çox böyük hörmət edirəm. Bizim ailədə kişi sözü keçərlidir. Belə də olmalıdır.

- Bu sualı Gülaya da ünvanlamışdım, sənə də ünvanlamaq istəyirəm. Qısqancsan?

- Sevgi olan yerdə təbii ki, qısqanc olmalıdır insan. Sevgi qısqanclığın meyarıdır, hislərin ən ali sübutudur, mənə görə. Qısqanırsa deməli, sevir.

- İdmanla arıqlamaq mümkündür?

- Əlbəttə mümkündür. Bunu mənim yanıma məşqə gələn minlərlə insan təsdiqləyə bilər. İdman sağlamlığın vahididir. Hər zaman formada olmaq üçün müntəzəm idmanla məşğul olmaq lazımdır. İnsanın əhval ruhiyyəsinə də normal təsir edir idman.

- Gülay necə, idmanla məşğul olur?

- Gülayın idmanla arası yoxdur. Məncə, hələlik heç ehtiyacı da yoxdur. Əgər nə vaxtsa ehtiyacı olarsa, ev şəraitində məşq edər.

- Deyir, ev evə sığmaz, el elə sığar. Ananızdan ayrı yaşamağı düşünürsünüz?

- Xeyr! Düşünmürəm. Mən anamın tək oğluyam. Həm də anamla birlikdə bizə çox rahatdır.

- Məşhurlardan kim gəlir yanına məşq etməyə?

- Şou-biznesin əksər gənc ulduzları yanıma gəlir. Bəlkə kimsə adının çəkilməsini istəməz, ona görə çəkmirəm.

- Kamil, çox hörmətcil və ciddi oğlansan. Kinli insansan?

- Baxır baş verən hadisəyə, həmin hərəkəti edən insana. Kinli olmaq yaxşı deyil. Vəziyyətdən asılıdır.

- Həyatda səncə nə olmazsa, maraqsız olar?

- İnsanın həyatında sevdiyi ailəsi olmasa, çox maraqsız olar. Çəkişib bərkiməsən, olmaz.

- Çətin oldu ailə qurmaq, razı salmaq Gülayı?

- Biz Gülayla bir-birimizi görüb, tanıyıb, sevib ailə qurmuşuq. Təbii ki, qızlar nazlı olur. Sevənsə eşqi yolunda hər əziyyətə, çətinliyə dözməlidir ki, vüsal da şirin olsun.

- Gülay müğənnidir. Hər hansı bir problemi olanda qarışmağa üstünlük verirsən, yoxsa kənarda dayanmağa?

- Həyat yoldaşı kimi hər zaman ona inandığım üçün verəcəyi qərarları dəstəkləyirəm. Problem olsa, həll edərəm. Kənarda dayanmaram. Xanımıma kömək edib, dəstəkləyərəm, sözsüz. O hər zaman mənə güvənə bilər.

Doğrudan da sağlam bədəndə sağlam ruh olar...

Günel Əliqızı

O.M.