"Həyatımda nə olubsa, hamısını ilk dəfə danışacağam"

"Həyatımda nə olubsa, hamısını ilk dəfə danışacağam"

15 Aprel 2013 14:52
Bəyəndim (0) Bəyənmədim (0)
DİQQƏT: 16 yaşdan kiçik oxucuların oxumağı məsləhət deyil!

Deyirlər, bütün rənglər ağla qaranın qammasından yaranıb. Ağdan açıq, qaradan tünd rəng olmasa da, bu iki rəngin arasında spektrin yeddi rəngi formalaşıb. Deməli, həyat da elə ağla qaranın təmasından ibarətdir. Heç təsadüfi deyil ki, bu dünyada hər şey öz rəngi ilə çağırılır. Yalana ağ yalan deyilir, ağır tale qara bəxt adlanır, yeniyetməlik yaşıl rənglə təcəssüm olunur və sair.

Bugünkü qonağım əsrarəngiz dünyaya malik olan, ağlı-qaralı xatirələrlə dolu Samir Əliyevdir. O, rəngarəng yaşamağı çox sevir, kaloritli görünməyə və danışmağa üstünlük verir. Bəlkə elə buna görədir ki, çoxları onu rəngli görür? Onun düşüncələrinə rəng qatmadan dediklərini olduğu kimi sizlərə təqdim edirəm.

- Sizə Samiraldo deyim, yoxsa Samir?

- Əsil adım Samirdi. Bir gün yatdım, yuxuda gördüm ki, mənə dedilər: "adını dəyiş, Samiraldo qoy". Çünki o vaxta qədər heç bir işim keçmirdi. Səhər yuxudan durdum, "facebook" səhifəmdə hamıya bildirdim ki, artıq mən Samiraldoyam.

- Samiraldo, özünüz haqda məlumat verərdiniz?

- Mən Samir Əliyev, yəni Samiraldo 1976-cı ildə Moskvada dünyaya gəlmişəm. Bu həyatda çox mübarizə apardım, həyatda vuruşa-vuruşa qalib gəldim. Həm də alnı açıq yaşadım. Öz adımla fəxr edirəm ki, bir çoxları üçün maraqlı insanam, mənimlə bağlı roman yazır, serial və filmlər çəkirlər. Allah nəsib edib ki, otuz yeddi ildir yaşayıram. Mənim bir ögey bacım, bir qardaşım var. Çünki məni anam-atam uşaq vaxtından Moskvadakı uşaq evinə atıblar. Oradan da Bakıya gətiriblər. Çox əzab-əziyyət çəkmişəm dörd divar arasında. Bugünkü Samir olmaq üçün, ayaqda qalmaq üçün çox acınacaqlı günlər keçirmişəm. Bəlkə də qohum-əqrəbam bilsə ki Samirin belə imkanı var, axtarıb taparlar məni. Mən özümü çox güclü insan hiss edirəm. Mənim belə ağıllı olmağım bir tərəfdən yaxşıdır. Deyirlər ki, bunun valideynləri belə savadlı, ağıllı olub ki, Samir də belə idealdır. Axı hər şey gendən gəlir. Kimsəsizlər inciməsin, onların çoxu acgöz olur. Başqaları kimi bədbəxt, narkoman, oğru olmadım. Universitet bitirməsəm də, bir çox savadlı universitet bitirənlərdən çox savadlı və mədəniyyətli danışıram. Mənim anam diplomat, atam baş mühəndis olub. Məndə olan bu savad gendən gəlib. Öz-özümə böyümüşəm. Heç vaxt demaqoq olmadım, on beş yaşımdan pul qazanmağa başladım. Ürəyim nə istəyir alıram, geyinirəm. On altı ildir stilistəm. Çalışmışam, əzab-əziyyətli olsa da, ayağa qalxıb pul qazanmışam. Allahımdan çox razıyam. Allah məni çox istəyir.

- Məktəbdə necə uşaq olmusunuz?

- Xəstə uşaq olmuşam. Zeynəb Xanlarovanın, Məmməd Bağırın mahnı vallarına qulaq asıb öz-özümə oxuyurdum. Çoxlu rəsm çəkirdim. Gözəl gözlər, dodaqlar çəkirdim. Sadəcə anadan olanda ayağımda problem olub. İndi də müalicə etdirirəm.

- Deyirlər, keçmişinizdən qaçırsınız. Nə var keçmişinizdə?

- Qaçmıram. Hərdən darıxıram keçmişim üçün. Müəllimlər üçün darıxıram. Onlar mənə ana olublar. Kaş onların qədrini bilərdim. Özümə söz vermişəm, bir gün gedəcəm, onların qəbrini ziyarət edəcəm. İnternata gedəndə həmişə ağlayıram. Onlar necə qocaldılar. İndi yoxdular.

- Onlar yoxdurlar, amma sənətiniz var. Necə oldu ki, stilist oldunuz?

- Mən hər şeyi - həyatımda nə olubsa, hamısını ilk dəfə danışacağam. 1993-cü il idi. O vaxt Lökbatandan, Qızıl daşdan gəlirdim. Çörək növbəsinə durdum ki, çörək alım. Soyuq havada ayaqyalın gəlirdim. Bir gün pekarnıda bir xala var idi, məni çağırdı, soruşdu: "gəl bura, niyə belə ayaqyalın gəlmisən?" Dedim, heç nəyim yoxdur. Ağladım. Müdirin yanına apardı məni. Dedi ki, bu uşağın heç kimi yoxdu, iş axtarır. Elə oldu ki, məni yanlarında işə götürdülər. Öz çəkim 40 kilo idi, un daşıyırdım. Təsəvvür edin, 70 kiloluq meşokları daşıyırdım səhərə kimi. Amma pul vermirdilər. Əziyyət çəksəm də, utanmırdım. Çünki yetim də olsam, ürəyim istəyəni alıb yeyirdim. İki-üç il işlədim pekarnıda. Artıq mənlik deyildi. İstəyirdim ki, gələcəyimi qurum. Həyatda itirəcəyim heç nə yox idi. İnsan nədən qorxur, ata-anasını itirməkdən. Məndə onlar yox idi. İşə görə məşğulluq idarəsinə getdim. İnternat uşağı olduğuma görə məni işə götürmək istəmirdilər. Mənə dedilər, zibil daşıya bilərsən, həyətləri süpürə bilərsən? Dedim ki, mən bunları bacarmıram, gözəl rəsm çəkirəm, paltar tikirəm. Sonra məni təzədən göndərdilər Volodarski adına Bakı tikiş fabrikinə. Mən dedim: "axı pul vermirlər, orada iki-üç ay əvvəl işləmişəm". Məcburi yenə qayıtdım fabrikə. Plaş, pencək tikməyə başladım. Gördüm ki, pulsuz alınmır. Təsəvvür edin, məni qaldığım evdən də, yataqxanadan da çıxartdılar. Yatmağa yerim yox idi. Yataqxananın müdirinə dedim ki, axı mənim heç kimim yoxdur. Mənə dedi ki, o, sənin öz problemindi. Üzümü çevirdim, getdim. Səhərə kimi skamyada yatdım. Səhəri məşğulluq idarəsinə getdim və mənə dedilər ki, sənin üçün iş tapmışıq. Bir mədəniyyət evində musiqi kolonkalarını daşıyacaqdım. Elə bil Allah məni istəyirdi. Orada bir imkanlı adam var idi. O, mənə kömək etməyə başladı. Sonra eşitdim ki, ağır xəstədi. Məni çağırtdırdı. Bilirdi mənim həyatım necə olub. Mənə dedi ki, mən xərçəng xəstəsiyəm, bilirəm öləcəm, sənin üçün çox çətin olacaq. Get sənədlərini ver, bir məktəb oxu, bütün təhsil haqqını mən ödəyəcəm. İnanın, çox sevindim, çünki həyatın hər ağrı-acısını görmüşdüm. Sənədlərimi hazırlayıb bərbərlikdə oxudum. Bütün təhsil haqqını həmin insan ödəmişdi. Mən diplomumu alanda o rəhmətə getdi. İndi stilist olmağımın səbəbkarı Lutfik müəllim olub, bütün sənətimi ona həsr edirəm. On altı ildi bu sənətdəyəm. Sonralar xoreoqrafiya məktəbinə getdim, rəqslər öyrəndim. Xanımlarla işləyəcəkdim deyə sırf onlarla yeriməyi öyrənməliydim. Hamı bilsin ki, 1996-cı ildə ilk dəfə xanımlara mən makiyaj etmişəm. Sonra mənə dedilər ki, olmaz, utanmırsan, xanımları makiyaj edirsən? Dedim ki, bu mənim sənətimdir. Mənə baxıb öyrəndilər. Bir də gördüm ki, göbələk kimi stilistlər, makiyaj edənlər çoxalıb. 2001-ci ildə Röya mənə zəng edəndə hələ Samir Əliyev idim. O vaxt yalnız ingilis qəzetlərinə, jurnallarına müsahibə verirdim.

- Sizcə şou-biznesdə hazırda zövqlü müğənnilər kimdir?

- Bahalı geyimlərə pul verənlərə zövqlü deyə bilmərəm. Mənim üçün zövqlü Nisə Qasımovadır. O, xanımın bütün geyimləri dəbdədir. İlk dəfə Nisə Qasımova şlyapayla çıxandan sonra Ruhəngiz Allahverdiyeva ona baxıb şlyapa ilə çıxdı. Nisə xanımın saçları sarı olub. İlhamə xanım da sonra saçlarını sarı edib. İlhamə xanımın da çox gözəl zövqü var. Zeynəb Xanlarovanın saç düzümünə baxın. Abyomlu saçı o vaxt ilk dəfə Zeynəb edib. Yalçın Rzazadə zövqlüdü. Elə yaş dövründədi ki, hələ də geyiminə baxırsan, zövqnəndi. Faiq Ağayev, Ədalət Şükürov, Eldar Qasımov ən zövqlə geyinən birincilər sırasındadır. Bunu deyirəm, müğənnilər sırasında Nisə Qasımova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Xədicə Abbasovanı bəyənirəm, onlar toxunulmazdır.

Amma zövqsüz çoxdur şou-biznesdə. Baxıram, toy müğənnisi heç vaxt narodnu geyinmir. Toyda qırımızı geyinəsən, qızıl taxasan, əhval ruhiyyə olmalıdır. Baxırsan ki, bəzi müğənnilər qaroxlu bozbaş, qıjı kimi geyinir. Müəllimim məni o vaxt toya aparmışdı. Toyu da Elmira Rəhimova aparırdı. Qırmızı paltar geyinmişdi. İnanın, adamın necə ürəyi açılırdı. Hiss edirsən ki, doğrudan da toydasan. O günləri bir toydayam, Nüşabə Ələsgərlini gördüm, qorxdum. Belə viddə də toya gələrlər, elə bil yorğan-döşəkdən məcburi gəlmişdi. Yola verdi, getdi. On beş dəqiqəlik gəlirsənsə də, hörmət qoymalısan. Cins şalvarla, makiyajsız gəlmişdi. Heç inana bilmədim. O şalvar nə şalvar idi əynində, bilmədim. Danışıram, deyirlər, Samiraldo nə gəldi deyir. Stilistəm, deməliyəm. Hər bir insanın səhnə mədəniyyəti geniş olmalıdır. O günləri Günay İbrahimli səhər efirinə çıxıb. Axşam ziyafətində efirə çıxıb klip təqdim edir. Səhər geyimi o cür olmamalıdı. Baxın da dünya kanallarına. Ledi Qaqa nə viddə çıxır. Səda Sayana baxın da. Bəzi aparıcılar toy makiyajını edib çıxırlar. Heç olmasa bir güzgüyə baxsınlar da, qalın qaş, yağlı makiyaj. Səhər efirində qarışıq ağ köynək, sadə geyim olmalıdı. Zərli paltarla çıxmaq olmaz. Cavanşir Məmmədovun geyimini bəyənmirəm. Elariz Məmmədovun geyimini bəyənmirəm, o gün klipinə baxdım. Öldüm gülməkdən. Elarizin o klipi biabırçılıqdı. Oxuyanda a-ha-ha edir. Heç olmasa oxuyursan, bir stilist sənə düzən versin, bir geyindirsin. Axı klip arxivə gedir. Minlərlə insan baxır. Hamı baxır, göz yummaq olmur. Fikirləşməsin ki, mən onunla işləməmişəm deyə belə deyirəm. Sadəcə çox zövqsüz adlandırıram. Heç oxuya da bilmir. Mən başım girməyən yerə bədənimi soxmuram. Mən Allahdan qorxuram. Əgər yaxşıdırsa, yaxşı deyirəm, pisdirsə, pis deyirəm. İnanın, Elariz mənim üçün maraqsız insandı. Onun haqqında belə danışmaq istəmirəm ki, reklam edim, sadəcə işimdi deyə şou-biznesin müğənniləri barədə məlumat verməliyəm. Kiminsə haqqında rəy söyləyirəmsə, demək, həmin insan mədəni olmalıdır. Qoy Elariz kimə kişi deyirsə, o da onun stilisti olsun, belə biabırçı viddə klip təqdim etməsin. Kim ki mənə hörmət edir, hörmətlə də qarşılayıram, amma sözümü deməliyəm. Mən Elarizə məsləhət görərdim ki, gedib makler işləsin. Ondan gözəl toy makleri çıxar. Necə ki, əvvəllər toyda gitara çalıb. Onun bir qram da sənətə dəxliyyatı yoxdur. Onun şou-biznesə qarışacağı yoxdu. Zövqsüz müğənnilərdən - Mənzurə Musayeva, Telli Borçalı, Ruhəngiz Allahverdiyeva, Ruhəngiz Musəvi, Mətanət Əsədovanı göstərə bilərəm. Çox zövqsüzdülər. Makiyajı çox bərbad gündə çəkdirirlər. Mətanət İsgəndərli də özünü axır vaxtlar Sezən Aksuya oxşadır. Geyimləri normaldır, amma özü çox kökdür. Deyərdim, dəbli müğənni Aygün Kazımovadır. Müğənni olmasaydı, ondan bir nömrəli stilist olardı. Röyanın zövqü də superdi. Almaz Ələsgərova həddindən artıq zövqsüz xanımdır. Axır vaxtlar ölkənin bir nömrəli modelyeri - Fəxriyyə Xələfova onu super geyindirir deyə arıq görsənir. Onun hesabına, yoxsa zövq deyilən şey yoxdu Almazda. Almaz özü geyinəndə qısa yubka, ağ kofta geyinir, bütün ətləri pırtlayır. Hamı bilir ki, modanı Azərbaycanda Fəxriyyə Xələfova yaradıb. Özü də çox bəyənirəm bu xanımı. Geyimi, zövqü superdi. Brilyant Dadaşova da axır vaxtlar evdə şəkil çəkdirir, facebook-da paylaşır. Evdə normal geyinir, heç bir yeni klipini, geyim tərzini görmürəm. Elit Star Cəmiləni bir çoxları bəyənməsə də, hamı bilsin, Cəmilə illərin müğənnisidir. Heç kim AzTV-də solist ola bilməz. Amma Cəmilə AzTV-də həm solist, həm də aparıcı olub. Kim ki onun geyimlərini lağa qoyur, bir baxsın özünə, görsün ki, Cəmilədə olan bədən ölçüləri, fiqura çoxlarında yoxdu. Bilirsiz ki, Cəmilə nənədi. Amma özünə necə baxır. O yeganə müğənnidir ki, makiyaja, geyimə, foto-sessiyaya çoxlu pul verir. Bir sözlə, çörək verəndi. Amma bəzi müğənnilər var ki, stilistlərə küllü miqdarda pul borcludur. Hamı deyir ki, ilk dəfə mini yubkanı Aygün Kazımova geyinib. Mən deyərdim ki, mini yubkanı səhnəyə Cəmilə gətirib. Hamı məni qınayır, yaltaqlıq elədiyimi fikirləşir. Sadəcə Rusiyada sənətə böyük hörmət var. Baxın Allaya, İrinaya. Kimsə deyə bilər ki, qocalmısan, get pensiyaya? Bütün geyimləri zövqlədi. Yerli kanallardan danışsam, İTV kanalında bəzi aparıcılar zövqsüzdür. Bir də "Space"də İlham və Mikayıl Güləddinoğlu çox zövqsüzdür. Mikayıl məni qoyun adlandırdı. Nədi, çoban papağı qoymuşdum. İnanın, o insan haqqında danışmağa belə vaxtım yoxdur. Sadəcə deməliyəm. Çünki ürəyimdə bəzi sözlər qalıb. Hamı bilir ki, toylara tamada kimi gedir və ona "Palatka tamadası" adını da verərdim. Onun yeri palatkadı. Efirə aidiyyatı olmayan insandı. Heç özünü apara bilmir. Sən mənim papağıma ilişirsən, bir çön öz həyatına nəzər elə, sonra danış. Çoxları haqqında məlumatım var. Kimsə mənə ilişərsə, mən onu yerində otuzduraram. Bir onun saç düzümünə, geyim tərzinə baxın da. Müğənnilərdən Vasif zövqlü deyil, Elnurun qarnı var, ancaq dar pencək geyinir. Çox pis görsənir. Nadirin zövqü yoxdur.

- Şou-biznesdə stilistlərin açarı kimin əlindədir?

- Mən şou-biznesdə deyiləm, dəb aləmindəyəm. Bütün geyimlərimlə də göz qamaşdırıram. Dünyada bütün dəblərlə uyğunlaşıram, geyim tərzim də fərqlidi. Yenə deyirəm, şou-biznesdə deyiləm. İstəmirəm də olum. Amma hər bir jurnalist mənə sual verir ki, zövqlü-zövqsüz kimdir. Mən də cavab verirəm, sonra düşürəm müğənnilərlə qalmaqala. Amma deməliyəm. Çoxları məni təhqir edir. Bu ölkənin stilistiyəm. Şou-biznesin açarı da ölkənin stilistinin əlində olur. Kim ki pul verib "Humay" mükafatı alır, yaxşıların yaxşısı, "Qrand" mükafatı alırsa, bir nömrəli stilist ola bilməz. Əgər jurnalist layiq olan stilistə zəng edib onun fikrini öyrənirsə, deməli, açar da onun əlindədir. Şəxsən mən özümü ölkənin bir nömrəli stilisti sayıram. Mənə günün bu günü çox tələbat var. Hər şeyi açıqlayıram, qorxmuram, yeganə stilistəm ki, qadınlar zövqümə güvənir və mənə müraciət edir. Qadınların iç dünyasını geyimləri ilə uyğunlaşdıra bilirəm. Mən daxilən kişiyəm, işim isə qadınların iç dünyasıdır. O gün kostyum geyindim, çox fərqli idi, əsil kişi kimi görünürdüm.

- Yaradıcılığınızda ən böyük iş nə olub?

- Üç il bundan qabaq Azərbaycanda moda ilə bağlı böyük bir tədbirdə bir saatın içində iyirmi beş qızın makiyajını çəkmişəm. Böyük uğurla da başqa ölkələrdən gələn modelyerlər - münsiflər heyəti bəyəndi.

- Deyirlər, Samiralda müğənni olmaq istəyir. Niyə?

- A, haradan bildiniz? Mənə çox maraqlı gəldi. İstəyirəm oxuyum, düzdü. Samir Bağırovla səsyazma studiyasına gedirəm və oxuyuram, çox bəyənir. Evdə də oxuyuram. Bu yaxınlarda Samir Bağırov sənətinə qayıdır. Bir mahnı var, ölürəm o mahnı üçün. "Qaynana" filmində Afət oxuyur. Lay-lay-lala-lay. Qəşəng də oxuyuram. Sadəcə bir az pəltəklik var dilimdə, ancaq qəşəng alınır. Ola bilər ki, səhər bir də efirlərdə gördünüz oxuyuram. Özü də hər bir səslə ifa edə bilirəm, parodiya da edirəm.

- Sizcə, şou-biznesdə mavilər çoxalıb?

- Əgər kimsə mavidirsə, onda qəbahət bir iş yoxdur. Allah özü bilən işdir. Xaricdə, Rusiyada, Amerikada mavilər çoxdur. Hətta səhnədə hamı da bilir, normal qarşılayır. Mənim haqqım yoxdur ki, kiminsə haqqında durum danışım, kimsə də mənim haqqımda. Hərə özünə görə insandır. Bir çoxları deyir, Samiralda geydi. Kimsə mənim ayaqqabımı geyinə bilər, amma bir dəqiqə mənim ayaqqabımda gəzə bilməz. Samir pozğun yolla pul qazanmır. Əziyyət çəkib qazanmışam. Bilmirəm ki, niyə belə edirlər. Bir də görürsən sosial şəbəkədə bir şəhidlə məni müqayisə edirlər. Ay yazıq, bir çön öz ailənə bax. Günahdır, o şəhidi təhqir edirsən, onun şəkli ilə mənim şəklimi birlikdə verəndə hörmətsizlik edirsən. Mən bu barədə ölçü götürəcəm. Çünki mən qoymaram haqqım tapdalansın.

- Görəsən, rəngli insanlar başqalarından hansı hərəkətləri ilə seçilir?

- Mavilər hissiyyatı ilə seçilir. Bu hissiyyat heyvanlarda da olur. Qız qızı sevir, görürsən ki, qızın oğlana meyli olmur. Bir də görürsən, 65 yaşlı qadın 18 yaşlı oğlanı sevir. Bu da hissiyyatdır. Hər şeyi bəşəriyyətdə Allah yaradıb. Hamı mənə yerişimə görə əyri baxır. Qadınları bəzəyirəmsə, burda nə var ki? Hər bir insana bu həyat necə xoşdursa, elə də yaşamalıdır. Hərə öz həyatına baxsın ki, nəyə nail olub. Baxın Elton Conun, Filip Kirkorovun bütün fanatları qızlardı. Fanat ordusu hər yerdə qalib gəlir. Bülent Ersoya mən qadın kimi yox, sənətkar kimi baxıram.

- Sevgi nədir sizin üçün?

- Sevgi böyük varlıqdır. Heç vaxt da yaddan çıxmır. Şəxsən mən ilk dəfə on yeddi yaşımda sevmişəm. O qıza böyük sevgim olub. Onu hələ də unuda bilmirəm. İlk dəfə o qızı öpdüm. Belə öpüşməkdən xoşlanıram. Sənət adamlarından da ürəyimə yatanı varsa, görüşürəm, amma yanağından öpürəm, dodaq-dodağa yox. Haçansa on yeddi yaşımda sevdiyim o qız kimi qarşıma qız çıxsa, sevib ailə quracağam. Şəxsən sevgimə görə sənətimi də ataram. Amma həyat bir oyundu. Gözünü açdın, bağladın, o dünyadasan. Hazırda qəlbim boşdur.

- Ehtiraslısınız?

- Çox ehtiraslıyam. Sevgi acgözüyəm. Mənə baxan qızlar bilir ki, seksi görsənirəm.

- Samiraldonun həyat yoldaşının adı necə olmalıdır?

- İstərdim həyat yoldaşımın adı Şəhla, qızımın adı Şahsənəm, oğlumun adı Hüseyn olsun.

- Düzünü deyin, simanızdan razısınız?

- Çox gözəl burnum var. Boy-buxunum da göz qabağındadır.

- Kaprizləriniz nədir?

- Yeməkdi. Evdə köməkçim yemək bişirəndə həmişə söz-söhbət olur. Zəng edirəm, deyirəm, pomidor-yumurta elə. Duzu çox oldusa, dava düşür. Hətta bir dəfə evə gəldim ki, dolma bişirib, duzlu. Necə söz-söhbət düşdü, necə acıladımsa, arvad oturub ağladı.

- Deməli, inadkarsınız.

- Çox inadkaram. Ürəyim istəyəni eləyirəm. Şükür, evim var, hər şəraitim var. Bir maşınım yoxdur. Ona da nifrət edirəm. Probkada maşın sürmək çətindir. Hansısa maşına oturub gedəndə iqra oynayıram ki, əsəbiləşməyim. Maşın sürə bilmirəm, yoxsa çoxdan alardım. Heyf ki, tanınıram. Yoxsa metronu çox sevirəm. Piyada gəzməyi də sevirəm. Ayaqlarıma görə çalışıram piyada çox gəzim.

- Müğənnilərdən kimə heyransınız?

- Heyran olduğum Elzadı. O, mənə eşşək deyir. Mən də ona "sənin gözlərin eşşəyin gözünə oxşayır" deyirəm. Ümumiyyətlə, bütün heyvanlar insanlardan yaxşıdır. "Facebook" səhifəmdə yalnız heyvan şəkillərini paylaşıram. Çox sevirəm heyvanları.

- Şəlalə nədir sizin üçün?

- Gözəl insan, dostumdur. Bu yaxınlarda sənin saçının rəngini gördüm, dəyişmisən. Çox yaraşdırdım, şəklini bəyəndim. Hürrəmin saç rəngi sənə yaraşırdı. Amma çox nahaq yerə qaramtıl elədin. Məsləhət verirəm ki, o saç rənginə qayıdasan.

- Düzünü deyin, dostunuzu 100 manata dəyişərdiniz?

- Heç vaxt həyatımda 2-3 dostum var. Onlarla ailəvi dostam. Heç kimə də göstərmirəm onları.

- Ən böyük arzunuz nədir?

- Stilist Akademiyası açım və vitse-prezidenti olum.

- Sizcə, abırsız nədən çəkinir?

- Heç nədən. Hərdən istəyirəm ki, abırsız olum. Hər şeyi ürəyimə salıram. Ana-ata qayğısı görməmişəm. Hər şeydən inciyirəm.

- Sizcə, üzr istəmək səmimiyyətdən irəli gəlir?

- Əlbəttə, olur ki, səhər durub kimdənsə üzr istəyirəm.

- Samiraldo güzgüyə baxanda nələri görmək istəyir?
- İstəyirəm ailəm olsun. O güzgüdə yalnız ailəm olsun.
- Bu ilin dəbi nədi?

- Uzun don, uzun saç, sinəsi bağlı geyimlər.

- Geyimlərinizi tənqid edəndə reaksiyanız necə olur?

- Hərdən pis oluram. Tərbiyəm yol vermədiyindən heç vaxt insanlarla kobud rəftar etmirəm. Dilim də var, dilçəyim də. Mənə qarşı hörməti olmayanları susdurmağa qadirəm. Çox xoşbəxtəm. Bu vaxta qədər bütün uğurlarımı özüm əldə etmişəm. Heç kimə yaltaqlıq etmədim, heç kimə yalvarmadım, amma hər şeyə nail oldum. Ailə qurub ciddi işlə məşğul olacağam.

Bu gün növbəti qonağımın həyat tablosunu olduğu kimi sizlərə təqdim etdim. Onun dediklərini mümkün qədər çərçivəyə salmağa çalışdım. Fikrimcə, maraqlı bir rəsm alındı. Buna avtoportret də demək olar, alleqoriya da, natürmort da, peyzaj da, hətta abstrakt əsər də. Əsas odur ki, bütün rənglər canlı alındı.

Şəlalə kənarında görüşənədək...

Şəlalə Nəriman