“Kaş şəhid anası olardım, bu biabırçılığı görməzdim”

“Kaş şəhid anası olardım, bu biabırçılığı görməzdim”

25 Aprel 2013 21:25
Bəyəndim (0) Bəyənmədim (0)
75 yaşlı Gülbikə ana indən belə Musa ilə Təranənin ayrılmasını istəmir

Bir müddətdir Musa-Təranə qalmaqalı gündəmi məşğul etməkdədir. Obyektivlik naminə elə ilk gündən hər iki tərəfin fikrini işıqlandıracağıma söz verdim. Qarşı tərəflərin mövqeyini əks etdirən silsilə yazıları qələmə aldım. Daha sonra tərəflər birləşərək vahid cəbhədə çıxış etməyə başladılar və mən bu mövzuya son qoymaq qərarına gəldim. Lakin bu zaman Musa-Təranə cütlüyünün ittiham etdiyi obyekt üçüncü tərəf kimi formalaşmağa başladı. Odur ki, jurnalist obyektivliyi naminə qarşı tərəfin fikrini əks etdirmək qərarına gəldim.

Budəfəki həmsöhbətim Musayevlər ailəsinin ağbirçəyi, Əli, Cabbar və Musanın anası Gülbikə xanımdır. Onun dediklərini olduğu kimi sizlərə təqdim edirəm.

- Gülbikə xanım, neçə övladınız var?

- Dörd oğlum var idi, biri rəhmətə getdi. Birini də oğulluqdan çıxardıb verdim Təranə Qumrala. Qızım olmayıb. Özümün də yetmiş beş yaşım var. Üç övladımdan razıyam, bir Musadan narazıyam. On səkkiz ildir narazılıq qəlbimi para-para edir. Musa on səkkiz ildir mənimlə əlaqə saxlamayıb. Bir iki dəfə onun-bunun telefonu ilə zəng eləmişəm. Onda da götürməyib. Sadəcə, istəmişəm ki, öyrənim sağdı, yoxsa ölüb. Bir də oğlum rəhmətə gedəndə gəlib. Belə heç vaxt əlaqəm olmayıb.

- Gülbikə ananın nazını kim çəkir ahıl vaxtında?

- Cabbarın qadasını alım, ona qurban olum, mənim nəvələrim, oğlum Əli, çox nazımı çəkir. Gəlinlərim də mənim qızlarımdı, başımın tacıdır. Bütün geyimlərimi Cabbarın həyat yoldaşı alır. Əlinin də həyat yoldaşı qulluğumda durur. Qaldı, elə bu yaxınlarda Cabbarın həyat yoldaşı oğlu və gəlini ilə gəlib məni ziyarətə apardılar. Çox mehribanam hamısı ilə. Pal-paltarımı da gəlinlərim alır. Hər gün Cabbarla danışıram, hal-əhval tutur, ürəyim nə istədiyini soruşur. Bir Musa məni pis günə qoydu hərəkəti ilə.

- Deyirlər, Əlinin arvadı sizi yola vermir...

- Kim deyir, çox səhv edir. İki ay qaldım Əligildə. Gəlinim öz anası kimi mənə qulluq etdi. Yaşlı adamam, balam canı, hamısı məni çox istəyir. Namuslu, qeyrətli insandır.

- Ana, nə əcəb bizə müsahibə verməyə razı oldunuz?

- Qızım, inanın ki, bəlkə sizin vasitənizlə ürəyimi boşalda bildim. Ürəyim partlayır, xəstəyəm. Həm də Cabbar da sizi tanıyır və siz jurnalistlərə böyük hörməti var. Sizin qələminizə güvənirəm ki, mənim dediyimin hamısını yazacaqsınız. Çünki mənimlə çoxları əlaqə saxladı, sağ olsunlar.

- Bildiyimə görə, Musa sizin bacınız qızı ilə ailə qurub.

- Bəli, bacım qızı ilə ailə qurub. 1996-cı ildə "Aran" şadlıq sarayında toyları olub. İl yarım Bakıda bir yerdə yaşayıblar. Çox istəyirəm onu. O da, bacım da indi də yanımdadırlar, çox mehribanıq. Bacımın qızı müəllimədi, indiki yoldaşı da müəllimdi, onunla ailə qurub, hazırda da məktəbdə işləyir. Amma övladları yoxdur.

- Musa ilə övladları olmuşdumu?

- Yox, övladı olmamışdı, indi də yoxdur. Təranə imkan verdi ki? Hamı bilsin, Təranə dağıtdı Musanın ailəsini, özü də əri ola-ola.

- Bu qədər aqressiv olmağınız bacınız qızına görədir?

- Bacım qızı, yazıq qızım gün gördü ki? Musa Təranəyə qoşulan gündən evə gəlmədi. Yazıq qız da evdə tək qalmaqdan bezdi, çıxıb getdi rayona, ayrıldı. Özü də Təranə Musanı kruqa saldı. Gördü ki, Musa gözəl mahnılar yazır, dedi, elə əfəldi, qoy keçirdim əlimə. Nail də oldu, keçirtdi. Özü də əri bildi bu hadisəni. Musanı evlərinə aparanda ərinə də ev aldı verdi, sonra boşandı. Başladı Musanı yeməyə. Sadəcə biz, qardaşları, qohum-əqrəba, hamımız dəfələrlə dedik ki, bala, ayıl, onun əri var, iki qızı var, bizə yaraşmaz. Nə qədər elədik, xeyri olmadı. Dedi ki, məni sevir, mən də onu sevirəm. Təranə mənə deyir ki, gəl evlənək. O evlənək, bu evlənək, bir də gördük efirdən deyirlər ki, Təranədən boşanıb.

- Bir ana kimi nə hisslər keçirtdiniz?

- İlk dəfə onları efirdə - "Ümidvar" verilişində görəndə çox əsəbiləşdim. O, Xanım arvadı evlərinə aparanda çox istədim ki, verilişə qoşulum, evdən imkan vermədilər. O Zaura bir sualım olacaqdı. Deyəcəkdim, sual ver ki, Musa haçan anasının üzünü görüb, səsini eşidib? Oturub orda, utanmır, "ana müqəddəsdir" deyir. Bir neçə illərdi ananın üzünü görmürsən. Yad insana necə ana deyib baxacaqsan? Efirdə niyə bir nəfər sual vermədi ki, ananla münasibətin necədi, ay Musa?

- Sonuncu dəfə Musa ilə nə vaxt danışmısınız?

- Ayrılan günü, bunların davası günü Musa məni yığıb dedi ki, çöldə qalmışam, Əliyə de, gəlib məni aparsın. Dedi ki, ayrıldıq, pis vəziyyətdəyəm. Soruşdum ki, pulun var? Dedi, 20 manatım var, siqaret pulu. Dedim, yemək yemisən? Dedi, yox. Əli sonra bilib ki, pis vəziyyətdədir, yemək alıb aparıb, səhv etmirəmsə, kolbasa, çörək alıb aparmışdı.

- İmişlidəki qonum-qonşu necə qarşıladı bu hadisəni?

- Qonum-qonşu, qohum-əqrəba, hamı başsağlığına gəlirdi. Təranə uşağımı o günə qoydu. Artıq Musanın əlli yaşı var. Heç nəyi yoxdu, quru pencəyindən başqa. "Bədbəxt oğlu" deyirdilər ona.

- Deyirlər, qurbanlar kəsdiniz ki, nəhayət, Musa Təranədən ayrıldı? Neçə qurban kəsildi?

- Qıldığım namaz haqqı yalan söhbətdi. Heç onlara bir toyuq başı da kəsmərəm. Bizdən uzaq olsunlar, maraqlı deyillər. Mənim Əli ilə Cabbarımın adını belə çəkməsinlər. Qoy gedib öz aralarında nə edirlər etsinlər. Musa bizim üçün maraqlı deyil. Demirlər bir-birimizi sevirik, qoy sevsinlər. On səkkiz ildi üz-üzə gəlmədik. Bir demədi ki, mənim anam necədir. Axı anam məni dünyaya gətirib. O, mənimlə maraqlanmır, mən niyə onunla maraqlanmalıyam? Nə üz-üzə gəlmək istəyirəm, nə də gəlməsin biz tərəfə, qəbul etmirik.

- Səmimi olun, Cabbarla hazırda münasibətiniz necədir?

- Cabbarın azarı ürəyimə. Zəng edir hər dəqiqə, "ana neyləyirsən, nə istəyirsən?" deyir. Cabbar qızıl oğlandı. Allah hamıya belə övlad qismət etsin. Mənim balam da, balaları da mənə diqqətlidir.

- İddia olunur ki, Musa qardaşının vəfatından sonra psixoloji sarsıntı keçirib və o vaxtdan psixikası pozulub. Bu, nə dərəcədə doğrudur?

- Musanın qardaşı sağlam adam idi, qan təzyiqi qalxdı, birdən rəhmətə getdi. Artıq üç ildir. Yalan deməsin ki, qardaşıma görə sarsıntı keçirtdim. Heç nə demirəm. Kaş şəhid anası olardım, fəxr edərdim, amma bu biabırçılığı görməzdim. Ailəmizin namuslu, qeyrətli qızını boşayıb, özünü biabır elədi. Mən də anayam axı. Ananı baladan necə ayırarlar? Bunu Allah götürməz! Qaldı, onun başını pozan Təranə olub. Mənim oğlum yaxşı idi. Təranənin kruquna düşdü, çıxa bilmədi.

- Deyilənə görə, qarşı tərəf dəfələrlə xoş məram göstərərək sizə pul göndərmək istəyib. Düzünü deyin, indiyə kimi Musa sizə pul verib?

- Yox, balam, Allaha and olsun, indiyə kimi ondan heç nə görməmişəm. Ayıbdır, bunları kim buraxır efirə, çıxıb deyir ki, mən pul verdim, Musa anasına çatdırdı. Hamısını yalan deyir gözünün içinə kimi. Mənə oğlum, nəvələrim göndərir pulu. Ondan heç nə ummuram, istəmirəm də. O, Musanın cibinə 20 manat pul qoysun, mənə heç nə lazım deyil, biz qəbul etmirik onları. Oğlum çox səhv etdi ki, ərli qadının evinə girib yaşadı. Sonra da özü aldı onu. Sözün düzü, istəmirəm ki, Musa ilə Təranə ayrılsınlar. Çünki on səkkiz ildi sözümə baxmadı. Varı-yoxu, hamısı Təranənin adına. Özləri gedib işləri ilə məşğul olsunlar. Bundan sonra əlli yaşında Musaya arvad alan deyiləm ki? Sözümə baxmadı, el içində biabır etdi bizi. Əvvəllər çox dedim ki, ayıl, bala, gəl evləndirək səni, dedi, yox ki, yox. İndi özü həll etsin problemlərini.

- Heç bir nənə kimi nəvəniz Sevgimi görmək istəmirsiniz?

- Haçan gətirdi ki, biz görmədik? Bakıda olanda bir dəfə də gətirmədi. Sonra yığmışdı, dedi, istəmirsən qızımı görəsən? Dedim, mən xəstə adamam, gətirirsən gətir, gətirmirsən gətirmə. Sonra bir xəbər çıxmadı. Belə də ki, istəmirəm görmək, biz qəbul etmirik o uşağı.

- Deyilənə görə, Musa o zamanlar əyyaş idi və siz ona sahib çıxmırdınız. Niyə?

- Hər bir kişi içir də, bala. Amma Təranənin toruna düşəndən sonra lap çox içməyə başladı. Sonra da Musanın pis günündə atdılar çölə. Allah baxır. Heç olmasa, Allahdan qorx, Musa əfəl sənə inandı ki, bütün var-dövlətini adına keçirdin. Utanmır, efirdə sinəsinə döyür ki, mən güclü qadınam. Sən heç kimsən, sənin yerinə kim olsa, efirə belə çıxmaz. Sən ipi Musanın başına keçirdin də, fırlatdın da. Ona görə özünü qalib sayırsan. İnanın, heç bilmirəm ki, onun sir-sifəti nə rəngdədi. On səkkiz ildi qardaş, ana tanımır. İndi deyirsən onlar öyrədir.

- Ən çox nəyə əsəbiləşdiniz, ay nənə?

- Deyir ki, Musa mənim ürəyimdi. Əlini də vurur sinəsinə. Bala, burdan necə deyirəm, elə də yaz. O kimdir ki, ondan qorxum da. Musa sənin necə ürəyin ola bilər ki, sənin ürəyin kauçukdandır, səndə ürək yoxdu. Sadəcə, başqasını qarmağa keçirməsi çətin oldu, bu düşdü tora. Avamlığından istifadə etdin. O, Musanı lox gördü. Onlar ilk dəfə görüşəndə Musanın gümüşü rəngdə Mersedesi var idi. Bütün musiqiçilər və jurnalistlər deyə bilər, Təranə öz balalarının atasını evdən qovdu, Musaya getdi. Bunu Allah götürər? Cavan ailəni darmadağın etdi. Yalandan da efirlərdən deməsin ki, bazarlıq etdik, göndərdik, pul göndərdik. Uzaq olsun, biz onları qəbul etməyəcəyik. Qaldı Musaya, ona 20 manatdan bir az çox pul versin, bizə lazım deyil. Qoy adına olan beş evdən birini Musanın adına keçirsin də. Boşanıb indi, bilmirəm nə sevgidən danışır. Hər mülk onun adınadır. Budur sevgin? "Çox ağıllı qadınam" deyib sinəsinə döyməsin. Camaatın gözü tərəzidi. Musanın əvvəlcədən arvadı olub, bir il yarımdan sonra Təranə darmadağın etdi Musanın ailəsini.

- Deyirlər, cənnət anaların ayağının altındadır. Ayağınıza gəlsələr, keçərsiniz günahlarından?

- Xeyr, qətiyyən qəbul etmərəm. Çünki Musa bizi tapdaladı. Heç bir nəsil qəbul etmir, etməz də. Əvvəl gündən Niyaməddin Musayev də dedi ki, uzaq ol, onun əri var, iki balası var. Qardaşları da dedi, heç bir xeyri olmadı. Gözləri kor oldu. Niyaməddinin oğlu Orxan da nə qədər çalışdı, gördü xeyri yoxdu, çəkildi qırağa. Daha istəmirəm ki, ailəsi dağılsın. Çünki Musanı əlli yaşında evsiz-eşiksiz heç kim qəbul etməyəcək. Getsinlər kauçuk ürəklərindən danışsınlar, sevsinlər.

- Sonda bizim vasitəmizlə cəmiyyətə nə deyə bilərdiniz?

- Hamı eşitsin. Bu haqda mən danışacaqdım ki, bütün xalq bilsin. Musaya bir sualım budur: İmişliyə necə gedib gələcək? Bir görsün ki, nə günlərə qaldı. Ailəsidi, bilmirəm nəyidi, artıq boşanıb ondan. Anası, qardaşları öyrətmir. Öyrətsəydik, on səkkiz ildə evləndirərdim, artıq xəstəyəm. Efirlərdə nəyisə araşdıranda niyə demirlər ki, bu ailəsinə baxıb, yoxsa yox, anası ilə münasibəti necədir? Efirdən elə danışırlar ki, biz anaları çox istəyirik. Ay oğul, ananı necə istəyirsən ki, on səkkiz ildi üzünü görmürsən? Anan sənə zəng edəndə dəfələrlə telefonu götürməmisən. Təranə mənim gəlinlərimin adını çəkməsin. Mənim gəlinlərim namuslu, qeyrətli qızlardı. Sən bir özünə də bax, bunlara da bax, çox səhv edirsən ki, adlarını çəkirsən. Camaat səni də tanıyır, mənim gəlinlərimi də. Hamısı da bir-birindən gözəldi. Sənin gözəlliyin sünidi. Musanın əvvəlki yoldaşını görərdiniz, kukla idi, min qat ondan gözəldi. Sənin kimi başqalarını evə gətirməyib mənim gəlinlərim. Musa da çox qələt eləyir, deyir ki, mənim balamı qəbul etmirlər. Etməyəcəyik, biz tanımırıq onu. Mənim yetərincə nəvələrim də, gəlinlərim də, balalarım da var. Ay bala, başına dönüm, Musa bizə qulaq asmadı. Bir də, Təranə, mənim gəlinlərim sənin kimi iki uşaqla ailə qurmayıb. Namusu, qeyrəti üstündədi. Çıxıb şər atacaq da yalandan, ay belədi, elədi. Ağlınızı yığın başınıza, dolanırsınız da özünüz bilərsiniz, dolanmırsınız da. Çünki onları ömrümüzün axırına kimi nə mən, nə də qardaşları qəbul etməyəcəyik. Qaldı, ay Təranə, sən get Musaya, özünə maşın al. Əlinin öz maşını da var, pulunu da özü verib. Deyir, şikayət edəcəyəm Cabbardan, Əlidən. Neyləyəcəksən Cabbara? Cabbar nə danışıb, düz edib. Qardaşının cavan ailəsini darmadağın etdin. Sən kimsən ki, səndən də qorxaq? Sinəsinə döyməsin, ha, ona son xəbərdarlığımı edirəm. Bizə maraqlı deyillər, yoxsa cavabı pis olar. Siz də, qızım, necə var, elə yazın dediyim cümlələri.

Deyirlər, cənnət anaların ayaqları altındadır. Bu, o demək deyil ki, cənnət ayaqaltıdır və ya tapdaqdır, əstəğfürullah. Bu məsəl analara verilən ən yüksək qiymətin göstəricisidir. Gülbikə Musayeva da, Təranə Qumral da anadır. Cənnət ayaqları altında olan bir insanın həyatını cəhənnəmə çevirmək isə ən böyük günahdır.

Şəlalə Nəriman

O.M.