Əli Mirəliyev yenə də açdı sandığı, tökdü pambığı

Əli Mirəliyev yenə də açdı sandığı, tökdü pambığı

1 İyun 2011 16:40
Bəyəndim (0) Bəyənmədim (0)
"Şəlalə" rubrikasının qalmaqallı qonağı

Su həyat mənbəyidir. Onsuz heç bir canlı mövcud ola bilməz. Atalarımız "su aydınlıqdır" da deyiblər. Elimizdə belə bir məsəl var: "su axar, çuxurunu tapar. Suyun ecazkar qüvvəsinə aid çox sözlər söylənilib, çox yazılıb. Biz də yeni "Şəlalə" rubrikasında bir çox mətləblərə aydınlıq gətirmək, həqiqətləri canlandırmaq fikrindəyik. Axı şəlalə suların ən qüdrətlisidir.

"Şəlalə" rubrikasının ilk qonağı Krılovun ayısı və şiri kimi hamı ilə qalmaqal edən Əli Mirəliyevdir.

- Əli Mirəliyev kimdir? Uşaqlıqda onu necə çağırırdılar?

- Bakı şəhərində sadə bir ailədə doğulmuşam. Uşaqlıqda hamı məni "Alik" deyə çağırırdı. Hazırda ikiotaqlı mənzildə ailəm ilə birgə yaşayıram.

- Sözlər vardır sözləri yaradır, sözlər vardır gözləri ağladır. Kiminsə sözü Əli Mirəliyevi ağladıb?

- Söz deyəndə ki, bilmirəm necə ağlamışam. Mən bilirəm ki, mənim oxuduğum nəğmələrim kimisə ağladıb. Bizim rəhmətlik Gülarə xanım var idi-"Dan Ulduzu"nun rəhbəri. Mən "Sən olmuşam" mahnısını oxuyanda o ağlayıb. Dedim, niyə ağlayırsan? Dedi, özümdən asılı deyil. "Ay gecikən məhəbbətim" mahnısını özü ifa edirdi, mən isə oxuyurdum. Səsin özündə İlahi bir qüvvə olmalıdır ki, hansısa mahnını oxuya biləsən. Bu o demək deyil ki, hamı müğənni ola bilər, hər oxuyan Molla Pənah ola bilməz. Biri gözəl həkim olur, gözəl rəssam olur, zərgər olur, görürsən hamı onun yanına gedir. Mən Qulu Əsgərov, Rübabə Muradova, Aşıq Şakir, Aşıq Pənahı görmüşəm. Muğamla gəlmişəm bu sənətə. Professional oxuyanlar bilir ki, mən muğam səsi ilə oxuyan müğənniyəm.

- Ola bilər. Bəs onda qalmaqallar nəyə lazımdır?

- Bir neçə ay bundan qabaq Elza Seyidcahan ATV-nin səhər proqramının qonağı idi. "Arzular" mahnısını oxuya bilmədi, özünü biabırçı vəziyyətə qoydu. Onda da dedi, gec' gec yatmışam. Mən onun özünə də demişəm, Elza oxuya bilmir. Elza doğrudan da oxuyan olsaydı, indi yox, cavan olanda oxuyardı.

- Axı Elza cavandır, geyimləri ilə də seçilir. Hər dəfə yeniliklər edir. Bəs buna nə deyə bilərsiniz?

- Elza artıq 50 yaşını xırdalayır. Ona elə gəlir ki, cavandır. Geyimləri qətiyyən maraqlı deyil. Bir insanın ki səsi yoxdur, o, neyləsə "geydirmədi". Bunu deyirəm, bilin, geyimləri də, oxumağı da təbii deyil. Bir adam ki meymuna konsert verir, ondan nə gözləyəsən? Siz ATV kanalından soruşun ki, o, "İstedadlar sorağında" nə gəzir. Bilirsiz, istedadsız oxuyanda istedadlıları həmişə aldadır geyimləri ilə, yeni mahnıları ilə. Elzanın sənəti yoxdur, çalışır ki, nəsə yeni bir layihə görsün, özünü gündəmdə saxlasın. Elzanın Səməd Səmədovdan fərqi odur ki, Arif Məlikovun tələbəsi olub, böyük məktəb keçib. Qabiliyyəti yoxdur oxumağa, amma bəstəkar kimi on ildən sonra nəsə yaza bilər.

- Biz bilirik ki, siz kiminsə bostanına daş atsanız da, cavab verməyəcəklər. Bostanına daş atdığınız müğənnilər deyirlər ki, Əli gündəmdə qalmaq və toy "tutmaq" istəyir.

- Heç toy müğənnisinə oxşayıram? Məni toylara aparmırlar. Bir-iki toy olur, dost-tanışın, ora gedirəm. Hamısı açıb qulaqlarını eşitsin, mən hər şeyi düz deyirəm. 62 yaşım var, kiminsə adını çəkib gündəmdə olmaq istəmirəm. Mənim sənətim var. Səməd Səmədov aparatura daşıyan olub. Elza ha-ha-ha-dan başqa nə bilir, heyvanlar başa düşdü onun oxumağını. İzzət Bağırov heç oxuya bilmir. Baloğlanın mahnıları mənim səviyyəmə uyğun deyil. Xalq qəbul edir. Mən ürəyimdə qəbul etmirəm. Eyyub Yaqubova da dəfələrlə demişəm, erməni stilində oxuyursan. Olmaz, Eyyub. Dedi: Əli müəllim, başqa cür oxuya bilmirəm. Boğaz etməsəm, məni toylara heç kim aparmaz. Şəxsən mənim özümə dedi. Səməd Səmədov əməkdar artist ola bilər, mənim gözümdə aparatura daşıyandı. Azərbaycan himnini bilməyən necə əməkdar artist ola bilər? Deyir ki, mən rus dilində oxumuşam. Düz-əməlli Azərbaycan dilini bilmir. Məndən də üç yaş böyükdür. O vaxt gəlib oturardı, Azərbaycan Dövlət Televiziyası qoyardı oxumağa? Sadəcə şansı var ki, toylara gedir, oxuyur. Toylara da erməni dilində oxuyanları çağırırlar. Brilyant Dadaşova da oxuya bilmir. Mən toy aparanda gəlib oturardı öyrənmək üçün.

- Bəs onda Əli Mirəliyev bu sənətdə kimin oxumağını qəbul edir?

- Elton, Azər Zeynalov, Teymur Əmrah, Nurlan Növrəsli, Ayaz, Aygün Hümbətova və Ramalı qəbul edirəm. Ondan sonra heç kimi.

- Mənə çox maraqlıdır, Rüfət Axundov necə, oxuya bilir?

- Mənim bacım oğludur. İşiniz olmasın onunla.

- Əli Mirəliyev irad tutmursa, deməli, Rüfət Axundov oxuya bilir?

- Düzü, cavandır. Hələ nəticə çıxardar, öyrənər oxumağı. Qoy hamı bilsin ki, Əli özbaşına demir, ona görə deyir ki, Azərbaycan musiqisini mən özümlə o dünyaya aparmayacağam. Necə Şövkət xanımın, Gülağanın sənətini mən davam etdirirəm, sənətimi yaxşı bir oxuyana həvalə edib, çəkilib qıraqda duracam. Ancaq oxuyan olmalıdır. Seçim etməliyəm ki, kim layiqdir davamçım olmağa.

- Sizcə, səviyyəli gündəmdə hansı müğənnilərdir, səviyyəsiz gündəmdə hansı müğənnilərdir?

- Elmira Rəhimova, Zeynəb Xanlarova, Firuzə İbadova, İlhamə Quliyeva, Kəmalə Rəhimli, Flora Kərimova, Nisə Qasımova mənim üçün səviyyəlidirlər. Səviyyəli olmayanlar da yerdə qalanlardır. Sübut edə bilərəm.

- Dekabrın 17- də "Qışlama əməliyyatı" adlı yeni il çəkilişindən çıxan Faiq Ağayev sizi nalayiq ifadələrlə təhqir etmişdi. Siz ona cavab vermədiniz. Belə çıxır ki, barışmısınız?

- Faiqlə əvvəldən münasibətim olmayıb. Əli qorxmadı, bir qolum ona bəsdir, boyu da 140 sm-dir. Faiq 4 nəfər idmançı ilə idi. Mən də insultdan təzə çıxmışdım, bir qolum işləmirdi. Mən cavab versəydim idmançılara, məni itələsəydilər, bəs idi. Faiq mənə yaxınlaşıb dedi, məndən nə istəyirsən? Dedim, nə barədə? Dedi, niyə adımı çəkmisən ki, oxuya bilmirəm? Mən cavab verdim ki, sən razısan öz oxumağından, sən oxuya bilirsən ki? Bilirsiz, "Qızıl Şlyager" Qədir Qızılsəsdir. Hanı o? Hardadır? Var sorağı? Faiqi qəbul eləmirəm, oxuya bilmir. Münasibətimizi də İlhamə Quliyeva düzəltdi, bizi barışdırdı. Nadir Qafarzadə çox özünə əl gəzdirir. Yaxşı oxuyur. Yaşlı nəsildən də Mübariz Tağıyev "pudra" çəkir, ağappaq olur. Mən bilirəm ki, Mübariz qapqaradır. Mən gündən qaralmışam, amma Mübariz çox ağdır, üzünə "pudra" vurur.

- Axı səhnə bunu tələb edir. Gəlin razılaşaq ki, səhnəyə çıxırsa, hər bir insan özünə fikir verməlidir.

- Əzizim, sizin fikrinizlə razıyam. Amma mən o səhnədə cavan olmuşam, eləməmişəm. "Pudra" vurmamışam, Allah o dünyalarını versin, ad çəkməyəcəm, pomada vururdular rəhmətliklər. Deyirəm, silikon dodaq, "pudra" vuranları efirə buraxmasınlar. Sizə qalmaqal lazımdır, mən nəticə istəyirəm. Verilişlərə buraxmasınlar, amma buraxırlar. Mən deyirəm olmaz, əksinə edirlər. Deyirəm, filankəs burnunu kəsdirib, qaş qoyub. Faiq Ağayev deyir ki, idman eləmişəm, sinəm çıxıb. İdmanda "jım" eləmişəm, sinəm çıxıb.

- Bəlkə Faiq Ağayev idmançıdır?

- Nə oldu, iki aya sinə çıxır? Sinəsi çıxır qabağa. Əvvəldən bəs niyə kökəlmirdi, amma sinəsi çıxdı? Mən məəttəl qalıram öz-özümə.

- Hansı müğənnilər oxuyanda siz onlardan zövq alırsınız?

- Ağaxan Abdullayev, Niyaməddin Musayev, Zaur Rzayev, Alim Qasımov, Azər Zeynalov, Abbas, Ramal, Elton, Nurlan Növrəsli, Səkinə İsmayılova, Aygün Hümbətova - bunlar oxuyanda mənə təsir edir, hiss edirəm.

- Pedikür edən, silikon dodaq qoyan, qaş alan, dar cins şalvar geyinən, sırğa taxan, kişi dedikdə ilk öncə nəyi təsəvvür edirsiz?

- Bəyəm səhnədə salamat adam qalıb? Kimə baxırsan, dodağını silikon etdirib, sırğa taxır, qaş aldırır. Bunlara cavanlarımız baxıb nə ibrət götürəcəklər? Samir Bağırov on ildən sonra dedi, mən beləyəm. Səhnədə müğənnilərdən var, adını çəkə bilmərəm, gecələr iki-üç nəfər Bağırov körpüsünün altında dururlar. Tiflis prospektinə çıxırlar. Hər şeyi aça bilmərəm, cavan uşaqlardır.

- Əli Mirəliyev niyə bu müğənnilərin adını çəkə bilmir? Bəlkə qorxur?

- Mən bilirəm, amma deyə bilmərəm. Arvad paltarı geyinib elə bəzənirlər ki, bilmirsən bu arvaddır, yoxsa kişi. Bunu hamı bilir.

- Həmin kişi müğənnisi Əli Mirəliyevin əlinə düşsə, hansı cəzanı verərdi ona?

- Allaha and olsun, həmin kişi müğənniləri, yəni dodağına silikon qoyan, qaş aldıran, sinə qoyduran, pedikür edən, burnunu kəsdirən, arvad paltarı geyinənləri Qaradağda sement zavoduna aparıb, "reşotka" arasında əllərinə "lopatka" verərdim. Qoy on il sement boşaltsınlar. Heç biri efirə çıxmamalıdırlar. Mən efirə çıxıb üzümə pudra vuraraq qaşımı aldırsam, dodağımı silikon elətdirsəm, mənə necə baxarlar? Nə tərbiyə götürəcəklər məndən? Bizim mentalitetimizə əks olan şeydir. Biz azərbaycanlıyıq, avropalı deyilik. Mən seyid balasıyam, necə deyə bilərəm ki, bu yaxşıdır. Mənim cəddim var. Mən deyəcəm yaxşıdır, gəlib 5-10 manat qoyacaqlar, amma bu mənim xalqıma neçəyə başa gələcək, mən yaşamalıyam, xalqım məhv olmalıdır? Xeyr, mən ona getməyəcəm, nə musiqimdən, nə də xalqımın adətindən bir addım geri durmayacam.

- Mənə elə gəlir ki, həyatdan hələ də nə istədiyinizi bilmirsiniz. Nədənsə qərar verməkdə çətinlik çəkirsiniz. Sizi sıxan nədir?

- Mən bütün dövlət tədbirlərində Hüseynağa Hadıyevlə bir oxumuşam. Heç vaxt qapı döyməmişəm ki, mənə nəsə verin. Mənim bəxtim onda sındı, qatarım onda dayandı ki, Gülarə xanım balkondan düşüb vəfat etdi. Əgər sağ qalsaydı, mən yüksək yerlərdə olardım. Məni sıxan odur ki, dərman ala bilmirəm, xəstəyəm. Sənətimə qiymət verməklərini istəyirəm. Çox sağ olsun ANS kanalı. Ora mənim iş yerimdi. Məni ANS dolandırır. Qalan kanalları tanımıram.

- Bütün toylarda sənətçilərimizin ən çox oxuduqları və xalq tərəfindən sevilən "Can-cana" mahnısını Əli Mirəliyev niyə bəyənmir?

- Bəyənmirəm. Hər iki ildən bir "geydirmə" mahnı çıxır. Dostum Manaf Ağayevin də mahnısı var idi - "Ay canı yanmış". Ağadadaş, Niyaməddin, rəhmətlik Məmmədbağır efirdə toyda oxunan mahnıları oxumayıblar. Mənə on milyon versələr də, "Can-cana"nı oxuyum, həmin insanın üzünə tüpürərəm, amma oxumaram.

- "Can-cana" "Toylar kralı"nda ifa ediləndə gördünüz ki, Vüqarın səs faizləri artdı. Canlı verilişdə sizə xalq baxırdı. Hərəkətlərinizdə qeyri-etik normalardan istifadə edirdiniz. Buna ehtiyac var idimi?

- Tüfəng atırdım, mahnının məzmunu budur. Mahnı maraqlı olmaq üçün edirdim. "Can-cana"dan başqa söz başa düşürsüz? İlhaməyə, Nisəyə, Elmiraya gedin deyin "Can-cana" mahnısını oxusunlar, təhqir edərlər həmin insanı. Mən də səhnədə "Dolya vorovskaya" oxuyum, biabır olaram. Bu mahnının özü-sözü biabırçılıqdır. Mən qəbul etmirəm. Kim "Can-cana"ya qulaq asırsa, həmin səviyyədədir.

- Əli Mirəliyev birdən qalmaqalla gündəmə gəldi, dedi ki, mən də varam. Amma ailənizdə həyat yoldaşınız və oğlunuz narazı oldular. Sizin qalmaqal etməyinizə indi evdə necə baxırlar?

- Düzdür, birdən gəldim qalmaqalla, Səməd Səmədovun adını çəkdim. Düz dedim, aparat daşıyan olub. hazırda 50 manata toya gedir. Mənə çox təsir etdi. Aparat daşıyan, sənəti olmayan toylar kralıdır. Mənim vicdanım əl vermədi. 15 ildən sonra qayıdıb öz sözümü dedim. Gündəmdə olmamağımın səbəbi Gülarə xanımın vəfatından sonra dərd oldu. Qarabağda vəfat edən şəhidlərə görə oxumadım, çəkilib qıraqda durdum. Neçə illər qızıl fondda mənim mahnılarım, muğamlarım var, heç kim məni yada salmadı. 1996-cı ildən 2006-cı ilə kimi heç kim mənimlə maraqlanmadı. Əvvəl fikirlərimlə yoldaşım, oğlum razılaşmırdılar. İndi hər şey yaxşıdır. Normaldır münasibətim. Bilirlər ki, mən dediyimi deyəcəm, sözümdən dönən deyiləm.

Bu gün "Şəlalə" rubrikasının sual şırnağı Əli Mirəliyevin üstünə yağdı. Görəsən, müğənni sudan quru çıxa biləcəkmi? Yoxsa axan sular selə dönəcək? Axı müğənni həmişəki kimi sakit dənizlərdə fırtınalar qoparmağa çalışdı...

Şəlalə Nəriman

O.M.