Müğənni ailə qurmaq istəyəndə onu ciddi qəbul etmirlər

Müğənni ailə qurmaq istəyəndə onu ciddi qəbul etmirlər

7 İyun 2011 21:20
1 249
Bəyəndim (0) Bəyənmədim (0)
Ondan bir dənədirsə, məndən heç yoxdur

Deyirlər, televiziya ekranı adamı olduğu kimi göstərmir. Efirdə ən azı 6-7 kq kök görünürsən. Tele - jurnalistlərin belə bir ifadəsi də var: "filankəs kameraya işləyir." Bu isə o deməkdir ki, obyekt kamera qarşısına keçən kimi başqalaşır və istər-istəməz publikaya oynamağa başlayır. Deməli, ekranda gördüyünüz insanlar vizual baxımdan özləri olsalar da, əslində, özləri deyillər. Doğrudur, istisnalar da var. Lakin istisnalar qaydaları pozmadığı üçün fakt faktlığında qalır.

Bəs onda efirdən gördüyümüz tanınmışlar kimlərdir? Bütün bunları və deyilməyən digər fikirləri nəzərə alaraq, sizə "Kadr arxası" adlı rubrikanın davamını təqdim edirik. Burada həmsöhbətimizi olduğu kimi göstərməyə çalışacağıq...

Uzun müddətdir kadr arxasında qalan müğənni Əkbəri bu gün kadr qarşısına çıxarırıq. Başqa sözlə desək, "Kadr arxası" rubrikasının bugünkü qonağı odur. Nəyin öndə, nəyin arxada olduğunu bilmək istəyirsinizsə, müsahibəni diqqətlə oxuyun.

- Mənim üçün çətin olmadı səni tapmaq. Çoxdandır görünmürsən.

- Faktiki olaraq boş durmamışam. Çalışıram, yeni mahnılar yazdırım. Mən efirdə tez-tez görünməyi sevmirəm. İndi də vəziyyət göz qabağındadır. Ona görə yavaş-yavaş çəkilmişəm kənara. Verilişlərə də dəvət ediləndə, müsahibəyə də çağırılanda seçirəm. Mən incəsənət gimnaziyasını bitirmişəm, daha sonra Musiqi akademiyasında Firuddin Mehdiyevin tələbəsi olmuşam. İnanın, elə müğənnilər var ki, efirə hər gün çıxır, hörmətləri də yoxdur. Tamaşaçını da bezdirmək lazım deyil. Hər şeyin öz vaxtı var.

- Bəlkə sən küsmüsən?

- Küsərəm də, səsi olanla olmayana heç bir fərq qoymurlar. Mən demirəm ki, mən ideal müğənniyəm. Mənim də səhvlərim var, ancaq mən istəyirəm ki, yaxşıdan pisi ayıraq. Lazımınca qiymət versinlər. Efirlər pulludur, güzəşt yoxdur. Azərbaycanda çətinlik çəkirəm. Bu günə kimi mənim prodüserim olmayıb. Tolik, Nigar Hacızadə, Anar Mədətov kimi normal işləsəm, layihələr edərəm. Bir sözlə, sənətimlə məşğul olub bəhrəsini görmək istəyirəm.

- Bilirəm ki, şou-proqramlara, məclislərə gedirsən. Pul qazana bilirsən?

- Min bərəkət demirəm, çoxdur, aşıb-daşır. Heç kimə möhtac deyiləm. Əsas budur. Özümə yetəcək qədər qazana bilirəm.

- Rəqsanə ilə duetinizə niyə klip çəkilmədi?

- Bu proyekt mənə yox, Rəqsanənin keçmiş prodüserinə aid idi. Mahnı sevildi, səs-küyə səbəb oldu. Ardı alınmadı, yarımçıq qaldı.

- Bəs deyirdilər toya hazırlaşırsınız?

- Mən Rəqsanəyə evlənmək təklif etməmişəm. Mənim dostumdur.

- Sənətçi xanımla ailə qurmazdınız?

- Mənim 33 yaşım var. Bu günə qədər ailə qurmamağımın səbəbi özüm kimi xanım istəməyimdir, reklam xətrinə ailə qurub ayrılmaq yox. Ailə quracağım xanımın sənəti olsun, ancaq müğənni, şou-biznes adamı olmamalıdır. Məni başa düşməlidir. Müğənni ailə qurmaq istəyəndə bəzən onu ciddi qəbul etmirlər. Şan-şöhrətə, maşına daha çox fikir verən qızlar var, nəinki insanın daxilinə.

- Səncə kişilərin ağıllı, yoxsa gözəl qadınlara ehtiyacı var?

- Belə bir deyim var , çirkin qadın yoxdur, baxımsız qadın var. Elə qadın olub ki, tanımışam, çox gözəl olub, bir müddətdən sonra görmüşəm ki, onun gözəl olmasının heç bir əhəmiyyəti yoxmuş. Mənə elə gəlir ki, qadını gözəl edən də məhz onun ağlıdır. Məncə ağıllı qadına bütün kişilərin ehtiyacı var.

- Bəlkə bir çoxları bilmir, amma sən zərgər olmaq istəmisən.

- İstəmişəm. Bizim ailədə musiqiçi yoxdur, ancaq anamın gözəl səsi var. Ailəm də mənim zərgər olmağımıistəyib. Ancaq mən müğənniliyi seçdim. Peşman da deyiləm. Düzdür, dayandığım mövqe məni qane etmir. Ancaq sənətimlə qürur duyuram.

- Kadr arxasında, ya önündə olmaq yaxşıdır?

- Hər şeyin görünən və görünməyən tərəfləri var. Elə məqamlar var ki, kadrda olmaq gərəkmir. Kadr arxasında da, önündə də özüm kimi olmağa çalışıram. Saxtakarlıq etmədən necə varamsa, elə o cür də görünüm. Bu mənə bəsdir.

"Səndən bir dənədirsə, məndən heç yoxdur" deyən müğənni "Kadr arxası"nda da öz dediyini dedi. Öz aramızdır, əgər ondan bir dənədirsə, məndən heç yoxdur...

Günel Əliqızı

O.M.