“Gördüyüm işlərin sonunda ya təpik almışam, ya da şapalaq”

“Gördüyüm işlərin sonunda ya təpik almışam, ya da şapalaq”

17 Aprel 2013 20:07
Bəyəndim (0) Bəyənmədim (0)
Vahid Əziz: “Olub ki, mən iyirmi il heç nə yazmamışam, başqa-başqa işlərlə məşğul olmuşam”

Seir bəndlərdən, bənd sətirlərdən, sətir kəlmələrdən, kəlmə duyğuları əks etdirən səslərdən yaranır. Ömrün anları da səsləşərək nə vaxtsa deyiləsi sözə çevrilir. Bu sözlər sətirlərdə birləşərək həyatın müxtəlif dövrlərini, bəndlərini əks etdirir. Körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaşlılıq, ahıllıq, qocalıq kimi dövrlər birlikdə həyat yolunu formalaşdırır. Mənalı yaşanan həyat isə poeziyanın özü deməkdir.

Şairlə müsahibə almaq onun şeirlərindən müsahibə almaq kimi çətin bir işdir. Axı şeir cəmi bir dəfə, yazılan an dil açıb danışır. Buna baxmayaraq, Vahid Əzizlə səmimi söhbətimi sizlərə təqdim edirəm.

- Küləkli bir havada görüşdük sizinlə, küləyi sevirsinizmi?
- Küləkli havadır, amma soyuqdur, mən soyuğu sevmirəm. İlk kitabımın adı da "Mən küləyi görürəm"dir. Əgər külək mənə ilham gətirirsə, yazıram, amma bu həmişə olmur.
- Hansı havalarda öz duyğularınıza, xatirələrinizə hakim ola bilmirsiniz?
- Bir dəfə efirdə bir şeir oxumuşdum:
Havalar sınanda, şair oluram,
Havalar sınanda sındırma məni...
Havadan çox şey asılıdır. Olur ki, illərlə yadına düşməyən şey, hər hansısa bir havada özündən asılı olmayaraq gəlir yadına düşür. İnsanın başı işlərə qarışır, düşünməyə vaxtı olmur, elə ki işləri bitir, qulaqları sakitliyə çəkilir, məhz o anda xatirələr insanın dadına çatır, qoymur darıxmağa, səni düşündürür ki, görəsən dünyaya bir daha gəlsəm, yenə eyni səhvlərə yol verərəmmi? Mənə elə gəlir ki, bugünkü həyatımdakı uğurlarım, çəkdiyim çətinliklər köhnə həyatda yol verdiyim səhvlərə və etdiyim yaxşı əməllərə görədir, hesabatı indi verirəm.
- Deyirlər ki, şairlərin şeirlərində olduğu kimi xatirələrində də sevgi canlanır?
- Xeyr, bu yanlış yanaşmadır. Sevgi var, sevgi çox böyük bir duyğudur, amma bu o demək deyil ki, şairin xatirələri təkcə sevgidən ibarətdir. Sevgi oldu-olmadı, xatirələr var, vacib deyil ki, sevəsən. Olur ki, hamı sevir, adam da var, ümumiyyətlə sevginin nə olduğunu bilmir. Sevgini təkcə əks cinsə qarşı olan bir duyğu kimi qəbul etmək olmaz, sevgi çoxşaxəlidir. Anaya, vətənə, övlada, millətə, təbiətə də sevgi var, sevgi heyran olmaqdır.
- Qadınlar şairləri sevdikləri qədər, həm də onlardan qaçırlar. Düşünürlər ki, şairlərin sevgisi ötəridir. Hətta şairlərin özləri də deyirlər ki, sevgi əlçatmaz olmalıdır, əgər ona əlin çatdısa, elə orda da bitir. Bəs siz necə düşünürsünüz?
- Mən bilmirəm qadınlar şairlərdən niyə qaçırlar, bəlkə də düz edirlər qaçırlar. Şair gözəlbaz olar, şairin evini yıxan onun gözəlbaz olmasıdır. O ki qaldı qadınların şairlərdən qaçmasına, yəqin qorxurlar, ehtiyat edirlər ki, birdən şairi özümə yaxın buraxaram, şair də ilanı yuvasından çıxaran dilini işə salar, mənim də "tormozum" tutmaz və işləri korlayaram. Sonrakı peşmançılıq da fayda vermədiyinə görə xanımlar elə düz edirlər qaçırlar. Amma sizə onu da deyim ki, çox adam qaçmır...
- Bəs gözəlbaz olmanız ailədə necə qarşılanır?
- Normal, çünki dediyim kimi, şair gözəlbaz olmalıdır, vəsf etməlidir, bu artıq mənim gündəlik həyat tərzimə çevrilib. Olub ki, mən iyirmi il heç nə yazmamışam, başqa-başqa işlərlə məşğul olmuşam, sonra yenidən ədəbiyyata qayıtmışam. Gözəllik elə şeydir ki, onu Allah yaradıb baxıb zövq almaqçün.
Qadınlar çəməndə çiçək kimidir,
Qadının çirkini, gözəli olmur.
Düşünürəm ki, qadının ürəyincədir ona hər hansı bir kişinin baxması. Çünki xanımlar baxımlı olmağa can atırlar, diqqət mərkəzində olmağı sevirlər. Əgər bir xanıma cəza vermək istəyirsənsə, ona baxma, bu, ona bir ömür yetər.
- Vahid Cəfərov və Vahid Əziz arasındakı fərq nədədir?
- Vahid Əziz yazıları, dili, təskinliyi, haqsızlıqla barışmazlığı ilə Vahid Cəfərova o qədər problemlər yaradıb ki... İnsan dünyaya gəlməyini, taleyini özü seçmir, o cümlədən də mən seçməmişəm.
- Bir çox yerlərdə çalışmısınız, zəhmətkeş olmusunuz, çəkdiyiniz bu qədər əziyyətin qarşılığında nə itirdiniz, nə qazandınız?
- Mənim həyatım həqiqətən çox keşməkeşli olub, endim də, qalxdım da, parıldadım da, amma öz ləyaqətimi heç vaxt əldən vermədim. Mən çəkdiyim əziyyətin müqabilində hörmət qazanmışam, bu mənimçün hər şeyə dəyər, çünki vəzifə həmişə olmur, insana sonda qalan həmin hörmətdir. Mən rəsmən Qarabağ müharibəsinin veteranıyam, 1988-1990-cı illərdə Qarabağın təşkilat komitəsinin üzvü olmuşam. Bir il Xankəndidə olmuşam, düşünürəm ki, vətənçün çox şey etmişəm, gileylənmək olmasın, amma gördüyüm işlərin sonunda ya təpik almışam, ya da şapalaq, "sağ ol" deyən olmayıb.
- Dostluqda ən çox nəyə önəm verirsiniz?
- Dostluğun özünə, sədaqətə, ləyaqətə önəm verirəm. Adam var ki, mən həmin insanın yanında hər cür söhbət edə bilirəm, ona hər mənada güvənirəm, zarafat da edirəm. Mən özüm nə qədər də zarafatcıl olsam, insanların həddini aşmağını heç sevmirəm, hər şeyin həddi var, insan gərək yerini bilsin, ərklə həddi aşmanın fərqini bilsin.
- Sevilən bəstələrin böyük əksəriyyətini sizin də sözlərinizə yazılmış musiqilər təşkil edir. Elə olurmu ki, sevilməsinə baxmayaraq o musiqilər sizin ürəyinizcə olmur, düşünürsünüz ki, bəstəkar burda hisləri lazımınca çatdırmayıb?
- Mənim bəxtim bir məsələdə gətirib ki, sözlərimə heç vaxt "düşük" mahnılar yazılmayıb. Çünki hər zaman ciddi bəstəkarlarla - Elza İbrahimova, Oqtay Kazımi, Emin Sabitoğlu, Tofiq Quliyev, Eldar Mansurov, Elçin İmanov, Novruz Aslanla işləmişəm. Buna baxmayaraq, mənim nəğməkar şair sözündən zəhləm gedir, şair şairdir, daha nəğməkar nəyə lazım? Sovet dövründə bir termin vardı: "Həvəskar". Həvəskar şair, həvəskar bəstəkar... Bu nə deməkdir, mən bazara mal çıxarıram, bu və ya digər şəkildə xalqın cibinə girirəm, şair sözü yazır, bəstəkar mahnı yazır, müğənni ifa edir, çıxır efirə, insanlar televizoru yandırır, bu mahnıya qulaq asır, sayğac da özü üçün yazır. Deməli, mən artıq xalqın cibinə girdim, buna görə mənim "həvəskar" adı altında pis şeir yazmağa ixtiyarım yoxdur.
- Sizə elə gəlmir ki, məhz o mənasız sözlərə bəstələnmiş mahnıların daha çox sevilməsində günahkar birbaşa tamaşaçıdır?
- Burda tamaşaçının heç bir günahı yoxdur. Günah televiziya və radiodakı bədii şuranındır, bir vaxtlar bədii şura deyilən bir şey vardı, efirə veriləcək mahnını da, şeiri də çək-çürük edirdilər, sonra xalqa çatdırırdılar. Gərək ortaq bədii şura yaradılsın.
- Televiziyada sizi qane etməyən nüanslar çoxdurmu?
- Bu gün Azərbaycanın efir məkanında reklamlar çox bərbad haldadır, biabırçılıq, əxlaqsızlıq baş alıb gedir, qarşını alan yoxdur, gic-gic tərcümələr, səsləndirmələr, məntiqsiz reklamlar... Bilmirəm hansını deyim. Yemək saatına baxmağına peşmansan, həkim saatına baxmağına peşmansan, ağızlarının danışığını bilmirlər. Bəsdirin insanları iyrəndirdiniz! Nə qədər ki gec deyil, qarşısını alaq bunların! Camaatımızın beynini doldurublar avropalaşmaq ideyası ilə, bizim camaat da elə bilir ki, ətəyini üç qarış yuxarı geyməklə avropalaşır.
- Ailə-məişət problemlərindən danışan verilişlər var, onlara münasibətiniz necədir?
- Mən o verilişlərə getmirəm. Məncə, bir neçə verilişlər var ki, onlar gərək ümumiyyətlə efirə getməsin. Sənin nə ixtiyarın var mənim ailə işimə müdaxilə edirsən, bu cinayətdir. Sovetin vaxtında hər yerdə at oynadan indi durub millətə əxlaqdan dərs keçir və həmin insanlar özlərinə sığışdırırlar bunu. Bir oğul ki 40 ildir ata-anasından, bacı-qardaşından xəbəri yoxdur, sən onu efirə niyə çıxarırsan, o Allahın bədbəxt bəndəsidir də.

- Hər şairin yaradıcılığında möhür hesab elədiyi bir şeiri var, bəs siz hansı şeirinizi yaradıcılığınızın möhürü hesab edirsiniz?
- Mənimçün bunu demək çox çətindir, bunu yalnız oxucular yaxşı bilər, düşünürəm ki, şair gərək şeirlərinə özü qiymət qoymasın.
- Sonda oxuculara öz ürək sözlərinizi deyərdiniz...
- Dəyər verilməli şeylərə dəyər versinlər, küyə getməsinlər, biz az ağıllı olsunlar.

Şeir duyğuların heykəlidir. Bu heykəldə şair həyatının müəyyən bir anı əks olunur. Dahi o sənətkardır ki, yaşadığı həmin anı əbədiyyətə çevirə bilsin.

"Ömrün anları" rubrikasında görüşənədək...

Arzu Murad

O.M.