Gülər Əhmədova: “Qadın üçün həbsdə olmaq yüzqat əzabdır, dözmək mümkün deyil”

Gülər Əhmədova: “Qadın üçün həbsdə olmaq yüzqat əzabdır, dözmək mümkün deyil”

25 Aprel 2013 22:20
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq deputat quşların azadlığına həsəd aparır

Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova haqda yeniliklər var. Daha doğrusu, sabiq deputat "Media forum" saytının suallarını cavablandırıb. Müsahibəni qısa ixtisarla sizlərə təqdim edirik.

- Səhhətiniz, saxlanma şəraitiniz necədir? İstintaq təcridxanası əməkdaşlarının sizinlə davranışından razısınızmı? Kamera yoldaşınız kimdir? Həbsxanada günlərinizi necə keçirirsiniz? Nəsə yazırsınızmı? Gündəlik, yaxud keçmişlə bağlı xatirələr...

- Özümə qarşı insani, normal münasibət görürəm. Amma mətbuatda yazıldığı kimi lüks şəraitim yoxdur. Televizorum, telefonum da yoxdur. Su sarıdan çox korluq çəkirəm. İsti su həftədə iki dəfə olur. Soyuq su da böyük fasilələrlə verilir. Hərəkətsizlik ucbatından ciddi problemlərim yaranıb, ürək-damar sistemində olan ağrılardan ciddi əziyyət çəkirəm. Mənim bu günümə həsəd aparanlara Allah qismət eləsin. Günümü namaz qılmaqla, mütaliə etməklə keçirirəm. Hazırda Adam Metsin "Müsəlman intibahı" kitabını oxuyuram. Yalnız Allaha, cənab prezident İlham Əliyevə və ailəmə arxalanıram. "Haqq nazilər, üzülməz!" deyiblər. Allah səbirliləri, zülmə, çətinliyə dözənləri sevir.

- İstintaqın gedişindən razısınızmı? İndiyədək sizi kiminləsə üzləşdiriblərmi?

- Heç kimlə üzləşməmişəm, istintaqdan narazıyam. Aydındır ki, mənim həbsim istintaqın səhvidir. Həyatda hər kəsin səhvi ola bilər. İnanıram ki, istintaq bu səhvini düzəldəcək. Mən böyük intizarla baş prokuror Zakir Qaralovun bu məsələyə müdaxilə edəcəyini gözləyirəm.

- Həbsxana insanın azadlığa, azadlıq dəyərinə yanaşmasını çoxmu dəyişir? Azadlıq həbsdən əvvəl sizin üçün nə demək idi, indi nə anlam daşıyır?

- Həbsxana insanı çox dəyişir. Mənim qaldığım kameradan azca səma görünür. Nə ağacları, nə otları görə bilirəm. Kameradan görünən hissədə, damda barmaqlıqlar arasında bir quş yuvası var. Hələ indiyə kimi quşları bu qədər seyr etməmişdim. Onların azadlığına həsəd aparıram. Kimsə həbsxanaya düşübsə, heç vaxt kiminsə günahsız yerə bura düşməsinə razı olmaz. Kamera sanki insanı qəbir həyatına hazırlayır. Başqa heç nə ilə müqayisə etmək mümkün deyil. İnsan azadlıqda olarkən kiminsə həbsə düşməsini sıradan bir iş kimi qarşılayır. Lakin bu amansız həqiqətlə üzləşərkən azadlığın nə olduğunu başa düşürsən. Qadın üçün həbsdə olmaq yüzqat əzabdır, dözmək mümkün deyil. Bəlkə də Allaha, haqqa olan inamıma görə hələ də yaşayıram.

Məni Azərbaycan siyasətinə gətirən şəxs ulu öndərdir. Bəzən onunla yuxuda danışıram. Sadəcə, onun iradəsi və əzmi gözümün qabağına gəlir. 1991-ci ildə parlamentdə ona qarşı isterik vəziyyətdə çıxış edən deputatları xatırlayıram. Gözümün qabağına ən çox gələn epizodlardan biri 20 Yanvar faciəsindən sonra onun ailə üzvləri və bir-iki nəfərlə Moskvada Azərbaycan nümayəndəliyinə gəlməsi, orada olan siması və çıxışıdır. Bunu mənim özümü onunla müqayisə etməyim kimi dəyərləndirmək istəyənlərə indidən cavab verirəm. Örnək bir həyatdan, mənim özümə lider bildiyim bir şəxsdən öyrənmək vacibdir. Belə insanlar, talelər olmasaydı, bəşər övladı çox zəif və ümidsiz olardı.

- Hazırda Fransada yaşayan, lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sizin də görüntülərinizin olduğu bir neçə video yayıb. Orada sizinlə Elşad Abdullayevin söhbəti əks olunub. Ümumiyyətlə, Elşad Abdullayevi nə vaxtdan tanıyırsınız? Onunla görüşləriniz tez-tezmi olurdu? Siz Elşad Abdullayevlə öz təşəbbüsünüzlə, yoxsa kiminsə tapşırığı, xahişi ilə görüşmüsünüz?

- Allah Elşad Abdullayevə də insaf versin, ürəyinə nida salsın ki, həqiqəti desin, məndən əl çəksin. Elşad Abdullayev də, mən də bilirik ki, o mənə pul verməyib. Dünyada gizli heç nə qalmır. Nə vaxtsa bu da açılacaq.

- Elşad Abdullayev deyir ki, pulu deputat olmaq üçün verib. Kimin deputat olmağını sizin müəyyənləşdirmədiyiniz hamıya məlumdur. Onda necə oldu ki, Elşad Abdullayevlə aranızda belə bir söhbət oldu? Ondan pul almısınızmı? Əgər almısınızsa, nə məqsədlə olub və pul kimə çatıb? Əgər pul almamısınızsa, orada gedən 500 min dollar söhbəti nə söhbətdir?

- Sevinc Babayevanın olmamış bir iş barədə (guya ki, Prezident Administrasiyasında olması) niyə belə bir video-teatrda iştirak etməsi mənim üçün hələ də aydın deyil, bunun səbəbləri hələ də mənə məlum deyil. Elşad Abdullayevin daha sonra yaydığı telefon danışığında Sevinc Babayeva ilkin dediklərini təkzib edərkən Elşad Abdullayevin ona niyə sual vermədiyi də çox maraqlıdır, qaranlıqdır. Elşad Abdullayev bir hüquqşünas kimi Sevincdən soruşmalı idi ki, axı sən əvvəl tamam başqa şeylər danışırdın, pulu Ramiz Mehdiyevə verdiyini deyirdin, indi isə deyirsən ki, pul Ramiz Mehdiyevə çatmayıb... Amma Elşad Abdullayev bu sualı verməyib.

Nə isə, suallar çoxdur… Nə yazıq ki, bu gün bu sualları Sevincə verə bilmirəm.

Ümumiyyətlə, bu video-teatr Azərbaycan üçün yeni bir işdir. Amma beynəlxalq təcrübədə insanların analoji hadisələrə olan münasibəti göstərir ki, bu növ video-təxribatların mövcud olması artıq heç kəs üçün sirr deyil. Müasir informasiya texnologiyaları proqramları vasitəsilə belə təxribatları etmək mümkündür. Konkret bir fakt üzrə misal gətirmək istəyirəm. 2002-ci ildə İsveçrədə Rusiya vətəndaşı olan iş adamı Sergey Mixaylova qarşı sahibkarlıq sahəsində baş vermiş cinayət faktı üzrə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin iş üzrə Sergey Mixaylova qarşı yeganə sübut onun kommersiya rəqibinin istintaqa təqdim etdiyi səsyazmalar olmuşdu. Həmin audio-kaset Sergey Mixaylova təqdim edilib səsləndirildikdə o bildirmişdi ki, səs onun səsidir, lakin belə bir söhbət olmayıb. Sonrakı araşdırmalar nəticəsində həmin audio-yazıların qurama olduğu üzə çıxdı, bu, tam müəyyən edildi. Bu fakt aşkar edildikdə məhkəmənin hökmü ilə Sergey Mixaylova bəraət verildi. Sergey Mixaylov qanunsuz həbsdə saxlandığına görə istintaq orqanını məhkəməyə verdi. Məhkəmə istintaqın Sergey Mixaylova vurduğu maddi və mənəvi ziyana görə ona 1 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxardı. Bütün proses Sergey Mixaylovun xeyrinə yekunlaşdı. İsveçrədə baş vermiş bu real hadisə əsasında film çəkilib.

- Gülər xanım, mərhum Sevinc Babayevanın ölkədən çıxarılmasında rolunuz olubmu? Türkiyədə olduğu müddətdə onunla əlaqə saxlayırdınızmı?

- Sevincin vəfat etməsi məni çox üzdü. Onun ailə üzvlərinin nə deməsindən asılı olmayaraq mənim ona heç vaxt pisliyim keçməyib. Çox təəssüf… Bəlkə də həyatda olsaydı, məni həbs edə bilməzdilər.

- Hakim Yeni Azərbaycan Partiyası sizi sıralarından xaric etdi. Bu baş verməmişdən əvvəl deyirdiniz ki, partiyaya, onun sədri olan prezident İlham Əliyevə sadiqsiniz. Bu gün nə düşünürsünüz? Partiyaya üzv olduğunuz illər üçün təəssüfləndinizmi?

- İlham Əliyevə sadiqəm, ona çox inanıram.

- Bir gün YAP-a qayıda bilərsiniz?

- Mənim əqidəm Heydər Əliyevçilikdir. Partiyadaşlarımın bəzilərinin videolar yayılan dövrdə mənə münasibətindən çox mütəəssir oldum. Açığı, onların məni daha yaxşı tanıdığını düşünürdüm. Çünki YAP üzvü kimi hər zaman bu partiyanın bütün tapşırıqlarını can-başla yerinə yetirmişəm. Nə olar… vaxt gələr, hər şey aydın olar. O zaman yenə də bu məsələyə qayıtmadan görüşərik. Müqəddəs kitabımız "Quran" da "Sizə pislik edənləri bağışlasanız, savab qazanarsınız" deyir. Mən onları bağışladım. Allah bilən məsləhətdir. Biz bir millətin nümayəndələriyik, bizə düşmənçilik yaraşmaz.

- Məhkəməyə verdiyiniz "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edildi. Necə qarşıladınız bu hökmü? Niyə şikayətinizi geri götürmədiniz?

- Nəinki Əvəz Zeynallıya, bütün məhbuslara azadlıq arzulayıram. Allah hamısının qapısını açsın, günahlarını bağışlasın.

O.M.