Lazer epilyasiyasının sirləri – gözəl nəticə və ya təhlükə

Lazer epilyasiyasının sirləri – gözəl nəticə və ya təhlükə

13 Yanvar 2014 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
Bunları hər kəsin bilməsi vacibdir

Son vaxtlar ölkəmizdə və eləcə də dünyanın müxtəlif yerlərində lazer epilyasiyasının populyarlaşması və insanların bu istiqamətdə maraqlarının artması diqqətimizi çəkdiyi üçün, lazer epilyasiyası haqqında kiçik bir araşdırma aparmaq qərarına gəldik. Ona görə də mütəxəssisə müraciət etməyi və mütəxəssis fikirlərini oxucularımızla bölüşməyi özümüzə borc bildik. Müsahibimiz lazer epilyasiyası üzrə mütəxəssis, Gülsüm Əliyevadır.

Gülsüm Əliyeva lazer epilyasiyası üzrə İstanbul FBM Estetik klinikasında təcrübə kursu keçmişdir. Daha sonra ixtisasını təkmilləşdirmək məqsədi ilə Türkiyə Respublikasında Lazer Epilyasiyası Tədrisi Mərkəzində nəzəri kursu bitirmiş və müvəffəqiyyət sertifikatı almışdır. Bundan əlavə, Gülsüm xanım 12 ilə yaxındır ki, tibb sahəsində çalışır. Bir sıra tibbi məqalələrin və Lazer epilyasiyası üzrə tövsiyə xarakterli publisist yazıların müəllifidir.

Bu gün ölkəmizdə Lazer epilyasiyasının geniş yayılmasını və gündəlik tələbatları nəzərə alaraq, xanımlarımızın və bəylərimizin daha düzgün seçim etmələrinə istiqamət vermək məqsədi ilə mütəxəssis fikirlərini öyrənmək üçün Gülsüm xanıma müraciət etdik.

- Gülsüm xanım, çox sağ olun ki, sizinlə görüşüb fikirlərinizi öyrənmək istəyimizi qəbul etdiniz.

- Mən də öz növbəmdə Sizlərə öz təşəkkürümü bildirirəm ki, geniş oxucu kütləsinin tələbatlarını nəzərə alırsınız. Çalışacağam ki, suallarınızı əhatəli şəkildə cavablandıraraq xanımlarımıza və bəylərimizə doğru yol göstərə bilim.

- Lazer epilyasiyası nədir?

- Ümumiyyətlə, terminlərdən istifadə etmədən, hər kəsin başa düşəcəyi formada desək, lazer tək dalğada sıxlaşdırılmış işıq deməkdir. Lazer işığı tibdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə edilməkdədir. Lazer epilyasiya isə, bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi istifadə etməklə uzun müddətli yox edilməsidir. Kiçik tibbi əməliyyat hesab olunan və 1960-cı ildən etibarən təcrübədə istifadə edilən bu üsul 1990-cı illərdən bəri daha da inkişaf etdirilmiş və dermatoloji təhlükəsizlik baxımından daha geniş formada istifadə edilməyə başlanmışdır. Lazer Epilyasiyanın tüklərdə qalıcı olaraq azalmanı təmin etdiyi və insan sağlamlığına zərər vermədiyi ilk dəfə Amerika Qida və Dərman Təşkilatı (FDA) tərəfindən 1997-ci ildə təsdiq edilmişdir.

- Deməli, bu proseduraları rahat şəkildə qəbul eləmək olar, elə deyilmi?

- Bəli, burada qorxulu heç bir şey yoxdur. Texnologiyanın günü-gündən yeniləşdiyi, müasir dövrümüzdə önəmli yer tutduğu bir vaxtda, xanımlarımızın və bəylərimizin müxtəlif üsullarla mübarizə apardıqları problemlərdən biri də vücudumuzdakı lazımsız tüklərdir ki, bu tüklər indiki vaxtda təkcə xanımlar üçün deyil, bəylərimiz üçün də narahatçılığa çevrilmişdir. Bu baxımdan da, müxtəlif epilyasiya alətləri, tük tökücü kremlər və ülgüc kimi geniş yayılmış üsullar qısa müddətli rahatlığı təmin etdiyi halda, lazer epilyasiyası ilə bu problemdən qalıcı olaraq, yəni uzunmüddətli xilas olma faktı gün keçdikcə daha çox diqqət çəkə bildi. Lazer epilyasiyası etdirənlər nəticələrdən son dərəcə razı qaldıqca, bu üsul və eləcə də müasir tələblər standartında hazırlanmış Lazer Epilyasiya aparatları da sürətlə yayılıb inkişaf etməyə başladı. Sadəcə olaraq, insanlar düzgün seçim etməli və yalnız ixtisaslaşmış mütəxəssislərə müraciət etməlidirlər. Lazer epilyasiya aparatları hər yerdə ola bilər, amma bu aparatları lazımi səviyyədə işlədə bilən, insanların dərilərini tanıyan və proseduranı düzgün tətbiq edən mütəxəssis hər yerdə olmur. Ona görə də, son dərəcə diqqətli olmaq lazımdır.

- Lazer Epilyasiya aparatlarının neçə növü var və bunların hansı daha effektli və uyğundur? Bu aparatları bir-birindən fərqləndirən hansı amillər mövcuddur?

- Unutmamalıyıq ki, Lazer epilyasiyasının tətbiqi üsulu cihazların növlərinə bağlıdır. Lazer üsulunun getdikcə artan populyarlığı təyinatı üzrə müxtəlif cihazların icad edilməsinə səbəb olmuşdur. Bu gün Lazer epilyasiyasında istifadə edilməkdə olan cihazlar sırasında Diode, Alexandrite, Ruby, IPL və ND: Yağ mövcuddur. Araşdırmalar zamanı hər aparatın öz üstünlükləri və mənfi cəhətləri tapıldığından, hər şeydən öncə, bu və ya digər proseduranı həyata keçirməmişdən əvvəl yaxşı reputasiyaya malik klinika seçmək, professional mütəxəssisin konsultasiyasında olmaq, bu proseduranın bütün üstünlüklərini və çatışmazlıqlarını dərindən öyrənmək və yalnız bundan sonra qəti qərar qəbul etmək lazımdır. Hər aparatla hər bədəndə proseduraları həyata keçirmək düzgün deyil. Görülən işin təminatına və keyfiyyətinə üstünlük verilməlidir. Bütün hallarda şəxsi maraqları deyil, insanların maraqlarını və şəffaflığı qorumaq lazımdır.

- Maraqlıdır, bəs görəsən ilk dəfə insanlar nə zaman bədənlərindəki lazımsız tüklərdən azad olmağa çalışıblar?

- Lap qədim zamanlarda, bir sıra xalqlar qadınların bədənindəki tüklərin təmizlənməsini doğru hesab etmirdilər. Hətta bu məsələlər, dini baxımdan yanaşsaq, islam alimləri tərəfindən dini şərhlərdə də əksini tapmışdır. Günümüzdə mövcud olan bir sıra yazılarda və xüsusilə də hədislərdə özünü büruzə verən bu məsələlərdən açıq aydın görünür ki, lazımsız tüklərdən azad olma məsələsi vacib olduğu qədər də diqqət tələb edən məsələlərdəndir. Hələ çox yaxın keçmişədək xarici görünüşdə olan qüsurların müalicəsi və onların aradan qaldırılması hətta plastik əməliyyat vasitəsilə belə, çox çətin idi. Lakin lazer kosmetologiyası sahəsində əldə olunmuş son nailiyyətlər və həyata keçirilmiş yeniliklər sayəsində bu cür problemlərin həll olunması hazırda adi hallardan birinə çevrilmişdir. Ancaq buna baxmayaraq, Lazer Kosmetologiyasını bu cür problemlərin həll olunmasında yeganə və ən effektiv vasitə kimi qiymətləndirmək də düzgün olmazdı.

- Lazer Epilyasiyasının ziyanı nə dərəcədə mümkündür və bunu necə aradan qaldırmaq olar?

- Lazer epilyasiyasının zərərləri ilə əlaqədar bu günə qədər ciddi xətalara rast gəlinməmişdir. Ciddi zərərlərdən çox lazer epilyasiyasının tətbiqi əsnasında yalnız yan təsirlər aşkar edilmişdir. Belə ki, lazer tətbiq edilən bölgədə qaşıntı, qızartı, şişmə kimi təsir ola bilər. Bu təsirlər keçicidir və ümumiyyətlə 3-4 gündən sonra hiss olunmur. Bundan başqa, istifadə edilən alətlərlə səliqəsiz davranma halları dəridə yanıqlar və infeksiya riski meydana gətirə bilər. Hansı ki, bu yan təsirlərin meydana gəlməsi, lazer epilyasiyasını tətbiq edənin təcrübəsi, lazer epilyasiya etdirən adamın bədən xüsusiyyətləri və istifadə olunan cihazla əlaqəlidir. Lazer epilyasiyasında əvvəli və sonrası bir müddət diqqət yetirilməsi lazım olan hallar vardır ki, bunlardan biri də açıq havada günəşə çıxılmamasıdır. Ümumiyyətlə, Lazer epilyasiyası sonrası diqqət yetirilməsi lazım olan hallar haqqında bu əməliyyatı həyata keçirən mütəxəssisdən məlumat alınması məsləhətdir. Mən ümumi olaraq, lazer epilyasiyasının üstünlüklərini və əks göstərişlərini qeyd edə bilərəm:

Qeyri-invaziv metod; (dəri altına heç nə batırmadan)

Nəticə proseduradan dərhal sonra görünür;

Prosedura gedişində dəri zədələnmir;

Üsul yüksək effektlidir;

Prosedura çox az vaxtda həyata keçirilir;

Bədənin həssas dərili hissələrində tətbiq oluna bilir. Məsələn: üz, qoltuqaltı, bikini zonası və s.

Epilyasiyadan sonra tüklər dərinin dərinliyinə yerimir.

Bununla belə, Lazer epilyasiyasında əks göstərişlər də mövcuddur:

Kəskin dəri xəstəlikləri;

Varikoz xəstəliklərin ağır formaları;

Şəkərli diabet;

Hamiləlik; (məsləhətdir ki, olmasın)

Dərinin onkoloji xəstəlikləri;

Ürək-damar xəstəlikləri – dekompensasiya mərhələsində;

Dərinin keloid kəsiklərinin əmələ gəlməsinə meylliliyi;

Kəskin infeksion xəstəliklər və iltihab prosesi;

Çox tünd və yaranmasından iki həftədən az keçmiş günəş qaralması.

- Yəni bir xoşagəlməz hal olarsa, bu həm proseduranı həyata keçirənin, həm də qəbul edənin günahından baş vermiş olur, elə deyilmi?

- Bəli, tamamilə doğrudur, hər iki tərəfin günahı ucbatından xoşagəlməz anlar yaşana bilər.

- İstərdik proseduraların əhəmiyyətini izah edəsiniz.

- Baxın, hazırda bir çox lazer proseduraları böyük populyarlıq daşıyır. Gəlin bu proseduraların üstünlüklərini, çatışmazlıqlarını və ümumilikdə onların əhəmiyyətini aydınlaşdırmağa çalışaq.

Bu proseduralar sağlam şəkildə uyğun yerlərdə həyata keçirilməlidir. Lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Əgər pasiyentdə hormon disbalansı, yəni pozuntusu yoxdursa, bu zaman cəmi 4-5 prosedura keçməklə bədənin istənilən yerində olan arzuolunmaz tüklərdən tam azad olmaq olar. Qirsutizm, yəni qadınlarda boğaz və üst dodaq nahiyəsində tüklənmə zamanı arzu olunan effekti əldə etmək üçün pasiyent təxminən 10 prosedura keçməlidir. Proseduranın tam ağrısız keçirilməsini təmin etmək məqsədi ilə bədənin prosedura aparılan hissəsinin soyudulması üçün xüsusi avadanlıq tətbiq olunur. Lazer epilyasiyasının üstünlüyünü sübut etmək üçün bir faktı qeyd etmək kifayətdir: bu prosedura nəticəsində nəinki arzuolunmaz tüklərdən, hətta lazımsız tərləmədən də yaxa qurtarmaq mümkündür. Lazer epilyasiyasından sonra ülgücü və depilyasiyanın ağrılarını uzun müddət unutmaq olar. Lakin dermatit, ekzem və digər dəri xəstəliklərindən əziyyət çəkən insanlarda lazer epilyasiyasının əks göstərişləri üzə çıxa bilər ki, bu da lazer epilyasiyasının ən başlıca çatışmazlığı hesab olunur. Eyni zamanda digər ziyanverici halların baş verməsi də mümkündür ki, bu da lazer epilyasiyasını həyata keçirən mütəxəssisin iş təcrübəsindən, lazer epilyasiyası elətdirən şəxsin bədəninin aparatlara olan reaksiyasından və ən başlıcası da, lazer epilyasiyasında istifadə olunan Lazer Aparatından asılıdır. Əgər pasiyent sağlam bədənə və dəriyə sahibdirsə, lazer epilyasiyasını vaxtlı vaxtında edə bilər. Hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, lazer epilyasiyasının şüası dəri qatına 5 mm dərinlikdə təsir göstərir. Limfa düyünləri isə dəridən daha dərinlikdə yerləşir. Bunları nəzərə alsaq, Lazer epilyasiyasının heç bir zərərinin olmadığı qənaətinə gələ bilərik.

Demək olar ki, bütün qadınların üzündə bu və ya digər nahiyələrdə xoşagəlməz tüklər mövcuddur. Ancaq bu tüklər bütün qadınları narahat etmir. Məsələ burasındadır ki, tükləri iki qrupa bölmək olar:

1. Yüngül və yumşaq;

2. Terminal tüklər adlanan uzun və qalın tüklər.

Birinci növə daxil olan tüklərdə keratin və melaninin miqdarı az olur. Bu səbəbdən də onlar əsasən yumşaq və zəif rəngli olurlar. Bu tüklərin follikulu çox kiçikdir, ona görə dərində bitmirlər. Belə tükləri rahat və nisbətən ağrısız çıxarmaq olur. Baxmayaraq ki, bu tüklər demək olar ki, bədənimizin hər yerində kifayət qədər mövcuddur, belə tüklər demək olar ki, kosmetik cəhətdən heç kimə mane olmur. Bundan əlavə, bu tüklər bədənin normal temperaturunun qorunub saxlanılmasında böyük rol oynayır. Uzun tüklər isə, əsasən qalın, bərk və dərində bitmiş olur. Normal halda (qadınlarda) başda, qoltuq altlarında və qarının aşağı hissəsində bitirlər. Üzdə arzuolunmaz tüklərin bitməsi bir qayda olaraq Qirsutizmlə bağlıdır. Qirustizm – qadınların "hormonal asılı" yerlərində artıq tüklərin bitməsidir. Bu zaman artıq tüklərin bitməsi bədənin müxtəlif yerlərində müşayiət olunur. Lakin məlumdur ki, əsasən üzdə bitən tüklər çoxlarını narahat edir. Bu isə, Steroid hormonu ilə bağlıdır. Steroid hormonu artıq olanda bu qadınlarda hormonal pozğunluq yaradır. Bu zaman, prosedura hətta müalicə olunmazsa, illərlə davam edə bilər. Belə ki, mütləq hormonal pozğunluğa qarşı ginekoloq tərəfindən müalicə tətbiq edilməlidir. Kişilərdə isə qadınlara nisbətən hormon yüksək olduğundan 10-dan artıq prosedura keçirilir və effekti olur. Bu cür tüklərin qırxılması, dartılaraq çıxarılması həmin tüklərin daha da artmasına səbəb olur. Düzdür, elektroepilyasiya bu sahədə çox effektivdir, lakin bu da həm ağrılı, həm də çox baha başa gəlir. Bundan əlavə elektroepilyasiya tam təhlükəsiz də deyildir. Belə ki, bu zaman iynə dərinin 5-6 mm dərinliyinə yeridilir ki, bu da üzdə arzu olunmayan iltihabların və çapıqların əmələ gəlməsinə səbəb ola bilər. Üzün lazer epilyasiyası qirsutizmin kosmetik müalicəsi sahəsində yeni dövrün başlanmasıdır. Bu yolla müalicə həm tez, həm ağrısız, həm də tam təhlükəsiz başa gəlir.

- Gülsüm xanım, Siz elektro epilyasiyadan söz açdınız. Elektro epilyasiyanın Lazer epilyasiyasından fərqi nədədir?

- Elektro epilyasiya - aparat epilyasiyasının ən köhnə növüdür ki, prosedura zamanı mütəxəssis hər tük follikuluna iynə yeridir, nəticədə follikul dağılır. Elektroepilyasiya Lazer epilyasiyaya nisbətən daha çox vaxt aparır.

- Bəs arzuolunmaz tüklərdən azad olmaq üçün xalq təbabətindən istifadə oluna bilərmi?

- Xalq təbabəti deyərkən, bəzi yerlərdə arzuolunmaz tüklərdən qurtulmaq üçün istifadə olunan ən sadə üsullar - mum və şəkər ilə olan epilyasiyadır. Bu zaman tüklər cəld hərəkətlə çıxarılır. Əlbəttə ki, bu üsul arzu edənləri tüklərdən həmişəlik azad etməyəcəkdir. Ancaq onlardan uzun müddət ərzində istifadə etsəniz, onlar tüklərin sayının tədricən azalmasına və nazikləşməsinə səbəb olacaqdır.

- Yəni bu üsullardan istifadə etməklə arzuolunmaz tüklərlə mübarizə aparmaq mümkündür?

- Bəli, əlbəttə mümkündür. Amma bunun da özünəməxsus fəsadları meydana gəlir. Bildiyimiz kimi, heç də hər bir qadın epilyasiya üçün mütəxəssisə müraciət etməyə vaxt tapa bilmir. Bəzi hallarda da buna maddi imkanlar mane olur. Bu zaman əksər xanımlar evdən çıxmamaqla lazımsız tüklərdən effektiv şəkildə azad olmaq üçün kremlərdən və sprey-depilyatorlardan və xüsusi mumlardan istifadə edirlər. Ancaq qeyd etmək istəyirəm ki, adi mumlardan requlyar istifadə etdikdə, dəridə sallanma əmələ gəlir və bu da hər bir qadın üçün xoşagəlməz haldır. Krem-depilyatorlar isə xanımların dərisində allergiyaya səbəb ola bilər. Krem depilyatorların ən əsas çatışmazlığı ondan ibarətdir ki, bu kremlər vasitəsi ilə tüklərdən birdəfəlik qurtulmaq mümkün deyil.

- Demək, yenə də ümidlər müasir texnologiyalara yönəlir, elə deyilmi?

- Əlbəttə, müasir texnologiyalar üzdə və bədəndə olan tüklərin aradan qaldırılmasına yanaşmanı kökündən dəyişmişdir. Əgər əvvəllər tüklərin ancaq müvəqqəti təmizlənməsi mümkün idisə, indi əldə olunan yeniliklər və müasir aparatlar vasitəsi ilə arzuolunmaz tüklərdən birdəfəlik qurtulmaq mümkündür. Amma buna baxmayaraq, qeyd etmək istəyirəm ki həmin bu aparatlar da növlərinə görə fərqlənirlər. Elə aparat var ki, tükləri üzdən ütür və tük folekuluna heç bir təsir etmir, nəticədə isə gec də olsa həmin tüklər yenə inkişaf edir, çoxalır. Birbaşa tükün folekuluna təsir edən aparatlar da var ki, bundan mütəxəssislərimiz geniş istifadə edirlər. Burada seçim pasiyentin üzərinə düşdüyü üçün pasiyent bu incəlikləri bilməlidir.

- Bəs hansı hallarda lazer epilyasiyası tətbiq edilə bilməz?

- Hər bir insanın bilməsi vacibdir ki, soyuqdəymə, qrip, allergiyanın kəskinləşməsi və hamiləlik zamanı pasiyentlər israr etsələr də, lazer epilyasiyası proseduralarının tətbiqinə yol verilməməlidir. Bundan əlavə, epilyasiyaya məruz qalan dəri sahəsi sağlam olmalı, bu sahədə yara, cızıqlar və iri xallar olmamalıdır.

- Hətta xallar da olmamalıdır?

- Bəli, iri xallar. Epilyasiya olunan hissədə iri xallar olmamalıdır. Çünki lazer epilyasiyası zamanı arzuolunmaz tüklər kəskin lazer şüasının köməyi ilə, fotoepilyasiyada isə çox intensiv adi işıq şüası ilə təmizlənir. Xüsusilə qeyd etmək istəyirəm ki, hər iki növ epilyasiya ağrılı ola bilər. Ona görə də ağrıya qarşı çox həssas olan pasiyentlərdə epilyasiyadan əvvəl xüsusi gel vasitəsilə ağrısızlaşdırma yerinə yetirilir. Müəyyən fasilələrlə təkrarlanan seanslar sonrasında dəri və qıl quruluşunun uyğun olması halında tətbiq edilən bölgədəki tüklərin qadınlarda 70 - 90%-i, kişilərdə isə 60 - 80%-i qalıcı olaraq təmizlənəcəkdir. Geriyə qalan tüklər isə incə, açıq rəngli və kosmetik əhəmiyyəti az olanlardır ki, bunları da asanlıqla aradan qaldırmaq mümkündür.

- Gülsüm xanım, insanlar müxtəlif rəng çalarlarına xas olan dəriyə və tüklərə malikdirlər. Lazer epilyasiyasında dərinin və tüklərin rəngləri hər hansı bir şəkildə rol oynayırmı?

- Bu bir reallıqdır ki, lazer epilyasiyası zamanı tüklərin rəngi də həlledici rol oynayır. Tünd rəngli tüklərin təmizlənməsi daha asandır. Lazer epilyasiyası çox tünd və günəş şüaları altında yanmış dəridə, həmçinin çox açıq və ağ rəngli tüklərdə effekt vermir. Belə ki, sırf tünd piqment lazer işıqlanmasının enerjisini özünə cəlb edir. Açıq rəngli və ağarmış tüklərdə melanin mövcud olmadığından bu cür tüklərin yalnız elektroepilyasiya vasitəsi ilə təmizlənməsi mümkündür. Solğun tonlu dəri yanıqların əmələ gəlməsinə daha meyllidir. Lazer şüası həm tüklərə, həm də dəriyə təsir edir. Bu səbəbdən də güclü qaraldılmış dəridə epilyasiyanın tətbiq olunması məqsədəuyğun deyil.

- Lazer epilyasiyası proseduralarından sonra pasiyentlər necə davranmalıdırlar? Hər hansı bir şərtlərə əməl etmək lazımdırmı?

- Bir sıra hallar var ki, onlara mütləq əməl olunmalıdır. Epilyasiya etdikdən sonra tüklərdən təmizlənmiş sahəni islatmaq olmaz. Proseduradan sonra 3 gün saunaya getmək və yaxud ardıcıl duş qəbul etmək məsləhət deyil. Piqment ləkələrinin əmələ gəlməməsi üçün ən azı 2 həftə ərzində epilyasiya olunmuş sahəyə günəş şüalarının birbaşa təsir göstərməsinə yol vermək olmaz. Ümumiyyətlə, epilyasiyanı həyata keçirən mütəxəssisin bütün təlimatlarına düzgün və tövsiyə olunan qaydada əməl etmək çox vacibdir. Hər kəs qaydalara əməl etməlidir ki, çəkilən maddi xərclərin və əziyyətin bəhrəsi olsun.

- Gülsüm xanım, çox sağ olun ki, xahişimizi nəzərə alıb oxucularımız üçün, xüsusilə də, lazer epilyasiyası haqqında məlumatsız olan xanımlarımız və bəylərimiz üçün geniş və dəyərli məlumatlar verdiniz. Oxucularımıza nə demək istərdiniz sonda?

- Mən də Sizə öz minnətdarlığımı bildirirəm ki, günün tələblərindən biri olan əhəmiyyətli və vacib bir məsələnin araşdırılmasında yaxından iştirak edib xanımlarımızın və bəylərimizin maarifləndirilmələrinə çalışırsınız. Bu çox vacib və eyni zamanda savab əməllərdəndir. Sonda isə xanımlarımıza və bəylərimizə öz qayğılarına qalmağı və Lazer epilyasiyasının imkanlarından öz xarici görünüşlərinin dəyişməsində heç nədən çəkinməyərək istifadə etmələrini bir mütəxəssis kimi tövsiyə edirəm.

Ruqiyyə Könül