3 Qrupdan ayrılıb 1 qrup yaradan 3 dostla 1 söhbət

3 Qrupdan ayrılıb 1 qrup yaradan 3 dostla 1 söhbət

24 Aprel 2013 17:53
Bəyəndim (0) Bəyənmədim (0)
“Sonra səhv etdiyimizi anlamışıq”

Musiqi ruhun qidasıdır. Bu baxımdan dinləyiciləri qurman adlandırmaq olar. Onun komponentləri keyfiyyətli olduqda, duzu, istiotu qədərində əlavə edildikdə, dinləyici tərəfindən rahat həzm olunur. Necə ki, bayat musiqilər ürəkləri bulandırır, zövqləri zəhərləyir, eləcə də keyfiyyətli əsərlər ruhu canlandırır.

Bu gün sizə musiqili parça təqdim etməsəm də, musiqi ahəngi ilə səmimi bir söhbəti bölüşmək istəyirəm. Beləliklə, qonağım "X-trio" qrupunun üzvləridir.

- Özünüzü təqdim edin...

- Mən Rəşad 1987-ci ildə Qubadlı rayonunda anadan olmuşam. Uşaq vaxtından musiqiyə həvəsim olub. Valideynlərimin təkidi ilə ilk dəfə 11 illik musiqi məktəbinin xanəndəlik sinfinə daxil olmuşam. Bir çox müsabiqələrdə laureat olmuşam. Hal-hazırda da "X-trio" qrupunun solistiyəm. Sənət aləmində böyük arzularla daim irəliyə getmək istəyirəm. Ən böyük arzum doğma Qarabağımızda "Qarabağ Şikəstəsi"ni oxumaqdır.

Mən - İlkin 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Əslim şuşalıdır. 11 saylı uşaq musiqi məktəbinin muğam sinfində təhsil almışam. 2000-ci ildə "Pöhrə" müsabiqəsinin diplomatı olmuşam. 2004-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olmuşam. 2007-ci ildə də "Azər Star" müsabiqəsinin dördüncüsü olmuşam. Mənə musiqiyə həvəs nənəmdən keçib. Nənəm korifey sənətkarımız Fatma Mehrəliyevanın ən sevimli tələbəsi olub. Uzun müddət "N-Brothers" qrupunda çalışmışam. Sonra dostlarımla qərara gəldik ki, üçlükdən ibarət bir qrup yaradaq. Beləliklə, X-trio qrupu meydana gəldi. Bu sənətə gəlməkdə ən böyük məqsədim klassik musiqilərimizi dünya miqyasında daha da tanıtdırmaqdır.

Mən - Vüsal Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. 2008-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Hazırda da tələbəyəm. 2000-ci ildən musiqiyə həvəsim yaranıb. Adil İsgəndərov adına mədəniyyət evində təhsil almışam. Müəllimim Səfa Qəhrəmanov olub. 2011-ci ildə "Xalq ulduzu - 5"in iştirakçısı olmuşam. Bu sənətə gəlməklə xalq və bəstəkar mahnılarımızı yaşatmaq, fürsət olduqda ölkəmizi xarici ölkələrdə lazımınca təmsil etmək, bayrağımızı ən uca pillələrdə dalğalandırmaq istəyirik.

- Efirlərdə niyə az-az görünürsünüz?

- Hazırda yeni proyektlərimiz var. İnşallah, "Almağa gəlindi" adlı mahnımıza klip çəkdirib, efirlərə çıxacağıq. Əgər günün bu günü xalqımız bizi sevirsə, toy məclislərinə çağırırsa, bu, bizim üçün böyük uğurdur.

- Hazırda yaranan qruplarda qruplaşma çoxdur. Bu nədəndir?

- Qətiyyən, qorxmuruq heç bir qrupdan. Özümüzə örnək Ülvinin "Şeron"unu və "Qaya" qrupunu götürürük. Başqa qruplardan heç birini rəqib görmürük. Hazırda "Qrup nömrə 1" yarışması gedir. Bu layihəyə ona görə qatılmadıq ki, hər şeyi SMS həll edir, səs önəmli deyil. Çünki 2007-ci ildə "Azər Star" müsabiqəsində mən İlkin dördlüyə gəlib çıxana kimi qohum-əqrəba 17 min dollara qədər SMS göndərmişdi. Əvvəllər tez-tez efirlərə çıxırdım. Vətənimizi hər bir azərbaycanlı kimi qorumağa getdim, yəni hərbi xidmətə. Bir az fasilə yarandı. Amma hazırda yeni qrup kimi bizə çətin deyil. Çünki heç kim mahnıları bizim kimi canlı ifa edə bilməz.

- Hərəniz bir qrupdan gəlib üçlük yaratmısınız. Səbəb nədir ki, qrupdan ayrılıb qrup yaratdınız?

- Bizim üçümüz də çalışdığımız qruplarda bəzi nöqsanlar görüb ayrıldıq. Səbəbini açıqlamaq istəmirəm. İki il ərzində "N Brothers" qrupunda neçə sifət, neçə sima gördüm. Hətta uşaqlar da elə. Vüsal Məmmədov "Şadan" qrupundan, Rəşad Sadıqov "Abşeron" qrupundan, mən İlkin də "N Brothers" qrupundan ayrılıb, üçlük yaratdıq. Çünki bizim bir çox sözümüz bir-birimizi qane edir. Əminəm ki, qrupumuz uzun ömürlü olacaq, bizim birliyimiz davam edəcək.

- Niyə qrupunuzda qız oxuyan yoxdur?

- Çünki hansısa qızın nazıyla oynamaq istəmirəm. Bizlik deyil. Kiminsə kaprizlərinə dözməliyik? Bizə belə sərf edir. Rəhbərimiz özümüzük, ansamblımızın rəhbəri skripkaçı Elşaddı. Sadəcə paltar seçimində Rəşad Sadıqov bir paltarın keyfiyyətinə yüz dəfə baxır. Çox şükür ki, bir-birimizi başa düşürük.

- Toylara gedirsiniz?

- Efirlərdə reklamımız getməsə də, 1500-2000 manata gedirik ansamblla. Düzdü, əvvəllər efirlərdə müsabiqə vaxtında çox dəvət edirdilər. Bu günə də min şükür edirəm ki, bizim ifamızı bəyənib məclislərinə çağırırlar.

- Sizcə sponsorsuz şou-biznesdə irəliləmək olar?

- Sponsor sözü öz mənasından artıq çox uzaqlaşıb. Oğlanlar üçün alfonsluq, qızlar üçün başqa formada çıxır. Bizim qrupun sponsoru üçümüzük. Çünki toylardan nə gəlirimiz olursa ofisimizə və ümumi xərclərə istifadə edirik. Bütün toylarımızın sifarişlərini orda qəbul edirik. Hətta məclislərimizə mahnı seçimi də ofisimizdə olur.

- Belə çıxır ki, gündəmə gəlmək üçün hamı sizdən təmənna güdür?

- Bəli, dəfələrlə iyrənc təkliflər də gəlib. Bizim qrup pis işlərdən kənardır. Bir hadisə danışım, bəlkə həmin xanım oxuyacaq. Günlərin birində mobil telefonuma zəng gəldi. Bir xanım bildirdi ki, İlkin, səninlə görüşmək istəyirəm. Həmin xanım bizim qrupumuzu toyda görmüşdü. Mənə dedi ki, çox imkanlıyam, yəni ürəyiniz nə qədər pul istəsə, sizə buraxacağam, əvəzində sən mənimlə bir yerdə olacaqsan və bunu efirdən də çıxıb deyəcəksən. Mən də bildirdim ki, xanım, əgər mənim, Rəşadın, Vüsalın səsi xoşunuza gəlirsə, bizə dəstək ola bilərsiniz. Amma sizin fikrinizlə mən razı deyiləm. Çünki kişiyəm. Rəşad ailəlidir, Vüsalla mən subayam, biz də ailə qurmalıyıq. Çıxıb özümüzü biabır edə bilmərik və mən ona yox dedim. Əgər səsimizi Allah bizə bəxş edibsə, inanıram ki, yaxşı olacaq. Kiminsə əşyası olub özümüzü biabır edə bilmərik.

- Bu gün kimlərin ifalarını dinləyirsiniz?

- Röyanın, Rövşən Əzizin, "Şeron" və "Qaya" qruplarının ifalarını dinləyirik.

- Gündəmdə qalmaq üçün nə edəcəksiniz?

- İbrahim Tatlısəsin "Ağlama, gəlin" mahnısını yeni oranjimanda ifa edəcəyik. Bir də "Küsülü bəxtim" mahnısını. Musiqisi mənim, sözləri "De, gəlsin" meyxana şousundan tanıdığınız Rəşad Mikrorayonlunundur. Çox gözəl mahnıdır.

- Qadın gözəlliyi nə deməkdir sizin üçün?

- Qadının əsas daxili görünüşü, sonra da ağılı olsun gərək. Bir də görürsən sosial şəbəkədə bizi tanımaya-tanımaya xoşlarına gəldiyimizi deyirlər. Axı sən bilmirsən ki, biz hansı xasiyyətdəyik. İnciməsinlər, qızların belə hərəkətlərindən xoşum gəlmir. Qadın əlçatmaz olmalıdır. Kişi çalışmalıdır ki, qadına ürəyini açıb desin. Şəxsən mənim üçün qadının daxili gözəl olmalıdır. Bir siması olmalıdır, maskalanmamalıdır.

- Kumiriniz kimdir?

- İlkin - Çingiz Kurtoğlu, Rəşad - Abbas Bağırov, Rövşən Əziz, Vüsal - İbrahim Tatlısəs.

- Bəs qızlar qəlbinizi oğurlamaq üçün nə etməlidir?

- Rəşad ailəlidir. Mən deyərdim ki, əsas qızın əxlaqı təmiz olmalıdır. Yolunu gözləməli, böyük-kiçik yerini bilməlidir. Heç vaxt söz üstünə söz deməməlidir. Müğənniyik, hansısa tədbirdən gecə saat 3-də gələ bilərik. Bunları bilməli və qəbul etməlidir.

- Stilistiniz kimdir?

- Özümüz, çünki zövqlərimiz, fikirlərimiz eynidir. Məsələn, hansı tədbirləri, toyları mən danışıramsa, onda da uşaqlara deyirəm ki, bu gün bu kostyumu geyinməliyik. Razılığa gəlirik.

- Həyat sizin üçün hansı rəngdədir?

- Yaxşı olanda - ağ, pis olanda - qaradır.

- Nədən qorxursunuz?

- Valideynlərimizi itirməkdən.

- Sizi nə qıcıqlandıra bilər?

- Yersiz atmacalar. Çünki istər-istəməz tez özümüzdən çıxırıq. Əsəbi insanıq.

- Dərdinizə kim yanır?

- Ailəmiz.

- Gəncsiniz, bugünkü şou-biznesdə baş verən hansı hadisədən utanırsınız?

- Çox təəssüf ki, mavilər çoxalıb sənətdə.

- Nəyi vaxtında etmədiniz, təəssüfləndiniz?

- Şansımı çox itirdim. "Azər Star" yarışmasının rəhbəri Cenk bəyə çox minnətdaram. O insan mənə çox dəstək olub. O vaxt "Alaturka" yarışmasına mən də gedəcəkdim. Əsgərlik vaxtına görə gedə bilmədim. Qismətdən artıq yemək olmur.

- İndiki dövrdə qrup saxlamaq asandır?

- Qrup saxlamaq çox çətindir. Geyimlər, foto-sessiyalar, kliplər, mahnılar, oranjimanlar, efirlərdə gündəmdə qalmaq və sair üçün pul xərcləmək lazımdır ki, qrup qrupluğunda qalsın.

- Sizcə pul insanların çirkinliyini üzə çıxarda bilir?

- Əlbəttə çıxarda bilir. Əsas da sonradan görənlərdi. Pulu görən kimi hər çirkinliyə əl atırlar.

- Səmimi olun, hansı ifaçını bəyənmirsiniz?

- Çəkinmədən deyirəm. Bəzi özlərini sənətçi hesab edən müğənnilərimiz var ki, onlardan biri də Elariz Məmmədoğludur. Səsi yox, sənətdən danışır. Elə fikirləşməsin ki, özümüzü onunla reklam edirik, yox. Sonuncu klipində ifa etdiyi mahnısında muğam boğazları etmək istəyib, amma alınmayıb. Şou-maqazin verilişlərinin birində bir çox sənətçidən Azərbaycan himnini ifa etməyi istədilər, heç biri bilmədi.

- Qorxmursunuz ki, qalmaqala düşərsiniz?

- Bizim heç kimlə şəxsi qərəzliyimiz yoxdur. Sadəcə fikrimizi soruşdunuz, biz də dedik.

- Şou-biznesin qanunlarını kim yazır?

- Əgər həyatda pulun varsa, istədiyin qanunu yaza bilərsən.

- Sizcə insana xoşbəxt olmaq üçün nə lazımdır?

- İnsana xoşbəxt olmaq üçün ilk növbədə can sağlığı lazımdır. Sənətdə olan adamın isə gözəl sənəti olmalıdır. Xoşbəxtəm ki, sevdiyim sənətlə məşğulam.

- Sizcə əsil kişi necə olmalıdır?

- Kişi sözündə düz, əməlində qürurlu olmalıdır.

- Həyat deviziniz nədir?

- Sağlam oxumaq.

- Yaşamaq üçün sevmək lazımdır. Bəs sevmək üçün nə lazımdır?

- Sevilmək lazımdır ürəkdən.

- Səhnədə nələr olmasa, yaxşı olar?

- Təsadüfi insanlar.

- Həyatda nələr olmasa, maraqsız olar?

- İnsanın həyatında sevdiyi ailəsi olmasa, çox maraqsız olar. Çəkişib, bərkiməsən, olmaz.

- Qadın-kişi dostluğuna münasibətiniz...

- Əsl dostluğa normal baxıram.

- Qalmaqal nə deməkdir sizin üçün?

- Qalmaqal maraqsızdır. Qalmaqal edən heçdir həyatda. Biz qrupumuzla birgə istəyirik sənətə yalnız mahnılarımızla gələk.

- Hisləriniz yalançıdır, yəni sizi tez-tez aldadır?

- O qədər aldadıb. Sonra səhv etdiyimizi anlamışıq.

"Musiqi ruhun qidasıdır" dedik. Doğrusu, bu aralar pəhriz saxlamaq məcburiyyətindəyəm. Yalnız və yalnız təbii təamlarla qidalanıram. Sadə dildə desək, fonoqramdan, bayağı musiqilərdən, qeyri-səmimi ifalardan uzağam.

Şəlalə kənarında görüşənədək...

Şəlalə Nəriman

O.M.