Sənətlə birlikdə ailə saxlamaq çox çətin olub

Sənətlə birlikdə ailə saxlamaq çox çətin olub

21 İyun 2011 19:43
1 493
Bəyəndim (0) Bəyənmədim (0)
Gözə-nəzərə inanan müğənni qırmızı geyinməkdən qorxur

Göydən yerə doğru axan, qəlblərə süzülən şəlalə bu dəfə tənha bir çinar ağacı ilə görüşdü. Bəli, o, sənətdə çinar ömrü yaşayıb. Lakin indiki zamanda o da başqa sənətkarlar kimi tənhalığa çəkilib. "Şəlalə" rubrikasının bugünkü qonağı "Lalə" qızlar ansamblının solisti əməkdar artist Rəhilə Bəndəliyevadır.

- Rəhilə xanım, mümkünsə oxucularımıza özünüz barədə məlumat verərdiniz?

- Əslən Qərbi azərbaycanlıyam. 1958-ci ildə Kürüd kəndində anadan olmuşam. Sonra Bakının Türkan qəsəbəsinə köçmüşük. Orta məktəbi orada oxumuşam. Rəhmətlik Vahid Abdullayevin tələbəsi olmuşam. Asəf Zeynallının muğam şöbəsini bitirmişəm. 1977-ci ildən "Lalə" qızlar ansamblına daxil olmuşam. 35 il olar ki, sənətdəyəm. 2007-ci ildə əməkdar artist adına layiq görülmüşəm.

- Şəxsi həyatda necə, xoşbəxtsinizmi?

- Sənətdə istədiyim zirvədə ola bilməsəm də, çox gözəl ailəm var. İki övladım var, bir oğul nəvəm var. Həyatım enişli-yoxuşlu olub. Sənətlə birlikdə ailə saxlamaq çox çətin olub. Bu günə də şükür ki, həyatımda hər şey normaldır.

- Niyə bu qədər gileylisiniz sənətdən?

- Bilirsiniz necədir? İndi də "Lalə" qızlar ansamblında çalışıram, rəhbərimiz Ceyran Haşımova nə qədər ki bu sənətdədir, biz də "Lalə" qızlar ansamblındayıq. Niyə də gileylənməyim? 30 ildir bu sənətdəyəm. Efirlər çağırmırlar, onlara gənc ifaçılar lazımdır. Kəmalə Rəhimova, Təranə Vəlizadə, Firuzə İbadovaya - hamımıza təsir edir. Axı bizim dövrdə sənətçiyə qiymət verilirdi. Aparıcı müğənni olmuşam. Səhnədə bütün ağır yüklər mənim üstümdə olub. Saatlarla konsertlərdə canlı ifa etmişəm, indi isə buna qiymət verən yoxdur. Alın yazımdır, neyləyə bilərəm? Sponsorum olmayıb, nə eləmişəm, özüm əziyyətlə eləmişəm.

- Gözə-nəzərə inanırsınız?

- Çox inanıram. Mən qırmızı geyinəndə tez xəstələnirəm. Sevirəm qırmızını, xəstələnəcəm deyə geyinmirəm.

- Sizcə əsl sevgi nə vaxt ürəyin qapısını döyür?

- Uşaqlıq illərində.

- Bəs siz özünüz ürəkdən sevmisinizmi?

- İnanın, sənətimi sevmişəm birinci növbədə. Sevdiyim insan - həyat yoldaşım öz elimin oğludur. Bacısı qonşumuz olub. O vaxt gənc müğənni idim, bütün gücümü sənətimə vermişdim. Gözümü açanda ki ailə qurmalıyam, həyat yoldaşımı gördüm. Çox şükür, gözəl, təmiz ailəm oldu.

- Deyirsiniz ki, sənətimi dəlicəsinə sevdim. Bəs həyat yoldaşınız sizi qısqanmırdı?

- Düzünü deyim ki, mən ailə qurmamışdan qabaq şərt kəsmişdim. Demişdim, sənətimi qəbul edirsənsə, evlənək. Razılaşdı. Ailə qurdum. Yoldaşım kömək olurdu mən qastrola gedəndə. Artıq uşaqlar böyüyəndən sonra hiss elədim ki, məni nəyəsə qısqanır. Qastrola çox vaxt oğlumla gedirdim, uşaq idi o vaxt.

- Rəhilə xanım, bir sənətkar kimi titullara münasibətiniz?

- Yerindən duran deyir ki, mən № 1-əm. Xalq verməlidir adı. Heç kim özünü tərifləməsin, xalqın gözü tərəzidir.

- Niyə yaşlı müğənnilərlə gənc müğənnilər ayaqlaşmırlar, səbəb nədir?

- Düzdü, şouya qarışmıram. Gərək indiki gənclər sənətkarlarla ayaqlaşsınlar. 3 mahnını diskə yazdırıb, gəlib toyda oxuyub, gedirlər. Sonra da deyirlər, ulduzuq. O vaxt qalmaqalla sənətə gəlmək yox idi. Sənət, səs göstərmək lazım idi. Gənclər yaşlı sənətçilərin qədrini bilməlidirlər. Onlardan nəsə öyrənməlidirlər.

- Sevgisini incəsənətə qurban verənlərə münasibətiniz?

- İki tərəf bir-birini başa düşməlidir. Əgər sənətini qəbul etmirsə, evlənməsin, qəbul edirsə, bu başqa məsələ. Yoxsa ailə qurur, sonra qoymur oxumağa. İstedadlı insanı heç bir qüvvə saxlaya bilməz bir yerdə. Axırda ya boşanır, ya da övladı olmur, gününü keçirdir. Şükürlər olsun ki, gözəl ailəm var. Bu günə də şükür.

- Yaradıcılığınızda hansı yeniliklər var?

- Bəstəkar Məlahət Həmidqızı ilə çalışıram. Köhnə retro mahnılarını yazdırıram. Bəstəkarlardan indi mahnı götürmək çox çətindir. 1 mahnıya 3 000 dolar istəyirlər. Mən toylardan ildə heç 3 000 manat qazanmıram, hardan gətirim? Məcburən köhnə retro mahnılarımı ifa edirəm.

- Qadının əsas missiyası nədən ibarət olmalıdır həyatda?

- Gözəl ailəsi olmalıdır. Səviyyəsini saxlamalıdır. Oturuşunu-duruşun bilməlidir. Xəyanətdən uzaq olmalıdır!

- Rəhilə xanım özünə necə qiymət verir?

- Çox gözəl. Əxlaqım var. Bunu məni tanıyanlar bilir. Geyimimi, davranışımı hamı görür. Bəziləri kimi sinəmi açıb çölə qoymamışam. Saç düzümüm də eyni olub, geyimim də xüsusi olub, qapalı.

- Həyatda insan üçün qiymətli şey nə ola bilər?

- Kimin üçünsə yaşayırsansa, qiymətlidir həyat. Ailəsi, balalarıdır qiymətli. Bundan böyük varlıq nə ola bilər?

- Bəs həyatda hansı arzunuza hələ çata bilməmisiniz?

- Elin içində böyük hörmətim var. Müğənni olmaq istəmişəm, olmuşam. Sənətdə alqışlanmışam hər zaman. Həyatda ancaq can sağlığı istəyirəm. Bir də telekanallardan yaşlı nəslin nümayəndələrinə hörmət istəyərdim ki, gənclərə qiymət verəndə bizləri də yada salsınlar.

- Müğənni olmasaydınız, hansı sənəti seçərdiniz?

- Dərzi olmaq, bir də bağça müəlliməsi olmaq istərdim.

- İlk baxışdan Rəhilə xanımı hansı kişi xarakteri cəlb edə bilər?

- Mərdlik. Evə girəndə biləsən ki, evdə kişi var. Bu saydıqlarım da mənim həyat yoldaşımda olub.

- Sizi gec-gec görürəm efirlərdə, səbəb nədir?

- Özüm Hacı xanımam. Məni hansı tədbirlərə çağırırlarsa, canla-başla gedirəm. Bizi çağırmamaqlarının səbəbini telekanalların rəhbərliyindən soruşmaq lazımdır. Mənim o, imkanım yoxdur ki, pul ödəyib efirə çıxım. Uşaq evlərində, qocalar evində tez-tez oluram. Hər bir müğənni istəyir efirdə olsun. Neyləmək olar? Şans yaxşı şeydir.

- İndi yerindən duran əlinə mikrofon alıb oxuyur, Rəhilə xanım, belə gənclərə münasibətiniz necədir?

- Bizim dövrümüzdə oxumaq çətin idi. İndi gənc qızların əllərindən valideynləri tutub gətirirlər efirlərə ki, qızım müğənnidir, qoy oxusun. Oxumaq olar, amma biləsən ki, bu qızın səsi var, yoxsa yox. Mahnı yazdırırlar, toylarda yarım saatlıq fonoqrama oxuyub, gedirlər. Bu oxumaq deyil. Canlı oxuyub, ürəyini qoymaq lazımdır. Bir sözlə, xalq görür. Toyda məndən ən çox bəstəkar mahnıları, retro mahnıları istəyirlər. Canla-başla oxuyuram. Görün bu gənclərdən kimsə ifa eləyə bilər. Nə deyim, hər şey zəmanədəndir.

Zəmanədən şikayət edən, diqqətsizlikdən gileylənən tənha çinar şəlaləyə ürəyini açıb danışdı. Axı su aydınlıqdır. Su axacaq və minlərlə insanın qəlbinə yol tapanadək yeni-yeni arzuları cücərdəcək, yeni-yeni həqiqətlərə həyat verəcək. Şəlalədə görüşənədək...

Şəlalə NƏRİMAN

O.M.