Xanım Qafarova: "Günahsız insan yoxdur həyatda"

Xanım Qafarova: "Günahsız insan yoxdur həyatda"

10 İyun 2011 13:28
Bəyəndim (0) Bəyənmədim (0)
Şəlalə göz yaşına qarışanda...

Həyat çay kimidir, elə hey axır və heç zaman geri dönmür. Çaylar enişli-yoxuşlu yollarla süzülərək haradasa birləşir. Eynən insanlar qarşılaşdıqları kimi. Məhz o an su şırnağı sıldırımdan aşağı tökülərək şəlaləyə çevrilir. Bu şəlalə neçə-neçə canlıya həyat verdiyi kimi neçəsini də yuyub aparır. Nəticədə hər şey su aydınlığına çıxır.

"Şəlalə" rubrikasında da həqiqətlərə can veriləcək, gizli mətləblər aydınlığa çıxacaq. Beləcə, beyinlərdə formalaşmış stereotiplər yuyulub gedəcək.

Çünki həyat insana verilən ən dəyərli hədiyyə olduğu kimi şəlalə də suların ən qüdrətlisidir. O həm də paklıq, gözəllik rəmzi, həyat mənbəyidir.

Bugünkü qonağımız taleyin çətin sınaqlarından çıxmış, ağır xəstəliklə, laqeydliklə, haqsızlıqla mübarizə aparan, insanları güldürərkən özü ağlayan Xanım Qafarovadır.

- Şəlalə sizin üçün nədir?

- Şəlalə ilk növbədə həyatdır. O da daşdan-daşa çırpılır, lakin yolundan çıxmır, yaşayır və yaşadır. Mən isə yaşamağı çox sevirəm. Təsəvvür edə bilməzsiniz necə bağlıyam həyata.

- Həyatda var olan, sənəti ilə qəlblərdə məskən salan Xanım Qafarova kimdir?

- 1967-ci ildə mayın 9-da Bakı şəhərində anadan olmuşam. Əslim Kürdəxanı kəndindəndir. Ailədə 1 bacı, 1 qardaşıq. Qardaşım rəhmətə gedib. Ailəliyəm, 1 qızım var.

- Demək, sizi həyatda ağladan səbəb olub.

- Ailəmdə olan problem, faciələr, öz xəstəliyim məni çox ağladıb. Qardaşımın vəfatı da həmçinin.

- Haçansa günah axtarmısınız özünüzdə?

- Çox axtarmışam. Çətinliyə düşəndə fikirləşmişəm niyə belə oldu, ay Allah?! Bəlkə haradasa səhv buraxmışam?! Bəlkə də belə olmalı imiş. Günahsız insan yoxdur həyatda.

- Bir xanım olaraq həyatdan nə istəmisiniz?

- Ancaq can sağlığı, can sağlığı.

- Həyatda nəyin həsrətində olmusunuz?

- Mən niyə ürəyim istədiyim kimi xoşbəxt olmadım, niyə ailəmə kömək ola bilmirəm, qızımı istədiyim kimi böyüdə bilmirəm?! Xoşbəxtliyim niyə tam yoxdur mənim?!

- Sizcə həyatda necə yaşamaq lazımdır ki, xoşbəxt olasan?

- Düz adam düzdə qalar. Başqa cür lazım idi yaşamaq. Mən də bacarmadım əyri yolla gedəm. Əyri yolla getsəydim, həyatda hər şeyim olardı.

- Hazırda elə gənc aktrisalar var ki, tez bir zamanda tanınırlar. Vaxtından əvvəl əməkdar, xalq artistləri adlarına layiq görülmələrinə səbəb nədir, pul, sənət, yoxsa sponsor?

- Şansları var, 2-cisi pulları var, 3-cüsü sponsoru güclü olur. Mənə vaxtında o qədər təklif olub ki, maraqlanmamışam. Bəlkə də maraqlansaydım, villada yaşayardım, heç kimə də ehtiyacım olmazdı. İndi 1 otaqda yaşamazdım.

- İndi sizə hansısa sponsor çıxsa ki kömək eləyim, razı olarsınız?

- İndi yox. İnanmıram ki, kimsə təmənnasız kiməsə kömək olsun. Mən ailəliyəm. İstəmirəm adıma ləkə gəlsin. Bir də indi mənim bu günümdə kim kömək edər?

- Sizcə aktrisalıqla bahalı villaya, maşına sahib olmaq olarmı?

- Qətiyyən. 173 manatla necə villa tikdirmək olar? Hələ prezident mükafatı alıram - 500 manat. Bəs niyə mən villada yaşaya bilmirəm? Yəqin onların sponsoru güclüdür, ya da başqa biznesləri var?

- Söhbətimizdən başa düşdüm ki, ev nisgili çəkirsiniz.

- Düzdür, çox müraciət etmişəm ki, mənə ev versinlər. Hələ yadlarına düşmürəm. Bilmirəm səbəb nədir. o vaxt ATV kanalı gəlib çəkdi. İstəmirdim, dedilər, qoy çəkək, görsünlər ki, əməkdar artist gör nə şəraitdə yaşayır. Çəkildi, amma bir xeyrini görmədim. Ev vəziyyətim çox pisdir. Bir otaqda yaşayıram. Gözləyirəm ki, haçan mənə ev verəcəklər. Gərək sağlığında insana qiymət versinlər.

- Elə olubmu ki, sənətdən həmişəlik getmək fikriniz olsun?

- Olub. Əsəbiləşirəm özüm-özümə, mən bu sənətə canımı qoymuşam, amma şəraitim yoxdur. Toyda, yolda tamaşaçı mənə yaxınlaşıb öz sevgilərini bildirəndə, gözəl sözlər deyəndə hiss edirəm ki, məni sevirlər. Fikrimdən yayınıram.

- Yəqin ki, bu sizi çox sevindirir. Ümumiyyətlə, qadına xoşbəxt olmaq üçün nə lazımdır?

- Yenə deyirəm, birinci can sağlığı, gözəl ailə, övlad, pul lazımdır.

- Sizcə qadın xoşbəxtliyində sevginin rolu var?

- Mənim üçün sevgi övladımdır.

- Öz-özünüzə hansı sualı verərdiniz?

- Həyatda niyə istədiyim kimi yaşaya bilmirəm, ürəyim istəyən kimi anama kömək ola bilmirəm?

- Bəs özünüz haqda hansı sözü eşitmisiniz?

- Əxlaqım haqda hələ pis söz eşitməmişəm. Qızım haqda olub şayiə. Guya mən onu uşaq evindən götürmüşəm. Qəzetlərin birində müsahibə verəndə bildirdim ki, qızım 1 saylı doğum evində dünyaya gəlib, 2008-ci ildə. Həkimdən də maraqlana bilərsiniz.

- Səbəb nə idi ki, siz açıqlama verdiniz?

- Mənə çox pis təsir etmişdi bu haqda şayiə. Üzr istəyirəm, mən hamilə olanda bir müddət efirə çıxmadım. Uzaq oldum efirdən. Bəlkə ona görə çıxartdılar bu sözü.

- Səmimiyyətinizə inandığım üçün sizə bu sualı verəcəm: "özünüzdən savadlı aktrisa görəndə paxıllıq etmirsiniz ki?"

- Qətiyyən yox. Kollektivdə hamı bilir ki, mən gənc aktrisalara çox kömək oluram. Çox vaxt özüm deyirəm ki, mən xəstəyəm, tamaşanı siz oynayın, mən baxım. Bir də savadlı aktrisa görəndə sevinirəm, axı gənclər bizim nəzərimizdədir.

- Bir tamaşaçı kimi kənardan baxanda həmin aktrisaları necə qiymətləndirirsiniz?

- Ən əsası odur ki, insan qıraqdan özü-özünə qiymət verməyi bacarsın. Səhnə elə bir şeydir ki, hər dəfə səhnədə özünü görəndə bir eybini tapırsan. Əgər insan bu eyiblərini görürsə, qabağa getmək ehtimalı, hansısa səviyyəyə çatmaq ümidi var. Əgər insan bunu görmürsə, elə yerindəcə sayacaq.

- Səhnə mədəniyyətində nəyə üstünlük verirsiniz?

- Ən əsası daxili tərbiyədir. Əgər daxili tərbiyə varsa, o, səhnədə özünü büruzə verir. Geyimə, davranışa ünsiyyətə, tamaşaçıya fikir verilməlidir. Bir də görürsən kimsə arxasını tamaşaçıya çevirib oxuyur, belə olmaz. Bəzi şeylərə diqqət yetirilməlidir.

- Aktrisa olmaq üçün təhsil lazımdır?

- Əlbəttə, təhsil əsas rol oynayır. Əgər Allah tərəfindən verilibsə, bu başqa məsələ. Məsələn, aktrisaların gözəl səsi, gözəl rəqsi, danışıq tembri olmalı, roldan-rola girməyi bacarmalıdır. Məni tanıyanlar bilir ki, həyatda çox ciddiyəm, Həyatda da səhnədəki kimi olsaydım, mənə heç kim qiymət verməzdi.

- Bir aktrisa kimi formalaşmağınızda sizə daha çox kimlər kömək edib?

- Lütfü Məmmədbəyov, rejissor Loğman Kərimov, Hacıbaba Bağırov.

- Bu gün teatrda sizə qarşı münasibət necədir?

- Çox yaxşı, mən xəstə olanda hamı yığılıb maddi və mənəvi dəstək oldu. Onların sevgisi mənə stimul verdi. Bir də mən hamıya qarşı mehribanam. Heç kimlə işim yoxdur. Mənim bir xasiyyətim var ki, kimsə mənə hədə-qorxu gəlsə, mən ondan qabaq ona hədə gələrəm.

- Səhnədən baxanda adamları necə görürsünüz?

- İnanın, tamaşanı oynayanda mən hiss eləmirəm ki, hamının diqqəti məndədir. Alqış səsi eşidəndə onda ayılıram ki, tamaşaçılar qarşısındayam. Obraza elə girirəm ki, sanki oynadığım tamaşada özümü hiss edim. Bizim oynadığımız tamaşalar da real həyatdan götürülüb.

- Real həyatın öz qanunları var. Məsələn, bəzi şou əhli hamiləliyi ilə fəxr edir, klip çəkdirir, foto-sessiya etdirir. Bütün günü efirdə olur. Bəs onlara münasibətiniz?

- Mən özüm utanırdım səhnəyə çıxmağa. Onlar da yazıqlar qorxurlar ki, səhər kimsə deyər, uşağı bicdir, ya da uşaq evindən götürüb. Yazıqlar neyləsin, mən pis baxmıram onlara.

- Sizi bəyənməyən şou-əhlinə nə deyə bilərsiniz? Bəlkə qorxurlar ki, onların toy bazarını öldürürsünüz?

- Bilirsiniz, hamının ruzisini Tanrı verir. Məni bəyənməyəni mən dünəndən bəyənmirəm. Məni sevib toylarına dəvət edənlər də peşman olmurlar. Toylara yarım saatlıq da gedirəm, bütün toyu 1000 manata aparıram.

- Siz müsahibələrinizin birində, "mən əsl müğənniyəm, musiqi savadım var. Bu gün mənəm-mənəm deyən müğənnilərdən səsimlə və səhnə mədəniyyətimlə heç də geridə qalmıram", - deyib şou əhlinə atmaca atmışdınız. Səbəb nə idi?

- Mən oxuyanda çoxları məni qəbul etmədi. Kim ki məni istəməyənlər var idi, onlara sözümü dedim ki, çıxsınlar duelə, gördüm səsləri batdı. Məni Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova bəyəniblər. Ağaxan, sonra da Əlibaba müəllimin Humay ansamblında oxumuşam. Məni səsimə, mədəniyyətimə görə hamı bilir, bilməyənlər də bilsin.

- Keçən müsahibələrin birində Əli Mirəliyev bir çox müğənniləri qəbul eləmədiyini bildirdi. Bu siyahının sizə də aidiyyatı varmı?

- Deməzdim mənə aidiyyatı olsun. Mənə kimsə sözünü demək istəsə, üzümə desin. Qoca kişidir də, hamı onun xasiyyətini bilir, qoy danışsın. Özü deyirdi ki, mən qalmaqal etməsəm, məni tanımazlar. Əli Mirəliyevin fikri mənə maraqlı deyil.

"Şəlalə" bu gün bir çox sirləri yuyub apardı, həqiqətləri aydınlığa çıxardı. Onun hər damlası qonağımızın kövrək göz yaşlarına qarışaraq ümid toxumuna həyat verdi. Ümid cücərəcək, arzuya çevriləcək, qol-budaq atacaq, bar-bəhər verəcək. Şəlalə isə daha neçə-neçə arzuları canlandırmaq üçün axmaqda davam edəcək...

Şəlalə Nəriman

O.M.