Faiq Ağayev: "Ağlımı itirməkdən qorxuram"

Faiq Ağayev: "Ağlımı itirməkdən qorxuram"

6 İyun 2011 10:12
2 202
Bəyəndim (0) Bəyənmədim (0)
Nostalji rubrikası: "Mən bacardığım kimi deyil, istədiyim kimi yaşayıram"

Ağıllı adamlar kin və ədaləti alovlandırmır, onu boğub məhv etməyi üstün tuturlar. Bəlkə ona görədir ki, bu gün şou aləmdə baş verənləri nəzərdən keçirsə də, onlara əhəmiyyət verməyi deyil, yaradıcılığıyla məşğul olmağı üstün tutan müsahibim "divarı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən" prinsipinə arxalanaraq baş verənlərə işıq salmağa çalışmır. Amma bu gün biz Faiq Ağayevin ömür yoluna, yaradıcılığına işıq salmağa çalışacağıq.

- Faiq, yaradıcılığınızda nə kimi yeniliklər var?

- O qədər təzə mahnı var ki. Bir il öncə "Çal-çağır" verilişində dedim ki, birillik fasilə götürürəm. İndi o fasilənin müddəti bitdi. Qayıdışımda qorxuram ki, özüm-özümə rəqabət edəcəyəm. Biri var bir ay ərzində iki mahnını radio dalğalarında "raskrutka" edəsən, biri də var ki, iki ay ərzində on yedi mahnını. Ona görə də indi fikirləşirəm ki, görünür, qayıdış strategiyası lazım deyildi. Yeni mahnılar yazdırmışam. Klip çəkilib. Lakin hələ efir üzü görməyib. İkinci bir klip çəkilir. İstəyirəm bu klipi, inşallah, konsertimdə təqdim edim. Albom, konsert, yeni geyimlər. Çox iş var. Saç ustamla bu konsertdə hansı saç düzümü ilə tamaşaçı qarşısına çıxmağımı düşünürük. Mən sənət acgözüyəm. Yenilik etməyi sevirəm. İlhamə xanım deyir ki, Faiq novatordur. Novator olmasan, heç nə alınmayacaq. Xalq artisti fəxri adına layiq görüləndə Moskvadan Polad Bülbüloğlu zəng edib məni təbrik etdi və dedi ki, sən dəfələrlə xalq artisti adına layiq görülə bilərsən. Amma irəli getməsən, o adın dəyərini daşıya bilməyəcəksən çiyinlərin üzərində. Bəli, mən Azərbaycanın ən gənc xalq artistiyəm. Amma novatorluq eləməsəm, hamıya maraqsız olacağam.

- Azərbaycanın ən gənc xalq artisti Faiq Ağayevə bu gün şou-biznes aləmində baş verənlər necə təsir edir?

- Hərdən mənə deyirlər ki, bu mənzərənin şahidi olub bezmirsənmi? Həyatdır da. Tutaq ki, insan bir ev alır. Üç-beş ildən bir divar kağızlarını, on ildən bir pərdələrini dəyişir. İmkanı çatırsa, beş-on ildən bir mebel dəstini təzələyir. Bizim şou-biznes elədir ki, burda dəyişmələr avtomatik gedir. Sənin istəyinlə divar kağızı dəyişilmir. Bir də görürsən ki, bu kağız sənin xoşlamadığın, tutaq ki, çəhrayı rəngdədir. Bununla mübarizə aparmaq lazımdır.

- Dırnaqarası müğənnilərin yanında özünüzü necə hiss edirsiniz?

- Yox, biz eyni məkanda olsaq da, ayrıyıq. Hər bir istənilən sənətdə də elədir. Öndə gedənlər, arxada qalanlar, boş-boş gəzənlər var. Bunu təkcə müğənniyə və şou-biznesə aid etmək düzgün deyil.

- Son vaxtlar sizi şoka sala biləcək şayiə eşitməmisiniz ki?

- Mənim qulağım, Məşhədi İbadın sözü olmasın, bir növ vərdişkardır. Deyir, qulaq hər gün bir söz eşitməsə, kar olar. Əhəmiyyət vermək həvəsində deyiləm. Deyərlər, soğan yeməmisən, için niyə göynəyir? Əgər danışılanlar mənim xasiyyətimə uyğun deyilsə, mən nəyə görə şərh edim? Hər bir şeyə aydınlıq gətirməyə ehtiyac yoxdur.

- Ümumiyyətlə, həyatda qorxduğunuz nəsə varmı?

- Ağlımı itirmək qorxusu. Ağlımı itirsəm, hər şeyi itirərəm. Valideynlərimin mənə qarşı sayğısını, Allahın mənə olan sevgisini, sənətdə olan nüfuzumu və mövqeyimi itirərəm.

- Nəyi itirmisiniz?

- Gün üstə gün gəlir də. İyirmi yaşımı itirmişəm (gülümsəyir). Əvvəllər düşünürdüm, az yeyim ki, kökəlməyim. Onu itirmişəm. İndi bir tikə çörək yeyən kimi kökəlirəm. Çox şey itirilib. Amma bilmirəm vallah, dəyərmi buna görə heyfsilənməyə? Yox! Olub ki, sevdiyim insanı itirmişəm. Bütün bunlar həyatın qanunlarıdır. Allah-Təala deyir, bu dünyanı sizə bəxş eləmişəm ki, burda mən buyurduğum kimi yaşayasınız. Amma o bizə sözün yaxşı mənasında kef üçün imkanlar yaradıb. Bundan düzgün yararlanmaq lazımdır.

- Bacardığınız kimi yaşaya bilmisiniz?

- Mən bacardığım kimi deyil, istədiyim kimi yaşayıram. Burda fərq var.

- Yaşamağa dəyər?

- Əlbəttə. Bu gün əhvalım təlx olubsa, bu o demək deyil ki, sabah da belə olacaq. Sabah Allah-Təala sənə elə bir gözəl şans göndərə bilər ki... Mən məgər bilirdimmi ki, 2008-ci ilin sentyabr ayının 16-da xalq artisti fəxri adına layiq görüləcəm?

- Ən kədərli gününüz vaxt olub?

- Sevdiyim insanlar bu dünyadan köçəndə.

- Peşmançılığını çəkdiyiniz nəsə varmı?

- Var. Təmkinsizliyimə görə hərdənbir peşmançılıq çəkirəm.

- Amma kənardan sizi müşahidə edib deməzdim ki, təmkinsizsiniz...

- Deməli, ağıllıyam ki, gizlədirəm.

- Hansı səhvlərinizi təkrarlamaq istəməzdiniz?

- Bir çox səhvlərim var ki, istəməzdim bir də onları yaşayım. Amma hərdənbir deyirəm ki, kaş 18 yaşım və indiki ağlım olaydı, dağı dağ üstə qoyardım. Hər günün öz hökmü, öz ləzzəti və öz kədəri, sevinci var.

- Bəziləri dünyanı fani, digərləri beşgünlük, etibarsız, yalançı adlandırırlar. Faiq Ağayev necə deyir?

- Uşaqlığımız Sovet dövrünə təsadüf edib. O vaxtlar hər il 7 noyabrda Böyük Oktyabr İnqilabının ildönümü qeyd olunurdu. Onda düşünürdüm ki, 2017-ci ildə, görəsən, mən dünyada olacağammı bu tarixin qeyd olunmasını görüm? İndi də fikirləşirəm ki, 2222-ci ildə mən yaşamayacağam. Heyfsilənirəm buna görə. Zaman tələsir, ömür qısa... Bu barədə bilirsiniz kimlər fikirləşir? Hər gün nəsə edən insanlar. Çünki vaxt çatmır ki, nəyisə bir daha eləyim. Hərdənbir deyirsən ki, kaş sutkada qırx saat olardı. Hə, onda səkkiz saat yatardım, qalan vaxtı da işləyərdim.

- Bu gün ürəyinizdən keçir?

- Çox istəyirəm ki, atam-anam sağlam olsun. Dava-dərman üçün deyil, onların harada istirahət etməyi barədə fikirləşim. Çox istəyirəm ki, qardaşlarımın ailəsində həmişə indiki kimi əmin-amanlıq, qarşılıqlı məhəbbət olsun. Onların balaları böyüyür. Bu gün-sabah instituta daxil olacaqlar. Bu arzularına da çatsınlar.

- Bəs özünüz barədə fikirləşmirsiniz?

- Özümü də fikirləşirəm. İstəyirəm, bu gün necə formamı saxlayıramsa, 60 yaşımda da belə görünüm. Təbii ki, illər ötdükcə dəyişiklik olacaq, yaş öz hökmünü oxuyacaq. Amma insan hər zaman xoş arzularla yaşayır.

Deyirlər, irəli getmək üçün tez-tez geriyə dönmək lazımdır. Yoxsa hara gedəcəyimizi unudarıq. Müsahibim bu günün nailiyyətlərindən söz açsa da, ötənlərə nəzər saldı. Damla-damla qazandığı tamaşaçı sevgisi, tamaşaçı rəğbəti hörməti onu bu gün xalqın artisti etdi. Təbii ki, köksüz ağac olmadığı kimi, əməksiz, zəhmətsiz səadət ola bilməz. Həyatın mənasının məqsədə çatmaq cəhdində olduğunu yaxşı dərk edən həmsöhbətim qarşısına qoyduğu məqsədlər uğrunda var qüvvəsi ilə mübarizə aparır. Elə ona görədir ki, zirvələrə gedən yol taleyin zərbələrini heçə endirir. Xoşbəxtlik həmişə cəsurların tərəfində olur. Xoşbəxtliyə malik olmaq azdır, ona layiq olmaq lazımdır. Bu gün biz xoşbəxtliyə layiq olan, nəğmələriylə əsl sevgini ifadə etməyi bacaran, prinsipial insan, xalq artisti Faiq Ağayevin ömür səhifəsini birgə vərəqlədik. Həyat eşqi ilə coşub-daşan bir insanın ömür yoluna səyahət etdik. Səyahətimiz uğurlu olsun, Faiq bəy!

Mətanət Şamilqızı

Oxu Məni - 10.04.2009 (Nostalji)