Mənsum İbrahimov: “İnsan uşaq vaxtından dərk edirsə ki bu həyatdan nə istəyir, onun üçün yaşamaq da, dərk eləmək də çox asandır”

Mənsum İbrahimov: “İnsan uşaq vaxtından dərk edirsə ki bu həyatdan nə istəyir, onun üçün yaşamaq da, dərk eləmək də çox asandır”

20 Avqust 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
Hansı kəndimiz alınsa, ilk dəfə ora gedib “Qarabağ şikəstəsi”ni oxuyacağam

- Sizin təqdimata ehtiyacınız var?

- Ümumiyyətlə, hər bir insanın təqdimata ehtiyacı var. Əslim Qarabağdandır, Ağdamda doğulub böyümüşəm. Ailədə 9 uşaq olmuşuq - 7 qardaş, 2 bacı. 1960-cı il oktyabr ayının 1-də dünyaya gəlmişəm. Ailəliyəm, 4 övladım var.

- Mənsum müəllim, necə oldu ki, bu sənətə gəldiniz?
- Mən bu sənətə gələnə qədər çox əziyyətlər çəkmişəm. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun Muğam Şöbəsini bitirmişəm. 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif fakültəsində təhsil almışam. 1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə "Birinci dərəcəli diplom"a layiq görülmüşəm. Rəhmətlik Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almışam. Bir çox opera tamaşalarında rollar ifa etmişəm. "Leyli və Məcnun" operasında Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal, "Sevil"də Azançı rollarını ifa etmişəm. Bilirsiniz ki, Azərbaycan Muğam sənətini yaxın-uzaq ölkələrdə ləyaqətlə təmsil etmişəm. 1998-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti adlarına layiq görülmüşəm. 2010-cu ildən Azərbaycan Prezidentinin sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşam. Azərbaycan Musiqi Akademiyasının professoruyam. Tələbələrim çoxdur. Özüm əziyyət çəkib öyrəndiklərimi indi tələbələrimə öyrədirəm. 5-6 yaşımdan bu sənətlə maraqlanmışam, pillə-pillə bu sənətə gəlmişəm.

- Övladlarınızdan bu sənətə marağı olan varmı?
- Ailədə sevə-sevə sənətimlə maraqlanırlar, dinləyirlər. Özüm çox əziyyət çəkmişəm. Çox çətin sənətdir deyə istəmərəm ki, övladlarım da bu sənətdə olsunlar. Sözün düzü, heç özləri də istəmirlər.

- Uşaqlıq xatirələrinizdən danışardınız?
- Mən çox sakit, sözəbaxan uşaq olmuşam. Adım babamın adı olduğuna görə adımla çağırıblar, başqa ad deməyiblər.

- Ötən illər sizə nə öyrətdi?
- Ötən illər mənə çox şey öyrətdi. Allahımı, həyatı, dünyanı dərk etməyi öyrətdi. Həyat təcrübəsi çox böyük şeydir. İnsan uşaq vaxtından dərk edirsə ki bu həyatdan nə istəyir, onun üçün yaşamaq da, dərk eləmək də çox asandır. Çünki bilir ki, məqsədi nədir. Əsas ağıllı olmaq lazımdır bu həyatda. Ağlın varsa, hər bir nailiyyətin olacaq. Bir də səbirli olmalısan, gözütox olmalısan. Allaha da hər zaman şükür etməlisən. Bilirsiniz ki, mən zəhməti çox sevirəm. Həmişə də Allahıma şükür etmişəm.

- Həyatda səhviniz çox olub?
- Bilirsiniz, mənim bürcüm Tərəzi bürcüdür. Heç vaxt riski sevməmişəm. Yüz ölçüb bir biçirəm. Çox götür-qoy edirəm bir məsələni, planı. Tərəzi bürcləri bir az çətin qərar verəndilər. Amma düzgünlüyə qərar verəndən sonra heç kim o qərardan döndərə bilməz.

- Bəs sevgisini incəsənətə qurban verənlərə necə baxırsınız?
- Başqası haqqında heç nə deyə bilmərəm. Hər kəs özü haqqında deməlidir. Mən hesab edirəm ki, sevgi böyük varlıqdır. Həyatda təbiətin, ailəmin, dostlarımın, torpağımın, muğamın, Yaradanım nə yaradıbsa onun məcnunuyam, onları sevirəm. Allah hər kəsə sevgi vermir. Sevgi verəndə də hər iki qəlbə, hər kəsə də qismət olmur. İnsan da həyatda bir dəfə sevir məncə. Sevgini qurban verəndə də bilməlisən nəyə qurban verirsən. Ailə müqəddəsdir. Təmiz ailə də hər insana qismət olmur. Mən öz adımdan deyə bilərəm ki, incəsənətə ailəni qurban vermək olmaz.

- Sizcə sənət adamı ilə ailə həyatı qurmaq səbir tələb edir?
- Sənət adamı həmişə səhnədə, toyda olur, tədbirdə olur. Çox çətindir. Sənət adamının xanımı fədakar olur. Birinci bilir ki, kimlə ailə qurur. Həyatda nələrə qatlaşmalıdır. Bir var toy əhli, bir də var ciddi sənət. Mənim sənətim ciddi sənət olduğuna görə heç vaxt belə bir problemlə rastlaşmamışam. Mən şou-biznesdə deyiləm ki, narahat da olam. Heç vaxt şou-biznesdə olmamışam, bundan sonra da olmaram. Düzdü, gözümün qabağında olan şou-biznes əhli ilə münasibətim var, yoxdur desəm yalan olar. Çünki tədbirlərdə oluruq. Sadəcə mən şou-biznesdə deyiləm.

- Xanəndəlikdən başqa gəlir yeriniz varmı?
- Yoxdur. Mən əsasən muğam müəllimiyəm, bir də ifaçıyam və tələbələrim də çoxdur. Mən nə iş adamıyam, nə də biznesmen. Həyatımdan məmnunam.

- İndiki gənclərimizdən kimlərin ifasını dinləyirsiniz?
- Kim yaxşı ifa edirsə ona qulaq asıram. Musiqi elədir ki, heç kim deyə bilməz qulaq asmıram. Qulaq yaxşı səs eşidəndə dinləyir. Bir də görürsən xam uşaq oxuyur, amma bədahətən elə nəfəs verir ki, adama xoş olur. Mən heç vaxt ayırmıram ki, bu yaxşıdır, bu pis. Çünki mən gənclərlə çox işləyirəm. Onların hər bir uğuru məni sevindirir. Bir də görürsən ki, tələbələrim bir mahnı yazdırır, qulaq asıram, dinləyirəm, məsləhətlərimi verirəm.

- Səhnə mədəniyyətində ən çox nəyə üstünlük verirsiniz?
- Kim olur olsun, birinci əxlaqı, tərbiyəsi yerində olmalıdır. Bunu həmişə tələbələrimə də deyirəm. Bir insanın tərbiyəsi, əxlaqı yerindədirsə, ona həmişə hər yerdə hörmət olacaq. Kobudluğu, özündənrazı insanları sevmirəm. Onlar bəsit insanlardı. Bu cəhətlər kimdə varsa, demək onlar həyatı dərk etməyən insanlardı. Bizlər də böyük sənətkarları həmişə sadə görmüşük. Səhnədə oturuş qaydası var. Bunlar hamısı mədəniyyətdir. Bunu bizim babalarımız gətirib. Yüz illərlə yaşayıb. Çünki muğam dərsi əxlaqdır, tərbiyədir. Geyimdən tutma danışığa, oturuşa qədər biz yetişdiririk ifaçını. Həmişə tələbələrimə deyirəm ki, sifətinizdə heç vaxt gərginlik olmasın. Çünki tamaşaçı baxanda əsəbiləşir. Elə oturun, elə ifa edin ki, tamaşaçı sizdən zövq alsın.

- Muğamı sintez edib oxuyanlara necə baxırsınız?
- Əgər professonaldırsa, muğamı sintez edib oxuyursa, yaxşı baxıram. Bilirsiniz ki, axırıncı layihəmdə simfonik muğamları ilk dəfə muğamla sintez etmişəm. Niyazinin "Rast" muğamını, Fikrət Əmirovun "Şur" simfonik muğamını, Vasif Adıgözəlovun "Qarabağ" oratoriyasını sintez etmişəm. On ölkədə həmin ölkələrin simfonik orkestrlərinin müşayiəti ilə sintezləri ifa etmişəm, çox maraqla da qarşılanıb. Təbii ki, peşəkar insan edəndə maraqlı olur. Xalq da maraqla izləyir.

- Qısqanc insansınız?
- Haradasa var. Normal insan kimi, ifrat dərəcədə deyil. Özünə güvənən insan heç vaxt onu ifrat dərəcəsinə gətirməz.

- İlk məhəbbətin neçə yaşında olub?
- Mənim ağlım kəsəndən xoşum gəlib indiki həyat yoldaşımdan. Ağdamda bir yerdə oxumuşuq, o vaxtlar heç büruzə verməmişəm. Onun nəticəsidir ki, 4 övladımız var. (gülür).

- Qocalmaqdan qorxmursunuz ki?
- Qətiyyən qorxmuram. Əgər kimsə qocalıqdan qorxursa demək onun ruhunda problem var. İnsan əlbəttə qocalmalıdır. Bu normal şeydir həyatda. Hamı dadmalıdır bu qocalıq hissindən. Vay o günə ki, insanın ruhu qocalsın.

- Ürəkdən haçan ağlamısan?
- Övladımı itirəndə, valideynlərimi itirəndə çox ağlamışam. Anamı üç aydır itirmişəm.

- Mənsum İbrahimovun titulu nədir?

- Məcnun.

- Sizcə, sizin ifanıza tələbat var?
- Hiss edirəm ki, var.

- Solo-konsert vermək fikriniz varmı?

- Mənim yaralı yerimdi, inşallah, fikirləşirəm. Çünki bir çox tələbələrimə dəstək olmuşam, onlar konsert verib, hələ mən yox. Qismət olar, verərəm konsert.

- Toylara gedirsinizmi?
- Arabir gedirəm. Çünki hansısa toyda muğama tələbat olarsa, onda dost-tanış məclisində çıxış edirəm.

- Torpaqlarınız işğaldan azad olunanda, ilk dəfə hara ayaq basarsınız?
- Ayın 6-da qayıtmışam Ağdamdan. Cənab Prezidentimiz də orada idi. Əsgərlərlə görüşümüz oldu. İnanın mənə, o qədər xoş oldu, 100 nəfər gənc icra hakimiyyətinə gəlib deyiblər ki, bizə silah verin, gedirik döyüşə. Bir də 2 oğul şəhid verən ana prezidentimizə dedi ki, 8 oğlum var, onları da qurban verməyə hazıram. Çünki vətən azad olmalıdır. Torpaq bizimdi, inşallah, qaytarmalıyıq və övladlarımızı da döyüşə göndərməliyik. Hansı kəndimiz alınsa, ilk dəfə ora gedib "Qarabağ şikəstəsi"ni oxuyacağam.

- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə çox gözəl bir addır. Şəlalə deyəndə gözəl təbiət gözümün qarşısına gəlir.

Şəlalə NƏRİMAN.