Xalq artisti bəzi müğənnilərin çıxışını sirk adlandırır

Xalq artisti bəzi müğənnilərin çıxışını sirk adlandırır

26 Aprel 2013 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
“Səhnəyə yeni çıxmış Üzeyiri özümə rəqib görürəm”

Həyatda ən bahalı hədiyyə zinət əşyaları sayılır. Onların da içində ən bahalı olanı brilyantdır. Hədiyyəni dəyərli edən isə onun səmimiyyətlə təqdim edilməsi və gərəkli olmasıdır. Elə isə, həyatımın bu anında sizə çox qiymətli və dəyərli olan hədiyyəni təqdim etmək istəyirəm.

"Ömrün anları" rubrikasının bugünkü qonağı sözün hər mənasında Brilliantdır...

- Özünüzü oxucularımıza təqdim edin, mümkünsə bir az fərqli...
- Mənim adım Brilliant, soyadım isə Dadaşovadır. Fərqi görmək istəyənin də, istəməyənin də canı sağ olsun.
- Sizə elə gəlmir ki, cavab bir qədər aqressiv oldu?
- Aqressiv yox, ciddi. Özümü bir az fərqli təqdim etməmi istədiniz, onun necə olduğunu bilmirəm (gülür).
- Çox vaxt işlərinizə görə qürbətdə olursunuz, həmin işləri Azərbaycanda görüb auditoriyanızı da sevindirə bilməzsiniz?
- Mənim işim televiziya ilə bağlıdır, televiziyaya da hər yerdən baxmaq mümkündür. Çəkiliş Bakının göbəyində və ya İstanbulun göbəyində olsa, nə fərq edir? Tamaşaçı onsuz da evində əyləşib televizor vasitəsilə mahnılarımı dinləyəcək. Məkanın dəyişməsinin fərqi yalnız efirin strukturunda özünü göstərir, bu dəfə mən verilişimə azəri sənətçilərini deyil, türk sənətçilərini dəvət edirəm. Çünki 5 il "Space" telekanalında yayımlanan proqramımda Azərbaycan müğənnilərini yetərincə dəvət etmişəm. Etdiyim şeyləri də təkrarlamağı xoşlamıram.
- Digər bacılardan Brilliantı nə fərqləndirdi ki, parladı?
- Mənim Sədaqət bacım Vaqif Mustafazadənin dövlət "Sevil" vokal instrumental orkestrının solisti olub. Vaqif Mustafazadə dünya çaplı, əvəzi olmayan musiqiçidir, belə dühalar ölməzdir! Sonra bacım özü müğənni karyerasını davam etdirmək istəmədi. Lalə bacım Konservatoriyanın fortepiano bölməsini bitirib. Uzun sözün qısası, bacılarım istəsəydilər, səhnədə olardılar.
- Bəs siz müğənni olmasaydınız, özünüzü hansı peşədə sınayardınız?

- Müğənni olmasaydım, hüquqşünas olardım, ya da jurnalist, yəni sizin kolleqa.
- Demək, şanslı sayıla bilərik, ya da siz şanslısınız ki, müğənni olmusunuz?
- Sizin şanslı sayılmağınız yalnız öz taleyinizlə əlaqədar ola bilər, insan gərək öz şanslılığını və ya şanssızlığını başqalarında axtarmasın.
- Jurnalist olsaydınız, şou-biznesin bugünkü durumunu necə xarakterizə edərdiniz?
- Jurnalist olsaydım, mənə şou-biznes maraqlı gəlmədiyi üçün əsl musiqidən, incəsənətdən bəhs edərdim. Mən görünüşlə bağlı olan çıxışları sirk adlandırıram. Əlbəttə ki, əgər həm görünüş, həm də səs varsa, mürəkkəb əsərlər də ifa edə bilirsə, məsələn, Rəşid Behbudovun "Üzüyümün qaşı firuzədəndir"dən də gözəl musiqiləri yarada bilirsə, həmin müğənni əsl musiqi ziyafəti verə bilər.
- Şou-biznesin bugünkü durumu çox acınacaqlıdır. Bu durumda siz özünüzə kimləri rəqib görürsünüz və kimləri, sözün əsl mənasında, istedadlı hesab edirsiniz?
- Səhnəyə yeni çıxmış Üzeyiri özümə rəqib görürəm, soyadını bilmədiyim üçün məni bağışlayın, bu mənə böyük eyibdir (gülür).

- Səhnədə, ifalarında çılğın olan Brilliant həyatda necə insandır?
- Yaxşı deyiblər: "Xalqın gözü tərəzidir". Həyatda necə olduğumu musiqimi sevən melomanlar çox gözəl bilirlər.
- Bəs özünüz niyə anlatmaq istəmirsiniz?
- Görünən kəndə bələdçi gərək deyil.
- Mahnılarınızın içində elə birisi var ki, nəyəsə görəsə sizə daha əzizdir?
- Mahnılar əhval-ruhiyyəyə bağlı olur, hamıda bu belədir. Bütün insanlar musiqini əhvala görə qəbul edir. Şən, kədərli, düşündürən, sakitləşdirən və s...
- Ömrünüzün kədərli, acılı günləri olubmu?
- Mən aydan gəlmişəm? Hələ kiçik yaşlarından anamı itirmişəm, bir qızın anasız böyüməsinin nə olduğunu təsəvvür etmək çətin deyil yəqin ki. Ümumiyyətlə, kədərli şeylərdən danışmağı heç vaxt sevməmişəm, sənətim mənə insanlara sevinc bəxş etmək imkanı verib. Həmişə çalışmışam kədərimi özüm yaşayım, sevincimi isə bölüşüm.
- Bəs bu qədər özünüzə qapanmanız sizə çətinlik yaratmırmı?
- Əlbəttə ki, çətinlikləri çoxdur, gündəmdə olan insan üçün lap çətindir, çünki hər addımımız nəzarət altındadır. Yuxarı tüpürürsən, bığ, aşağı tüpürürsən, saqqaldır. Hər şeyi yüz ölçüb, bir biçmək lazımdır.
- İlk yaradıcı addımlarınızda ən çox kimlərin dəstəyi olub və bu gün o insanlarla münasibətiniz qalıbmı?
- Mənə böyük qardaşlıq edən Akif İslamzadə, solisti olduğum Dövlət Estrada Simfonik orkestrının rəhbəri olmuş Rafiq Babayev "sən səhnədə olmalısan, sənin səsini və yeni oxuma tərzini musiqisevərlər dinləməlidirlər" deyirdilər. Onların təkidi ilə mən professional səhnəyə qədəm qoymuşam.
- Çəkici olmağınızın sirlərini xanımlarımıza da açardınız...
- Xanımlarımız özləri çəkicidirlər. Hər xanım çox gözəl bilir ki, ona nə yaraşır. Sadəcə, bəzi xanımlar tənbəllik edib oturaq həyat tərzi sürürlər. Tənbəllik hamımızın canında var, ona qalib gəlmək isə stimula bağlıdır. Çalışsınlar ki, həyat stimullarını heç vaxt itirməsinlər.
- Sizinlə görüşümüz çətinliklə baş tutdu, başınızın möhkəm qarışıq olduğunu deyirdiniz. Mümkünsə yeni layihələrinizdən oxucularımızı da agah edin.
- Dünyada Azərbaycan musiqisini müvəffəqiyyətlə tanıdan, gözəl ustad Əlixan Səmədovla CD hazırlayırıq. Türkiyə televiziyasındakı proqramım çox vaxtımı aldı, bu üzdən CD-ni bir az ertələdik, indi Türkiyəyə gedən kimi ilk işimiz CD-dəki musiqilərlə məşğul olmaq olacaq.
- Sonda oxuculara öz dəyərli ürək sözlərinizi deyərdiniz.
- Allah sizin hər birinizi qorusun, daim gözəl və zövqlü musiqilər dinləyin ki, ruhunuz dincəlsin.

İllər ötəcək. Qiymətli insanlar, onların sənəti, bu sənəti əks etdirən maraqlı müsahibələr heç zaman dəyərini itirməyəcək. Eynən təbiətin şah əsəri olan brilyant kimi.

"Ömrün anları" rubrikasında görüşənədək.
Arzu Murad

O.M.