Ürək ölənə qədər sevə bilər

Ürək ölənə qədər sevə bilər

13 İyun 2011 21:14
1 747
Bəyəndim (0) Bəyənmədim (0)
Özünü şou biznesdə görməyən Baloğlan Əşrəfov "Can-cana" mahnısını çox bəyənir

Bulaq yerin dərin qatlarından süzülərək üzə çıxır. Beləcə, ətrafda gölməçə yaranır. Zaman keçdikcə gölməçə gölə çevrilir və nə vaxtsa aşıb-daşaraq mənsəbinə doğru çay kimi axmağa başlayır. Çaylar dənizlərə, dənizlər isə okeanlara tökülür. Su yaşayır, yaşadıqca yaşadır. Şəlalə isə ən yüksək zirvələrdə yaranaraq, yuxarıdan aşağıya doğru axmağa başlayır. Daşa-qayaya çırpılsa da, sonda zəhmətkeş torpağa səpilir. Beləcə, göydən yerə qədər hər bir həqiqətin şahidi olur. Çünki şəlalə suların ən qüdrətlisidir. O, həm də paklıq, gözəllik rəmzi, həyat mənbəyidir.

"Şəlalə" rubrikasının bugünkü qonağı da şəlalətək zirvələrdədir və sadə dinləyici kütləsinə doğru enməyi bacarır. Şəlalə kimi əks səda verən səsi var onun. Lakin o da şəlalə taleyini yaşayaraq daşdan-daşa, qayadan-qayaya çırpıldı. Bununla belə yaşadı və yaşatdı...

- Əməliyyatdan sonra özünüzü necə hiss edirsiniz?

- Çox əla, ikinci dəfə həyata qayıtdım. 5 il ötüb əməliyyatımdan. Bu illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət etmişəm. Toylardayam bütün günü. Müntəzəm çıxış edirəm. Cavanlara xeyir-dua verirəm.

- Deyəsən istənilən nəticəni əldə etdiniz?

- Əlbəttə, göydə Allah, yerdə Mübariz Mənsimov köməyim oldu. Müqəddəs Oruc ciyərinin bir hissəsini mənə təmənnasız verdi. Allah köməyim oldu ki, ikinci həyatı mənə verdi.

- Tanrı həmişə sizə ürəyinizcə verir?

- Bəli. Buna görə Allahıma minnətdaram.

- Nə zaman ağladınız?

- Xəstələndim, o qədər əziyyət çəkdim, amma zərrə qədər ağlamadım. Rəhmətlik atam dünyasını dəyişəndə isə elə bil dünyamı itirdim. Ürəkdən elə ağladım ki, özümə gələ bilmirdim, onun yoxluğuna inanmırdım. Atamın yoxluğu ilə bu gün də barışa bilmirəm.

- Bəs nə zaman təəssüf hissi keçirdiniz?

- Həyatda hər şey ola bilər. Sevdiyim sənətkarların dünyasını dəyişməsi məni çox kövrəltdi. Təəssüf hissi keçirdim. Məmməd Bağırın, İslam Rzayevin, Telman Adıgözəlovun itkisi mənə çox pis təsir etdi.

- Ümumiyyətlə, sizi nə kövrəldir?

- Nakam məhəbbət görəndə, körpə uşaqların göz yaşlarını görəndə çox kövrəlirəm.

- Kövrək insan romantik olur. Romantiklər isə sevməyi bacaranlardır. Sizcə ürək neçə dəfə sevə bilər?

- Ölənə qədər.

- Aydın məsələdir ki, kişilər həyat yoldaşlarına xəyanət edirlər, əsasən də sənət adamları. Bunu açıq və gizli şəkildə edənlər var. Əsl kişinin ailəsinin bundan xəbəri olmalıdır?

- Günahdır. Elə hərəkət eləmək lazımdır ki, ailəyə problem olmasın. Mənim xasiyyətimə zidd şeydir. Ümumiyyətlə insan üçün ən dəyərli varlıq onun ailəsidir. İnsanın ailəsi də, canı da, əqidəsi də sağlam olmalıdır həmişə. Xəyanəti açıq və gizli şəkildə edənlərin öz işləridir. Mən heç kimin əvəzinə danışa bilmərəm.

- Onda öz əvəzinizə danışın. Özünüzə nəyi qadağa qoymusunuz?

- Allahın bəxş etdiyi nemətlərə qadağa qoya bilmərəm.

- Tez-tez qalırsınız ağlınız və hissləriniz arasında?

- Olur.

- Ömür yolunuzda ən çox nə köməyinizə çatıb - pul, ağıl, yoxsa şöhrət?

- Hər üçü, əsas ağlım, şöhrətim, sonra da pulum.

- Bəs taleyiniz həyatınızın hansı təsadüfi qatarında ünvanını dəyişdi?

- İkinci həyatı Tanrı verdi. Xəstələndim, yeni həyat səhifəsi açıldı mənə.

- Mahnılarınızda öz taleyinizi oxuyursunuz?

- Taleyimlə yox, başqasının taleyi ilə əlaqədar olur oxumağım.

- Hər insan dünyaya hansısa bir missiyanı gerçəkləşdirmək üçün göndərilir. Sizin missiyanız nədir?

- Xalqıma qulluq etmək. Mahnılarımla məni sevənlərə ruh verib toy şənliklərində sevindirməkdir mənim missiyam. Sevinclərinə şərik olmaqdır.

- Bu sevinc sizi maddi cəhətdən təmin edə bilirmi?

- Əla yaşayıram. Xalqın tələbatını ödəyən insan necə yaşaya bilər sizcə?

- Deməli, özünüzü şanslı ifaçı hesab edirsiniz...

- Şükür Allaha, hamı məni sevir. Bu sənətdə bəxtim gətirib. 7-dən 70-ə qədər mənim mahnılarımı hamı dinləyir. Deyərdim ki, şanslıyam. İnanın, 3 yaşında uşaq mənim üzümə baxıb adımı çəkir. Allaha qurban olum, bu xoşbəxtlikdir mənim üçün.

- ANS telekanalında "Toylar kralı"nda münsiflər heyətində otururdunuz, indi niyə yoxsunuz? Bu xoşbəxtliyi kim sizə çox gördü?

- ANS şirkəti mənim üçün müqəddəsdir. Bilirsiniz necədir - veriliş başlayan vaxt mənim toylarımla üst-üstə düşürdü, alınmırdı, vaxtım çatmırdı. Yarışmada iştirak elədim, bəyəndiklərimə qiymət verdim, bəzi müəyyən səbəblər də oldu, mən ayrıldım münsiflər heyətindən. Hamısı ilə normaldır münasibətim. Bu yarışmada heç kim ömürlük deyil.

- Müəyyən səbəblər dediniz. Bəzi insanlar iddia edir ki, Baloğlan Əşrəfov rüşvət alıb "Toylar kralı"nda oxuyanlara qiymət verirdi, bəs buna münasibətiniz?

- Ömür boyu ola bilməz, Allaha and olsun. Mənə etibar edib bu yarışmaya dəvət ediblər, mən kimdənsə pul alım, bu ola bilməz. İnanın mənə, yarışmada olan iştirakçılardan maraqlanın. Mən heç kimin puluna qalmamışam. Özümü təhqir edilmiş kimi sayaram onda. Mənim işim toylarda oxuyub, halal pulumu qazanmaqdır. Allah var göydə. Məni tanıyanlar bilir ki, mən düzgünlüyə qiymət verirəm.

- Sizcə şou-biznesdə düzgünlük varmı?

- Mən xalqın xidmətində özümü görürəm, şou-biznes mənlik deyil, yoxam, heç olmaram da.

- Amma şou biznesdə "Can-cana" mahnısı populyardır. Baloğlan Əşrəfovun bu mahnıya münasibəti necədir?

- Çox əla. Toylarda oxunur, hamı bəyənir, mənim də münasibətim yaxşıdır. Toyda kimsə istəyəndə qız oxuyanım oxuyur.

- İncəsənət qurban tələb edir deyəndə nəyi başa düşürsünüz? Bəzi xanımlar səhnəyə çıxanda hansısa müsahibələrdə deyirlər, evdən qaçmışam, ərimdən boşanmışam. Bu cür xanımlara münasibətiniz necədir?

- Evdən qaçmışam, ərimdən boşanmışam - bu söz tarix boyu işlədilən sözdür. Kimi çıxır deyir: "yaxşı səsim var idi, qoymadılar oxuyum, mən də qaçdım və ya ərim qoymurdu, boşandım." Bilirsiniz, istedadlı şəxs harada olur-olsun, istedadı varsa, şansı varsa, oxuyacaq. Sənətə görə evdən qaçanlara, ailəsini dağıdanlara pis baxıram. Mən heç vaxt ailəmi incəsənətə qurban vermərəm. Ailə müqəddəsdir.

- Yaşlı müğənni yerli şou-biznesdə baş çıxarmaq üçün nələri qurban verməlidir? Başqa sözlə desək, hansı xüsusiyyətlərə malik olmalıdır?

- Yaşlı müğənnilər həm sənəti, həm də dünya təcrübəsi ilə indiki gənclərdən seçilir. Neynirlər şou-biznesi onlar? Yaşlı müğənnilər abır-həyalarını qoruyurlar ki, indiki gənclərə baş qoşmasınlar. Sizə bildirim ki, şou-biznesdə mənəm-mənəm deyənləri aparasan rayon yerində palatka toyuna, yarım saat gör canlı oxuya biləcək, yoxsa yox.

- Baloğlan müəllim, bu gününüzü bizə həsr edib müsahibə verdiyiniz üçün sizə təşəkkür edirik. Sonda deyin görək, bir gününüzü necə keçirdirsiniz?

- Toylarım olanda axşam toya hazırlaşıram. Toy olmayanda dostlarımla görüşüb nərd oynayıram, axşam da evə gəlib ailə problemləri ilə məşğul oluram. 4-cü övladım nişanlıdır. İnşallah, toyuna hazırlaşıram.

Arzu edərdik ki, şəlalə əməkdar artist Baloğlan Əşrəfovun həyatında enişli-yoxuşlu yolları ilə deyil, həyat eşqi, saflığı və həzin səsi ilə qalsın...

Şəlalə Nəriman

O.M.