Həmkarımız “Ləziz Dad” verilişinin qalibi oldu

Həmkarımız “Ləziz Dad” verilişinin qalibi oldu

18 Fevral 2014 08:43
Bəyəndim (1) Bəyənmədim (0)
Bu həftə görəcəksiniz ki, Şəlalə Nəriman 500 manat uğrunda kimlərlə necə mübarizə apardı

Biz sadə insanlar adətən verilişləri televiziyadan izləməklə kifayətlənirik. Necə deyərlər, "işin mətbəxinə" daxil ola bilmirik. Bugünkü həmsöhbətim sözün hər bir mənasında "Ləziz Dad" verilişinin mətbəxinə daxil ola bildi. Proqramın iştirakçısı olmaqla yanaşı bir jurnalist kimi prosesləri əvvəldən axıradək izlədi. Və...

- Şəlalə necə oldu ki, "Ləziz Dad" verilişində iştirak etdin?

- Xəzər TV mənim ən çox baxdığım televiziyalardan biridir. Xəzər TV-də gedən bir çox yarışmalarda iştirak etmişəm. Əsas da "Başla görək" yarışmasında. Çox maraqlı idi Azər Axşamın çıxışları. Bir gün evdə oturmuşduq qızlarla. Televiziyada "Ləziz Dad" verilişinə baxırdıq. Hətta nömrələr də yazıldı. Qızlara dedim, gedək iştirak edək. Dedilər, gedə bilməzsən. Mən də götürüb zəng elədim həmin nömrəyə. Bizə bildirdilər ki, gəlib qeydiyyatdan keçməlisiniz. Mən də səhər rəfiqəm Xatirə, bacım Yaqutla getdim Xəzər TV-yə. Düzü, verilişin qaydalarından qəti xəbərim yox idi. Prodüser dedi ki, hərəniz ayrı-ayrı komandalara düşəcəksiniz, biz tanışları, rəfiqələri bir komandaya qoymuruq. Elə oldu ki, rəfiqəm istəmədi iştirak etsin, bacım iştirak etdi. Bacım Yaqut başqa komandada, mən isə müğənnilər - Ülkər, Elxan, Fəridlə bir komandada iştirak etdim.

- "Ləziz Dad" verilişində nələr olardı, nələr olmazdı?

- İnanın, birinci gün məndə elə də həyəcan olmadı. Çünki Elxan Qaraxan oğlunu, Ülkəri çoxdan tanıyırdım. Qismət oldu ki, onlarla bir yerə düşdüm. Fəridi də orada tanıdım. Yaxşı oğlandır. Mənim üçün ən maraqlısı o oldu ki, Şef Ağakərimi tanıdım. Yamandı!

- Nə mənada yamandı?

(Gülür) Çox tələbkardır, qəddardır. Fikrimcə, öz missiyasını yerinə yetirir. Verilən menyuya diqqətli yanaşmağı tələb edir. Hətta hamıya sözünü eyni tonda deyirdi. Kimin səhvi olurdusa, ona qiymət verəndə bir-bir açıqlama verirdi.

- Şəlalə, yeməklərində hansısa taktikadan istifadə etdinmi?

- I gün Türk mətbəxindən kök şorbası bişirdik. Şef Ağakərim çox asanlıqla başa saldı bizi. İlk yeməyimi tanımaq üçün hətta qatı elədim. Qabı ağzına qədər doldurdum. Az miqdarda duz atsam da, yeməyimi tanıdım. İlk qiymətim 5 oldu.

II gün bulka hazırlamalı idik. Çörəyi, xəmir yeməklərini bişirməyi çox gözəl bacarıram, amma bulka bişirməmişdim. Taktikam o oldu ki, gördüm hamısı iri edir, mən balaca etdim. Hətta üstünə vanil də səpdim. Bu zaman Fərid də mənə baxıb bulkalarının üzərinə vanil səpdi. Deyim ki, oyun başlayandan Fərid mənim əlimə baxırdı. Öz bulkamı tanıdım, 5 verdim.

III gün "Jülyen" hazırladıq. Bu, mənim çox sevdiyim yemək idi. Çünki restoranlara gedəndə həmişə o yeməyi sifariş verirəm. Çox maraqlı idi və bacardığım qədər yaxşı hazırladım. Amma təəssüf edirəm ki, yeməyimi tapa bilmədim, 2 verdim. Özümə qarşı tərəflərə 0 verdim.

IV gün Özbək salatı idi. Heç vaxt Özbək salatı hazırlamamışdım və dadmamışdım. Çox dadlı, maraqlı salatdır. Mən öz salatımı tapdım, 5 verdim.

V gün final günündə çox həyəcanlı idim. Yanaqlarım həyəcandan qıp-qırmızı idi. Çünki bu gün 10 bal qiymətləndirmə olacaqdı. Özbək aşı hazırlayacaqdıq. Öz milli mətbəximizdən olan plovları çox gözəl hazırlayıram. Amma Özbək plovunu birinci dəfə idi ki, hazırladım. Şefin də çox xoşuna gəlmişdi. Sadəcə, öz aşımın istiotunu bol eləmişdim. Çətinliklə olsa da, yeməyimi tanıyıb 9 bal verdim.

- Qalmaqallı tanınan Şəlalə qalmaqala düşdümü?

- Qalmaqalı mən etmirəm ki, özləri məni qalmaqala salırlar. Sadəcə, Elxanla bir az sözüm oldu. Səbəb o idi ki, yerində oturanda titrəyirdi. Bu da mənə psixoloji təsir edirdi. Ona bildirdim ki, burdan gedəndə hər şeyi qələmə alacam. Oyun başlayandan demişdim ki, pulu udacağam, qab şampunlarını isə Elxana verəcəyəm. Elə də oldu, uddum, amma Elxana heç nə vermədim (Gülür). Əslində, Elxan dostumuzdur, sadəcə, bu bir oyundur. Əsas odur ki, insanlıqdan çıxan olmadı. Amma hərdən iştirakçılarla sözümüz çəp gəlirdi.

- Verilişdə özünə əsas rəqib kimi görürdün?

- Veriliş başlayan gündən qeyd elədim ki, mən özümə yalnız Ülkər xanımı rəqib görürəm. O da ki xanım olduğuna görə, kişiləri qəti rəqib görmürəm. Qeyd edim ki, Qaraxanoğlunun güclü rəqib olduğunu gördüm.

- Şef Ağakərim necə, düzgün rəy verirdi?

- İnan səmimiyyətimə, Şef Ağakərim işlətdiyimiz taktikaları bilirdi. Hətta elə hərəkət edirdi ki, özümüz bişirdiyimizi çətinliklə tapırdıq. Götürək Elxanın axırıncı yeməyini. Özbək plovunu yandırmışdı. Elxan masada oturanda gözü bağlı idi, ofisianta bildirdi ki, yanmayan yerindən ver. Elxan özü də qeyd etdi ki, bu, mənim yeməyim deyil. Çünki mən öz yeməyimi yandırmışam. Bu yeməyə 0 verirəm. Halbuki, bu yemək Elxanın yeməyi idi. Çətinlik o idi ki, çəngəli belə bizə ofisiant verirdi. Yeməyə əl vura bilməzdik. Bu da Şef Ağakərimin kulinariyanı mükəmməl bilməyindən irəli gəlirdi. Hətta oyun vaxtı ona yaxınlaşsaq da, heç birimizə əlaqə nömrəsini vermirdi. Şef əsas təmizliyə çox üstünlük verirdi. Mən də birinci çalışırdım ki, masamı təmiz saxlayım.

- 500 manat uğrunda yarışma çətin olmadı ki?

- Əlbəttə, çətinliklər oldu. 5 gün ərzində soyuq havada gedirdik çəkilişə. Ən azı 3-4 saat çəkirdilər. Hazırladığımız yeməyin dadına həmin vaxt baxa bilməzdik. Bir də öz masamdan çəkilməməliydim. Çünki qarşı tərəf yeməyimə nəsə ata bilərdi. Xatırladım ki, belə bir fürsət mənim əlimə düşdü. Üç iştirakçı masasından uzaq idi. Amma mən qorxdum Allahımdan, etmədim. Hətta Şef iştirakçılara dedi və mən qeyd elədim ki, sizinlə açıq oynayıram, Allahımdan qorxduğuma görə yeməyinizə heç nə qatmadım. Çünki halallıqla udmaq istəyirdim.

- Qruplaşma necə, var idi?

- Var idi. Elxanla Ülkərin arasında. Amma arzularına çatmadılar. Fərid isə ingilis bayrağı idi.

- Niyə məhz Fərid?

- Səmimi olacağam. Fərid bilirdi ki, udmayacaq. Çünki hamımızdan axırda idi. Mənə yaxınlaşıb bildirdi ki, 50 manat ver, sənə yaxşı qiymət verim. Həmin dəqiqə bildirdim ki, finalda mənim yeməyimə 10 bal versən, sənə 100 manat verəcəyəm. Bir də gördüm ki, məni and içdirməyə çalışır. Fərid mənə 9 bal verdi. Oyundan sonra pul istədi, dedim, 10 vermədin deyə sənə pul düşmür. Çünki mənim üçün 1 bal böyük idi. Ülkərlə mənim balım çox yaxın idi. Yarışmanın ortasında mənim balım aşağı düşdü. I-II yerdə Elxanla Ülkər idi. Xatırladım ki, 4 gün birinciliyi əldən vermədim. Bunu da İnşallah, gələn həftə efirdə tamaşaçılarımız görəcək. V gün balım aşağı düşəndə narahat oldum. Elə oldu ki, birinciliyi əldə etdim.

- Bir çoxları iddia edir ki, 500 manat qalibə verilmir. Bu, nə dərəcədə doğrudur?

- Qətiyyən doğru mülahizə deyil. Bu, tamamilə təmiz, düzgün verilişdir. Özümdən də çox soruşurlar, düzgündü, yoxsa yox. Buradan deyirəm, 500 manat və bir illik "fairy"lər verilir. Ümumiyyətlə, Xəzər kanalında hansı verilişdə hədiyyə verilirsə, düzgündür. Çünki gözlərimin şahidiyəm.

- Belə çıxır ki, qalib sən oldun.

- Bəli, qalib mən oldum. Çox sevindim. Çünki mən oğlum Murada söz vermişdim ki, pulu udub ona verəcəyəm. Əsas odur ki, Allahıma güvəndim. Hər gün evdən çıxanda Allaha dua edirdim. Çox prinsipial qızam. Məğlub olmağımla çətin razılaşaram. Səbəb də düzgünlüyümdür. Şef qalibi elan etməmişdən qabaq giriş verməyə başladı. Ürəyim tez-tez döyünürdü. Mənə bildirdi ki, Şəlalə xanım, 4 gündə liderliyinizi qoruyub saxladınız. Çox təəssüf edirəm deyəndə, elə bildim ürəyim yerə düşəcək, öz-özlüyümdə heyfsiləndim ki, uduzdum. Amma birdən cümlənin sonunda dedi ki, verilişin ortasında ballarınız aşağı düşsə də, gedişatda qalxdı və bu gün lidersiniz, qalib sizsiniz. İnanın, Şef cümlənin axırını bitirməmiş yerimdən qışqıraraq durdum. Şokdaydım, inana bilmirdim ki, udmuşam. Allaha qurban olum. Sadəcə, çox istərdim ki, Ülkər də udsun. Çünki onun bu pula ehtiyacı var idi. Amma qismət mənim oldu. Mən də Murada söz vermişdim ki, pulu udub sənə verəcəyəm. Elə də oldu, pulu udub oğluma hədiyyə elədim. Ən çoxu da onu fikirləşirdim. Bir də ən sevimli və mənim üçün doğma olan qəzetimiz vasitəsi ilə bütün "Ləziz Dad" verilişində əziyyət çəkənlərə öz minnətdarlığımı bildirirəm… Uğurları daha da bol olsun. Hamıya da məsləhət görürəm ki, bu maraqlı verilişdə iştirak etsinlər.

Maraqlı veriliş ruhun qidasıdır. Seyr etdikcə ləzzətindən doymaq olmur. "Ləziz Dad" həm də ona görə ləzzətlidir ki, təbiidir, səmimidir, obyektivdir, ürəyi bulandıracaq heç bir kənar element əlavə olunmayıb.

İsa Rəvan