MEHRIM: “Qastrollarda görmüşəm ki, gözümün qabağında 3 - 5 minə bəzi müğənnilər qarnı yekə kişilərə özlərini satırlar” - MÜSAHİBƏ

MEHRIM: “Qastrollarda görmüşəm ki, gözümün qabağında 3 - 5 minə bəzi müğənnilər qarnı yekə kişilərə özlərini satırlar” - MÜSAHİBƏ

2 İyun 2014 17:35
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzi müğənniciklər 50 q içəndən sonra öz-özlərinə oxuyaraq yarıçılpaq pozalar verir, min bir oyundan çıxırlar

- Mehrim, çoxdandır görünmürsən?

- Mən Aydayam, Yerə enəndə görsənəcəm. İnşallah, bu il hit mahnılar təqdim edəcəyəm.

- Şou-biznes sənin üçün nədir?
- Şou-biznes cənnətlə cəhənnəmin nümayəndələrini ayırd edən məkandır. Şou-biznes şeytanlıqdır.

- Sən özünü şou-biznes cənnətində görürsən, yoxsa cəhənnəmdə?

- Mən əlbəttə, özümü cənnətdə görürəm. Çünki başqaları kimi bədənimi satmıram, sənətimi göstərirəm. Bu sənətdə özümü heç vaxt satmamışam ki, cəhənnəmə düşüm. 200 min – 300 minə sınmamışam. Zina etmək istəsələr də uzaq olmuşam. Elə olub qastrollarda görmüşəm ki, gözümün qabağında 3 minə - 5 minə bəzi müğənnilər qarnı yekə kişilərə özlərini satırlar. Ona görə də şou-biznesdə bir çox müğənnilərdən uzağam. Sözümü hamıya şamil etmirəm. Mənim gözlərim nələr görüb, nələr... Allahları istəsin ki, mənə ilişməsinlər. Yoxsa faktla çıxaram həmin insanların qarşısına.

- Mehrim, deyirsən ki, bəzi həmkarların sənin gözünün qarşısında min hoqqadan çıxıblar. Bəs sən nə edirdin onların yanında?

- Bilirsən necədir, mən səmimi deyəcəyəm, həmin məclisləri mən təşkil eləmişəm ki, gəlib müğənni kimi ifa edib pullarını alıb getsinlər. Mən özüm isə ağa kimi oturmuşam həmin məclisdə. Bəzi müğənniciklər 50 q içəndən sonra görmüşəm ki, öz-özlərinə oxuyaraq yarıçılpaq pozalar verir, min bir oyundan çıxırlar. Səsləri olmasa da, bədənlərini sırıyıblar bu vicdansızlar. Heç kim göylə gedə bilməz. Hər şeyi açıb deyirəm. Hamısını yox, əksəriyyətini deyirəm ki, mənim dalımca az danışsınlar. Burdan onlara mesaj verirəm: sırtıqdırlar.

- Bu yaxınlarda hamı danışırdı ki, Mehrimi xəstəlik tutub, günü-gündən arıqlayır.

- Nə deyirlər, düz deyirlər. "Od olmasa, tüstü çıxmaz", - deyib atalar. Kimin haqqında nə danışırlarsa, əbəs yerə danışılmır. Hə, xəstəliyə tutulmuşam. Bu xəstəliyin inkubasiya vaxtı var. Amma tarixi qeyd olunmur. Bu virusa yalnız şou-biznes nümayəndələri yoluxur. Hərədə bir cürə gedir bu proses. Ulduzluq sindromu bizim daxilimizdə bir xəstəlikdir. Hətta bu xəstəliyə şou-biznes yazarlarının, TV aparıcıların, jurnalistlərin yoluxma ehtimalı yüksəkdir. Məndə də "Zvezdniy sindromu" xəstəliyi gedir. Ona görə deyirlər ki, Mehrim xəstəlikdən arıqlayır.

- Kimlərin ifasını bəyənirsən?

- "Blef" filmi ilə uşaqlıqdan Çelentananı, Krasavçiki çox bəyənirəm.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Ara-sıra yazıram, oxuyuram, danışıram və s. Sənət sanballığı sevir. Palçıqlıq olan yerdə sənət olmur. Rəngi, möhürü də yoxdur. Mən öz sənətimlə məşğulam, bunu toy bazarı üçün etmirəm, ümumiyyətlə, gecə-gündüz toylarda, şou proqramların qapılarında vaxt itirən, ulduzam, deyənlərə bir məsləhətim var: bu qədər əziyyətinizi iradəsizliyinizlə heç edirsiniz, ora qaç, bura qaç. Olmaz belə, ulduz bu cür yerlərə qaçmır.

- Efirlərdə niyə görsənmirsən?
- Yuxarıda qeyd etdim ki, ulduz hər yerdə görsənmir. Hansı verilişlərə çıxasan? İndi veriliş var?.. "Qorxma, mən səninləyəm" verilişində aparıcı Əkbər Toppuş bacıynan birlikdə müğənnini təlxək yerinə qoyurlar. Reklam xətrinə görə müğənnini min dona salırlar. Müğənni də onların sözüylə təlxəklik edir. Məsələn, dalı ilə, diş çöpü ilə şar partladır, dilində nəlbəki aparır və s. Toppuş bacı ətəkdə yumurta atır, o biri tutur. Ayıbdır axı. Əsl sənətkar gedib o verilişdə iştirak etməz . Mənə yaraşmaz axı. Mən deyirəm ki, müğənni deyiləm. Sadəcə estradada oxuyan sənətçiyəm. Onsuz da mən ulduzam, ulduz doğulmuşam, bu yaxınlarda da partladacağam.

- Əsl ulduz necə olmalıdır?
- Əsl ulduz toyxana ifaçısı olmamalıdır, proqramlarda iştirak etməməlidir. Konsertlərini verib oturub ulduzluq həyatın yaşamalı, əlçatmaz olmalı, pullu adamların qabağında özlərini sındırmamalıdır.

- Mehrim, qorxmursan bu yazıdan sonra qalmaqala düşəsən?
- Mən gözümlə gördüklərimi deyirəm. Bir məclisə gedirsən, gözünün qabağında mənəm-mənəm deyən müğənniciklər maşınlara minib gedirlər. Ona görə belələrindən uzağam. Onların bəziləri pozğunluqla gündəmə gəlirlər. Nələr görmədim bu həyatda... Qoy hamı bilsin ki, mən "Kobra"yam. Kimsə mənim yolumu kəsərsə mənim zəhərim güclüdür, həmin adamı öldürər. Meşə çaqqalsız olmaz. Ətrafımdakılar biləcək söhbət kimdən gedir.

- Kimin qəlbini qırmısan?
- Qəlbinurun.

- Həmkarlarının bir çoxu ilə yola getmirsən. Nəyi bölə bilmirsən?
- Mənim nə həmkarım var, nə də rəqibim. Heç kim Mehrim ola bilməz. Hər kəs özüdür, öz yerindədir. Yollar və qollar ayrılır. Mənim üçün pik zirvə elə olduğum yerdir. Vallah, acıqla demirəm, özümdən başqa heç kimin ifasını dinləmirəm.

- Dostun kimdir?

- Kimlər ki məndən hal-əhval soruşur, mənim dostumdur. Elə biri sən.

- Deyirlər Səidə Dadaşova ilə aranızdan "qara pişik" keçib?
- Səidə qəlbi təmiz qızdır. Özünəməxsus sənəti var. Tədbirlərdə nə vaxt məni görüb, yaxınlaşıb öpüşüb-görüşüb, hörmət göstərib və qarşılığını da görüb. Axı Səidə uşaqlıqdan pərəstiş etdiyim Rəfael Dadaşovun doğma qızıdır.

- Şəxsi həyatında xoşbəxtsən?

- Şükür Allahın verdiyi nə varsa. Çox şükür, min şükürlər edirəm. Möhkəm iradə sahibiyəm. Hətta pis vərdişim var idi, siqaret çəkmək. İnanın, 14 il bundan əvvəl tövbə etdim. Alkoqollu içkiləri tərgitdim. Bir gündə atdım getdi. İçki, siqaret doğrudan da qadın işi deyil.

- Səmimi ol, həyat yoldaşından niyə ayrıldın? Yoxsa sənətinə qurban verdin ailəni?

- Bir çoxları elə bilir mən sənətə görə ailəmdən ayrılmışam. Qətiyyən belə şey olmayıb. Yoldaşım 13 il bundan qabaq rəhmətə gedib. Sizdə günah görmürəm. Çünki şou-biznes erkən boşanmaların meydanına çevrilir yavaş-yavaş. Mənim dul olduğumu çoxlarınız bilirsiniz. Belə də ki, əri olanların meydanda nə işi?!.

- Son zamanlar yaşadığın sevinc anların hansıdır?
- Hər anım sevinc içindədir. Allah hamıya sevinc hissləri qismət etsin.

- Bir çox müğənnilər var ki, özünə titul verir. Bəs sənin titulun varmı?

- Hamı bilir ki, mənim titulum "Kobra Nezemnaya"dır. Səhnənin bir kobrası var, o, da mənəm.

- Plastik əməliyyatlara münasibətin necədir? Sən özün plastik əməliyyat etdirmisən?
- Yaş insanın sanbalıdır, deyiblər. Mən yaşlanmadan heç də qorxmuram. Çünki məndə bir sirr var. Yaxşı, möhkəm iradəyə sahib olanlarla bölüşürəm. Əməl etsələr zamanla sağlam, gözəl olacaqlar. Əməliyyat var əməliyyat kimi, əməliyyat da var dartıb, çəkib yaman günə qoyurlar. Allah özü belələrindən qoruyar, inşallah.

- Efirlərdə bəzi müğənnilərin göz yaşlarına necə baxırsınız?
- Çoxdandı baxmıram efirlərə. Yenə şaxsey qurub gedirlər. Heç xəbərsizəm, çünki verilişlərin çoxu məni özündən qaçırdır, baxanda qarnım ağrıyır. Reytinq zamanı belə verilişlərin aparıcıları gözümə sataşanda gülürəm. İnciməsinlər məndən. Biri o gün yolka oyuncağını taxmışdı tağına. Özü də sağdan sallamışdı düz çiyninə. Uşaq da evdə tanıdı, dedi mama, bizim yolka "iqruşkasındandır". Xahiş edirəm, bəzi səviyyəsizlər, çıxın gedin efirlərdən, bəsdirin də.

- Sevgi nə deməkdir sənin üçün?

- Həyat sevgidən doğur. Sevgisiz həyat yoxdur.

- Taleyin arzu etdiyin, ya layiq olduğun kimidir?
- Hər bir insan öz əməlləri ilə taleyinin yazarıdır. Lakin bundan xəbərsiz olur. Günahlar edir və pis əməl sahibinə çevrilir. Həyat bir yoldur, bu yol bizim hər birimizi ölümə doğru aparır.

- Şayiələrə münasibətin necədir?

- Şayiəsiz düşmənim olsun. Qoy şayiə yaysınlar, danışsınlar. Kim nə danışa bilər ki?.. İvan, Petrov deyil danışanlar, keçmişdən qalan nadanlardı. Mən də ucalıram, ucaldım da.

- Şou-biznes sənə nələr öyrətdi?
- Bu aləm çox şeyləri göstərdi. Göz önündə pula satılanlar, maşına görə özlərini fəda edənlər gördüm. Gəlinlik geyinməyib ana olan qızları gördüm. Bu gün evlənib-boşananları gördüm, demə iki məşhur pul yığmaq üçün formalaşıb toy ediblər. Sən burda baş verənləri məndən yaxşı görərsən indi, çünki bunların arasında mən yoxam.

- Kimin yoxluğuyla barışa bilmirsən?

- Atamla, həyat yoldaşım İlqarın yoxluğu ilə barışa bilmirəm. Ata və ər qadın üçün böyük bir sərvətdir.

- Bu günədək "raskrutkaya" nə qədər pul xərcləmisən?
- Məni indi bəstəkarlar yandırır, bir gün də saxta bəstəkarlardan danışacağam. Mən toyxana proqramı ilə işləyən müğənnilərdən deyiləm. Ara-sıra klip çəkdirib mahnılar oxuyuram. Sənətlə məşğulam. O üzdən adi bir xəbərim belə maraq dairəsindədir. Hazırda ulduzam, mənim "rastkrutkaya" ehtiyacım yoxdur.

Şəlalə NƏRİMAN.