Radio Avropa.az-ın rəhbəri bəstəkar imiş

Radio Avropa.az-ın rəhbəri bəstəkar imiş

7 İyun 2011 16:23
Bəyəndim (0) Bəyənmədim (0)
Şəlalə rubrikasının romantik qonağı

Su həyat mənbəyidir. Onsuz heç bir canlı mövcud ola bilməz. Atalarımız "su aydınlıqdır" da deyiblər. Elimizdə belə bir məsəl var: "su axar, çuxurunu tapar. Suyun ecazkar qüvvəsinə aid çox sözlər söylənilib, çox yazılıb. Biz də "Şəlalə" rubrikasında bir çox mətləblərə aydınlıq gətirmək, həqiqətləri canlandırmaq fikrindəyik. Axı şəlalə suların ən qüdrətlisidir.

Bugünkü qonağımız üzünü görmədiyiniz, lakin çoxşaxəli fəaliyyətindən bəhrələndiyiniz Cavanşir Hüseynovdur.

- Cavanşir, siz bu gün "Şəlalə" rubrikasının qonağısınız. Ümumiyyətlə, şəlalə ilə aranız necədir?

- Mən təbiəti çox sevirəm. Təbii və pak olan hər bir şey məni özünə cəlb edir. Şəlalə həm estetik, həm də ekoloji cəhətdən çox gözəldir. Bir növ həyat mənbəyidir.

- Həyat demişkən. İcazə verin, sizin həyat yolunuza birlikdə səyahətə başlayaq.

- Buyurun. Adım Cavanşirdir. Əslən Borçalı bölgəsindənəm. Məktəbdə yaxşı oxuduğuma görə 3-cü sinifdən 5-ci sinfə imtahanla birbaşa keçirilmişəm. Uşaq vaxtlarından musiqi ilə məşğul olmuşam və tələbələrim olub bu sahədə. 3-dən çox musiqi alətində ifa etməyi bacarıram. Məktəbi bitirdikdən sonra 622 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum. Həmin il TQDK-nın nəşr etdirdiyi istedadlı gənclərlə bağlı jurnalda mənim haqqımda da məlumat var idi. Universiteti də qırmızı diplomla bitirdim. Hərbi xidməti keçdikdən sonra eyni universitetin, müvafiq ixtisası üzrə magistr adını qazanmışam. Hal-hazırda magistr pilləsini də əla qiymətlərlə bitirmək ərəfəsindəyəm. Azərbaycanda internetin yeni istifadə olunduğu vaxtlarda ilk sayt yaradıcılarından olmuşam. Hal-hazırda internet saytların hazırlanması üzrə ixtisaslaşmış "Netservice.az" qrupunun, Azərbaycanda ən reytinqli internet radio olan "Avropa.az" radiosunun, Gürcüstanda yaşayan soydaşlarımız haqqında ən böyük və yeganə portal olan "Borchali.net" saytının, Azərbaycanın ən perspektivli xəbər portalı olan "Oxumeni.az"-ın və zəngin əyləncə portallarından olan "Temp.az" saytının rəhbəriyəm. Bu yerdə bir haşiyəyə çıxmaq istərdim. 1998-ci ildən nəşrə başlayan, bir zamanlar yenilikləri ilə Azərbaycana səs salan "Oxu Məni" qəzetinin elektron versiyasının məhz mənim rəhbərliyim altında fəaliyyətə başlaması karyeramda müstəsna rol oynadı. Həmin kollektivlə birlikdə işləmək təcrübənin və novatorluğun vəhdətindən yaranan uğur deməkdir. Ümumiyyətlə, ixtisasca iqtisadçıyam, bank sektorunda da təcrübəm var. Fəaliyyət sahəsində bir neçə layihənin rəhbəri olmuşam və hal-hazırda da çox böyük layihələr üzərində işləyirəm. İşim çox olsa da , mənəvi cəhətdən zövq alıram.

- Mənəviyyatdan söz düşmüşkən, özünüzü necə adam hesab edirsiniz?

- Mən özümü çox sadə insan hesab edirəm. İnsanlar tanıyıram ki, əslində, şəxsiyyəti, mənəviyyatı bir qəpiklik deyil, ancaq özləri haqqında elə yüksək düşünürlər ki, sadəcə, gülüb keçirəm.

- Gülüb keçirsiniz Bəs nəyə təəccüblənirsiniz?

- Məni gözlənilməz sürprizlər çox təəccübləndirə bilər.

- Elə isə, sizi nə özünüzdən çıxarda bilər?

- Mənə qarşı edilən haqsızlıq dərhal özümdən çıxara bilir. Etdiyim əməl düzgün dəyərləndirilməyəndə səssiz-sədasız uzaqlaşıram.

- Özünüzə tez-tez sual verirsiniz ki, niyə belə elədim?

- Bəli, çox olur. Hərçənd qərar verməzdən əvvəl yüz ölçüb bir biçirəm, amma dərhal verdiyim qərarlardan narazı olduğum məqamlarda özüm özümə bu sualı verirəm. Həyatda hər şeyə hazır olmağa, vəziyyətdən dərhal çıxış yolu tapmağa çalışıram.

- Vəziyyətdən çıxış yolunu necə tapırsınız: tənhalıqda, yoxsa dostlarınızla? Sizin üçün dost kimdir?

- Dost bir aynadır. O aynada özünü görməlisən. Daxili dünyan eyni olmalıdır. Nə düşündüyünü əvvəlcədən bilməlisən. Təbii ki, söhbət əsl dostluqdan gedir. Bunun üçün ilk növbədə insanın özü dostluq etməyi bacarmalıdır.

- Sevgidə də dostluq vacib şərtdir. Bəlkə bir az bu mövzudan danışaq?

- Mən sizinlə razıyam.

- Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır. Siz öz sevginizi tapmısınız?

- İnsan çox universal bir varlıqdır. İnsanın mənəvi aləmi, daxili dünyası da çox mürəkkəbdir. Allah insanı yaradarkən çox gözəl hissləri də bəxş edib. Məhəbbət, sevgi ən gözəl hisslərdəndir. Mən çox şadam ki, əsl sevgini yaşamışam və yaşayıram da.

- Əbədi sevgiyə inanırsınız. Bəs qismət, böyük sevgiyə sözünüz nədir?

- Bəzən sevdiyi insanla ailə quranda da illər sonra həmin münasibətin adiləşməyini iddia edirlər. Amma məncə sevginin mərhələləri var. Yeni vaxtlarda başqa cür olsa da, sonralar sevgi fərqli formaya keçə bilir və nəticədə həmin hisslər, həmin duyğular dəyişmir. Əbədi sevgi terminini insanlar bir-birinə qovuşmayanda, sevgi ideallaşdırılanda işlədirlər. Amma qovuşaraq da sevgini əbədiləşdirmək olur, məncə. Ən azından bu hissi yaşayan və vaxt keçməsinə baxmayaraq dəyişməz qaldığına əmin olan bir şəxs kimi bunu əminliklə deyə bilirəm.

- O vaxtlar ki Tanrı insan nəslini müxtəlif cinsə böldü, bu yarımtaylar daim özlərinin kamil tayını axtarmağa məhkum oldular. Dünyada qadın gözəlliyinə baş əyməyən insana rast gəlmək çox çətindir. Bu barədə siz nə düşünürsünüz?

- Qadınlar Allah tərəfindən kişilərə verilən bir paydır. Qadın gözəlliyini bəzən sözlərə sığdırmaq çətin olur. Bu gözəlliyi duymaq özü gözəl duyğudur. Qadın gözəlliyi onun tək xarici gözəlliyi deyil. Kişilər çox güclüdür, qadını ilə birlikdə.

- Sizcə qadını necə xoşbəxt etmək olar?

- Qadından qadına fərq var. Kimisi kosmetikada görür həyatın mənasını, kimisi var-dövlətdə, kimisi də balaca bir daxmada, isti bir yuvada. Qadını xoşbəxt etmək üçün o qadını tam kəşf etmək lazımdır.

- Bəs kişiyə xoşbəxt olmaq üçün nə lazımdır?

- Məncə insan həyata gəlibsə, kişi və qadın olmağından asılı olmayaraq, xoşbəxt olmaq haqqıdır. Hesab edirəm ki, insanın etdiyi əməllər daim qarşısına çıxır. İnana bilmərəm ki, ömrü boyu pis əməllərlə məşğul olan insan xoşbəxt həyat sürsün.

- Ümumiyyətlə, özünüzü xoşbəxt sanırsınızmı, xoşbəxtlik insana verilir, yoxsa insan onu qazanır?

- Mən sağlamlığı və əzizlərimin ətrafımda olmasını xoşbəxtliyin əsas prinsipi hesab edirəm. Əgər insan dünyaya sağlam gəlibsə, deməli, xoşbəxt insandır. Təbii ki insanın özündən asılı olmayan səbəblər də xoşbəxtliyə kölgə sala bilir. Xoşbəxtlik insanın yaşadığı həyatda sonrakı əməllərindən də asılıdır. Nəticə etibarilə özümü xoşbəxt hesab edirəm.

- Bəs həyatda sizi nə ağladıb?

- Bəzən deyirlər ki, kişilər ağlamaz. Bu sözlə müəyyən mənada razı deyiləm. Bəli, kişi zəiflik əlaməti olaraq ağlamaz. Amma bəzi əlamətlərinə görə kişi və qadın olmaqdan asılı olmayaraq insanın mənəviyyatı, daxili aləmi oxşardır. Məsələn, elə bu yaxınlarda Azərbaycan Eurovision finalında qələbə qazananda mən sevincdən gözlərimin dolduğunu hiss elədim. Arzu edirəm, Allah hər kəsə sevinc göz yaşları nəsib etsin.

- Sizcə həyat bir damla sudur, yoxsa eşq bir damla göz yaşıdır?

- Həyat bir damla göz yaşıdır, çünki göz yaşı tez yaranır, tez də yox olur. Bizlərə bəxş olunmuş bu həyat, əslində, zaman kəsiyinin çox kiçik bir hissəsindən də azdır. Eşq isə göz yaşı demək deyil. Çünki eşqi göz yaşı olmadan da yaşamaq olur. Göz yaşı ancaq nakam məhəbbətin məhsuludur, məncə. Eşq gözəllikdir, göz yaşı qədər balaca olan ömür yolumuzu maraqlı edən bir vasitədir.

- Kədəri dəf etmək üçün nə edirsiniz?

- Kədərli olmaq insanın özü tərəfindən idarə oluna bilmir, məncə. Gözəl bir söz var, zaman hər şeyin dərmanıdır. Həqiqətən də belədir. Heç nə tam unudulmasa da, onun acısı get-gedə unudulur. Kədərdən qaçmaq olmaz. Bu anda sadəcə, həyatı real, olduğu kimi qəbul etmək lazımdır. Şükürlər olsun, kədərin acısını duymamışam.

- Olurmu, hərdən həyatdan yorulasınız?

- Bir çox məqamlarda depressiyaya olur. Ancaq bu çox qısa bir an çərçivəsində baş verdiyindən, əminliklə deyərdim ki, həyatdan yorulmamışam. Məncə Yaradanın bizə bir kiçik ömür bəxş etməsinə nankorcasına yanaşmaq lazım deyil. Çünki bu həyat yaşamaq üçün bizə verilib, yorulmaq, naşükürlük etmək üçün yox.

- Cəsarətli, riskli olduğunuz qədər də qorxduqlarınız varmı?

- Mənim üçün monoton həyat yaşamaq maraqlı deyil. Özümü kəşf edənə qədər çox risklər etmişəm, çox addımlar atmışam və atmağa da davam edirəm. İqtisadiyyatda belə bir fikir var ki, risk böyük olduqda, mənfəət və ya zərər də o qədər böyük olur. Bu həyatda da belədir. Nəyisə əldə etmək istəyiriksə, hökmən cəsarətli addım atmaq lazıdır. Əks təqdirdə, illər sonra dönüb arxaya baxdıqda, maraqsız və səmərəsiz bir həyat yaşadığımızı görə bilərik.

- Dar ayaqda sizə kömək edən olubmu?

- Şükürlər olsun, çox böyük çətinliyim olmayıb həyatda. 1988-ci ildə mən körpə olarkən, Bakıda siyasi vəziyyətin çox ağır olduğu vaxtlarda mən ölümcül xəstələnmişdim. Bakıda xəstəxanalarda həkimlərin çətin tapıldığı məqamda məni son anda həyata qaytarıblar. Valideynlərimin mənə görə çox əziyyətlərinin olduğunu bilirəm. Onlara nə qədər borclu olsam, azdır.

- Sizə peşmançılıq gətirən hansısa bir səhv hərəkətiniz olubmu?

- Təbii ki səhvsiz insan yoxdur. Hamı kimi mənim də səhvlərim olub. Şükürlər olsun, çox peşman olduğum hərəkətim olmayıb.

- Çox vaxt yaradıcı insanlar özləri özlərinə hesabat verirlər və bu hiss müəyyən yaş dövrü keçəndən sonra özünü daha qabarıq şəkildə göstərir. Siz gəncsiniz, özünüzə münasibətiniz? Nikbinsinizmi?

- Bu yaşıma kimi həyatda çox uğurlarım olub. Müəyyən müddətdən bir əziyyətimin bəhrəsini görmək, fəaliyyətimin əks-sədasını başqa yerlərdən eşitmək gözəl hisslərdir. Sualınıza uyğun onu deyə bilərəm ki, həyatda nikbin insanam. Hər bir əməlin yaxşı tərəfini görməyə çalışıram. Xırda problemlərə pessimist yanaşmalı olsaydım, həmin problemləri böyük problemlərə çevirmiş olardım.

- Ümumiyyətlə, həyatda necə yaşamaq lazımdır?

- Cavabım şablon kimi səslənsə də, səmimi deyirəm, vicdanla yaşamaq lazımdır. Halal pulla təmiz yaşamaqdan gözəl heç nə yoxdur, məncə.

- Yaşamaq gözəldir, amma ölüm də haqdır. Ölümdən sonrakı həyata inanırsınızmı?

- Bəli, inanıram. Çünki bu dünya o qədər sirlidir ki, insan var olduğu müddətdə bütün sirlər çözülə bilməz.

- Sizcə hər son bir başlanğıcdırmı?

- Bəli, elə düşünürəm. Çünki yaranış tarixini bilmədiyimiz kainat daim hərəkətdədir. Hadisələr intensiv şəkildə bir-birini tamamlayır. Ola bilər ki, bizim həyat dediyimiz Yer kürəsi də nə vaxtsa yarandığı kimi məhv olacaq. Bu o demək deyil ki hər şey bitəcək o an. Həmin an da başqa bir həyatın, başqa bir aləmin formalaşacağına inanıram.

- Deməli, gələcəyin varlığına inanırsınız. Elə isə, gəlin gələcək planlarınızdan danışaq.

- Fəaliyyətdə olan internet radiomuzun peyk yayımı və fm dalğasında yayımını təşkil etmək, rəhbəri olduğum Netservice qrupunun fəaliyyətini daha da genişləndirmək, Azərbaycan internet sektorunda daha böyük layihələr reallaşdırmaq mənim yaxın gələcək üçün planlarımdır.

- Qarşınızda rəqib kimi görürsünüz?

- Fəaliyyət dairəmdə olan hər kəs rəqibimdir. Bəzən tanınmış insanlardan bu sualı soruşanda heç kimi rəqib görmədiklərini deyirlər. Mən bu cavabı həmişə qeyri-səmimi qəbul etmişəm. Əgər bu gün mənim gördüyüm işi başqası da görürsə, bu gün olmasa da, nə vaxtsa güclü rəqiblərim ola bilər.

- Təcrübə insanların öz səhvlərinə verdikləri addır. Sizdə necədir?

- Təcrübə tək insanın səhvlərinin nəticəsində yaranmır, məncə. Nə etməyimdən asılı olmayaraq bir prinsipim var. Fikirləşirəm ki, bu gün hansı sahədəsə kimlərdənsə daha təcrübəli olsam da, məndən sonra gələn nəsil də sürətlə inkişaf edir. Bu işləri sürətlə axan bir çaya bənzədirəm. Əgər hansısa məqamda axsadıqsa, çayın axımını saxlaya bilmərik. Ona görə də daim öz üzərimdə işləməyi, yenilikləri dərhal qavramağı özümə borc bilirəm.

- Sizin üçün "Avropa.az" layihəsində vətən sevgisi üstünlük təşkil edir, yoxsa gənclik sevgisi?

- Ümumiyyətlə, vətən sevgisi ilə gənclik sevgisini müqayisə etmək istəməzdim. Gördüyümüz hər işin arxasında vətən sevgisi dayanır. Biz bu vətənin övladları olduğumuza görə hər işimizdə vətənimizə olan sevgimizi bildirməliyik və bildiririk. İnternet istifadəçilərinin əksər hissəsi gənclər olduğuna görə efirimizdə gedən musiqiləri və verilişləri əsasən müasir gəncliyin zövqünə uyğunlaşdırmağa çalışırıq. Özünü gənc hiss edən və hiss etməyən hər kəsin zövqünü nəzərə alırıq.

- Zövqlər müxtəlif olur. Bəs mədəniyyətdə nəyə üstünlük verirsiniz?

- Mənim aləmimdə mədəniyyət-incəsənət həyatın ən gözəl, ən maraqlı bir hissəsidir. Mədəniyyətin hər bir sahəsi mənim maraq dairəmdədir. Özüm də əsas ixtisasımdan əlavə musiqiçi olduğuma görə musiqiyə xüsusi önəm verirəm. Musiqi təhsilim də var. Musiqi insanın mənəviyyatını, daxili aləmini üzə çıxaran bir sehrdir. İlk dəfə oxuməni.az saytına açıqlamaq istərdim ki, musiqi ifaçısı olmaqdan başqa həm də bəstəkarlıq fəaliyyəti ilə məşğulam. Yaxın vaxtlarda musiqilərimi aranjeman edib sizlərlə paylaşacağam.

- Siz hansı musiqi janrına üstünlük verirsiniz?

- Avropa.az radiosunu nəzərdə tutursunuzsa, hər janrda mahnıları səsləndiririk. Çünki hər auditoriyadan dinləyicimiz var. Mənim zövqümə gəldikdə isə, milli musiqimizi, xüsusilə xalq mahnılarımızı, aşıq sənətimizi, estradamızı, bir sözlə, Azərbaycan musiqisinin hər janrını bəyənirəm və sevərək dinləyirəm.

- Avropa.az - Azərbaycanla Avropa arasında qurulmuş virtual körpü. Bu, böyük bir missiyadır. Deməli, arzularınıza çatmış hesab olunursunuz.

- İnsan elə bir varlıqdır ki, arzular və istəkləri tükənmir. Bu günümün arzusu sabahın arzusu ilə eyni olmaya bilər. Mənim ən böyük arzum, ən böyük istəyim can sağlığı və xoşbəxtliyimi itirmədən həyatımı yaşamaqdır.

- 5-10 ildən sonra Cavanşir Hüseynov özünü harada görür?

- Öncədən proqnoz verməyi düzgün hesab etmirəm. 5-10 il sonra məqsədlərimin zirvəsində görmək istərdim özümü...

Şəlalə zirvələrdən axır. Lakin çaya tökülərək təbiətə qarışır və canlı olan hər bir varlığa həyat verir. Bugünkü qəhrəmanımız da xalqın arasından çıxaraq, zirvələrə doğru yüksəlməyə nail olub. Onun əməyi su həzinliyi ilə qəlblərə yol tapır, zövqləri oxşayır. Eynən şəlalə kimi o da gözəlliklərə həyat verir...

Şəlalə Nəriman

O.M.