"Toylar kraliçası"nda saxtakarlıq oldu

"Toylar kraliçası"nda saxtakarlıq oldu

20 İyun 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni biri ilə eşq macərası yaşadığını etiraf etdi

Şəlalə zirvələrdə yaranır, göylərə yaxın olan bir yerdə. Günəşin doğuşunu, qürubunu hamıdan əvvəl o qarşılayır. Göyqurşağının əsrarəngiz rəngləri birinci onda əksini tapır. O, hamı üçün əlçatmazdır və gücünü aşıb-daşan çaylardan alır. Lakin o da şəlalə olanadək daşdan-daşa, qayadan qayaya çırpılır.

Rubrikamızın bugünkü qonağı da şəlalə həyatını yaşamaq istəyir. Daim zirvələrdə olmağa çalışır. Ancaq zaman-zaman həyatın və sənətin daşına, qayasına çırpılır.

- Özünüz haqqında məlumat verərdiniz oxucularımıza. Samirə kimdir?

- Əslim Bakılıdır. Asəf Zeynallı kollecini bitirmişəm. Rəhmətlik Vahid Abdullayevdən dərs almışam. Əlibaba Məmmədovun tələbəsi olmuşam. O vaxt "Qırmızı qərənfillər" məktəbi var idi, orada oxumuşam uzun müddət. 44 yaşım var. 2-3 gün sənətə gələn deyir, 30 ildir sənətdəyəm. Başa düşmürəm, bələkdə olanda, qığıldayanda onlar özlərini oxuyan hesab edirdilər? 34 ildir sənətdəyəm. Bütün cəbhə bölgələrində, uşaq evlərində xeyriyyə konsertlərində çıxış edirəm. Bir çox diplomlarım var. Çoxları kanalların qapısında yatır. Məndə ikiüzlülük yoxdur. Bir oğlum, bir qızım var. Anamla bir yerdə yaşayıram. İnşallah, bu yaxınlarda adımın yanında bir dənə də titul olacaq - gözə-nəfsə inanıram deyə, açıqlaya bilmərəm.

- Amma hazırda bir titulunuz var - "Toylar kraliçası". Bu adı almaq çətin olmadı ki?

- Çox çətin oldu, rəqabət güclü idi. Əsas da maddi duruma görə. Dostlarımdan da, iş yoldaşlarımdan da vəsait çox getdi.

- Sirr deyilsə nə qədər vəsait çıxdı?

- İlk dəfə sizə açıqlayıram. Ürəyimə yatdınız, söhbətimiz tutdu ki, mən açıqlama verəcəm. Birincisi, "Toylar kraliçası"nda çox haqsızlıqlara yol verildi. Dostlarımdan 20 min manatlıq SMS, məndən də 7-8 min manat getdi.

- Siz 1-ci mərhələdə Almaz Saraylıya uduzdunuz. Sonra "Toylar kraliçası" proyektinə necə qayıtdınız? Bir çoxları sizin haqqınızda dedi ki, Samirə rüşvətlə "Toylar kraliçası" oldu.

- Məni tanıyanlar bilir ki, mən sözü üzə deyənəm, necə var, sizə açıqlayacam. Qoy hamı oxusun. Heç kimdən də qorxacaq yerim yoxdur. Allaha and olsun, düzgün oyun bizdə getdi. Mən 2-ci dəfə ora qayıdanda hər şey düzgün oldu. Amma birinci dəfə haqsızlıq oldu. Almaz Saraylı ilə yarışmada bizə "stop" deyəndə 300 səs ondan qabaqda idim. Telefonda pullar qalmışdı. Birin yarısı telefon bağlanmışdı, mənə SMS getmirdi. Reklamlarda dostlarım Naxçıvandan, Mingəçevirdən mənə zəng vurdular ki, Samirə, SMS-i dondurublar, dəli oldum. Bir dostum var idi, səhnədə oturmuşdu, o da faktura kağızını çıxartdırıb mənə göstərdi. O, 50 səs göndərmişdi, cəmi 15-i gəldi həmin saniyələrdə, fakturadan isə 50 səsin pulu çıxmışdı. Kamran "maxinasiya" elədi, hamısı onun oyunu idi, son dəqiqəni o qədər uzatdı ki, 150 səslə Almaz Saraylı məni keçdi, sonra oyunu saxladı. İnanın, şok vəziyyətində idim, axı verilişin qurtarmasına 15 dəqiqə qalmış mənim SMS-lərimi bağlamışdılar. Hamısı Kamranın fırıldağı idi. Ona görə 40 gündən sonra onu layihədən azad elədilər. Allah görür, 40 gündən sonra məni yenidən dəvət etdilər, mən də iştirak etdim. Mən "Toylar kraliçası" proyektindən 3 gün sonra, şikayət edəndən sonra telefonumu açdılar, oğlumun da, mənim də telefonumda SMS gedən səhifə dondurulmuşdu.

- Sizə qarşı haqsızlıqda ANS televiziyasının rolu oldumu?

- İnanın Allaha, ANS-in bundan xəbəri yox idi. ANS-in xəbəri olsaydı, yenidən məni ora qaytarmazdılar. Kimlərsə elədi bunu, əsas da Kamran Həsənli. Sonra yenidən Kamranın verilişi apardığı müddətdə çıxış edən müğənni xanımlar layihəyə qayıtmaq istədilər, ancaq onları götürmədilər. Sizin söhbətiniz ürəyimdən oldu, bilmirəm hansını deyim, əlimi "Quran"a basaram ki, mən pulla "Toylar kraliçası" olmamışam. Sadəcə, dostlarım, özüm SMS-ə pul xərclədik, kiməsə aparım pul verim, belə şey olmayıb. Allah baxır göydən. Məni çox adam sevə bilməz. Mən varamsa, demək, haqqımda danışacaqlar. Şou-biznesdə məndən qorxurlar. Bəzi kanallarda mənə embarqo qoyublar. Mən dəfələrlə demişəm, kimsə çıxsın duelə, səsimlə-oxumağımla o insanı məhv edərəm. Kimsə mənə qalib gəlsə, yarışsa, mən mikrofonu qoyub birdəfəlik səhnədən uzaqlaşaram, kişi qızı kimi. Səsləri mənə axıradək tab gətirə bilməz.

- Deməli, şou-biznesdə sizdən qorxurlar?

- Həm səsimlə, həm də gücümlə onları yerində oturda bilərəm. Əlikram Bayramov mənə deyib ki, şou-biznesdə çoxları səndən qorxur, Samirə, sən yırtıcısan.

- Demək, yeni titulunuz var şou-biznesdə?

- Bəli, şou-biznesin yırtıcısıyam.

- Qorxmursunuz ki, bu açıqlamanızla yeni qalmaqalları alovlandırmış olarsınız?

- Mən kraliça olanda eşitdim ki, çoxları ürək xəstəliyinə tutuldu. Ad çəkməyəcəm, həmin qadın müğənniyə 10 il çörək verdim. İndi əməkdar artistdir. Pullu bir kişi tapdı, özünü tutdu. Bir gün toyların birində yanımdan düz getdi. Mənə salam vermədi. Əvvəl mən oxuyanda özünü tanımazlığa qoydu. Mikrofonu ona uzadanda yavaşca salam verdi. Dedim: tanımadın? Başladı mızıldanmağa ki, yox. Mən ona bir-iki cümlə deyəndən sonra yaddaşını təzələdim. Dedi, Allaha and olsun, telefon nömrən məndə yox idi. Bəs vaxt var idi mənə yalvarırdın ki, toy olsa de, gəlim oxuyum, indi sponsorun güclü çıxdı? Məni tanıyanlar bilir ki, mən hamıya çörək verirəm, yarım saat da olsa, toya çağırıram, insan gərək nankor olmasın.

- Şou-biznesdə Samirə Yusif qızı daha kimlərə köməklik edib?

- Çox adama kömək olmuşam. Adını çəkməyəcəyim Əməkdar artist hazırda kanalların birində veriliş aparır. Sənətdə 2-3 seçilən adamdan biridir. Onun gözünün qarşısında yazdırdığım mahnını gəlib mən olan toyda oxuyub. Mən ona mahnının "minusovkasını" verəndə demişəm ki, mən olan toylarda oxuma. Amma oxuyub . Əlimin duzu yoxdur. Sonra da həmin insanla davam düşdü. Mən hər yerdə deyirəm ki, çörəyi itirmək olmaz.

- Deyirlər, Samirə sənətçi həmkarlarına qarşı dəhşətli dərəcədə paxıldır.

- Paxıl olsaydım, taxta kimi olardım. Qurd yeyərdi içimi. Allahdan çox qorxanam. Düz söz deyən həmişə düzdə qalar. Allah hamıya versin, mənə də. Evimdəkilər hamısı namaz qılandır. Qoy kim paxıldırsa, Allah cəzasını versin.

- Bəs "Toylar kraliçası-2"-də olan müğənnilərlə söz-söhbətiniz nəyə görə düşmüşdü?

- Zəminə toylar kraliçası oldu. Onunla münasibətim yaxşıdır. Yenidən bu proyektin olmasına pis baxıram. Toylar kralı Manaf Ağayev, kraliça Samirə Yusifqızı, bundan bir dənə olması yaxşıdır. Qaldı söz-söhbətə, ona görə oldu ki, 2-ci səfər çoxları oxumaqdan xəbəri olmayanlar idi. Dedim, korifey sənətkarlardan, bəstəkarlardan unudulmuş mahnıları oxuyun. Kimsə ordan mənə atmaca atdı ki, bəyəm sən oxuyurdun? Hər şey göz qabağındadır. Nə qədər ki bu səhnədəyəm, ömür boyu unudulmuş mahnıları oxuyacam.

- Ümumiyyətlə, toylarda ən çox hansı janrlarda oxuyursunuz, hansı sənətkarın mahnılarını ifa edirsiniz?

- Bəzən toy yiyəsi deyir ki, ara mahnıları olmayacaq. Onda bəstəkar mahnıları ifa edirəm. Məsələn, "Can-cana" mahnısına nifrət edirəm. Amma toyda istəyirlər. Disk qoyurlar, mən oxumuram. Baloğlan Əşrəfovun repertuarını çox sevirəm. Fars üslubundadır, adətən onun mahnılarını oxuyuram. Mən uşaq olanda Baloğlanın, Ağadadaşın, Xanhüseynin disklərini tapmaq çətin idi. Onların mahnıları şedevrdir. Vaxt var idi bəyənmirdilər. İndi yerindən duran bəstəkar olur. Kofe kimi üçü birində olublar - yazırlar, bəstələyirlər, oxuyurlar.

- Bəs toylara neçəyə gedirsiniz?

- Bütün toyu 1000 dollara, yarım saatı 200-300 dollara. Mən niyə gizlətməliyəm? Bəziləri 50 dollara gedirlər, deyirlər ki, 2000-3000-ə gedirəm. Adam bu həyatda kişi kimi yaşamalıdır. Oxumaqdan başqa sənətim yoxdur. Mən el şənliklərində iştirak edirəm. Dolanıram xalqımın hesabına. Pula qaçan olmamışam. Yeganə müğənniyəm ki, nə maşınım var, nə qızılım. Öz gücümə qabağa gedirəm. Hansı kanal çağırırsa, canla-başla gedib çıxış eləyirəm. Mənim 1 000-3000 manatım yoxdur efirə çıxım. Mən sənətkaram. Kimisə durursan tənqid eləməyə, deyirlər ki, Əli Mirəliyev kimi yaltaqdır. Biz uzun illərin oxuyanıyıq, bir də şit yağın reklama ehtiyacı olmaz.

- Kişi həmkarınızın adını çəkdiniz. Elə isə, qadınla kişinin dostluğuna inanırsınızmı?

- Əlbəttə. Mənim qadın dostum yoxdur, hamısı kişidir. O qadın özünə arxayın deyil ki, kişi ilə dost olmasın. Münasibətdə olduğum - Firuzə İbadova, Almaz Ələsgərli, Nüşabə Ələsgərlidir. Ən çox kişilərlə dostluğum tutur.

- Səhnədəki kişi müğənnilərə münasibətiniz necədir?

- Hazırda bir çoxları dodağına silikon qoyur, qaş alır. Biabırçılıqdır. Səhnədə qadınlaşmış kişilər çoxdur. Hamı görür, göz qabağındadır. Gah saç əkdirirlər, rəng qoyurlar, sifətlərini botoks elətdirirlər. Bir də deyirlər ki, mən sözün düzünü dediyimə görə Əli Mirəliyev kimiyəm. Əli yazıq düz deyir. İstəyirsənsə şou-biznesdə işlərin yağ kimi getsin, gərək yaltaq olasan. Bu yaltaqlıq da sənətçilər arasında bir çoxlarında çoxdur.

- Kişilərdən söz düşmüşkən, kiminləsə eşq macərası yaşayırsınız?

- Niyə gizlədim, yaşayıram, yaşayacam da.

- Özünüzü 10 ildən sonra harada görürsünüz?

- Ürəyimcə oldu, çox gözəl sualdır. Özümü deputatlıqda görürəm. Həm də Zəminxarə Xeyriyyə Birliyində çalışıram.

"Şəlalə" rubrikasının sualları şəlalənin sularına dönərək bir çox həqiqətlərə aydınlıq gətirdi. Özünü zirvələrdə görən müğənni çırpınan suların qoynunda sadə oxucu kütləsinədək enə bildi. Daşlı-qayalı yollarda sirlərini bizimlə bölüşdü. Beləcə, o da şəlalə kimi çaya dönüb ürəklərə doğru axdı...

Şəlalə Nəriman

O.M.