Günel Məhərrəmova: “İnşallah, sənətimdə yeniliklər edib gələcəkdə əməkdar, xalq artisti adlarını almaq istəyirəm”

Günel Məhərrəmova: “İnşallah, sənətimdə yeniliklər edib gələcəkdə əməkdar, xalq artisti adlarını almaq istəyirəm”

7 Avqust 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)
Mənim varlığım çoxlarına yer edir bu sənətdə

- Günel, çoxdandı görünmürsən. Yaradıcılığında nə kimi uğurlar var?

- Bilirsən ki, hazırda yay olduğuna görə işləmək olmur. Ən azından gündə 3 şou-proqramlarım olur. Sırf yaradıcılıq işimi sentyabr ayına saxlamışam. 2 yeni mahnım var, oranjimana vermişəm. Sentyabrın axırlarında o mahnılarım işıq üzü görəcək. "Sənə bir sözüm var" axırıncı mahnıma klip də çəkdirəcəyəm. Qeyd edim ki, oranjimanda olan iki yeni mahnımın ikisinin də sözləri və bəstəsi mənə aiddir, həzin mahnılardır, inanıram ki, klip də əla olacaq. İnşallah, oktyabr ayında ad günüm olacaq. Onda istəyirəm ki, öz albomumu özümə hədiyyə edim. Bir neçə nəfərin xahişi ilə "Sənə bir sözüm var" mahnımı remiks şəklində ifa edəcəyəm.
- Qalmaqala münasibətin necədir? Səninlə qalmaqal edənlərə nə deyə bilərsən?
- Artıq hamı bilir ki, 2004-cü ildən "Azəristar" müsabiqəsindən professional sənətə gəlmişəm. Amma o vaxtdan bu vaxta qədər bir dəfə də olsun adım qalmaqalda çəkilməyib. Çünki mən elə bir insanam ki, sakit, başımı aşağı salıb öz işlərimlə məşğul olan bir xanımam. Heç vaxtı kiminsə həyatına müdaxilə etməyi xoşlamıram. Məndən kimisə soruşsalar da demişəm ki, tanımıram, belə bilmirəm müğənnidir, nəçidir. Yəni heç vaxt çalışmamışam ki, qalmaqal yaradım kiminləsə. Sadəcə olaraq, bəziləri adımdan istifadə edib gündəmə gəlmək istəyirlər. Mənim adımla qalmaqal edirlər ki, adları gündəmə gəlsin. Çünki 10 ildir professional sənətdəyəm. Hər yerindən qalxan mənimlə qalmaqal etmək istəyir. Ümumiyyətlə, həmişə qalmaqaldan qaçmışam. Heç vaxt heç kimin bostanına daş atmamışam, atmaram da. Çünki o daş mənim bostanıma gəlib elə düşər ki, darmadağın edər. Ona görə baş qoşmuram. Sadəcə ürəkbulandıran söz-söhbət yaradan insanlar var. Onlar bilirsən kimlərdi... Bütün günü evdə oturub öz-özlərinə deyirlər ki, mən nə edim, kimlə qalmaqal edib tanınım, onun kimi müğənni olum. Mənim adımla özlərini reklam edirlər ki, qoy Günel Məhərrəmovanın adının yanında qalmaqal edim, onun üçün şərəfdir. Reklam edib gündəmə gəlmək istəyirlər. Şükür Allaha, mən gündəmdəyəm. Artıq 10 ildir sözümü deyirəm. Bundan sonra da deyəcəyəm. Gecələr mən yatmıram, çox vaxt yaradıcılığım haqqında fikirləşirəm. Onları inşallah, reallaşdıracağam. Qalmaqala münasibətim yaxşı deyil, istəməzdim ürəkbulandıran insanlar müxtəlif sözlərlə adlarını mənim adımın yanında dırnaqarası hallandırsınlar. Amma mənim haqqımda nə qədər söz desələr də heç vaxt o sözlər mənə yapışmır, heç vaxt da yapışmayacaq. Hər kəs mənim səviyyəmi də bilir, adımı-sanımı da bilirlər. Kimsə mənə nə isə söz atarsa onu yerində də oturtmağa gücüm çatır. Çünki mənim heç kimlə işim yoxdur. Kiminsə işi də olarsa cavabını alacaq.

- Səni yaxından tanıyan biriyəm. Bilirəm ki, bu bir böhtandır, amma istəyirəm ki, səni sevənlər də bilsin. Deyirlər həyat yoldaşınla münasibətinə son qoymusan?
- Sən özün də yaxşı bilirsən ki, mənim həyat yoldaşım hazırda burda yoxdur. Bir yerdə yaşamırıq. O, Ukraynadadır, mən anamla, balamla yaşayıram. Ayrılmağa qalanda hər bir ailədə söz-söhbətlər də, problemlər də çox olur. Mənim də ailəmdə söz-söhbətlər, problemlər çox olub. Hətta o dərəcəyə çatmışıq ki, bir-birimizə demişik gedək kağız üzərində ayrılığımızı davam etdirək. (Gülür). Ayrılıq söz-söhbətinə son qoymaq istəyirəm və buradan da söz verirəm ki, əgər haçansa həyatda ayrılıq olsa, hamıya bəlli edəcəyəm ki, rahatlanın, ayrıldıq, daha belə suallar verməyin. İnşallah, belə bir şey olmaz. Çünki bizim bir balamız var. Qismət olsa bir körpəmiz də olacaq. Ona görə ayrılığa səbəb yoxdur. Düzdür, aramızda dava-dalaş çox olurdu. Hətta son günlərdə bu mütəmadi baş verirdi. Bu ailə sirridir. Xoşlamıram ki, evimin sirrin açıb-töküm. Sənin xətrini çox istəyirəm, dünyalar qədər. Ona görə açıqlama verirəm. Həyat yoldaşımın burada işləri çox uğursuz oldu, alınmadı. Qərara gəldik ki, işini orada davam etdirsin.

- Günel, bu kimlərsə tərəfindən "qara piar" olar səncə?
- Sadəcə bir çox saytlar var, onlara demək istəyirəm ki, bir məlumat olanda mənə də zəng edin. Axı normal münasibətim var hamısı ilə. Əsəbiləşdim ki, axı məni tanıya-tanıya bunlar haqqımda niyə belə yazır. Burdan da xəbərdarlıq edib xahiş edirəm ki, bir də belə etməsinlər. Çünki küçədən keçən hər bir insan mənim adımla özlərini reklam edə bilərlər. Özünü müğənni hesab edən, müğənnilikdən heç bir xəbəri olmayan insanlar 10 ildir sənətdə olan insana qara ləkə yaxır. Göydə Allah, yerdə qanunumuz var. Mən qanunumuzla hərəkət edəcəyəm. Mənə yaxılan qara ləkələr heç vaxt iz sala bilməz. Mən ləkə götürən qız deyiləm. Ətrafımda olan dostlarım da, yaxınlarım da bilir ki, mən necə adamam. Heç kimlə də işim yoxdur. Sadəcə özlərini reklam etmək üçün "qara piar" edirlər. Məni sevən insanlar mənə sual verdilər ki, bu nə gic-gic söhbətlərdi, dedi-qodulardı? Bu sualdan sonra da özləri cavab verdilər ki, sən heç kimə fikir vermə, düşmənlərin çox ola bilər. Artıq bu paxıllıq deməkdir. Mən də onların fikri ilə razıyam. Mənim bu yaşımda normaldır. Atasız qızın bu yerə çatması böyük bir şeydir. Ona görə hiss edirəm ki, son zamanlarda uğurlarıma sevinməyənlər çoxdur. Dəhşət dərəcədə düşmənlərim artıb. Bilmirəm mən kimə neyləmişəm ki, mənə böhtan atır. Allah onların bəlasını versin. Mənə heç kim şər ata bilməz, mən təmizəm. Bir çox saytlarımız da var ki, mənim uğurlarımı deməmiş işıqlandırdılar. Hamısına da sağ ol deyirəm.

- Şou-biznesin qanunların kim yazır?
- Mən bilmirəm kim yazır şou-biznesin qanunlarını. Şəxsən mən heç vaxt riayət etmərəm. Çünki mənim öz dəst-xəttim var, işim-gücüm var, ağlım var. Başqa hansısa bir insanın mənə qoyduğu qadağalara getmərəm. Mənim bir qanunum var, o da dövlətimin qanunlarıdır. Ondan başqa heç bir qanuna şou-biznesdə tabe olmaram.

- Şou-biznesdə tamahkar insanlar varmı?
- Tamahkar hər yerdə olur. Nə qədər qazanırlar gözləri doymur. Mən görmüşəm, yarım saatlıq gəlmişəm toya, başdan-ayağa oxuyan toyda imkan vermir ki, mən oxuyum. Göz doymur, elə bilir toyunu əlindən alacam, pulunu alacam. Şükür Allaha, mən oxumasam da mənim dolanmağa pulum var, hər bir şərait qurmuşam özüm üçün, yeməyə də çörəyim var. Həyatımdan da razıyam. Nəyin var onu ye, ona da qane ol. Təbii ki, bu bizim işimizdi - toylara gedib oxumaq. Daha pula görə də özümüzü qurban verməməliyik ki... Pul gəldi-gedərdi.

- Bostanına daş atanlara nə deyərsən?

- Bostanıma həmişə daş atırlar. Qoy atsınlar. Əsas kim atır, onu da görürlər. Mənə deyirlər ki, sən cavab vermə. Çünki sən ona cavab verirsən, o da düşünəcək ki, mən də varam. Amma elə deyil. Mən cavablandıracağam. Boş-boş reklamlar özlərinə qaldı, hara lazımdı, nə lazımdı müraciət etmişəm. Özünüz də bir müddətdən sonra görəcəksiniz bostanıma daş atanı qum etmişəm.

- Bu sənətdə mübarizə dəyər?
- Əlbəttə, mübarizə etməyə dəyər bu sənətdə. Çünki mənim varlığım çoxlarına yer edir bu sənətdə. Mənə də ləzzət edir ki, mübarizə aparım. İnşallah, sənətimdə yeniliklər edib gələcəkdə əməkdar, xalq artisti adlarını almaq istəyirəm. Mənim varlığım kimlərisə qıcıqlandırır. Qarşımda yeni planlarım çoxdur. Bunlara da nail olacağam. Qocalana qədər bu sənətdəyəm. Allah-tala səsimi qorusun. Şou-biznesdə çox şeylər görüb eşitdim, qulaqardına vurdum. Bir məsəl var: "İt hürər, karvan keçər". Hərdən də elə itlər var ki, hürür. Hürən itə fikir vermirəm. Hərdən o iti döyəcləmək və qabağına da bir sümük atmaq lazımdır ki, get ye, mən sənlik deyiləm.

- Əsəbi xanımsan?

- Üç gün bundan qabaq hirsimdən ağladım. Son zamanlar əsəbiləşirəm. Yatmazdan qabaq da sakitləşdirici dərmanlar içirəm. Kimlərə görəsə əsəbiləşirəm. Danışanlar var ki, yetərincə onların payını verəcəyəm, hamı da görəcək.

- Son sözün?

- "Oxu məni" ni hər zaman oxuyuram. Çünki illərin qəzetidir şou-biznesdə. Həmişə belə qalın.

Şəlalə NƏRİMAN.