Küçük İbo Röyanı sevdiyini, Aygünü isə tanıdığını dedi

Küçük İbo Röyanı sevdiyini, Aygünü isə tanıdığını dedi

16 Avqust 2013 12:24
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyənin gənc müğənnisi İbrahim Tatlısəsi niyə ayı adlandırdı?!

Bugünkü müsahibim on iki yaşından sənətə atılmış, nəinki Türkiyədə, eləcə də bütün türkdilli ölkələrdə tanınan müğənni İbrahim Küçükdür. O da türk musiqisinin imperatoru İbrahim Tatlısəsin kəşflərindəndir.

Belə ki, illər əvvəl Şanlı Urfaya səfər edən İ.Tatlısəsdən bir usağı dinləməyi xahiş etmişdilər. O, məftunedici səsə valeh olduğunu bildirmiş və "sən böyük adam olacaqsan! Bu səsi itirmək olmaz", - demişdi. Beləliklə, imperator balaca İbonu öz verilişlərinə dəvət etməyə başlamışdı. O gündən etibarən "Küçük İbo"nun həyatında yeni bir səhifə açıldı.

HAQQINDA:

1884-cü ilin mart ayının 21-də Şanlı Urfada anadan olmuş İbrahim Küçük Sakarya Universitetinin məzunudur. 1996-cı ildən etibarən populyar mahnılardan ibarət albomlar üzərində çalışıb:

1. "Ayrılık acısı" (1996)

2. "Hasret sona erdi bu gün" (1997)

3. "Yüreyim yanıyor" (1998)

4. "Sensiz olmuyor, Gulum" (2000)

5. "Hancı" (2004)

6. "Sahnede" (2009)

Küçük İbo serial və film çəkilişlərinə də dəvətlər almışdı. "Şohretler Kebapçısı", "Dumanlı yol", "Küçük İbo" kimi seriallarda baş rollarda çəkilmişdi. Dəvətlərin ardı-arası kəsilməyən bir vaxtda, şan-şöhrətin tam zirvəsindəykən nədənsə sənətçinin həyatında birdən-birə durğunluq yarandı. Hətta fanatı olduğu İbrahim Tatlısəsin verilişlərində belə görünmədi. Qeybə çəkildi... Sən demə...

Küçük İbo ilə imperator İbonun arasından qara pişik keçibmiş. "Yaltaqlıq etmədiyim üçün məni proqramına çıxartmır. Yoxsa çıxarardı. Mən ayıya dayı demərəm. Ayı ayıdırsa, ayıdır, dayıdırsa, dayıdır", - deyən Küçük İbo incikliyinin səbəbini bu cür bildirdi. Buna baxmayaraq, İbrahimlərin qalmaqalı uzun çəkmədi. Belə ki, Tatlısəsin həmyerlisi tərəfindən güllələndiyini eşidən Küçük İbo umu-küsünü unudub, imperatorun həyata dönməsindən ötrü dualar edənlər arasına qatıldı.

- Ailəniz haqda qısa məlumat verə bilərsən?

- Ailədə altı uşağıq; dörd qız, iki oğlan. Mən üçüncüyəm. Atam müəllimdir, anam isə ev xanımı, belə bir ailənin çocuğuyam.

- On iki yaşından səhnələrdəsən. Kiçik yaşlarından oxumağa başladığın üçün "Küçük" ləqəbini veriblər sənə, yoxsa səsin İbrahim Tatlısəsin səsinə bənzəyirdi deyə "Küçük İbo" oldun?

- Kiçik yaşlarımdan başladığım üçün "Küçük İbo" dedilər. Bundan başqa, axı mənim soyadım elə "Küçük"dür; "İbrahim Küçük". Ibrahim Tatlısəsi də sevirdim deyə, onun mahnılarını oxuyurdum.

- İndi aran necədir onunla? Vəziyyəti necədir? Səncə, yenidən səhnəyə çıxıb, oxuya biləcəkmi?

- Görüşürəm İbrahim abi ilə. Yaxşı olacaq, İnşallah. Onu çox sevirik.

- Düşmənlisən? Haqqında dedi-qoduları kim yayır belə? Deyilənə görə, sənətdən birdəfəlik getmisən...

- Mən indi də varam. Sadəcə TV-də olmadığım üçün elə düşünürlər. Əslində, konsertlər verirdim, həm də institutda oxuyurdum deyə, bir aralar görünmədim. Bilmirəm haqqımda söz-söhbəti kim yaydı. Tək gerçəklik – hər şeyin öz zamanı var. Yaxşı proyekt olmasa, çıxmıram. İndi yeni klipim çıxıb, "Kral TV"-də yayımlanmaqdadır.

- Hə, mübarəkdir, düşərli olsun.

- Ümid edirəm bəyəndiniz.

- Azəri sənətçilərindən kimləri tanıyırsan?

- Röyanı tanıyıram. Səsini, yorumunu sevirəm. Aygün Kazımovanı tanıyıram, amma sadəcə səsini eşitmişəm, yəni özü ilə tanış deyiləm.

- Azəri qızı Günellə necə, dostluğunuz davam edirmi?

- Günellə çox görüşə bilmirəm. Konsertləri var. Mənimki də həmçinin. Güneli də sevirəm. Səsi, yorumu çox yaxşıdır.

- Yaradıcılıqda nə kimi yeniliklərin var?

- "Neredesin" adlı albomum hazırlanıb, klipi də var. Yenilik indi yeni tərzimi gündəmə gətirməkdən ibarətdir. Fərqli bir iş yapdım. Mənə yaraşacağını düşündüm və etdim. Yaxşı oldu. Kim dinləyirsə, yaxşı sözlər deyir.

- Evlənmək haqda düşünmürsən? İnanıram ki, hazırda subay qızlar bu sualın cavabını gözləyirlər...

- Hər bir gənc kimi mən də evlənmək istəyirəm. Doğru zamanda doğru insanı tapsam...

- Oxumeni.az-ın oxucularına bugünlük son sözün...

- Mən sizlərə təşəkkür edirəm. Məni Azərbaycandakı pərəstişkarlarımla görüşdürdüyünüz üçün sağ olun. İyi günlər.

Xatirələri yaşadan insan elə həmin xatirələrdə yaşadığının fərqinə varmır. Bu gün uşaqlıq illərimizdən gələn qonaqla söhbət etdik. Beləcə, həm onu yaxından tanıdıq, həm də uşaqlıq illərimizi xatırlamaqla böyüdüyümüzün fərqinə vardıq.

Könül Aypara

O.M.